Mövzu 8
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM
11.1. Azərbaycanda multikulturalizm siyasəti modelinin formalaşmasını şərtləndirən obyektiv və subyektiv səbəblər
Əvvəlki fəsildə müxtəlif Qərb ölkələrində etnik–mədəni müxtəlifliyin tənzimlənməsi təcrübəsini təhlil edərək biz gördük ki, qeyd olunan müxtəlifliyin tənzimlənməsi səmərəlilik baxımından ölkədən-ölkəyə fərqlənir. Bu fərq etnik-mədəni müxtəlifliyi hətta multikulturalizm siyasəti vasitəsilə tənzimləyən ölkələrdə də özünü büruzə verir. Multikulturalizm siyasəti vasitəsilə etnik-mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində böyük nailliyyətlər əldə edən Kanada, Avstraliya və Hollandiya kimi ölkələrin adı ilə bağlı multikulturalizmin konkret modelləri formalaşmışdır.
Kanada, Avstraliya, Hollandiya və bir sıra digər ölkələr kimi Azərbaycan da cəmiyyətdəki etnik–mədəni müxtəliflikləri multikulturalizm siyasəti vasitəsilə səmərəli şəkildə tənzimləyir. Uğurla apardığı bu siyasət nəticəsində Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. “Azərbaycan multikulturalizmi”, “multikulturalizmin Azərbaycan modeli” terminləri siyasi leksikonda geniş istifadə olunmaqdadır.
Azərbaycanda multikulturalizm siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoymuşdur. Yeni tarixi şəraitdə bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır. Bunun əsas göstəricisi kimi cəmiyyət daxilində müxtəlif etnik qrupların və dini icmaların inteqrasiya olmalarıdır. Bu, etnik və dini zəmində baş verəcək münaqişələrin qarşısını alır.
Azərbaycan multikulturalizminin meydana gəlməsini şərtləndirən səbəblər 2 qrupa bölünür: obyektiv və subyektiv səbəblər. Obyektiv səbəblərə ilk növbədə tarixi və coğrafi faktorlar daxildir.
Tarixi faktor Azərbaycan multikulturalizminin formalaşmasında mühüm rol oynamışdır. Tarixin bütün mərhələrində Azərbaycan çoxmədəniyyətli bir
dövlət olmuşdur. Onun ərazisində müxtəlif xalqların nümayəndələri birgə əmin-amanlıq şəraitində yaşamışlar. Burada məskunlaşmış milli azlıqlar etnik, dini, irqi mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə əhalinin çoxluğunu təşkil edən və titul xalq olan Azərbaycan türkləri tərəfindən təqib olunmamış və ayrı-seçkiliyə məruz qalmamışdır.
Azərbaycanda multikulturalizmin meydana gəlməsində coğrafi faktorun roluna gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan olduqca əlverişli bir coğrafi məkanda yerləşir. Bura müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu ərazidir. Müxtəlif xalqların tarixi təcrübəsinə əsasən, belə ərazilərdə yerləşən ölkələrin xalqları müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni əlaqələrini inkişaf etdirmişlər. Bu isə öz növbəsində belə ərazilərdə zəngin multikultural mühitin formalaşması üçün əlverişli şərait yaratmışdır. Məlum olduğu kimi, Azərbaycanın ərazisi müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Buradan qədim İpək Yolu keçmiş, Azərbaycanın bu əlverişli coğrafi məkanda yerləşməsi onun etnik-mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi formalaşmasında və inkişafında əhəmiyyətli rol oynamışdır.
Beləliklə, mahiyyətcə obyektiv xarakter daşıyan tarixi və coğrafi faktorlar Azərbaycan multikulturalizminin meydana gəlməsi və formalaşması prosesində həlledici rol oynamışdır.
Azərbaycan multikulturalizminin meydana gəlməsində və formalaşmasında qeyd olunan obyektiv səbəblərlə bərabər subyektiv səbəblər də mühüm rol oynamışdır. Azərbaycan multikulturalizminin meydana gəlməsinin və formalaşmasının subyektiv səbəbləri dedikdə ölkəni idarə edən dövlət xadimləri və Azərbaycan xalqı nəzərdə tutulur.
Azərbaycanın tarixinin müxtəlif mərhələrində ölkə başçıları cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəliflikləri elə tənzimləmişdilər ki, burada etnik və dini zəmində ciddi münaqişələr baş verməmişdir. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənmişdir. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı dünyanın ən çoxmədəniyyətli şəhərlərindən biri olmaqla bərabər burada etnik, dini və mədəni zəmində əhali arasında qarşıdurma, münaqişə müşahidə olunmamışdır. Parlamentdə ölkədə yaşayan bir neçə xalqın nümayəndələri deputat kimi fəaliyyət göstərirdilər. Burada bəzi milli azlıqların siyasi təşkilatları da təmsil olunmuşdur. Bundan
başqa, milli azlıqların nümayəndələri hökumətin tərkibində yüksək vəzifələr tuturdular. Onlardan bəziləri hətta nazir vəzifəsinə təyin olunmuşdular.
Azərbaycanda əlverişli multikultural mühitin olması tarixin müxtəlif mərhələrində təqib olunan xalqların nümayəndələrinin kütləvi şəkildə bura köçməsinə səbəb olmuşdur. Hələ təxminən 2600 il bundan əvvəl yəhudilər İudeyadan (indiki İsrail) Azərbaycana pənah gətirmişdilər. E.ə. 586-cı ildə yeni Babil hökmdarı II Navuhudanosor iudey üsyanını qan içində boğaraq, Qüdsü dağıdır və onların baş məbədini yerlə-yeksən edir. Bütün bu hadisələrin nəticəsində yəhudilərin böyük əksəriyyəti ölkədən çıxarılır. Onların böyük bir hissəsi İsraili tərk edərək Azərbaycana pənah gətirdi. Tarixin sonrakı mərhələrində yəhudilərin Azərbaycana köçmələri ilə bağlı Moisey Bekker öz əsərində qeyd edir ki, XIX əsrin əvvəllərində Rusiya İmperiyasının qərb quberniyalarından ilk aşkenazi yəhudiləri (Avropa yəhudiləri) 1810-cu ildə bura köçməyə başladılar. Daha sonra 1864-cü ildə qonşu Gürcüstandan da Azərbaycana yəhudilər gəldilər. Şübhəsiz, təqib olunan xalqların Azərbaycanda sığınacaq tapmaları o vaxt burada münasib tolerant mühitin olmasından xəbər verirdi. Moisey Bekkerin fikrincə, Azərbaycana köçmüş xristian xalqlarının bəzilərində müşahidə olunan antisemit stereotiplər Azərbaycanda yerli xalqın yəhudilərə bəslədikləri xoş münasibətin təsiri altında yox olurdu. Nəticədə əvvəllər yaşadıqları ölkələrdə antisemit ruhda tərbiyə olunan xristian xalqlarının bəzi nümayəndələri ölkəmizə köçəndən bir müddət sonra antisemit stereotiplərdən azad olaraq azərbaycanlılar kimi tolerant olurdular.
Azərbaycandakı multikultural mühit ölkənin müstəqillik illərində daha da yaxşılaşdı. 18 oktyabr 1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması, xüsusilə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının istəyi ilə hakimiyyətə gəlişi ölkədə multikultural mühiti əsaslı şəkildə yaxşılaşdırdı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının nəticəsində ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaradıldı, etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində mühüm işlər görüldü. Müasir dövrdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizm siyasətini uğurla həyata keçirir.
Azərbaycan multikulturalizminin meydana gəlməsi prosesinin subyektiv səbəblərindən, bu prosesdə subyektiv faktorun rolundan danışarkən Azərbaycan xalqının rolunu da qeyd etmək vacibdir. Məlum olduğu kimi, Azərbaycan
xalqının qonaqpərvərliyi, başqa xalqların, etnik qrupların, dini icmaların nümayəndələrinə tolerant münasibəti onun milli xüsusiyyətlərindəndir. Yuxarıda qeyd olunduğu kimi, tarixin bütün mərhələlərində Azərbaycan ərazisində məskunlaşmış milli azlıqlar etnik, dini, irqi mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə ölkənin avtoxton əhalisi olan Azərbaycan türkləri tərəfindən təqib olunmamış və ayrı-seçkiliyə məruz qalmamışdır. Bu, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasından xəbər verir. Multikulturalizmin xalqın həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsini təşkil edir.
Azərbaycanda digər ölkələrdə olduğu kimi bir sosial hadisə kimi meydana gələn multikulturalizm özünün sonrakı inkişaf mərhələrində dövlət siyasəti müstəvisinə yerləşdirilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bu
Ulu Öndər Heydər Əliyev Bakıda keçirilən
“Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda və Qafqaz Müsəlmanlarının X Qurultayında. 30 sentyabr 1998-ci il.
mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsus olsa da, Azərbaycan xalqının milli xüsusiyyətindən irəli gələn cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə xalqın tolerant münasibəti burada multikulturalizmin dövlət siyasəti kimi bərqərar olmasında əhəmiyyətli rol oynamışdır. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması isə öz növbəsində onun xalqın həyat tərzi kimi möhkəmlənməsinə xidmət edir. Başqa sözlə desək, Azərbaycanda multikulturalizmin dövlət siyasətinə və xalqın həyat tərzinə çevrilməsi bir-birinə qarşılıqlı təsir göstərir. Hər ikisi Azərbaycan multikulturalizminin meydana gəlməsinin, formalaşmasının və inkişafının subyektiv səbəbləri olaraq bir-birilə sıx bağlıdır.
Beləliklə, tarixi və coğrafi faktorlar Azərbaycan multikulturalizminin meydana gəlməsi prosesinin obyektiv səbəblərini, dövlət başçılarının, eləcə də Azərbaycan xalqının cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına və bu müxtəlifliyin əsasını təşkil edən etnik-mədəni dəyərlərə göstərdikləri tolerant münasibət isə subyektiv səbəblərini təşkil edir.
11.2. Azərbaycan multikulturalizminin
əsas xüsusiyyətləri
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə daxil etməyə hazır idi. Bu və buna bənzər xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir.
«Kitabi-Dədə Qorqud» dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev
etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi.
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Akademik Ramiz Mehdiyev qeyd etdiyi kimi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara vahid Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa başladı. «Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq» deyən Ulu Öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.
Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir: “Din və dövlət” (Maddə 18, bənd 1); “Dövlət dili” (Maddə 21, bənd 2); “Bərabərlik hüququ” (Maddə 25, bənd 3); “Milli mənsubiyyət hüququ” (Maddə 44, bəndlər 1, 2); “Ana dilindən istifadə hüququ” (Maddə 45, bəndlər 1, 2); “Fikir və söz azadlığı” (Maddə 47, bəndlər 1, 2, 3); “Vicdan azadlığı” (Maddə 48, bəndlər 1, 2); “Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri” (Maddə 127, bənd 10).
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd etdiyi kimi «dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik»olmalarını təmin etməli idi.
Təbii olaraq, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan Azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də «Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır».
Beləliklə, Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkədə multikulturalizm siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur. Ulu öndərin multikulturalizm sahəsində həyata keçirdiyi bu böyük iş müasir dövrdə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. O, multikulturalizm siyasətinə nikbin qütbü formalaşdırmışdır.
Müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb formalaşmışdır – bədbin və nikbin. Bədbin qütbü Kameron, nikbin qütbü isə Azərbaycan Prezidenti İlham Əliyev formalaşdırmışdır. Prezident İlham Əliyev Kameronun bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni nümayiş etdirir. O, Azərbaycan xalqının çoxəsrlik multikultural dəyərlərə malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: “Bu gün multikulturalizmin dünyada alternativi yoxdur.”
Müasir dövrdə Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması və bununla yanaşı, Azərbaycanda bu siyasətin yaşaması hansı səbəblərdən irəli gəlir?
Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblər hansılardır?
Bəzi ölkələr tarixən ən qədim zamanlardan bəri hər hansı müxtəlifliklərlə üzləşmədən digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Buradakı müxtəlif mədəniyyətliliyi sonrakı müxtəliflik kimi ayıra bilərik. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci
hal ilə bağlı real sosial nəticə odur ki, gəlmə multikultural dəyərlər dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə xalqın tarixində müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. “İlkin müxtəliflik” və “sonrakı müxtəlifliyi” bir-birindən ayırmasaq bu günkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik.
Azərbaycanda normal multikultural əhvalın olması – müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır. “İlkin müxtəliflik” Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal “sonrakı müxtəliflikdən” kəskin şəkildə fərqlənir. Məhz “ilkin müxtəliflik” bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə loyal münasibəti məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng qazana bildi. Ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində multikulturalizmin iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxır və Azərbaycan Prezidenti bu siyasətin davamlı olması üçün real və optimal fəaliyyət göstərir.
Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Azərbaycan xalqının dastanlarından, nağıllarından, klassik ədəbi nümunələrindən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur.
Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə bu belə oldu ki, mənəvi baxımdan formalaşma prosesini başa çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası ilə bu çağa qədər tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni
calağı qəbul etmədi. Sonrakı müxtəlifliyin mahiyyəti budur.
Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz metodoloji olaraq, “ilkin müxtəliflik”, “sonrakı müxtəliflik” anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O, hər hansı müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğu kimi özünü göstərir.
Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin subyektiv səbəblərinə gəldikdə, ilk növbədə ölkə rəhbərliyinin bu sahədə gördüyü böyük işləri göstərmək lazımdır. Prezident İlham Əliyev ölkədəki multikultural durumu daha da möhkəmlətmək məqsədilə bir sıra mühüm işlər həyata keçirir. O, ölkədəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinə böyük önəm verir. Bunun bariz nümunəsi kimi ilk növbədə onun 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin (hazırda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi adlanır), 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin Prezidentin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsini və 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsini göstərmək olar. Qeyd olunan təsisatların və Sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millət-lərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əsas məqsədi ölkədə mövcud olan milli müxtəlifliyin qorunub saxlanması, milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatının, milli azlıqlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi, ölkədəki multikultural mühitin öyrənilməsi və dünyada təbliği işinin aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə nəzarət etməkdən ibarətdir. Bu məqsədə nail olmaq istiqamətində həyata keçirilən işlər sırasında Şöbənin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlığı xüsusi yer tutur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əsas məqsədi Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. BBMM-in qarşısında duran bütün vəzifələr Azərbaycan multikulturalizminin inkişafına yönəlmişdir.
Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək önəm verməsi ölkənin daxili siyasəti ilə yanaşı xarici siyasətində də özünü büruzə verir. Mütəmadi olaraq Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara ev sahibliyi edir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycanda 2010-cu ilin 26-27 aprel tarixlərində Dünya Dini Liderlərinin Sammiti, 2011-ci, 2013- cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2016-cı və 2018-ci illərdə Bakı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır”
mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxış edərkən.
2 dekabr 2008-ci il. Bakı, “Gülüstan” sarayı.
Beynəlxalq Humanitar Forumları, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illərdə Qlobal Bakı Forumları, eləcə də 2016-cı ilin 25- 27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Bu tədbirlər “Bakı prosesi” çərçivəsində keçirilir
Azərbaycan Respublikasının “Bakı Prosesi” çərçivəsində mədəniyyətləarası dialoqa yüksək önəm verməsinin daha bir bariz nümunəsi kimi 2019-cu il 30 iyun - 10 iyul tarixlərində Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsini göstərmək olar. Dünya mədəni irsi ilə bağlı məsələlərin müzakirə edildiyi və dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndənin qatıldığı 43-cü sessiyada Ümumdünya Mədəni İrs Siyahısına salınması üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl (onlardan 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq abidələr olmaqla) nəzərdən keçirilmişdir. İrs Komitəsinin 43-cü sessiyasında təqdim olunmuş 36 abidədən çoxu UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmışdır. Siyahıya salınan adidələr sırasında Şəkinin Xan Sarayı ilə birgə onun tarixi mərkəzi də vardır. .
“Bakı prosesi” – mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formatın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edildi. Bununla sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu.
“Bakı prosesi”nin əsas aktorları Azərbaycan Respublikası hökuməti, UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatıdır.
“Bakı prosesi”nin məqsədləri aşağıdakılardır:
1. Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;
2. Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;
3. Xalqlar arasında olan dini və mədəni gərginliyin azadılması məqsədilə
barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması;
4. Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata keçirilməsində daha səmərəli istifadəsi;
5. Mədəni və bədii fəaliyyətlərin dəstəkləməsi; qarşılıqlı anlaşma və dialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici qüvvə kimi tanınması;
6. Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.
“Bakı prosesi” əvvəlcə regional təşəbbüs kimi yaranmışdır. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan etdi. Bu hadisə “Bakı prosesi”nin regional təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb oldu.
Azərbaycan Respublikası tərəfindən irəli sürülən “Bakı prosesi” təşəbbüsünü BMT-nin Baş Katibi Antonio Quterreş yüksək qiymətləndirərək onu 2008-ci ildən bəri bütün dünyada mədəniyyətlər arasında dialoqun təşviq olunmasındə mühüm rol oynadığını qeyd etmişdir. Bundan başqa Avropa Şurası Baş Katibinin müavini xanım Qabriella Battaini Draqoni “Bakı prosesi”nin əhəmiyyəti haqqında aşağıdakıları söyləmişdir: “Bəli, 2008-ci ildə bu, bir xəyal idisə, indi “Bakı prosesi” bir reallığa çevrilib. “Bakı prosesi” və mədəniyyətlərarası dialoq forumları bizlərə çox mükəmməl bir fürsət yaratmışdır ki, bir yerə toplaşıb dünyamızı narahat edən məsələləri müzakirə edək... Cənab Prezident, Sizə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya üz tutaraq xahiş edirəm ki, “Bakı prosesi”nin məşəlini heç zaman sönməyə qoymayaq. Çünki indi dünyanın sülhə, harmoniyaya, birgəyaşayışa daha çox ehtiyacı var”.
Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri bir dövrdə Azərbaycanda multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində ən mütərəqqi və optimal siyasət modeli kimi çıxış edir.
11.3. Multikulturalizm siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla əməkdaşlığı
Azərbaycan Respublikası öz müstəqilliyini qazandığı dövrdən bu günədək həyata keçirdiyi daxili və xarici siyasəti ilə özünü əhalinin dinc yaşadığı, sabitliyin hökm sürdüyü multikultural-çoxmədəniyyətli bir cəmiyyət kimi, eyni zamanda regional inkişafa, yüksək səviyyəli əməkdaşlığa və təhlükəsizliyə töhfə verən əhəmiyyətli beynəlxalq tərəfdaş kimi təqdim etməyə müvəffəq olmuşdur.
Bu fəslin əvvəlində qeyd olunduğu kimi, Azərbaycan cəmiyyətdəki etnik– mədəni müxtəlifliyi multikulturalizm siyasəti vasitəsilə tənzimləyərək dünyanın əsas multikulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda dövlət siyasəti səviyyəsində multikulturalizm və tolerantlığın inkişafı qədim dövlətçilik tarixinə və milli dəyərlərin, ənənələrin inkişafına əsaslanmaqla, bütün ölkə ərazisində yaşayan xalqların qarşılıqlı hörmət və əməkdaşlıq çərçivəsində, öz milli-mənəvi dəyərlərinin qorunmasına şərait yaratmaqla təmin olunur.
Azərbaycan Respublikasının mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Bu gün dünyaya istər multikulturalizm və tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni bir Azərbaycan modeli formalaşmışdır.
Azərbaycan müsəlman və xristian dünyası arasında körpü rolunu oynamaqla tolerantlıq və multikulturalizm sahəsində öz təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edir.
Azərbaycanın multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilatlardan biri BMT-dir. Bu təşkilatla ölkəmizin əməkdaşlığı müstəqilliyimizin ilk illərindən başlamışdır. 2 mart 1992- ci il tarixində Azərbaycan Respublikası BMT-nin üzvlüyünə qəbul edilmiş və 6 may 1992-ci il tarixində BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. 2011-ci ildə isə Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının 2 il müddətinə qeyri-daimi üzvü seçilmişdir. BMT ilə əməkdaşlıq çərçivəsində Azərbaycan multikulturalizm, dini və mədəni müxtəliflik sahəsində bir sıra
mühüm beynəlxalq sənədləri ratifikasiya etmiş və öz daxili qanunvericiliyində bu normaları əks etdirmişdir.
BMT-nın Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin əsas prinsipləri Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il konstitusiyasında öz əksini tapmışdır. Bundan başqa ölkəmiz BMT-nın Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunmuş “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya”sı 31 may 1996-cı ildə qoşulmuş və bu beynəlxalq sənədin də mühüm prinsipləri sahəvi qanunvericiliyimizdə tam şəkildə öz əksini tapa bilmişdir. Bu mühüm sənədlər arasında eyni zamanda BMT-nın Baş Assambleyası tərəfindən 25 noyabr 1981-ci ildə qəbul olunmuş “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarınin ləğv edilməsi haqqında Bəyannamə»ni də xüsusi olaraq qeyd etmək lazımdır lazımdır. “Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi haqqında” 20 dekabr 1993-cü il Qətnaməsi və “Milli yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında” 18 dekabr 1992-ci il Bəyannaməsi Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıq çərçivəsində multikulturalizm və tolerantlıq ənənələrinin, dini və mədəni müxtəlifliyin qorunması istiqamətində qoşulduğu beynəlxalq sənədlər arasında yer alır.
2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən, 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişdir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikulturalizm və tolerantlıq mühitinin yüksək səviyyədə olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.
Azərbaycan Respublikasının sıx əmədaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında Avropa Şurasını xüsusi ilə qeyd etmək lazımdır. Ölkəmiz bu quruma 2001-ci il yanvar ayının 17-də tam hüquqlu üzv kimi qəbul edilmişdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan multikulturalizm siyasəti ilə bağlı bir mühüm sənədə qoşularaq onu ratifikasiya etmiş, həmçinin bir çox mühüm
tədbirlərə ev sahibliyi etmişdir. Bu sənəd 1995-ci ilin 1 fevral tarixində Avropa Şurasının qəbul etdiyi “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”dır. Azərbaycan bu sənədi 2000-ci il iyun ayının 13-də ratifikasiya etmişdir. Göründüyü kimi, ölkəmiz Avropa Şurasına üzv seçilməmişdən əvvəl Çərçivə Konvensiyasına qoşulmuşdur.
Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir.
2010-cu ilin aprelində dünyanın 32 ölkəsini təmsil edən 200-dən çox nümayəndəsinin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusuna həsr olunmuş sammit Bakıda keçirilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşdə çıxış edərkən.
5 may 2017-ci il.426
Əvvəlki yarımfəsildə qeyd olunduğu kimi, 2011-ci ildən bəri Azərbaycan “Bakı prosesi” çərçivəsində bir sıra beynəlxalq forum və konfranslara ev sahibliyi etmişdir. Bu tədbirlərin əsas məqsədlərindən biri multikulturalizmin, tolerantlığın, eləcə də dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğ və təşviq olunması idi.
İslam dünyasının da ayrılmaz hissəsi olan Azərbaycanın sıx əməkdaşlıq etdiyi və müstəqillik əldə etdikdən sonra ilk üzv olduğu beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT). Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə (o zaman İslam Konfransı Təşkilatı adlanırdı.- Red) üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də dövlət və hökumət başçılarının İƏT-in Dakarda keçirilən V konfransında tamhüquqlu üzv kimi təşkilata qəbul olunmuşdur. Eyni zamanda Azərbaycan İƏT-in müxtəlif strukturları ilə də sıx əməkdalıq edir. Azərbaycan Respublikası 1991-ci ildən İSESKO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 24 noyabr 2006-cı il tarixində İSESKO-nun ilk xanım xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu əməkdaşlıq çərçivəsində Azərbaycan həm İslam dünyasının, həm də Avropa mədəniyyətinin bir üzvü kimi bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa öz töhfəsini vermişdir.
Azərbaycanda çoxmədəniyyətlilik mühitinin qorunub saxlanılması istiqamətində ölkəmizin əməkdaşlıq etdiyi daha bir mühüm beynəlxalq təşkilat UNESKO-dur. Azərbaycan 3 iyun 1992-ci il tarixində UNESKO-ya üzv qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyi təsis edilmiş, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildən UNESKO-nun xoşməramlı səfiri seçilmiş və bununla da Azərbaycanla UNESKO arasında qarşılıqlı əlaqələr ən yüksək şəkildə inkişaf etmişdir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan mədəni müxtəliflik və tolerantlıqla bağlı üç mühüm sənədə qoşulmuşdur. Bu sənədlər “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Beynəlxalq Konvensiya” (20 oktyabr 2005-ci ildə UNESKO-nun 33-cü sessiyasında qəbul olunmuş və 18 mart 2007-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası
bu konvensiyaya 26 noyabr 2009-cu ildən qoşulmuşdur), “Dözümlülük Prinsipi haqqında Bəyannamə”(16 noyabr 1995-ci ildə qəbul olunmuşdur) və “Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi”dir (2 noyabr 2001-ci ildə qəbul olunmuşdur).
Azərbaycan Respublikasının sıx əmədaşlıq etdiyi daha bir təşkilat ATƏT-dir. 1992-ci ildə Azərbaycan ATƏT-ə üzv olub ( o zaman ATƏM adlanırdı). Milli azlıqlar mövzusunda bu təşkilatla ən mühüm əməkdaşlıq sənədi “Helsinki Yekun Aktı”dır. Doğrudur bu sənəd məcburi hüquqi qüvvəyə malik olmasa da, ən ali siyasi iradə bəyanatı kimi qəbul edilir. Bu Akta “azlıqların qorunması” anlayışı dəqiqliklə qeyd edilib və ölkəmiz “Helsinki Yekun Aktı” ilə öz üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə icra edir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, multikulturalizm siyasəti çərçivəsində Azərbaycan Respublikası beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İƏT kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Bundan başqa Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən UNESKO, İSESKO və digər qurumlarla yaxından əməkdaşlıq edir. Beynəlxalq humanitar və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, multikulturalizm siyasətinin həyata keçirilməsi, Azərbaycanın bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı mədəni əlaqələrinin genişləndirilməsi hazırda Azərbaycan dövlətinin əsas prioritetlərindən biri hesab edilir.
Fəslə aid suallar
Azərbaycan multikulturalizminin meydana gəlməsində tarixi faktorun rolu nədən ibarət olmuşdur?
Azərbaycan multikulturalizminin meydana gəlməsində coğrafi faktorun rolu nədən ibarət olmuşdur?
Azərbaycan multikulturalizminin meydana gəlməsində və formalaşmasında subyektiv faktorun rolu özünü nədə büruzə verir?
Niyə Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zaman daha güclü olur?
Niyə multikulturalizmin Azərbaycan xalqının həyat tərzi sayılır? Bu, özünü nədə büruzə verir?
Azərbaycanda multikulturalizm siyasətinin əsasını kim qoymuşdur?
Azərbaycançılıq ilə multikulturalizmin münasibəti necədir?
Multikulturalizmin bədbin və nikbin qütbü nədir?
İlkin və sonrakı müxtəliflik nədir? Onların multikulturalizmin inkişafına təsiri nədən ibarətdir?
“İlkin müxtəliflik” və “sonrakı müxtəlifliyi” bir-birindən ayırmasaq bu günkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik?
Azərbaycana ilkin yoxsa sonrakı müxtəliflik xasdır?
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi nədir?
“Bakı prosesi” nədir?
Azərbaycan Respublikası multikulturalizm siyasətinin həyata keçirilməsində hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir?
Azərbaycan Respublikasının BMT ilə multikulturalizm sahəsindəki əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?
Azərbaycan Respublikası İƏT təşkilatı ilə multikulturalizm sahəsində hansı tədbirləri həyata keçirmişdir?
Azərbaycan Respublikası multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində Avropa Şurası ilə əməkdaşlığının əsas istiqamətləri hansılardır?
Azərbaycan Respublikası UNESKO ilə multikulturalizm sahəsində hansı tədbirləri həyata keçirmişdir?
Multikulturalizm siyasətinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikasının ATƏT ilə əməkdaşlığının əsas istiqamətləri hansılardır?
Dostları ilə paylaş: |