Çuğundur adi uzunburnu (Bothynoderes punctiventris G.) - Böcəklər (Coleoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.
Yetkin fərd bozumtul-qonur rəngdədir. Ön qanadları üzərində nöqtələrdən ibarət 10 ədəd cərgə zolağı vardır. Uzunluğu 1,2-1,4 sm-dir.
Yumurtası ovalvaridir, sarımtıl ağ rəngdədir.
Sürfəsi ağdır, ayaqsızdır və qövsvari bükülmüşdür, axırıncı yaşda sürfənin uzunluğu 30 mm-ə çata bilir.
Zərərverici böcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda 10-120S temperatur olduğu zaman onlar qış yuxusundan oyanır və torpağın üst səthinə çıxırlar. Onlar əvvəlcə tərçiçəklilər fəsiləsinə mənsub olan bitkilərlə qidalanır, sonra isə çuğundur cücərtiləri üzərinə keçirlər. Böcəklər çuğundur yarpaqlarının ayəsini və saplaqlarını yeyir, nəticədə cücərtilər məhv olur.
Bir müddətdən sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəltdiyi çökəkciyə qoyulur. Bir dişi böcək orta hesabla 200 ədədə qədər yumurta qoyur. Qoyulmuş yumurtalardan 7-10 gün sonra sürfələr çıxır. Sürfələrin inkişafı 2-3 ay çəkir. Bu müddət ərzində onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər əmələ gətirir. Belə zədələnmiş bitkilər zəif inkişaf edir, bəzən də quruyub məhv olur.
İnkişafını başa çatdırmış sürfələr torpaqda yuva düzəldib orada pup halına keçir. Təxminən iki həftədən sonra puplardan böcəklər çıxır və oradaca qışlamaya gedir.
Zərərverici il ərzində bir nəsil verir.
Dostları ilə paylaş: |