b) Strateji planlaşdırma.
Strateji planlaşdırma menecmentin iqtisadi mexanizmində iqtisadi metodun tərkib hissəsidir. Bazar münasibətləri şəraitində müvəffəqiyyət qazanmış bütün dövlət və qeyri-dövlət müəssisələrində (firmalarda, kompaniyalarda və s.) strateji planlaşdırma idarəetmə sistemində özünə layiq yer tutur. Bu sahədə qabaqcıl iş təcrübəsi olan ABŞ-nın firmaları diqqətə layiqdir. San-Diyeqo universitetinin professoru İqor Ansoffa bu mövzuda diqqətəlayiq əsərlərin müəllimidir. Həmin mövzuya dair mülahizə və ümumiləşdirmələrim bu kitabın “firmadaxili funksiyaların” məzmunu bölməsində öz əksini tapmışdır. Odur ki, bu bölmədə yeri olan problemə bir daha qayıtmağı lüzumsuz hesab edirəm.
c) Kommersiya və firmadaxili təsərrüfat hesabı. Menecmentin iqtisadi mexanizminin tərkib hissəsi sayılan iqtisadi metodun elementlərindən biri - təsərrüfat hesabıdır.
Menecmentin başlıca məqsədinə uyğun olaraq təsərrüfat hesabı öz əhəmiyyətini yenə də saxlayır. Təsərrüfat mexanizminin iqtisadi qolu firmanın sosial-iqtisadi təbiətinə uyğun olduğundan, bazar münasibətləri əsasında istehsalın inkişafının başlıca amillərindən biridir. Bu baxımdan təsərrüfatçılığın mühüm metodlarından biri, yenisi-kommersiya hesabıdır. O, özündə həm idarəetmə funksiyasını, həm də iqtisadi qolları, alətləri sintez edir, Firmanın formalaşması və inkişafının iqtisadi mexanizmi, onun gələcək qlobal siyasəti və məqsədindən irəli gələn: istehsalın rentabelliyi; satışın səmərəli təşkili; kapital qoyuluşunun bölüşdürülməsi; texnologiyanın inkişafı; maliyyələşdirmə və kredit sisteminin təkmilləşdirilməsi; yeni müəssisələrin yaradılması və kadr siyasəti və s. məsələlər üzrə kommersiya hesabından istifadə etməyi nəzərə tutur. Kommersiya hesabı çərçivəsində firma həm iqtisadi qollar və alətlərdən, həm də qiymətin əmələ gəlməsi, istehsal xərcləri, maliyyələşmə və kredit və s. məsələləri mərkəzləşmiş qaydada həyata keçirir.
Müasir şəraitdə sənaye firmalarının idarə edilməsi mexanizmində kommersiya hesabı inkişaf edir və təkmilləşir, yeni keyfiyyətli səmtə yönəlir. Bu, bir tərəfdən, mərkəzləşmə prosesinin güclənməsi iri firmaların və kompaniyaların yaranması, digər tərəfdən isə filiallara və qəyyum müəssisələrə tam sərbəstliyin verilməsi ilə izah edilir. Həmin xüsusiyyət, ilk növbədə planlaşdırma və nəzarət funksiyalarının rolunun artması və kommersiya hesabının həmin funksiyalarının vahid sistem əhatəsində icra metoduna çevrilməsi ilə izah edilir. Kommersiya hesabının digər xüsusiyyəti iri komplekslərin tərkibində filialların operativ sərbəstliyidir. Nəticədə kommersiya hesabının tərkibində yaranan və inkişaf edən firmadaxili hesab meydana çıxmışdır ki, o da firmanın ayrı-ayrı bölmələrinin qarşılıqlı əlaqəsini əks etdirir. Beləliklə kommersiya hesabı və firmadaxili hesab təsərrüfat hesabının vahid sistemini təşkil edir. Lakin, firmadaxili hesabın fərqləndirici xüsusiyyəti onun bir kompaniyanın tərkibində həyata keçirilməsidir, hansı ki, kommersiya hesabı-təsərrüfat metodu olub, müxtəlif mülkiyyətçilər arasında hesabat aparmağa yönəldilir.
Yuxarıda göstərilən xüsusiyyətləri və tələbləri nəzərə alsaq, aydın olur ki, təsərrüfat hesabı əsasən bu istiqamətdə inkişaf etmişdir: iri kompaniyaların təsərrüfat hesabı və firmadaxili təsərrüfat hesabı. Bütün hallarda təsərrüfat hesabının başlıca prinsipləri öz əhəmiyyətini saxlayır. Onlara: firmanın tam təsərrüfat-operativ müstəqilliyi; istehsal xərclərinin ödəmək qabiliyyəti; qənaət rejimi, optimallığa nail olmaq; təsərrüfatın səmərəli idarə edilməsi; az xərclə yüksək mənfəət əldə etmək və s aiddir.