Mövzu: DİL VƏ NİTQ
Plan:
1.Azərbaycan dili dövlət dilidir.
2. Dil və nitq anlayışları
3. Nitq ünsiyyət prosesi kimi
4.Nitqin milli səciyyəliliyi
5. Nitqin başlıca ünsürləri
6. Dahilər dil, nitq və söz haqqında
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
Hər bir xalq öz dili ilə yaranır.
Heydər Əliyev
Azərbaycan dili Azərbaycanın dövlət dilidir
Azərbaycan Respublikasının on milyonluq əhalisinin gündəlik ünsiyyət 1vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.
Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.
2. Dil və nitq anlayışları
Dil bütövlükdə həyat, tarix, xalqın yaşayış tərzi yaddaşıdır. O cəmiyyətin varlığı, təşəkkülü və inkişafı üçün ən mühüm şərtdir. XV – XVI əsrlərdə yaşamış alim, mütəfəkkir və yazıçı Makiavellinin sözləri ilə desək, dil insana öz fikrini bildirmək üçün verilmişdir. Həqiqətən dil sehrli bir aləmdir. Dili yaradan yaşadan dəyişdirən, inkişaf etdirən xalqdır. Dilin vəzifəsi ancaq informasiya vermək və ünsiyyət vasitəsi olmaqla bitmir. O, milli şüur və təfəkkürün vacib göstəricisidir. Dil milli nailiyyətdir. Həyat kimi canlıdır, keçmişin şahididir. Dil olmasaydı,şifahi və yazılı ədəb xəzinəsi olmazdı. Dil olmasaydı, Homer Esxil, Nizami, Şekspir, Puşkin olmazdı, onların sehrli söz sərvəti olmazdı. Dil millətin ən mühüm nailiyyəti göstəricisi kimi onu daşıyan hər bir şəxsdən ona qarşı qayğılı və diqqətli olmağı tələb edir. Dil insanı hər yerdə və həmişə müşahidə edir, onun işində, düşüncəsində, həyəcanlananda, sevinən də və s. Məhz bu mənada dil təbiətinə görə bəşəri, xidmətinə görə millidir. Əmək prosesi birgə yaşayan insanlarda bir – biri ilə ünsiyyət yaratmaq, fikirlərini bir – birinə çatdırmaq, bir – birindən kömək almaq ehtiyacı oyatmışdır. Belə ünsiyyət ehtiyacı nitq fəaliyyətinə təkan vermiş, nitq fəaliyyəti nitqi, nitq isə nitq vahidlərini sabitləşdirmişdir, onun qaydaları dilin lüğət tərkibi, dilin qanunları yaranmışdır. Dil şüuru, biliyi, təfəkkürü əks etdirir. Dil və nitq bir – biri ilə əlaqədardır və bir – birinə təsir göstərir. Dil ünsiyyətin işarələr mexanizmidir. Dil dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. Ü. Hacıbəyov: bir millətin varlığının isbati – vücud etməsinə səbəb onun dilidir. Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Nitq fikirlə yanaşı, insanın iradəsini və estetik vəziyyətini də bildirir. Bir fikir müxtəlif formalarda ifadə edilə bilər. Nitqdə işlənən sözlər dəyişir, bir qismi köhnəlir, digəri yeniləşir.
Dil və nitq arasında əlaqə obyektiv zərurət kimi mövcuddur, çünki, dil varlığını nitqdə, nitq isə öz mənbəyini dildə tapır. Nitq prosesi olmasa dil, dil olmasa, nitq prosesi təzahür edə bilməz. Nitq dilin dinamik hissəsidir. Danışıq şəxs dilin daxili qanunları əsasında yaranan bu və ya digər formadan məqsədəuyğun şəkildə istifadə edir.. Dil və nitqin fərqləri aşağıdakılardır:
Dil həcmcə nitqdən genişdir.
Dil ümumxalq nitq fərdi səciyyə daşıyır.
Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
Nitq fikrin ifadəçisidir, təfəkkürün formasıdır.
Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır. Nitqin əsas cəhəti
məzmunluluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir
6.Dil nitqin silahıdır, məhsuludur, nitq dilin hər dəfə ünsiyyət vasitəsi kimi işlədilməsidir.
7.Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir.
Dostları ilə paylaş: |