Mübarizə tədbirləri.
1. İl boyu yabanı xaççiçəkli bitkilər məhv edilməli, məhsul yığıldıqdan sonra bitki qalıqları sahədən çıxarılmalıdır.
2. Tırtıllara qarşı mübarizədə mikrobioloji preparatlardan entobakterin-3 (3-4 kq/ha), dendrobasilin-100 (1-1,2 kq/ha) və boverin (3 kq/ha) preparatlarının suspenziyası çilənməlidir.
3. Kimyəvi mübarizədə Karate Zeon (0,1 l/ha), Koru-alfa 5 (0,2 l/ha) emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.
Kələm sovkası (Mamestra brassicae L.) - Kəpənəklər (Lepidoptera) dəstəsi, gecə kəpənəkləri (Noctuidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin kəpənəyin ön qanadları bozumtul-qonur rəngdədir. Üzərində 3 ləkə – böyrəkşəkilli, dairəvi və paz şəkilli vardır. Qanadları açılan zaman böyüklüyü 50 mm-dir.
Yumurta yarım kürəvaridir, sarımtıl rəngdədir, böyüklüyü 0,5 mm-dir.
Tırtıllar yaşımtıl-boz, yaxud qonur rəngdədir. Axırıncı yaşda uzunluğu 50 mm-dir.
Pupu qırmızımtıl-qəhvəyidir, uzunluğu 20-25 mm-dir. Əsasən respublikanın dağlıq və dağətəyi rayonlarında çox yayılmışdır.
Zərərverici torpağın üst qatında 6-12 sm dərinlikdə pup halında qışlayır. Aprel ayının əvvəli və mayın əvvəlində qışlamış puplardan kəpənəklər uçur, qidalanır, cütləşir və yumurta qoyur. Yumurtalar topa halında (bir topada 100-200 ədəd) yarpağın alt səthinə qoyulur. Bir dişi fərd 1500 ədədə qədər yumurta qoya bilir.
Yumurtanın embrional inkişafı 10-15 gün çəkir. Tırtıllar 45-60 gündə inkişafını başa çatdırır, bu müddətdə 5 dəfə qabıq dəyişir və 6 yaş keçirir. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və orada pup halına keçir. İkinci nəslin inkişafı da birinci nəsildəki kimi gedir. İldə 2 nəsil verir.
Tırtıllar əsasən yarpaqlarla qidalanır, kələm baş bağladıqda isə yumrunu deşərək onun içərisinə girib orada qidalanır. Belə zədələnmiş baş yumrusu öz əmtəəlik dəyərini itirir və çürüyür.
Dostları ilə paylaş: |