Mövzu 1. Müasir dövrdə ədəbiyyat müəlliminə verilən tələblər
Mövzu 1. Müasir dövrdə ədəbiyyat müəlliminə verilən tələblər
Yaxşı ədəbiyyat müəllimi necə olmalıdır?Yaxşı ədəbiyyat müəllimi olmaq çətindirmi? Əslində indiki dövrdə bunun məsuliyyəti daha böyükdür. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi uğurlarımızda, torpaqlarımızın düşmən tapdağından azad edilməsində həlledici sözü deyən qəhrəman əsgərlərimizin körpəlikdən milli qürur və milli ləyaqət hissi ilə yetişdirilməsində, vətənpərvərlik ruhunda formalaşmasında ədəbi əsərlərin rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Düşmən üzərində möhtəşəm qələbəmiz, xalqımızda olan yüksək əhval ruhiyyə, fəxr hissi, qırılmaz iradə və əzm onlarda olan vətənpərvərlik hissinin yüksək dərəcədə olmasının göstəricisidir. Bu isə təlim və tərbiyə ocaqlarında aparılan keyfiyyətli işin, xüsusilə də ədəbiyyat fənni vasitəsi ilə vətənpərvərlik hisslərinin gənc nəsiln ağlına, şüuruna ilmə-ilmə toxunmasının uğurlu nəticəsidir.
Günümüzdə ədəbiyyat müəllimlərinin qarşısında düran ən mühüm vəzifə budur: Azərbaycanımızı sevən, onun keşiyində duran, Vətən üçün canından keçməyə hazır olan, eyni zamanda, intellektual səviyyəli, ağıllı vətəndaş tərbiyə etmək.
Universitetlərin müvafiq fakültəsini bitirib ədəbiyyat müəllimi olmaq mümkündür. Təbii ki, təkcə bu kifayət deyil. Şagirdlərin ruhuna sahib olmaq və onları ədəbiyyat aləminə aparmağın xoşbəxtliyi ali təhsil diplomu ilə yetərli deyil.
Sürətlə dəyişən və yeniləşən cəmiyyət ədəbiyyat müəllimlərinin də hazırlıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm tələblər verir. “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda müəllim hazırlığına xüsusi diqqət ayrılır.
Ədəbiyyat müəllimi milli və mənəvi dəyərlərə malik əsil vətəndaş, cəmiyyətin ən etibar edilən şəxsiyyətlərindən biri olmalıdır. Təkcə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin deyil, həmçinin hələ ali məktəbdə təhsil alan gələcək ədəbiyyat müəllimlərin də praktik fəaliyyətinin artırılmasına xüsusi yanaşmaq lazımdır. Yeni nəslin daha mükəmməl, daha savadlı, geniş biliyə və təfəkkürə malik şəxsiyyət kimi formalaşdırılmasını nəzərdə tutan Azərbaycanın təhsil strategiyasının tələbi müasir təfəkkürlü müəllimlər formalaşdırmaqdır. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında deyilir: “Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. ....müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır”.
Bəs ədəbiyyat müəllimi öz fənnini şagirdlərə necə sevdirməlidir?
Ədəbiyyat müəllimi ilk növbədə ana dilini gözəl bilməli və böyüyən nəslə onu ədəbiyyat vasitəsi ilə sevdirməli, onlarda bu dilə qarşı sonsuz məhəbbət aşılamalıdır. K.D.Uşinski ana dilində təhsil almayan uşaqları mənən şikəst sayırdı, onların köksüz, soysuz böyüdüyünü, iki ruh arasında avara qaldığını qeyd edərək yazırdı: "Xaricdən dayələr, tərbiyəçilər və hətta ev xidmətçiləri gətirirlər. Ata və ana övladı ilə doğma dildə bir kəlmə də danışmır. Bunun nəticəsi nə olar? Xalq öz qiymətli mənəvi irsindən, onun vətən üçün oğul edə biləcək hissindən həmişəlik əl çəkməli olar".
Ədəbiyyatı sevməyin ən önəmli faktorlarından biri müəllimdir. Şagird məktəbi bitirdikdən sonra yaddaşında yalnız maraqlı dərsləri deyil, hər şeydən əvvəl müəllimin şəxsiyyətini saxlayır. Ədəbiyyat müəllimi təkcə öyrənmə prosesində müəllim rolunu oynamamalıdır, dərsdənkənar vaxtlarda da, başqa insanlarla münasibətində də, qərarları necə qəbul etdiyində də... şagirdlərə nümunə olmalıdır. O, bütün həyatı boyu öz şəxsiyyətini yorulmadan formalaşdıraraq zənginləşdirməlidir. K.D.Uşinski demişdir ki, müəllim nə qədər ki, oxuyur, öyrənir, o yaşayır, o, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür.
Məşhur pedaqoq S.M.Qənizadə müəllimliyi dünyanın ən nəcib, ən şərəfli peşəsi adlandırmış, onun xalqın məhəbbət və etimadını qazanmasını ən böyük var-dövlət hesab etmişdir. ”Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlərdir, sazı və nəğməsi şagirdlərin sədasıdır, istirahəti dəftərlərin təshihi, qazancı isə millətin məhəbbət və etimadıdır.”
Ədəbiyyat müəlliminin əsas vəzifəsi şagirdlərinin cəmiyyətin tələblərinə və ideallarına uyğun inkişafını təmin etmək üçün onların idrak fəaliyyətinə rəhbərlik etməkdir, gənclərin vətənpərvərlik, azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsinə nail olmaqdır, çünki heç bir fənnin ədəbiyyat qədər təsiredici gücü ola bilməz. Bu, eyni zamanda, günümüzün tələb və çağırışlarından irəli gələn bir vəzifədir. Platon deyirdi ki, pinəçinin bir cüt ayaqqabını pis tikməsi bir nəfər afinalıya ziyan vurduğu halda, müəllimin pis işi, pis tərbiyəsi bütün Yunanıstana ziyan gətirir. Ədəbiyyat müəlliminin gənclərin tərbiyəsindəki rolu da buna bənzəyir. O, elə fəaliyyət göstərməlidir ki, şagirdlərinin beyinlərində və qəlbində bu ideyaların yaranmasına kömək etsin. Gənc nəslin əsl insan kimi yetişməsində, şəxsiyyətinin, mənəvi keyfiyyətlərinin formalaşmasında, özünü dərk etməsində ədəbiyyat ona mütləq lazımdır.
Ədəbiyyatın tədrisi müəllimin yaradıcılıq fəaliyyətidir. Bu gün Azərbaycan məktəblərində yaradıcı müəllimlərə çox ehtiyac duyulur. Müasir dünyada yeni metodikalara əsaslanan ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bəzi məktəblərimizdə hələ də müəllimlər sadəcə nəzəriyyəni tədris edirlər, hələ də nə vaxtsa öyrəndiklərinin tətbiqinə çalışırlar. Bu inkişaf edən, yaradıcılığı, müstəqil fikri, inteqrasiyanı tələb edən cəmiyyətdə çox açınacaqlı bir vəziyyətdir. Yaşadığımız dövr elə bir dövrdür ki, hər bir nüansın müasir səviyyədə olmasını tələb edir. Əgər XXI əsrdə yaşayırıqsa, deməli zamanə ilə uzlaşmaq vacibdir. Hər sahə, eləcə də müəllimlik həmişə yeniliklər tələb edən sənətdir. Şagirdlər, tələbələr müəllimdən yeni metodika tələb edir. Buna görə də əsil müəllim şagirdə hazır bilikləri verməməlidir, onun beynində fikrin meydana gəlməsinə çalışmalıdır, yenilikləri tətbiq edib yoxlamalıdır. Bunu tətbiq etdiyi zaman onun təcrübəsi və peşəkarlığı formalaşacaqdır. Bu gün müəllimlərin qarşısında böyük imkanlar açılmışdır, yeniliklərin tətbiq olunması üçün meydan genişdir.
Pedaqoji qabiliyyətlər yeddi qrupa ayrılır. Bu qabiliyyətləri hər bir gənc müəllim mənimsəməyə çalışmalı, daima öz üzərində işləməlidir. Müəllimdən tələb olunan pedaqoji qabiliyyətlərə nəzər salaq: