Mövzu 8. FİRMANIN İNVESTİSİYA FƏALİYYƏTİ
8.1. İnvestisiya qoyuluşunun mahiyyəti və növləri
8.2. Firmanın investisiya qoyuluşunun tərkibi və quruluşu
8.3. Firmanın investisiya fəaliyyəti
8.4. İnvestisiya layihələrinin iqtisadi səmərəliliyinin
qiymətləndirilməsi üsulları
İnvestisiya qoyuluşunun mahiyyəti və növləri
Firmanın müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün özünün istehsal güclərini genişləndirmək, xərcləri aşağı salmaq, öz məhsulunun rəqabət qabiliyyətini artırmaq və bazarda mövqeyini möhkəmləndirmək məqsədi ilə investisiya qoyuluşunu həyata keçirməlidir. İnvestisiya (latınca «invest» sözündən olub, tərcüməsi «geyindirirəm» mənasını verir) mənfəət (gəlir) və ya müəyyən sosial səmərə əldə olunması məqsədi ilə sahibkarlıq və yaxud digər fəaliyyət növləri obyektlərinə uzun müddətə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər aşağıdakılardır:
pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;
daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);
müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər;
bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilməmiş, texniki sənədləşdirilmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmuu («nouhau»);
torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn başqa əmlak hüquqları;
başqa sərvətlər.
Maliyyə baxımından investisiya – mənfəət (fayda) əldə edilməsi məqsədi ilə iqtisadi (təsərrüfat) fəaliyyətə yönəldilən bütün növ aktivlərdir (vəsaitlərdir). Iqtisadi baxımdan investisiya – əsas (müəyyən hallarda hətta dövriyyə) fondlarının yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və rekonstruksiyasına çəkilən xərclərdir.
İnvestisiya fəaliyyəti – hüquqi şəxslərin, dövlətin və vətəndaşların investisiyanı reallaşdırmaq üçün praktik fəaliyyətlərinin məcmusudur. Firmanin investisiya fəaliyyəti onun ümumi təsərrüfat fəaliyyətinin ayrılmaz hissəsidir.
İnvestisiyanın obyektlərini və subyektlərini bir-birindən fərqləndirmək lazımdır.
İnvestisiyanın obyektləri aşağıdakılardır:
qiymətli kağızlar;
bütün sahələrdə yeni yaradılan və təkmilləşdirilən əsas fondlar, dövriyyə vəsaitləri;
məqsədli pul yardımları;
elmi-texniki məhsullar, mülkiyyətin digər obyektləri;
əmək hüququ və intellektual mülkiyyət hüquqları.
İnvestisiyanın subyektləri:
investorlar;
işlərin icraçıları (podratçılar);
investisiya fəaliyyətindən istifadə edənlər;
əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər;
banklar, sığorta şirkətləri və vasitəçi təşkilatlardır.
Firmanın inkişafının strateji məqsədləri bilavasitə investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. İnvestisiya vəsaitlərinə tələbat iqtisadi inkişaf məsələlərinin həlli üçün vacib olan həm maddi-texniki, həm də maliyyə ehtiyatlarının həcmi ilə ölçülür. İnvestisiya fəaliyyəti maddi və maliyyə vəsaitlərinin uzunmüddətli istifadə üçün ayrılmasını nəzərdə tutur.
İnvestisiya firmanın istehsal ehtiyatlarının bərpasına, istehsal güclərinin genişləndirilməsinə, texnika və texnologiyanın modernləşdirilməsinə, yeni istehsal sahələrinin və güclərinin yaradılıb işə salınmasına, yeni məhsul növlərinin işlənməsinə və s. yönəldilə bilər.
İnvestisiya vəsaitləri müxtəlif formalarda yerləşdirilə bilər və onlar müəyyən əlamətə görə fərqlənirlər:
qiymətli kağızlar (səhmlərə və opsionlara) və daşınmaz əmlaka yönəldilən investisiya;
borc öhdəliklərinə yönəldilən investisiya;
az və ya çox risk dərəcəsinə malik olan investisiya;
uzun və qısamüddətli investisiya;
birbaşa (real) və portfel investisiya.
Birbaşa investisiya «portfel» investisiyasından fərqli olaraq firmanın fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı verir. Birbaşa investisiya ilə portfel investisiyası arasında mahiyyət fərqi ondan ibarətdir ki, birinci, investorun firmanın fəaliyyətində maraqlı olmasına gətirib çıxarır, ikinci isə, investoru qoyulan vəsaitin gəlirliyində maraqlı edir. Portfel investisiyalar – investisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınması ilə əlaqədar layihələrə vəsait qoyuluşudur. Bu halda investorun başlıca vəzifəsi optimal investisiya portfelinin formalaşdırılması və səmərəli idarə edilməsidir. Buna, bir qayda olaraq, fond bazarında qiymətli kağızların alqı-satqı əməliyyatları vasitəsilə nail olunur.
Real investisiyalar – əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait (kapital) qoyuluşudur.
Real investisiyalar bir çox hallarda birbaşa investisiyalar da adlandırılır.
İnvestor dedikdə özünün (eləcə də cəlb olunmuş borc vəsaitlərinin) maddi və intellektual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarmış subyektlər başa düşülür.
İnvestorlar investisiya fəaliyyətinə kreditor kimi, kapital yerləşdirən kimi qoşula bilərlər. Mülkiyyət formasından, fəaliyyət növündən asılı olmayaraq, respublikamızın ərazisində investisiya fəaliyyəti ilə məşğul olan bütün fiziki və hüquqi şəxslər investisiyanı bərabər hüquqla həyata keçirirlər. Onlar nəzərdə tutulan investisiya ayırmalarını birbaşa, müqavilələr əsasında və digər fiziki və hüquqi şəxslər cəlb edilməklə müştərək şəkildə həyata keçirə bilərlər.
Birgə investisiya fəaliyyəti zamanı investorlar arasında qarşılıqlı münasibətlər ikitərəfli və yaxud çoxtərəfli müqavilələr əsasında tənzimlənir.
İnvestisiya məqsədləri üçün maliyyə vəsaitləri kreditlər alınması, qiymətli kağızlar, eləcə də istiqrazlar buraxılması yolu ilə cəlb edilir.
Müasir qanunvericilikdə investisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələri kimi aşağıdakılar nəzərdə tutulmuşdur:
şəxsi (xüsusi) material və intellektual sərvətləri, maliyyə ehtiyatları (mənfəət, amortizasiya ayırmaları, pul vəsaitləri, fiziki və hüquqi şəxslərin əmanətləri);
investorun borc maliyyə vəsaitləri (bank kreditləri, istiqrazlar və digər vəsaitlər);
büdcədən və büdcədənkənar fondların məqsədli investisiya ayırmaları;
xarici hüquqi və fiziki şəxslərin investisiya ayırmaları.
Azərbaycan dövləti respublikamızda həyata keçirilən bütün investisiyaların qorunmasına təminat vermişdir. İnvestisiyanın qorunmasına həm qəbul olunmuş qanunlar, həm də xarici dövlətlərlə bağlanmış ikitərəfli dövlətlərarası müqavilələr təminat verir.
Dostları ilə paylaş: |