Etibarlılıq tətbiq olunan metodun mühüm keyfiyyətlərindən biri kimi tədqiqatın kim tərəfindən və ya təkrar aparılmasından asılı olmayaraq, onun nəticələrinin eyni olacağına təminat yaradır.
Praktik psixodiaqnostikada yalnız müvafiq, dəqiq və etibarlı metodlardan istifadə olunmalıdır. Əks halda, qeyri-dəqiq göstəricilərin alınması təhlükəsi yaranır ki, bunlar da yanlış nəticələrə gətirib çıxara bilər. Burada psixoloq, yəni metodları seçən və tərtib edən şəxs birbaşa məsuliyyət daşıyır.
Uşaqların psixodiaqnostikasının keçirilməsi zamanı psixoloq peşə fəaliyyətini yerinə yetirərkən mənəvi-etik xarakterli aşağıdakı tələblərə əməl etməlidir:
Psixodiaqnostik müayinə heç bir halda uşağa zərər yetirmək məqsədilə keçirilməməlidir;
Psixodiaqnostika yalnız tibbi və hüquq praktikasında yol verilən xüsusi hallar istisna olmaqla, uşaqları özlərinin və onların valideynlərinin razılığı ilə keçirilməlidir;
Qanunla valideynlik hüququndan məhrum olunmuş şəxslər istisna olmaqla, digər valideynlər öz uşaqlarının psixodiaqnostik müayinələrinin nəticələrini və bunun əsasında mütəxəssis psixoloqun gəldiyi qənaətləri bilmək hüququna malikdirlər. Psixoloq öz növbəsində uşaqların psixologiyası ilə bağlı valideynlərin sorğularına ətraflı və dəqiq cavab verməyə borcludur;
Müəllimlərin və valideynlərin fikirlərini və bir sıra digər amilləri nəzərə almadan psixodiaqnostik müayinənin nəticələri uşağın taleyi və onun təlim və tərbiyə imkanları haqqında yekun rəyin çıxarılması üçün əsas ola bilməz.
Təhsil sistemində işləyən psixoloq psixodiaqnostika üzrə işi müəllim və tərbiyəçilərlə sıx əməkdaşlıq şəraitində qurmalı, onları uşaqlar haqqında zəruri məlumatlarla tanış etməlidir.
Praktik psixodiaqnostika təcrübəsində istifadə olunan metodikaların əksəriyyəti yaş norması adlandırılan anlayışla bağlıdır. Bu anlayış psixi və fiziki cəhətdən sağlam olan uşaqlarda öyrənilən psixi xüsusiyyətlərin orta inkişaf göstəricilərini əks etdirir. Yaş norması əsasında keçirilmiş müayinənin nəticələrinə uyğun olaraq uşaqda xüsusiyyətin inkişaf səviyyəsi müəyyənləşdirilir. Əgər uşağın fərdi göstəriciləri normadan yüksəkdirsə, onda adətən belə uşağı öz yaşıdlarını qabaqlayan, əgər aşağıdırsa, yaşıdlarından geridə qalan uşaq hesab edirlər. Birinci halda uşaq akselerant, ikinci halda isə ratardant hesab olunur.
Qeyd etmək lazımdır ki, yaş normaları mütləq və dəyişməz deyildir. Uşaqlar istisna olmaqla digər yaş dövrlərinə aid edilən şəxslərin diaqnostikası üçün yaş normaları heç də həmişə yararlı hesab edilə bilməz.
Normalar həmişə nisbi və dəyişkəndir. İctimai tərəqqi ilə əlaqədar olaraq ötən əsrin əvvəllərində norma kimi qəbul edilmiş göstəricilər şübhəsiz ki, 100 il sonra, yəni müasir dövrdə standart kimi qəbul edilə bilməz. Müasir dövrdə uşaqlar akselerasiyanın təsirinə məruz qalırlar və onların fiziki inkişaf göstəriciləri kimi, intellektual, şəxsi davranış göstəricilərində də norma kimi qəbul edilən orta inkişaf göstəricilərində əhəmiyyətli dəyişikliklər nəzərə çarpır.
Psixoloqlar belə hesab edirlər ki, yeni normaların standartları dəyişdiyindən müasir dövrdə on il əvvəlki dövrə aid normalardan praktik olaraq istifadə etmək olmaz. Hər üç-beş ildən bir həmin normalara yenidən baxılmalı, dəyişikliklər və əlavələr edilməlidir.
Uşaqda bu və ya digər psixi keyfiyyətin müəyyənləşdirilməsi məqsədilə keçirilən psixodiaqnostik müayinənin nəticələri əsasında verilən qiymətə görə uşağın gələcək inkişafı haqqında qəti mühakimə yürütmək olmaz. Bu fikri uşaqların qabiliyyətləri haqqında da demək olar. Diaqnostik müayinənin keçirildiyi vaxt uşağın qabiliyyətinin aşkar edilmiş səviyyəsi heç də onun gələcəyi haqqında dəqiq proqnozların əsas mənbəyi kimi qəbul edilə bilməz. Bu, gələcəkdə bir sıra amillərdən – uşaq tərəfindən yeni təcrübənin mənimsənilməsi, təlimin keyfiyyəti və onun təkmilləşdirilməsi, uşaqda idrak əhəmiyyətli yeni motivlərin formalaşması səviyyəsindən asılı olaraq dəyişə bilər.
Praktik psixodiaqnostika psixoloji xidmət sisteminin ən çətin sahələrindən biridir. Psixoloji müayinənin keçirilməsi, müvafiq metodikaların seçilməsi, nəticələrin düzgün qiymətləndirilməsi psixoloqdan xüsusi ixtisas hazırlığı, peşəkarlıq və məharət tələb edir. Bu istiqamətdə iş zamanı ən böyük çətinlik uşaqların istedad və qabiliyyəti ilə bağlı proqnostik əhəmiyyətli müayinələrin aparılması zamanı meydana çıxır. Burada birinci çətinlik ondan ibarətdir ki, uşağın qabiliyyəti praktik olaraq adətən ona verilmiş xüsusi testin nəticələrinə görə qiymətləndirilir. Lakin uşaq tərəfindən ona verilmiş tapşırığın (testin) yerinə yetirilməsi yalnız onun qabiliyyətindən deyil, həm də motivlərdən, mövcud bilik, bacarıq və vərdişlərin inkişaf səviyyəsindən də asılıdır. İnkişafın nəticələri haqqında proqnozun verilməsi isə əksinə, yalnız qabiliyyətlər haqqında bilikləri tələb edir. Qabiliyyətlərin inkişafı və təkmilləşdirilməsi perspektivi praktik olaraq hər bir sağlam uşaq üçün müyəssərdir. Burada xüsusi diqqət tələb edən amillərdən biri də uşaqların qabiliyyətlərinin daha da yaxşılaşdırılması və inkişafı üçün optimal şəraitin, inkişafetdirici mühitin yaradılmasıdır. Bəzən elə olur ki, psixoloji testləşdirmədən keçən hər hansı bir uşaq onu vaxtında yaxşı təlim və tərbiyə etmədiklərinə görə, aşağı nəticələr göstərir. Lakin təlim və tərbiyə şəraiti yaxşılaşdırıldıqdan və ya məktəbi dəyişdirdikdən sonra o, çox keçmədən sürətlə yüksək təlim göstəricilərinə sahib olur, yaşıdlarını arxada qoyur. Ona görə də, uşaqlar üzərində tətbiq olunan hər hansı bir psixodiaqnostik metodika yararlılıq baxımından qeydiyyatdan keçməlidir.
Müasir psixodiaqnostika təcrübəsində tətbiq olunan metodikaların işlənilib hazırlanması çoxcəhətli və mürəkkəb mərhələlərdən keçir. Təqdim olunan metodikaların bir sıra tələblərə cavab verməsi, onun tanınması və qeydə alınması aşağıdakı mərhələlərdən keçməlidir:
1.Təqdim olunan metodikanın vasitəsilə öyrəniləcək xassə və ya keyfiyyətin dəqiq müəyyən edilməsi; Əks halda həmin metodikanın xarakteristikası və onun yararlığı öz diaqnostik dəyərini itirmiş olur;
2. Metodikanın uşaqlarda bu və ya digər xassə və keyfiyyətin inkişaf dərəcəsinin müəyyən edilməsi üçün zəruri və obyektiv əlamətlər kompleksini aşkar etməyə müvafiq olması; Bu əlamətlər birqiymətli olaraq metodoloji cəhətdən tələblərə uyğun olmalıdır;
3. Fəaliyyət üçün seçilmiş əlamətlərin əməliyyatlar şəklində reallaşan, yəni əməliyyat sistemlərinin işlənilməsi praktik olaraq müşahidə, ilkin məlumatların əldə edilməsi və relevant əlamətlərin yenidən işlənilməsini, ardıcıllığını tamamlamalıdır;
4. Metodikanın tətbiqinin nəzəri məsələlərinin işlənilməsi; Əgər, məsələn, bu metodika test-sorğudan ibarətdirsə, onda bu mərhələ seçilmiş əlamətə aid suallar ardıcıllığının tərtib edilməsi, sınanılan şəxslərin eksperiment zamanı fəaliyyətinə aid təlimatların onlara çatdırılması və psixoloqun tədqiqat zamanı fəaliyyətini özündə əks etdirməlidir.
5. Tətbiq olunan metodikanın dəqiqliyi, etibarlılığı və yararlılığının yoxlanılması;
6. Təklif olunan metodikanın praktik olaraq yoxlanılması məqsədilə uşaqların həmin metodika ilə kütləvi müayinəsinin keçirilməsi və bu yolla yaş normalarının əldə edilərək dəqiqləşdirilməsi.
Qeyd olunan tələblərin mürəkkəbliyi və ciddiliyi praktik psixodiaqnostik metodikaların yaradılması və tətbiqinin olduqca çətin elmi fəaliyyət sahəsi olduğunu söyləməyə əsas verir. Bu fəaliyyət yüksək ixtisas hazırlığı, peşəkarlıq və məsuliyyət tələb edir. Ona görə də, səriştəsiz, kifayət qədər hazırlığı olmayan şəxslərin bu işlə məşğul olması yolverilməz hesab olunur.
4.Müasir psixoloji terminologiyada son dövrlərdə tez-tez işlədilən “koqnitiv psixologiya” söz birləşməsi öz mahiyyəti etibarilə şəxsiyyətin psixi idrak proseslərinin tədqiqini əhatə edən mühüm istiqamətlərdən biridir. Koqnitiv psixologiya (latınca “cognitiv” – bilik, “idrak” deməkdir.) XX əsrin 50-ci illərinin sonu, 60-cı illərin əvvəllərində ABŞ-da hakim mövqeyə malik olan Biheviorizm cərəyanına qarşı mübarizə zəminində meydana gəlmişdir. Onun yaradıcıları D.Brodbent, S.Steriberq, C.Sperlinq, R.Atainson subyektin qəbul etdiyi informasiyanın işlənilməsində xüsusi psixi proseslərin, o cümlədən, verbal və obrazlı komponentlərin yaddasaxlama və təfəkkür proseslərindəki rolunu ön plana çəkmişlər. ABŞ psixoloqu U.Naccer koqnitiv psixologiyanın vəzifəsini biliklərin subyektin davranışında həlledici rolunu sübuta yetirməkdə görürdü. Sonralar Q.Bayer, A.Payvio, P.Şenard koqnitiv proseslər kimi hafizə və təfəkkürün öyrənilməsində müstəsna xidmət göstərmişlər. S.Şexter emosiyaların, N.Ayzenk fərdi fərqlərin, C.Kettel isə şəxsiyyətin koqnitiv nəzəriyyələrini yaratmağa təşəbbüs göstərmişlər.
Rusiyada bu nəzəriyyələrin təsiri altında müxtəlif psixoloji mərkəzlərdə bir sıra idrak proseslərinin – qavrayış, diqqət, hafizə, nitq və təfəkkürün tədqiq edilməsinə yönəlmiş geniş tədqiqatlar aparılmışdır. Rus psixoloqlarından E.İ.Boyko, N.F.Dobrinin, N.İ.Jinkin, A.V.Zaporojets, A.N.Leontyev, S.L.Rubinşteyn, A.A. Smirnov, B.M.Teplov, B.J. Ananyev və b., gürcü psixoloqlarından P.Q.Natadze, A.S.Pranqişvili, D.N.Uznadze v b. ukrayna psixoloqu P.İ.Zinçenko, Azərbaycan psixoloqlarından Ə.K.Zəküyev, F.A.İbrahimbəyov, M.Məhərrəmov, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, Z.M.Mehdizadə, Ə.Ə.Qədirov, A.İ.Məmmədov, Ç.A.İsmayılov, T.A.Mustafayev əhəmiyyətli tədqiqatlar aparmışlar.
Ötən əsrin 80-ci illərindən başlayaraq dünyada koqnitiv proseslərin tədqiqi yeni vüsət almış və yeni prespektiv qazanmışdır. Koqnitiv proseslərin öyrənilməsinə sistemli yanaşmanın nəzəri-metodoloji əsasları yaradılmış, onların psixoloji, psixofizioloji və sosial-psixoloji planda bütöv və çoxaspektli tədqiqi aktuallaşmışdır. Yeni metodoloji yanaşma idrak proseslərinin psixi inikasın təşkilinin müxtəlif səviyyələrdə -ünsiyyət və fəaliyyət kontekstində araşdırılmasının zəruriliyini ön plana çəkmişdir.
1983-cü ilin mayında Finlandiyanın Turku şəhərində “Koqnitiv psixologiya” adlı Sovet-Fin birgə simpozumu keçirilmişdir.
5.Müasir dövrdə koqnitiv və ya idrak prosesləri psixologiyasına aid tədqiqatların nəticələrindən psixologiyanın bir çox tətbiqi sahələrində geniş istifadə olunur. Bunların sırasında mühəndis psixologiyası, tibbi psixologiya, əmək psixologiyası, elmi və bədii yaradıcılıq psixologiyası, idarəetmə psixologiyası, pedoqoji psixologiya və s. ilə yanaşı, formalaşma mərhələsində olan təhsil sistemində psixoloji xidmətin də adını çəkmək olar. Müasir təlimin strategiyasında, yəni şagirdlərdə metakoqintiv bacarıqların formalaşmasının rolu və əhəmiyyəti xüsusilə aktuallaşmaqdadır. Təlimin idrak fəallığının xüsusi forması və öyrənmə məzmunu kəsb edən fəaliyyət növü olduğunu nəzərə alsaq, şagirdlərdə təlim fəaliyyəti bacarıq və vərdişlərinin formalaşmasında koqnitiv proseslərin müstəsna rolu birmənalı olaraq qəbul edilməlidir.
Praktik psixoloqun şagirdlərlə aparacağı diaqnostik işlərin sistemində mühüm yüklərdən biri idrak proseslərin və qabiliyyətlərin aşkara çıxarılmasına yönəlmiş fəaliyyətlə bağlıdır. Şagirdlərin məktəbdə təlimə başladığı ilk dövrlərdə psixoloji diaqnostika adətən uşağın təlimə qabilliyinin müəyyənləşdirilməsi, qabiliyyətlərinin aşkara çıxarılması və inkişafda mövcud olan qüsurların vaxtında müəyyən edilməsi və onların aradan qaldırılması məqsədlərindən irəli gəlir. Məlumdur ki, şagirdin idrak qabiliyyətləri və tələbatları ilə onun idrak fəallığı və təlim uğurları arasında birbaşa koppelyasiya mövcuddur. Uşağın idrak qabilliyyətləri və ümumi əqli potensialı onun intellektual, iradi, emosional aləminin əsas göstəricisi, müxtəlif fəaliyyət növlərində müvəffəqiyyətinin zəruri şərtidir. Yüksək idrak qabiliyyətlərinə malik olan uşaq geniş məlumatlılığa, zəngin lüğət fonduna və təxəyyülə, məntiqi mühakimə qabiliyyətinə, tənqidi təfəkkürə, inkişaf etmiş intuisiyaya malik olan uşaqdır. Qabiliyyətli uşaqlar ətraf xarici aləmə qarşı olduqca həssas olur, hər şeylə maraqlanır, praktik əhəmiyyətli məsələlərə üstün əhəmiyyət verirlər. İxtiyari diqqət, yaxşı hafizə, davamı maraqlar, qarşıya qoyduğu məqsədə çatmaq üçün təkidlilik onları səciyyələndirən ən əsas xüsusiyyətlərdir. İdrak qabiliyyətlərinin üstünlüyü ilə yaşıdlarından fərqlənən uşaqlarda dərin və çoxcəhətli maraqların olması diqqəti cəlb edir. Belə uşaqlar uğursuzluqdan olduqca qəmgin olur, sarsıntı keçirirlər. Onlar ətrafda baş verən hadisələrə həssas və tədqiqatçı münasibəti ilə yanaşırlar. Çətin və mürəkkəb məsələlərin həllinə həvəslə qoşulan qabiliyyətli uşaqlarda müstəqillik meyli güclü olur. Onlarda ədalət hissi, haqqın tərəflərini tutmaq təşəbbüsləri, ayrı-ayrı fəaliyyət növlərində, xüsusilə ünsiyyət prosesində özünüaydın biruzə verir. Onlar canlı təxəyyülə, zəngin fantaziyaya malik olsalar da, səbrsizlik və dözümsüzlük kimi hallar belə uşaqların emosional-iradi sferasında üstün xüsusiyyətlər kimi nəzərə çarpır. Küyə və qorxuya düşmə, yaşıdları ilə ünsiyyətə qoşulmaqda çətinliklərin olması onların çox vaxt qapalılığına səbəb olur.
Məktəbdə təhsil alan şagirdlərin sırasından üstün qabiliyyətli uşaqların müəyyən edilməsi, onların qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə yönəldilən pedoqoji səylərin səmərəliliyi psixoloqun həyata keçirdiyi diaqnostik işlərin nəticəsi olaraq verdiyi rəylərdən və tövsiyyələrdən əhəmiyyətli dərəcədə asılıdır. Psixoloq belə rəyləri tərtib etməzdən əvvəl nəzərə almalıdır ki, fiziki və psixi cəhətdən sağlam və normal olan hər bir uşaq yaxşı qabiliyyətlərin formalaşdırılması üçün müəyyən potensial qabiliyyət sahibidir, ona görə də, əsas məsələ heç də qabiliyyətin indiki anda olub-olmaması deyil, əksinə, mövcud təbii imkanların məhv olmasının qarşısının alınmasından ibarət olmalıdır. Psixoloqun bu istiqamətdə aparacağı işlərin sistemi ilkin psixodiaqnostika adlanır.
İlkin psixodiaqnostika müəyyənedici xarakter daşıyır. Onun nəticələri əsasında ayrı-ayrı uşaqlarda idrak qabiliyyətlərinin inkişaf səviyyəsi müəyyənləşdirilir, sonrakı mərhələdə isə, onların maksimum səviyyədə inkişafını təmin edə biləcək inkişafetdirici proqramlardan fərdi və qrup halında istifadənin imkanları müəyyənləşdirilir.
Tövsiyə olunan inkişafetdirici proqramlar uşaqların yaradıcı qabiliyyətlərinin, intelektual təşəbbüskarlığının, tənqidi təfəkkürünün, sosial –mənəvi və liderlik keyfiyyətlərinin aşkara çıxarılmasına xidmət etməlidir. Qabiliyyətlərin müəyyən edilməsinə yönəldilmiş təlim materialları orta məktəbin ümumi təlim proqramlarına daxil edilmiş məzmundan fərqlənməli, özünün mürəkkəbliyi, yeniliyi və cəlbediciliyi baxımdan seçilməlidir. Belə proqram materiallarına daxil edilən tapşırıqlar məzmunca dərin və düşündürücü olmaqla yanaşı, şagirdə fərdi uğurlarını nümayiş etdirmək, ünsiyyət və şəxsiyyətlərarası sferaya aid imkanlarını sınaqdan çıxarmağa şərait yaradır. Uşaqların yaradıcı qabiliyyətlərinin inkişafını “əgər...olsaydı, onda nə olardı?” tipli qeyri –adi, hipotetik suallar vasitəsilə stimullaşdırmaq məqsədəuyğundur. Orta məktəbdə şagirdin əldə etdiyi nəzər biliklərin praktik tətbiqi onların intelektual qabiliyyətlərinin inkişafına əhəmiyyətli təsir göstərir. Şagirdin fikri proseslərini fəallaşdırmaq üçün onun qarşısına idrak xarakterli (məsələn, “müqayisə edin”, “sadalayın”, “adlarını çəkin”, “söyləyin”, “müəyyən edin”, və s., anlama tipli (“öz sözlərinizlə söyləyin”, “qarşılıqlı asılılığı göstərin”, “mənasını izah edin”) tətbiqetmə xarakterli (“nümayiş etdirin”, “məqsədi izah edin” və s.) analitik xarakterli (“səbəbini izah edin”, “ardıcıllıqla düzün”, “təklif edin”, “izah edin, nə üçün”) tipli sintetik xarakterli (“qurun”, “əlamətlərə görə birləşdirin”, “birləşdirsək, nə baş verər”), tipli qiymətləndirmə xarakterli (“təyin edin”, “normanı müəyyən edin”, “ən çox xoşumuza gələni seçin” və s.) tipli tapşırıqlardan istifadə etmək olar. Uşaqların qabiliyyətlərinin və idrak səviyyəsinin psixodiaqnostikası üzrə işlər yalnız mövcud inkişaf səviyyəsinin müəyyən edilməsinə deyil, həm də təlim tərbiyə proseslərinin təkmilləşdirilməsi, uşaqların psixososial inkişafı və yetişməsinin, o cümlədən qavrayış, diqqət, təxəyyül, hafizə, təfəkkür, nitq kimi ali psixi funksiyaların, hərəki bacarıq və vərdişlərin, ümumi və xüsusi qabiliyyətlərin daha da inkişaf etdirilməsi məqsədlərinə yönəldilməlidir.
Uşaqların qavrayışının diaqnostikasında bu idrak prosesinin əsas xüsusiyyətləri olan əşyaviliyi, strukturluğu sabitliyi mənalılığı, tamlığı ayrı-ayrılıqda öyrənilməlidir. Psixoloq uşaqların qavrayışının qeyd olunan xüsusiyyətlərini öyrənmək məqsədilə müxtəlif testlərdən və digər analoji metodlardan istifadə edə bilər. Uşaqlarda qavrayışın diaqnostikası prosesində əşyaların düzgün obrazının yaradılmasını təmin edən perseptiv əməliyyatların formalaşdırılması və inkişafına xüsusi diqqət yetirilməlidir.
İdrak proseslərindən biri kimi diqqətin xüsusiyyətlərinin öyrənilməsində hər şeydən əvvəl onun ixtiyari, qeyri-ixtiyari, ixtiyarından sonrakı kimi növlərinin və diqqətin əsas göstəriciləri olan həcmi, davamlılığı, keçirilməsi, paylanması, konsentrasiyası, dövri tərəddüdü və s. kimi əsas xassələrinin diaqnostikasına xüsusi əhəmiyyət vermək lazımdır.
Uşaq təxəyyülünün diaqnostikasının keçirilməsində psixoloq çoxcəhətli metodlardan, o cümlədən uşaq rəsmlərinin, uşaq fantaziyası və təsəvvürü məhsullarının məzmunca təhlili metodlarından istifadə edə bilər. Uşaqların çəkdikləri rəsmlər onların dünyanı necə dərk etməsinin bədii inikasıdır. Bəzən uşaqlarda rəsmetmə və bədii-təsviri bacarıqlar zəif formalaşdığından əl işləri onların təxəyyül obrazlarına adekvat olmur. Uşaqların çoxu özlərinin yaratdıqları təxəyyül surətlərini rəsm işlərində tam dolğunluğu ilə nümayiş etdirə bilmirlər. Onların nitqinin obrazlılığı təxəyyülün zənginliliyini müəyyən etməyin əsas göstəricilərindən biridir. Ona görə də, psixoloq uşaq təxəyyülünün xüsusiyyətlərini müayinə edərkən ilk növbədə onların fantaziya məhsullarının təhlilinə xüsusi diqqət yetirməlidir.
Uşaqların təfəkkür xüsusiyyətlərinin psixoloji cəhətdən öyrənilməsi məqsədilə müasir psixodiaqnostika təcrübəsində çoxsaylı metodika və metodlardan istifadə olunur. Bunların sırasında intelekt testləri və məhfumların formalaşması prosesini öyrənməyə yönəldilmiş xüsusi metodikalar geniş yayılmışdır. Psixoloq bu məqsədlə uşağa əyani-əməli, əyani –obrazlı və sözlü məntiqi formada təklif olunan çoxcəhətli məntiqi çalışma və tapşırıqlardan istifadə edə bilər. Bu metodikalar vasitəsilə uşağın təfəkkürünün psixodiaqnostikasını keçirən psixoloq müayinəni kompleks şəkildə, yəni bir sıra metodların tətbiqinə əsaslanmaqla aparmalıdır. Bu halda konkret bir metodun tətbiqi vasitəsilə əldə olunan nəticələr tam etibarlılığı təmin edə bilməz. Əgər psixoloq uşaqda sözlü-məntiqi təfəkkürün inkişaf səviyyəsini tədqiq edirsə, o, eyni zamanda əyani-obrazlı təfəkkürün inkişaf səviyyəsini də müəyyənləşdirməlidir. Yalnız təfəkkürün müxtəlif növlərini xarakterizə edən bu göstəricilərin məcmuyu uşağın ümumi intellektual inkişaf səviyyəsi haqqında mühakimə yürütməyə, konkret rəy söyləməyə əsas verə bilər. Uşaqlara təklif olunan fikri məsələlər onların yaş xüsusiyyətlərinə uyğun olmaqla yanaşı, onlar üçün cəlbedici və maraqlı olmalıdır.
Uşaqlarda nitqin psixodiaqnostikasında nitq inkişafı ilə bağlı bir sıra məsələlər –fonetika, qrammatika, lüğət ehtiyatı, semantika və s. kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Psixoloq nitqin tədqiqində onun əsas ünsiyyət və ümumiləşdirmə (təfəkkür) vasitəsi olmasına, psixi proses və vəziyyətlərin iradi cəhətdən tənzim və idarəolunma vasitəsi kimi baxmalıdır.
Müxtəlif metodikalar vasitəsilə qabiliyyətlərin psixodiaqnostikasını həyata keçirən psixoloq ilk növbədə uşaqda artıq formalaşmış qabiliyyətlərin səviyyəsini, onları şərtləndirən təbii imkanların xarakterini müəyyənləşdirməyə, təlim və tərbiyə proseslərinin qabiliyyətlərin formalaşmasına təsir imkanlarını araşdırmağa xüsusilə diqqətlə yanaşmalıdır. Psixoloq müvafiq metodikaların köməyi ilə uşaqların həm ümumi, həm də xüsusi qabiliyyətlərini müəyyənləşdirmək imkanına malik olmalıdır. Bu məqsədlə ümumi və xüsusi qabiliyyət testlərindən istifadə etmək məqsədəuyğundur.
Dostları ilə paylaş: |