Mövzu İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh



Yüklə 141,36 Kb.
səhifə1/8
tarix31.10.2022
ölçüsü141,36 Kb.
#66951
  1   2   3   4   5   6   7   8
MOVZU 4


Mövzu 4. İqtisad elmləri sis­te­mində əsas öyrənmə və şərh

4.1.Düşünmə yolunu öyrənmək. Dərketmə. Elmi təfəkkür


4.2.İqtisadiyyatın əhatə dairəsi. Tədqiqatın miqyası
4.3.Nəzəriyyələr və modellər
4.4.Cəmiyyəti başa düşmək və iq­tisadi təhlil bacarığı
4.5.Məlumatlı vətəndaş olmaq
4.1. Düşünmə yolunu öyrənmək. Dərketmə. Elmi təfəkkür
Hər bir elmin, o cümlədən, iqtisadi nəzəriyyənin öyrənilmə metodologiyası var. Metodologiya – dünyanın elmi dərk olunmasının metodları, qurulma prinspiləri, formaları, üsulları və vasitələri haqqında təlimdir. Qısa desək, metodologiya metodlar haqqında elmdir. Əgər elmin predmeti “nəyi” öyrənməkdisə, metodu isə “necə” öyrənməkdir.
Metod – sözü (yunanca methodos – məqsədə aparan yol) – təbiət və cəmiyyətdə baş verən hadisələrin dərketmə, öyrənmə alətlərinin məcmusudur. Elmin öyrənmə obyektinin xüsusiyyətlərindən asılı olaraq, müxtəlif elmlərin özünəməxsus metodları mövcuddur. Məsələn, fizika elminin öyrənilməsi metodları vasitəsilə biologiya elmini öyrənmək mümkün deyil.
Təbiət elmlərindən fərqli olaraq, iqtisadi hadisələri laboratoriya şəraitində bərpa etmək və onun üzərində sınaqlar aparmaq mümkün deyil. Çünki iqtisadiyyat insan cəmiyyətinin əsasını təşkil edir və onun üzərində təcrübə qoyub eksperiment aparmaq, davranışını laboratoriya şəraitində bərpa etmək cəhdi çox acınacaqlı qurtara bilər.
Özünün tarixi inkişafında iqtisadi nəzəriyyə onun xüsusiyyətlərinə iyğun olan çoxlu sayda alətlər, yollar, vasitələr və üsullar meydana gətirmişdir. İqtisadi nəzəriyyənin elmi metodlarının yaranması qədim yunan alimi Aristotelə (e.ə.384-322) qədər gedib çıxır. O, ilk dəfə olaraq, məntiq elminin köməyi ilə ictimai-iqtisadi həyatın formalaşmasının əsas dərketmə üsullarını müəyyən etmişdir. Aristotel tərəfindən işlənib hazırlanmış analiz, sintez, induksiya, deduksiya, müqayisə, müşahidə və başqa metodlar iqtisadi hadisələrin və proseslərin öyrənilməsində öz əhəmiyyətini itirməmiş və bu gün də geniş istifadə olunur.
İqtisadi təfəkkür iqtisadi şüurun ünsürlərindən biri olmaqla, insanların mənəvi fəaliyyətlərinin başlıca tərkib hissəsidir. O, insanların ətraf aləmi, burada baş verən iqtisadi hadisə və prosesləri dərk etmələrinin xüsusi formasıdır. Başqa sözlə, iqtisadi təfəkkür insanların istehsalın qanuna-uyğunluqlarını anlayışlar və onların arasındakı məntiqi əlaqə və asılılıqlar vasitəsilə özlərinin şüurlarında əks etdirmələri deməkdir. Beləliklə, iqtisadi təfəkkür – insanların sosial-iqtisadi münasibətlərə və onların inkişaf qanuna-uyğunluqlarına dair baxışları sistemidir. Iqtisadi təfəkkürün obyektini, onun subyektindən fərqləndirmək lazımdır. Iqtisadi təfəkkürün obyektini iqtisadi münasibətlər təşkil edir. Onun subyekti isə istehsalı təşkil və idarə edən insanlardır. İqtisadi təfəkkürün xarakteri və məzmunu bir sıra amillərdən-cəmiyyət həyatının sosial şəraitindən, sinfi mənsubiyyətdən, istehsalın və əmək təşkilinin vəziyyətindən, kollektivdə formalaşan qarşılıqlı münasibətlərdən, məişət qayğılarından və s. asılıdır.
İnsanlar yalnız gerçəkliyi dərk etməklə kifayətlənə bilməzlər. Çünki onların malik olduqları biliklər müvafiq əməli nəticələrin çıxarılmasına xidmət etməlidir. Deməli, insanlar iqtisadi anlayışlardan, kateqoriyalardan istifadə etməklə, özlərinin əməli fəaliyyətlərində səhvə yol vermədən, cəmiyyətdə gedən hadisə və proseslərdən baş çıxara və onları idarə edə bilərlər. Iqtisadi anlayış və kateqoriyalardan istifadə etməyi bacarmadıqda təfəkkürdə sinkretizm əmələ gəlir, adamlar iqtisadiyyatda baş verən hadisələrin içərisində itib-batır, onun başlıca əlamətini və ya əlamətlərini ayırd edə bilmirlər. Bu zaman hadisələr kəmiyyət və keyfiyyət, səbəb və nəticə, forma və mahiyyət əlamətlərinə görə deyil, təsadüfi təsəvvürlərə görə ayrılır, birləşdirilir və ya təsnifləşdirilir. Bununla birlikdə, iqtisadi təfəkkür təkcə zahiri əlamətlərə görə deyil, həm də daxili şəxsi mənbələrə görə müəyyən edilir. Buna insanların qabaqcadan mümkün ola bilən yanlış nəticə çıxarmaları əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, təfəkkürdə şablonçuluğa gətirib çıxarır, adamlar hadisənin mahiyyətinə varmadan, öz fəaliyyətlərini qabaqcadan malik olduqları yanlış təsəvvürlər əsasında qurmaqda davam edirlər. Bununla əlaqədar olaraq iqtisadi təfəkkür özünün əsas vəzifəsini yerinə yetirə bilmir. Iqtisadi təfəkkürün mühüm xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o insanların mənafeləri, xüsusilə də maddi mənafeləri ilə əlaqədardır. Məhz buna görə də iqtisadi təfəkkürün istiqamətləri insanların mənafeləri ilə müəyyən olunur və bu, onları baş verən hadisələrdən müəyyən nəticələr çıxarmağa vadar edir.
Ümumiyyətlə, iqtisadi mənafelər insanların davranışının, hərəkətverici fəaliyyətinin başlıca amilidir. Insanlarda iqtisadi təfəkkür müəyyən kateqoriyalar vasitəsilə formalaşır və ardıcıl olaraq bir neçə mərhələ və pillədən keçir. Ilk əvvəl, istehsalla qarşılıqlı əlaqə prosesində insanlarda onun haqqında ən sadə təsəvvür formalaşır. Bu təsəvvür əsas etibarilə hadisələrin zahiri tərəflərini əks etdirir və iqtisadi təfəkkürün formalaşmasında empirik mərhələdir. Bu mərhələnin əhəmiyyəti onunla müəyyən edilir ki, o, iqtisadi hadisələr haqqında çox sadə təsəvvürlərin əldə edilməsi, onların elmi cəhətdən ümumiləşdirilməsi üçün olduqca vacibdir. Çünki empirik biliklər əsasında adamlar daha geniş və dərin anlayışlara yiyələnmək üçün imkan əldə edirlər.
Ümumiləşdirmənin gedişində nisbi mənada konkret olan biliklər getdikcə saflaşır. Lakin mücərrəd təfəkkür mərhələsi nə qədər əhəmiyyətli olsa da, hadisənin dərk olunması prosesi onunla başa çata bilməz. Çünki mücərrəd anlayışlar, tam, bütöv haqqında yalnız sistemsiz, qarma-qarışıq təsəvvür verir. Elmi mücərrəd anlayışların meydana gəlməsi ilə münasibətlərin müxtəlif və mürəkkəb şəbəkəsini, həmçinin hadisələr, hadisələrlə onların mahiyyəti, müxtəlif səviyyələr və qaydalar arasındakı əlaqə və asılılıqları müəyyən etmək imkanı yaranır. Bu andan təfəkkür özünün tamamlanma, nəzəri mərhələsinə daxil olur. Bu, mahiyyətcə təfəkkürün formalaşmasında real iqtisadi proseslər haqqında qabaqcadan əldə edilmiş biliklərin sintez mərhələsidir. Təfəkkür həm də özünün həqiqətə doğru hərəkətində müəyyən pillələrdən keçir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bir sıra anlayışlar əsasında müəyyən hipotez, yəni öyrənilən iqtisadi proseslərin fəaliyyətdə olması və hərəkəti haqqında fərziyyə meydana çıxır. Idrakın sonrakı pilləsi konsepsiyadır.
Fərziyyəyə nisbətən konsepsiya hadisə və proseslərə dair müəyyən nöqteyi–nəzərləri əsaslandıran geniş baxışlar sistemidir. Buna Azərbaycan Respublikasının iqtisadi inkişaf, yaxud da qiymətlərin əmələ gəlməsi konsepsiyalarını misal göstərmək olar. Həm də qarşıya qoyulan sosial-iqtisadi vəzifələrin həll edilməsinin ən səmərəli yollarını müəyyən etmək üçün bir neçə konsepsiya hazırlamaq məqsədəuyğundur. Başqa sözlə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində çoxvariantlılıqdan istifadə olunmalıdır. Digər tərəfdən, müxtəlif konsepsiyalar elmi cəhətdən əsaslandırılmalı, obyektiv iqtisadi qanunların tələbləri nəzərə alınmalıdır. Müxtəlif konsepsiyaların diqqətlə və dərindən işlənməsi və onların hərtərəfli əsaslandırıl-ması nəticəsində elmi biliklərin təcrübədə sınanmış və özünü doğrultmuş, tamamlanmış və mükəmməl sistemi olan iqtisadi nəzəriyyə formalaşır.
Bütövlükdə təfəkkürün tərkib hissəsi olan iqtisadi təfəkkür yaradıcı xarakter daşıyır. Bu, məlum iqtisadi forma və metodlara tənqidi yanaşmaq, onların məhdudluğunu, iqtisadi həyatın real faktları ilə onların barəsindəki təsəvvürlər arasında fərqləri görmək, özünütənqid şəraitində həyatımızda dərin kök salmış və özünü doğrultmayan, vaxtı keçmiş stereotiplərdən yaxa qurtarmağı bacarmaq qabiliyyətinə malik olmaq deməkdir. Insanlar anadangəlmə iqtisadi təfəkkürə malik olmurlar, onu həyatda qazanırlar. Insanların cəmiyyətdə mövcud olan iqtisadi münasibətlərlə əlaqədə olması iqtisadi təfəkkürün formalaşmasının başlanğıcını qoyur. Bu proses ailədə, məktəbdə və əmək kollektivlərində davam edir. Iqtisadi təfəkkürə yiyələnmək üçün hər şeydən əvvəl sağlam düşüncəyə malik olmaq lazımdır. Lakin iqtisadi gerçəkliyi olduğu kimi qavramaq, sosial-iqtisadi həyatın dolaşıq məsələlərindən baş çıxarmaq, təsərrüfat təcrübəsinin çox mürəkkəb vəzifələrini həll etməyi bacarmaq üçün təkcə sağlam düşüncəyə malik olmaq kifayət deyildir. Həm də istehsalın idarə olunmasının obyektiv iqtisadi qanunauyğunluqları, prinsipləri və metodları haqqında biliklərə yiyələnmək lazımdır. Cəmiyyətimizin yeniləşdiyi müasir dövrdə bu xüsusilə vacibdir. Ona görə də təsadüfi deyildir ki, kütlələrin canlı yaradıcılıq imkanlarının aşkara çıxarılması, adamların ümumi dövlət problemlərinin həll edilməsinə cəlb olunması, əmək adamlarının istehsalın və bütün ictimai həyatın əsl sahibinə çevrilməsinin təmin olunmasına dair çevik mexaniz-min yaradılması cəmiyyətin yeniləşdirilməsi və əsaslı iqtisadi islahatların həyata keçirilməsinin məhək daşı hesab olunur. Belə bir şəraitdə prinsipcə çox böyük əhəmiyyətə malik olan bir vəzifə adamlarda müasir iqtisadi təfəkkürü formalaşdırmaqdan, sahibkarlığı və işgüzarlığı stimullaşdırmaqdan ibarətdir.
Qarşıya qoyulan vəzifələr isə yalnız bütün səviyyələrdə işçilərin bilik və səriştəliliyini yüksəltmək, cəmmiyyət üzvlərinin iqtisadi təhlil metodlarına yiyə-lənmələrini, idarəetmədə onların fəal iştirakını təmin etmək yolu ilə yerinə yetirilə bilər. Beləliklə, insanların fəaliyyətlərinin başlıca sahəsi iqtisadiyyat olduğuna görə onlarda iqtisadi təfəkkürün formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir



Yüklə 141,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin