Mübarizə tədbirləri. Şalalar çox həssas zərərvericidir. Ona görə də aparılan mübarizə diqqətli və səliqəli olmalıdır. Şalalarla mübarizədə əsasən kimyəvi və aqrotexniki tədbirlər həyata keçirilir.
Aqrotexniki tədbirlər – Alaq otları məhv edilməli, ətrafda olan kollar qırılıb yandırılmalıdır, onların yerinə mədəni bitkilər əkilməlidir.
Kimyəvi mübarizə – şalalara qarşı daxili təsir edən zəhərlər və heksaxloran dustu ilə tozlama aparılmalı, aldadıcı yemlər tətbiq edilir. Zəhərlərin dozası çəyirtkələrdə olduğu kimidir.
Sisəklər (Gryloidae) – morfoloji quruluşuna görə sisəklər şalalara çox oxşardır. Sisəklər yarımdəstəsi iki fəsiləyə bölünür: sisəklər və danadişilər.
Çöl sisyəi (Gryllus desertus Pall) – qara rəngli olub, üst və alt qanadları yaxşı inkişaf etmişdir. Yumurtaqoyanı dal ayağın budundan 1,5 dəfə uzundur. Bədəninin uzunluğu 12-19 mm-dir.
Respublikamızın bütün aran rayonlarında təsadüf olunur və başlıca olaraq pambıq, tütün, tərəvəz, yonca, bostan və s. bitkilərə zərər verir. Sürfə və yetkin fərdləri bitkilərlə qidalanır.
Çöl sisəyinin illik inkişaf tsikli, çəyirtkə və şalaların inkişaf tsiklindən kəskin fərqlənir. Sisəklər həm yetkin, həm də sürfə mərhələsində qışlaya bilir.
Dişi çöl sisəyi yumurtalarını iyun-iyul aylarında tək-tək və ya topa halında torpağa qoyur. Yumurta qoyduqdan 15-20 gün sonra sürfələr çıxmağa başlayır. Sürfələr 3-4 dəfə qabıq dəyişir və torpaqda düzəltdiyi yuvacıq içərisində qışlayır. Aprelin axırları və mayın əvvəllərində qışlamış sürfələr yuvacıqlardan çıxıb bitkiləri zədələyir.
Dostları ilə paylaş: |