Düyü uzunburnu (Sitophilus oryzae L.) – Böcəklər (Coleoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinə mənsubdur.
Yetkin böcək anbar uzunburnuna oxşardır, uzunluğu 3 mm-ə çatır. Ön kürəkciyin üzərində külli miqdarda nöqtələr şəklində çökəkciklər vardır. Qanadları üzərində nöqtələrdən təşkil olunmuş uzununa şırımlar uzanır.
Düyü uzunburnu uçmaq qabiliyyətinə malikdir. Sürfəsi, yumurtası və pupu anbar uzunburnuna oxşardır.
Zərərverici una, düyüyə, qarğıdalıya, arpaya, buğdaya, çörəyə, alma qaxına, şabalıda, makarona və s. zərər verir. Düyü uzunburnunun yaşayış tərzi və zədələmə xüsusiyyəti bir çox cəhətdən anbar uzunburnunda olduğu kimidir.
Düyü uzunburnu başqa anbarlara ancaq yoluxmuş məhsullar vasitəsilə deyil, uçmaqla da keçə bilir. Dişi fərdlər daha çox yumurta qoymaq qabiliyətinə malikdir. O, 500-dən artıq yumurta qoya bilir. Yumurtanın inkişafı 6-9, sürfəninki 12-17, pupunku isə 7-9 günə başa çatır. Böcəklər 3-8 həftə yaşaya bilir. O, tarla şəraitində də yaşayır, inkişaf edir və çoxalır. Tarlada əsasən qarğıdalı ilə qidalanır. Sürfələr ən quru dənlərlə qidalanır. İl ərzində 8-ə yaxın nəsil verir.
Dostları ilə paylaş: |