Reklamın iqtisadi effektliyi. Bu göstərici reklamdan əldə edilən nəticənin reklama çəkilən xərclərlə müqayisəsi əsasında müəyyənləşdirilir. Reklam kompaniyasının iqtisadi effektliyini müəyyənləşdirərkən əsasən iki metoddan istifadə edilir:
1.Aparılan eksperimentin nəticələrinin təhlilinə əsaslanan metod. Bu metoda uyğun olaraq müəyyən vaxt ərzində firmanın fəaliyyət göstərdiyi iki bazar götürülür. Həmin bazarlarda bütün şərtlər eyni olmaqla müxtəlif dərəcəli reklam tədbirləri həyata keçirilir. Həmin dövr üzrə satışın həcminin artımı ilə reklama çəkilən xərclərin həcmi göstəriciləri müqayisə olunur. Bu yolla həyata keçirilən reklam tədbirlərinin satışın həcminə və deməli müəssisənin fəaliyyətinə təsiri müəyyənləşdirilir. Bu metodun çatışmamazlıqlarından biri ondan ibarətdir ki, satışın həcminin artımının hansı hissəsinin məhz reklam hesabına baş verdiyini müəyyənləşdirmək olduqca çətindir. Bu mənada əsas çətinlik reklamın təmiz effektliyini müəyyənləşdirməkdən, yəni mənfəətin məhz reklam hesabına artan hissəsini hesablamaqdan ibarətdir.
2.Qalıq məbləğlər metodu. Bu metodun tətbiqi zamanı mənfəətin məbləğinin dəyişməsi səbəbləri iki yerə bölünür: əsas və sair səbəblər. Mənfəətin məbləğinin dəyişməsinə təsir göstərən əsas və sair səbəblərin xüsusi çəkisi 1-dən 0-a qədər olan intervalda qalıq məbləğlər metodu ilə müəyyən olunur. Mənfəətin məbləğinin dəyişməsinin bütün sair səbəblərinin xüsusi çəkisi 1-dən çıxılır və bu yolla reklamın xalis effektinin xüsusi çəkisi tapılır. Mənfəətin ümumi məbləği hesablanmış həmin xüsusi çəkiyə vurulmaqla reklam əsasında əldə edilən mənfəətin məbləği müəyyənləşdirilir. Mənfəətin məbləğinin dəyişməsinin sair səbəblərinə aşağıdakıları aid etmək olar.
-əvvəlki reklam kompaniyasının təsiri;
-əmtəə seçimi zamanı istehlakçı davranışının süstlüyü;
-mövsümi dəyişikliklər;
-istehlakçıların bəzi həyati tələbatlarının dəyişilməsi;
-reklam olunan məhsulun qiymətinin proqnozlaşdırılan artım tempi;
-təbii və ekoloci fəlakətlər;
-sair amillər.
Yuxarıda qeyd olunan sair səbəblərin təsiri çıxıldıqdan sonra həyata keçirilmiş reklam kompaniyasının xalis effektliyi hesablanılır.
Müqayisəli təhlil aparmaq üçün reklam xərclərinin effektliyi göstəricisindən istifadə olunur.