3.Pedaqoji psixologiyanın tədqiqat metodları Məlumdur ki, hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünəməxsus metodları olmalıdır. Metod (yunanca – metodos-yol, istiqamət deməkdir) hadisələrə, onların qarşılıqlı təsir prosesində və qarşılıqlı münasibətlərdə birinin ortaya çıxmasına digərinin səbəb olduğunu müəyyən etməyə imkan verir. Psixoloji ədəbiyyatda metodu psixoloji gerşəkliyi dərk etməyin üsul və vasitələri kimi təqdim edirlər.
Təlim və tərbiyənin psixoloji qanunauyğunluqlarının öyrənilməsi metodları həm ümumi, həm də xüsusi bir elm sahəsi üçün xarakterik olan metodlar sayılır.
Pedaqoji psixologiyanın tədqiqat metodları aşağıdakı tələblərə cavab verməlidir: Pedaqoji psixoloji tədqiqatın validliyi (yəni əsaslı olması ,obyektiv olması) meyarına görə tədqiqat metodları tədqiqatın məqsəd və vəzifələrinə müvafiq olmalı və nəzərdə tutulan bu və ya digər əlaməti müəyyən etmək və ölçmək imkanı verməlidir. Elmi tədqiqat metodlarının obyektivliyi, ilk növbədə psixi olanın obyektiv təbiətindən çıxış edib, psixikanın daxili və xarici təzahürlərinin birləşdirilməsini nəzərdə tutur.
Konkret tədqiqat metodikasını elə işləmək lazımdır ki, o hətta müxtəlif şəraitdə təkrar edildikdə belə eyni nəticə alınsın Bu tədqiqat metodikasının mötəbərliyi adlanır.
Ümumi və pedaqoji psixologiyada tədqiqat metodlarının müəyyən prinsiplər əsasında təsnif edilməsi cəhdləri həmişə olmuşdur. Pedaqoji psixologiyada L.A.Qriqoryeviç tədqiqat metodlarını aşağıdakı kimi təsnif edir:
1.Elmi idrakın səviyyəsinə görə
2Tədqiqatın məqsəd və ardıcıllığına görə
3.Tədqiqat obyekti ilə işləməyə görə
4.Öyrənilən obyektin xüsusiyyətinə görə.
İndi həmin təsnifatı açıqlayaq:
1.Elmi idrakın səviyyəsinə görə tədqiqat metodları iki yerə bölünür:
a)nəzəri tədqiqat metodları
b) Empirik tədqiqat metodları.
Nəzəri tədqiqat metodları problemin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi və toplanmış faktları müəyyən etmək üçün istifadə olunur. Pedaqoji və psixoloji ədəbiyyatın təhlili əsasında hansı problemin aktual olduğu, hansının isə öz həllini gözlədiyi məlum olur. Bu vəzifəni nəzəri tədqiqat metodları yerinə yetirir.