§ 2. Cənub xanlıqları
XVIII ərin ortalarında ardı-arası kəsilməyən müharibələr, feodal çəkişmələri, iqtisadi əlaqələrin zəifliyi, natural təsərrüfatın üstünlüyü ölkəmizdə mərkəzləşdirilmiş dövlət yaratmağa imkan vermirdi. İran ərazisində mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən vilayət hakimləri olan feodallar müstəqilləşməyə başladılar. Azərbaycan ərazisində yaradılmış vilayətlərin feodalları da yaranmış əlverişli şəraitdən istifadə etməyə, bu əyalətləri İrandan ayırıb müstəqil olmağa can atırdılar. Nadir şahın ölümü ilə taxt-tac uğrunda mübarizənin qızışdığı, mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə Azərbaycan ərazisində müstəqil feodal dövlətləri -xanlıqlar yaranmağa başladı.
XVIII əsrin ortalarında Azərbaycanda yaranmış feodal dövlətlərindən biri Urmiya xanlığı idi. Bu xanlıq Xoy, Marağa xanlıqları, Kürdüstan və Osmanlı imperiyası ilə sərhəd idi. Xanlığın mərkəzi Urmiya şəhəri olmuşdur.
Xanlığın əsasını Əfşar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) qoymuşdur. Fətəli xan mərkəzi hakimiyyət uğrunda mübarizənin qızışmasından istifadə edərək yeni ərazilər ələ keçirmək siyasəti yeridirdi. Təbrizə olan üsyanlar nəticəsində şəhər hakimi Məhəmməd xan əfşar öldürüldü. Bundan istifadə edən Fətəli xan Əfşar Tərbizi tutdu və paytaxtı buraya köçürdü. Beləliklə, Fətəli xan Əfşar Azərbaycan torpaqlarının tutulması üçün fəaliyyətə başladı. Fətəli xan xarici hücumlardan qorunmaq və torpaq zəbt etmək məqsədi ilə Nadir şahın sərkərdələrindən olan əfqanlı Azad xanı öz tərəfinə çəkmişdi. Vəziyyətin çətinləşdiyini görən Xoy xanı Şahbax xan Fətəli xanla ittifaqa girməyə məcbur olmuşdu. Bundan sonra qoşun yeridərək Fətəli xan Qarabağ, Marağa və Sərab xanlıqlarını da tutmuşdu.
XVIII əsrin ortalarında Fətəli xan Əfşar Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacarla mübarizəyə başladı. O, Bu məqsədlə ayrı-ayrı hökmdarlara müraciət edib, onları ittifaqa çağırdı. Lakin rədd cavabı aldıqdan sonra, 1751-ci ilin sonunda müttəfıqi Azad xanı İrəvan xanlığı üzərinə göndərdi. İrəvan xanı Mir Mehdi xan müttəfıqləri ilə Azad xanın qoşununu geri oturtdu.
XVIII əsrin 50-ci illərində taxt-tac uğrunda mübrizənin mərkəzi Xorasandan cənuba keçmişdi. Tayfaya Kərim xan başçılıq edirdi. O, İranın cənub torpaqlarını tutduqdan sonra 1752-ci ilin sonunda Azərbaycana hücum etdi. Lakin Fətəli xan Əfşarın qoşunu Miyana ətrafında onu məğlub etdi. Kərim xan cənuba - fars vilayətinə qaçdı. Fətəli xan onu təqib edərək Qəmsə adlanan yerdə baş vermiş döyüşdə qardaşı İsgəndər xanı Əsir tutaraq edam etdirdi. Azərbaycanda baş verən hadisələr Fətəli xana Kərim xanı axıra qədər təqib etməyə imkan vermədi. O, geriyə Urmiyaya qayıtdı. Bu illərdə Fətəli xanın idarə etdiyi ərazinin sərhədləri İranın cənubuna qədər uzanırdı. 1753-cü ilin sonu 1754-cü ilin əvvəllərində mərkəzi və cənubi İran Fətəli xanın hakimiyyəti altında idi. Lakin Kərim xan əvvəl Şirazı, sonra isə İsvahanı ələ keçirdi. Fətəli xanın mərkəzi hakimiyyət uğrunda mübarizəsi zəifləmişdi. Bundan istifadə edən Qacarlar fəallaşdı. Məhəmmədhəsən xan Qacar 1755-ci ildə Zəndlər üzərində qələbə çaldı və 1756-cı ildə İsvahana daxil oldu. Kərim xan Şiraza qaçdı. Məhəmmədhəsən xan Rəşti, Ərdəbili, Lənkəranı, Təbrizi və Urmiyanı tutdu. 1759-cu ildə Məhəmmədhəsən xan Qacarın ölümündən sonra Fətəli xan Təbrizə qayıdaraq hakimiyyətini möhkəmləndirməyə başladı. 1759-cu ildə Fətəli xan Qarabağa hücum etdi və Şuşanı aldı. Şəhərin alınması üçün ciddi təhlükə yarandığını görən Qarabağ xanı Pənahəli xan Fətəli xandan asılılığı qəbul etdi və oğlu İbrahimxəlil ağanı onun yanına göndərdi. Tezliklə Fətəli xan İrəvan, Şəki və Ərəşi də Urmiya xanlığına tabe etdirdi. Kərim xan 1760-cı ildə Azərbaycanın cənubuna hücum edərək Təbrizi mühasirəyə aldı. Təbrizi dörd ay mühasirədə saxlasa da tuta bilmədi. 1761-ci ildə Kərim xan yenidən hücuma keçdi, lakin Qaraçəmən yaxınlığında məğlub oldu. Təbriz xanı Nəcəfqulu xan və Fətəli xan Əfşar arxayınlaşdılar. Bundan istifadə edən Kərim xan yeni qüvvə ilə hücum edərək Təbrizi aldı. Fətəli xan Urmiya qalasına çəkildi. 1763-cü ildə 9 aylıq mühasirədən sonra Kərim xan Urmiya qalasını aldı. Fətəli xan əsir düşdü və Şiraza aparılaraq edam edildi. İsvahanda üsyanlar baş verdiyini görən Kərim xan geri qayıtmağa məcbur oldu. Urmiya xanlığının idarəsi Rüstəm bəy Əfşara tapşırılmışdı.
Dostları ilə paylaş: |