2.6. REKLAM FƏALİYYƏTİNİN EFFEKTLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. Reklam kompaniyası həyata keçirildikdən sonra onun effektliyinin müəyyən edilməsi, qiymətləndirilməsi olduqca vacibdir. Belə ki, hər bir müəssisə reklam kompaniyasını həyata keçirmək üçün küllü miqdarda vəsait xərcləyir və bu xərclərin özünü doğruldub-doğrultmamasını müəyyənləşdirmək, bilmək zəruri bir haldır. Eyni zamanda müəssisənin reklam sahəsində həyata keçirdiyi tədbirlərin effektliyini müəyyənləşdirmək çətin və mürəkkəb bir prosesdir.
Reklam fəaliyyətinin effektliyi– əldə edilən səmərə göstəricisinin miqdarca xərclərə olan nisbəti ilə müəyyənləşdirilir. Bu zaman meydana çıxan çətinliklər və problemlər ondan ibarətdir ki, həyata keçirilən reklam kompaniyası nəticəsində əldə edilən səmərəni miqdarca qiymətləndirmək olduqca çətin olur. Adətən belə göstərici kimi, reklam kompaniyası və ondan sonrakı dövrdə satışın həcminin əldə edilən artımı əsas götürülür. Lakin bu artımın əldə edilməsinə reklam tədbirlərindən əlavə çoxlu sayda digər amillər də təsir göstərə bilər.
Praktikada reklam fəaliyyətinin effektliyini qiymətləndirərkən əsasən iki göstəricidən istifadə edilir:
-reklamın kommunikasiya effektliyi.
-reklamın iqtisadi effektliyi;
Kommunikasiya effektliyikonkret reklam elanları əsasında məqsədli auditoriyaya lazımı məlumatların ötürülməsinin reklam verən üçün arzu olunan fikrin, yüksək münasibətin formalaşmasının nə qədər səmərəli olduğunu müəyyənləşdirməyə imkan verir. Kommunikasiya effektliyinin ölçülməsi reklam elanının yayılmasından əvvəl və sonrakı dövrdə baş verə bilər. Reklam kompaniyasının kommunikasiya effektliyini qiymətləndirmək üçün reklam əlaqələrinin sayını müəyyənləşdirmək lazım gəlir. Reklam əlaqələrinin sayının müəyyənləşdirilməsinin çətinliyi onunla əlaqədardır ki, bu əlaqələrin real sayının müəyyənləşdirilməsi sıfırla bütün əhalinin sayı göstəricisi arasındakı intervalda olur. Reklam verənin bütün diqqəti reklam əlaqələrinin sayı göstəricilərinin intervalının qısaldılmasına yönəldilməlidir. Reklam tədbirlərinin kommunikasiya effektliyinin göstəricilərinin hesablanması üçün əsas informasiya mənbəyi kimi əsasən ixtisaslaşmış təşkilatların tədqiqatlarının nəticələrindən istifadə olunur.
Reklam kompaniyası başlamazdan əvvəl kommunikasiya effektliyinin qiymətləndirilməsi adətən üç formada həyata keçirilir.