Azıx mağarası



Yüklə 22,72 Kb.
tarix24.11.2022
ölçüsü22,72 Kb.
#70213
1702-Azıx mağarası


Azıx mağarası
Qarabağda Azərbaycanın zəngin tarixinə aid yüzlərlə arxeoloji abidələr var. Bunlardan daha məşhuru Azıx mağarasıdır. Azıx mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində mağaradır. Bu mağara Füzuli rayonunun 14 km-də yerləşir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. Azıx mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir. Azıx mağarası Azərbaycanın ən qədim insan yaşayış məskəni olub, 1968-ci ildə aşkar olunmuşdur.
Azıx mağarasının yerləşdiyi bölgənin əhalisi bu mağaranın varlığından xəbərdar olsalar da, onun tarixdəki yeri haqqında heç bir məlumata malik deyildilər. Onların nəzərində bura əjdahaların və başqa sehirli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey deyildi. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəkinirdilər.
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanınalt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
Çənə sümüyünün azı dişlərindən biri bütöv qalmış, digəri isə qismən sınmışdı. Alimlər onu 18 yaşlı bir qadına məxsus olduğu düşüncəsindədirlər. 18 yaş o dövr üçün qocalıq dövrü hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra Azıx mağarasına diqqət daha da çoxaldı.
Çox keçmədən mağarada Paleolit dövrü və Mezolit dövrünə aid olan daşdan düzəldilmiş əmək alətləri də aşkar edildi. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
Mağaradan tapılan mühüm tapıntılardan biri də daş alətlər idi. Arxeolojı baxımdan bu sadə alətlər "çay daşı mədəniyyəti«ni təmsil edirdi. Buna görə və mağara Quruçay ərazisində yerləşdiyinə görə bü dövr „Quruçay mədəniyyəti“ adlandırılır. Yaxınlığına görə bu mədəniyyəti ancaq Tanzaniyanın Olduvay düşərgəsində aşkar edilmiş 1.5 milyon illik tarixi olan mədəniyyətlə müqayisə etmək olar. Çünki Quruçay mədəniyyətini də məhz bu qədər tarixə malik olduğu sübut edilmişdir. Azıx mağarasının sakinləri ovçuluqla məşgul olurdular. Mağaradan tapılmış 45 növ heyvan sümüyü bunun əyanı sübutudur. Bəzilərin kökləri artıq kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislərin düşüncələrinə görə ayı mağara sakinləri üçün müqəddəs hesab olunurmuş. Alimlər bu fikirləri mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışırlar. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində „azıx“ -»ayı" deməkdir.
Azıx mağarasında həmçinin ocaq yerləri də aşkar edilmişdir. Bu ocaqlar kənardan daşlarla əhatə olunmuşdur. Mağaradan tapılmış 5 ocaq yerindən insanların təkcə yemək hazırlamaq üçün deyil, həm də odu qoruyub saxlamaq üçün istifadə etdikləri güman edilir. Bu ocaq yerlərindən birinin ətrafında qalınlığı 30 sm. olan aypara şəkilli divar vardır. Bu divarın tikilməsinin əsas səbəbi yaxınlıqdaki yaşayış yerini oddan qorumaq idi. Mağaradakı ocaq yerindən başqa həm də ilk tikili hesab olunur.
Bu mağara hələ insan mövcud olmayanda, süxurların su ilə yuyulması nəticəsində yaranıb. Onu məhz Qədim Daş dövrü abidəsi kimi 1960-cı ildə azərbaycanlı arxeoloq alim Məmmədəli Hüseynov kəşf edib. Sadəcə olaraq, Qədim Daş dövrünün son mərhələlərinə (150 min əvvələ) aid alətlər 2-3 metr dərinlikdə aşkarlanıb və o daşların arasında insan fəaliyyətini görmək üçün bu dövr üzrə yüksək səviyyəli peşəkar mütəxəssis olmaq vacibdir. 1960-cı ildə isə Azərbaycanda bu dövr üzrə yeganə mütəxəssis Məmmədəli Hüseynov idi. Təsadüfi deyil ki, biz onu Azərbaycanda qədim daş dövrü üzrə elmin banisi adlandırırıq.
Azıx mağarasında arxeoloji qazıntılar 1960-1982-ci illərdə Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılıb. Lakin bu heç də o demək deyil ki, orada aşkar olunan daş əmək alətləri, heyvan sümükləri və digər tapıntıların təhlili bununla yekunlaşıb. Bu təhlillər indi də davam edir və bəlkə on illər sonra da davam edəcək. Çünki elm sahələri inkişaf etdikcə həm daş alətlərin təhlili, həm də onların mütləq yaşını müəyyənləşdirmək üçün yeni tədqiqat üsulları meydana çıxır. Mağaranın qazılmış çöküntülərinin ümumi qalınlığı 14,5 metrdir və onları M.Hüseynov 10 təbəqəyə ayırıb. İlk on metr 1-6-cı təbəqələri əhatə edir. Qalan 4,5 metr 7-10-cu təbəqələrdir. Birinci üst təbəqədə yaşayış olmayıb. Lakin son 3-4 min il ərzində, eyni zamanda, orta əsrlərdə mağaraya asan girmək imkanı olana qədər orada əksər hallarda mal-qara otaran çobanlar sığınacaq tapırdılar. Bunu arxeoloqlar mağaranın üst təbəqəsində həmin dövrlərə aid bir neçə saxsı qırıqları taparaq müəyyən ediblər. Sadəcə olaraq müasir dövrdə çobanlar özləri ilə suyu plastik qabda daşıyırlar, ondan əvvəl şüşə qabda, qədimdə isə saxsı qabda daşıyırdılar və qırıntılar da həmin dövrə aiddir.
İkinci təbəqədə ümumiyyətlə tapıntı yoxdur, çünki o dövrdə ərazidə insan yaşamayıb, arxeologiya elmində belə təbəqə “lal təbəqə” adlanır. Bu təbəqə təbii üsulla (küləyin çöldən gətirdiyi torpaq və mağaranın tavanından qırılıb tökülən daşlarla) yaranıb.
Üçüncü 2-3 metr dərinlikdə olan təbəqədə dörd minə yaxın daş əmək aləti və ibtidai insanların ovladığı minlərlə heyvan sümüklərinin qalıqları aşkarlanıb. Daş əmək alətləri Orta Paleolit dövrünə aiddir və elmdə bu üsulla hazırlanan alətlər Mustye arxeoloji mədəniyyəti adlanır. Azıx mağarasında bu təbəqənin nisbi yaşı (mütləq yaşı müəyyən olunmayıb) 150 min ildir. Dünyanın digər Qədim Daş dövrü abidələrində bu mədəniyyətlə eyni təbəqələrdə, neandertal tipli insanın qalıqları tapıldığından ehtimal etmək olar ki, Azıxın üçüncü təbəqəsində də neandertallar yaşayıb.
Dördüncü təbəqə “lal”dır və orada tapıntı yoxdur.
Beşinci təbəqə isə çox zəngindir. Həmin təbəqədən minlərlə heyvan sümükləri, ocaq qalıqları Aşel arxeoloji mədəniyyətinə (yenə də Fransua Bord) aid daş əmək alətləri aşkarlanıb. Məhz 5-ci təbəqədən 1968-ci ildə ibtidai insanın çənəsinin qalığı aşkarlanıb. Həmin tapıntının insan təkamülündə yerini ilk dəfə azərbaycanlı alim, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, paleontoloq, antropoloq Dəmir Hacıyev müəyyən edib. Sonradan çənənin öyrənilməsi ilə azərbaycanlı antropoloq, biologiya elmləri namizədi Rəbiyyə Qasımova məşğul olub. Bu çənə qalığı neandertala keçid mərhələsinə (preneandertala) aid olan insanın qalığıdır. Bu tapıntının geniş təhlili 1971-ci ildə Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) elmi jurnalında dərc olunub. İllər keçsə də bu təhlil təkzib olunmayıb, bu tapıntı elmdə Heydelberq insanı adı kimi tanınan neandertalın əcdadına məxsusdur. İlk dəfə 1907-ci ildə Almaniyanın Heydelberq şəhərinin yaxınlığında tapılan insan qalığı belə adlandırılıb. Hazırda Yer kürəsində bu insan qalıqlarının tapıntılarının sayı yüzlərlədir. Beşinci təbəqənin yaşı 300 min ildir. Azıxantrop adını isə bu tapıntıya Məmmədəli Hüseynov şərti ad kimi verib. İlk dəfə azıxantrop adı M.Hüseynovun 1973-cü ildə nəşr olunmuş “Uzaq Daş dövrü” kitabında qeyd edilib.
Altıncı təbəqədə də minlərlə heyvan sümükləri və Aşel mədəniyyətinin daha qədim mərhələsinə aid daş əmək alətləri aşkar olunub. Bu təbəqənin döşəməsinin mütləq yaşı 780 min ildir. Təbəqədə insan qalığı tapılmasa da ehtimal etmək olar ki, həmin dövrdə mağarada elmdə Homo Erektus (Düz Gəzən İnsan) kimi tanınan insan yaşayıb. Çünki dünyada bu yaşda olan Aşel mədəniyyəti ilə bərabər məhz Erektusun qalıqları tapılıb.
“Mağaranın qalan 7-10-cu təbəqələri Quruçay arxeoloji mədəniyyətinə aiddir. İlk dəfə bu mədəniyyətin adını elmi dövriyyəyə 1979-cu ildə Məmmədəli Hüseynov daxil edib və bu ad Azıx mağarasının qarşısındakı dərədə axan çayın adı ilə bağlıdır. Uzun illər dünya elmində belə arxeoloji mədəniyyət adı qəbul olunmurdu. Çünki bu mədəniyyətə xas daş alətlər (iri ölçülü, çəkisi 4-5 kiloqram olan zərbə aləti) bir neçə ədəd idi və yalnız Azıxda tapılıb. On illər keçdikdən sonra belə alətlər Mingəçevir su anbarının sahilində Qaraca Qədim Daş dövrü düşərgəsində, Mərkəzi Dağıstanda və Taman yarımadasında Qədim Daş dövrü abidələrində aşkarlanıb və artıq arxeoloji mədəniyyət kimi bir çox alimlər tərəfindən qəbul olunub.1970-ci illərdə 10-cu təbəqənin yaşını Azərbaycan və Rusiya alimləri 1 milyon 200 min il əvvələ aid ediblər və bu yaş indi də yeganə elmi əsaslara söykənən tarixdir. Quruçay mədəniyyətinin daşıyıcılarına, ehtimal etmək olar ki, orada erkən Erektusun bir növü, ola bilsin Gürcüstandakı Dmanisi paleolit tapıntı yerində aşkar olunan Homo nəslinin bir qolu yaşayıb.
Azərbaycan ordusunun Dağlıq Qarabağda 30 ilə yaxındır Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi üçün başlatdığı əməliyyatda bəşər tarixi baxımından böyük əhəmiyyətə malik Azıx mağarası geri alınıb. Dünyada indiyə qədər kəşf edilmiş bəşəriyyətin yaşadığı ən qədim mağara kimi tanınan mağaranın tarixi daş dövründən də qədim sayılır.
2020-ci il noyabrın 8-dən Dağlıq Qarabağın ürəyi olan Şuşanı işğaldan azad edərək tarixi qələbəyə nail olan Azərbaycan ordusu Qarabağın müxtəlif əyalətlərindəki kəndləri bir-bir işğaldan xilas etməkdə davam edir. Azərbaycan ordusunun başlatdığı əməliyyatda bu gün xilas edilən yerlər arasında tarixi əhəmiyyətli Azıx mağarasının yerləşdiyi Azıx kəndi də var. Təkcə Azərbaycanın deyil, dünya tarixinin ən qədim guşələrindən olan, bəşər sivilizasiyasının ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarası bəşəriyyət və sivilizasiya tarixinə işıq tutması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bəşəriyyət və sivilizasiya tarixinə işıq salan Azıx mağarasına erməni işğalı zamanı çox pis münasibət göstərilib. Təmir-xidmət adı altında mağaranın içərisinə xeyli ziyan dəyib. Qarabağ müharibəsi başlayandan sonra erməni əsgərlərinin buradan sığınacaq kimi istifadə etməsi gündəmə gəlib. Daş dövrü insanlarının məskəni kimi tanınan və Azərbaycanın ən məşhur mağaralarından biri olan Azıx mağarası Quruçay mədəniyyəti və Mustye mədəniyyəti dövrlərinə aid yaşayış məskənidir. Neandertalların (təxminən 200-28 min il əvvəl yaşamış insan növü) Mustye mədəniyyəti dövründə Azıx mağarasında yaşadığı məlumdur. Azıx mağarası bəşər tarixinin ən qədim yerlərindən biri olduğundan dünyanın ən məşhur və sevimli abidələrindən biri hesab olunur.
Azıx (Azıx) mağarasının işğaldan xilas edilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir: Ermənistanın işğalından sonrakı prosesdə Azərbaycan torpaqlarına məxsus bir çox tarixi abidələr, körpülər, məscidlər dağıdılıb. Məscidlərə nələr edildiyi artıq məlumdur. Bu baxımdan Azıx mağarasının aqibətinin necə olacağı da son dərəcə vacibdir. Mağara nə olacaq, bu da məhv olacaqmı...
Tarixən mağara bəşər tarixində ən qədim 4 kəşfdən biri hesab olunur. Əgər bundan sonra onu izləmək mümkün olsa, mağara həm də insan sivilizasiyası və təkamülü haqqında çox şey danışacaq. Söhbət 3-4 min illik tarixi olan bir yerdən gedir. Bu yer həm də əvvəllər üçün əhəmiyyətli məlumatlar verəcək.
O da məlumdur ki, mağara dəfələrlə təmir bəhanəsi ilə dağıdılıb. Erməni dilində çoxlu müxtəlif yazılar yazılıb. Modernləşdirmə işləri nəticəsində mağaranın təbiiliyi pisləşib. Bunlar onun tarixi xüsusiyyətini və orijinallığını korlamaq cəhdləri kimi qələmə verilir. Burada məqsəd həm də erməni tarixi yaratmaq cəhdləri kimi dəyərləndirilə bilər. Ermənistanın bərpa adı altında etdiyi müdaxilələr dünyanın ən qədim mağaralarından birinin tarixini ermənilərlə əlaqələndirmək, onları buranın keçmiş sakinləri kimi təqdim etmək cəhdləri kimi qiymətləndirilir.
Nəticə olaraq bu gün məlum olan elmi əsaslara əsasən demək olar ki, Azıx mağarasında müasir insanın əcdadı yaşamayıb. Sadəcə orada ibtidai insan təkamülünün bir neçə mərhələsinə aid, sona çatmış (nəsli kəsilmiş) qola məxsus olan insanlar yaşayıb. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azıx mağara düşərgəsi Azərbaycan ərazisinin dünyada ibtidai insanların məskunlaşdığı ən qədim regionlardan biri olduğunu sübut edən möhtəşəm abidədir.

Ədəbiyyat siyahısı
1. Azərbaycan arxeologiyası, altı cilddə, I cild, Bakı, 2008
2. Azərbaycan tarixi (yeddi cilddə), I cild, Bakı, 2006
3. Azərbaycan Arxeologiyası: Daş dövrü ((6 cilddə), I cild). Bakı: Şərq-Qərb, AMEA. 2008
4. Ə. Cəfərov — Qarabağın arxeloji abidələri və onların tarixini saxtalaşdırmaq cəhdləri, Xalq qəzeti, 2005, 24 aprel №92
5. Ə. Cəfərov — Beynəlxalq arxeoloji tədqiqatların nəticələri, Xalq qəzeti, 2009, 21 aprel, N 84
Yüklə 22,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin