İzomorf modellər - orijinal obyektin bütün xarakteristikalarını özündə birləşdirən, onu əvəz etmə qabiliyyətli modellərdir. İzomorf modeli yaratmaq və onu müşahidə etmək mümkün olarsa, onda real obyekt haqqında müfəssəl və hərtərəfli bilgi əldə etmək olar. Belə bir halda obyektin hərəkət tərzi haqqında qabaqcadan dəqiq xəbər vermək mümkünləşir.
Qomomorf modellər- tədqiq edilən, öyrənilən obyektə tam oxşamayan, onunla qismən oxşarlıq təşkil edən modellərdir. Bu zaman fəaliyyət göstərən real obyektin bəzi tərəfləri ümumiyyətlə modelləşdirilmir. Nəticə etibarı ilə modelin qurulması prosesi və tədqiqatın nəticələrinin interpretasiyası sadələşir. Logistik sistemin modelləşdirilməsində mütləq oxşarlıq olmur. Ona görə də logistik sistemlərin modelləşdirilməsi zamanı adətən qomomorf modellərə daha çox üstünlük verilir. Lakin nəzərdən qaçırmaq lazım deyil ki, qomomorf modellərdə də oxşarlıq dərəcəsi müxtəlif ola bilər. Bütün bunlar isə öz növbəsində qomomorf modellərin ətraflı öyrənilməsini tələb edir. Dəyişən bazar şəraitində material axınlarının parametrlərini məhz qomomorf modellər əsasında düzgün təyin etmək olar. Qomomorf modellərin özlərini də konkret əlamətlərə görə təsnif etmək olar.
Təsnifat xarakteristikasında təqdim edilən növbəti əlamət modellərin maddiliyi hesab edilir. Bu əlamətə görə bütün modellər maddi və abstraktmodellərə bölünür.
Maddi modellər - öyrənilən, tədqiq edilən hadisə və ya obyektin əsas həndəsi, fiziki, dinamik və funksional xarakteristikalarını təsvir etdirir. Bu kateqoriyaya əsasən istehsal sahələrində texnoloji və anbar avadanlıqlarının optimal yerləşdirilməsi, habelə yük axınlarının təşkili məsələlərinin həllinə imkan verən istehsalçı və ya topdansatış müəssisələrinin kiçildilmiş modeli aiddir. Bir çox hallarda bu modellər fiziki modellərlə oxşarlıq təşkil edir.