Müalicə bitkiləri



Yüklə 305,18 Kb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü305,18 Kb.
#4039

 

 

Oruc İbadlı 



 

 

 



 

Müalicə bitkiləri 

 

 



 

 

 



 

 

 



 

 

Ç i r i ş 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı – 2005 

 

                                              



 

 

 



 

 

 



 

 

 Redaktorları:   A.Rüstəmli, 



                                                                        N.Hüseynova 

 

 



 

 

O.V.İbadlı 



 

Müalicə bitkiləri. Çiriş  

 

 

Dərman,  qida  və  texniki  bitki  kimi  əvəzolunmaz  əhəmiyyət  kəsb  edir.  Bu 



bitki  insan  orqanizmi  üçün  misilsiz  əhəmiyyətə  malik  olmaqla,  mədə-bağırsaq 

xəstəliklərinin müalicəsində, sınıq, çıxıq və oynaq ağrılarının müalicəsində istifadə 

edilir. Xalq təbabətində qədimdən məlumdur. 

 

Bu  kitabçada  çirişin  bioloji  xüsusiyyətləri,  əkilməsi,  becərilməsi,  müxtəlif 



xəstəliklərin  müalicəsində  ondan  istifadə  edilməsi  qaydaları  və  s.  öz  əksini 

tapmışdır. 

 

Kitabçada  istifadə  etdiyimiz  materiallar,  anam  Seyid  Fatmanın  söz 



boxçasının və Qafqazda 38 illik tədqiqatlar zamanı türkəçarəçilərdən toplanmış və 

öz şəxsi müalicələrimin məhsuludur. 

 

Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Çirişin müalicəvi sirləri 

 

                                                                    Yüzlərlə xəstəyə şəfa 



                                                                             vermiş sevimli anam Seyid  

                                                                             Fatmanın əziz xatirəsinə 

                                                     ithaf edirəm 

 

 



Çiriş – Eremurus Bieb. – Asfodelinakimilər fəsiləsinə aid olub, Ön, Qərbi, 

Mərkəzi  Asiyada  50,  keçmiş  ittifaqda  23,  Qafqaz  və  Azərbaycanda  2  növü  bitir. 

Bunlar  Azərbaycan  çirişi  –  E.azerbajdzhanicus  Charkev.  və  Görkəmli  çiriş  – 

E.spectabilis Bieb. növüdür. 

 

Çiriş  sözü  latın  dilində  “Eremurus”  adlanır.  Bu  söz  yunan  dilində 



“eromos”-səhra,  “ura”  isə  quyruq  deməkdir.  Sözün  lüğəti  mənası  «səhra 

quyruğu»dur. 

 

Çiriş  cinsi  əvvəllər  Zanbaqkimilər  fəsiləsinə  aid  idi.  Son  vaxtların 



tədqiqatçıları  bitkinin  Asfodelinakimilər  fəsiləsinə  daxil  olduğunu  müəyyən 

etmişlər. 

 

Azərbaycan  çirişi  növü  görkəmli  Ukraynalı  alim  S.S.Xarkeviç  Qafqaza 



ekspedisiya  zamanı,  Azərbaycan  florasında  bitən  bitkiləri  də  tədqiq  etmişdir.  O, 

1959-cu ilin may ayında Xaldan rayonu ətraflarından topladığı çirişin yeni növünü 

müəyyən  etmiş  və  bu  növü  Azərbaycan  çirişi  adlandırmışdır.  Sonralar  1975-ci 

illərdə tədqiqatlar zamanı bu növün Füzuli rayonunun Dövlətkarlı kəndinin 3 km-

də yerləşən Dilağarda çalında da (dağında) bitdiyini müəyyən etdik. 

 

Hər 2 növ texniki dərman və qida bitkisi kimi geniş istifadə olunur. 



 

Respublikamızda  çiriş  ən  çox  Naxçıvan  MR-nın  Ordubad,  Şahbuz,  Babək, 

Culfa,  Sədərək,  Şərur,  Kəngərli  rayonlarında,  Ağstafa,  Qazax,  Xaldan,  Göyçay, 

Füzuli,  Xonaşen,  Cəbrayıl,  Lerik,  Yardımlı  və  s.  rayonların  aşağı,  orta  dağ 

qurşaqlarında, gilli-daşlı torpaqlarda, ən çox qaratikan kolları ətrafında bitir. 

 

Azərbaycan  xalqı  çiriş  bitkisindən  hələ  lap  qədimdən  müxtəlif  məqsədlər 



üçün  istifadə  etmişlər.  Respublikamızın  bir  çox  rayonlarında  yerli  əhali  çirişdən 

tərəvəz  bitkisi  kimi  istifadə  edir.  Bitki  fevral-mart  aylarında  kütləvi  vegetasiyaya 

başladığı  vaxt,  yəni  yarpaqlar  torpağın  üzərində  6-15  sm  uzunluğunda  olarkən 

toplanır,  bu  vaxt  çalışmaq  lazımdır  ki,  bitki  torpağın  3-4  sm  dərinliyindən,  kök 

boğazına yaxın yerdən, kök boğazını zədələməmək şərti ilə kəsilib toplansın. Yeni 

açan 6-10 ədəd yarpaq zər pərdə ilə örtülü olur (Şəkil 1). Bu vaxtlar yarpaqlar selik 

və C vitamini ilə zəngin olur. Rozetşəkilli yarpaqlar zər pərdənin içərisindən xeyli 

artıq  çıxanda  onun  qidalılıq  keyfiyyəti  aşağı  olur.  Toplanmış  yarpaqlara  bıçaq  ilə 

toxunan  kimi  aralanır.  Yarpaqlar  duzlu  suda  pörtülərək  acı  suyu  atılır,  sonra 

soğanla yağda qızardılır. Bundan başqa çirişdən dadlı kətə və qutab hazırlanır. 

 

Kətə  və  qutab  bişirmək  üçün  çirişə  soğan,  dağkeşnişi  və  quzuqulağı  əlavə 



edilib doğranır. Doğranmış qarışığa azacıq duz qatıb adi qaydada kətə, yaxud qutab 

bişirirlər.  Bişirilmiş  kətə  çox  ləzzətlə  yeyilir.  Zövqə  uyğun  heç  bir  göyərti 



qatmadan  təkcə  çiriş  ilə  bişirilmiş  kətə  çox  dadlı  olmaqla,  mədə  və  bağırsaq 

xəstəlikləri, xüsusən bağırsaq iltihabı xəstəliyi (kolit) üçün çox xeyirlidir. 

 

Çiriş  bitkisindən  keyfiyyətli  çiriş  yapışqanı  hazırlanır.  Hətta  yaxşı 



hazırlanmış çiriş yapışqanından keçmişdə dərzilikdə, papaqçılıqda və çəkməçilikdə 

çox  geniş  istifadə  edilib.  Çiriş  yapışqanından  istifadə  edən  sənətkarların 

dediklərinə görə papağın dimdiyinə, pencəyin yaxalığına, çəkmələrin dabancıq və 

burun  hissəsinə,  kisə  parçalara  sürtülən  çiriş  su  dəyməzsə  200-250  il  öz 

möhkəmliyini saxlama qabiliyyətinə malik olur. 

 

Ədəbiyyat  məlumatlarına  görə  vaxtilə  Göyçay  rayonunun  Qaraməryəm 



kəndində  çiriş  yapışqanı  hazırlamaq  üçün  fabrik  və  çiriş  üyütmək  üçün  dəyirman 

fəaliyyət  göstərmişdir.  Bunun  üçün  çirişin  kökyumruları  toplanıb  təmizlənir  və 

qurudulur. Qurudulmuş kökyumrusu üyüdülür. Bu qayda ilə hazırlanmış çiriş tozu 

su ilə qarışdırılıb yapışqan hazırlanır. Həmin yapışqandan müxtəlif məqsədlər üçün 

geniş  istifadə  etmək  mümkündür.  Bu  yapışqan  orqanizmə  heç  bir  zərər  vermir. 

Hazırda  işlədilən  və  müxtəlif  ölkələrdən  alınan  yapışqanlar,  xüsusən  də  aseton 

tərkibli yapışqanlar insan orqanizmi üçün hədsiz dərəcədə zərərlidir. 

 

Səriştəli  iş  adamları  vəsait  qoyub  çiriş  plantasiyaları  yaradaraq,  ondan  çiriş 



tozu  istehsal  etsələr,  Respublikanın  yapışqana  olan  tələbatını  ödəmiş  olar  və 

qoyduqları sərmayəni birə-beş qat artıra bilərlər. 

 

Çiriş  tozunun  qarağacın  qabığının  dəmlənməsindən  hazırlanmış  dəm  ilə 



qarışığı  ən  təhlükəli  sınıqların,  çıxıqların  müalicəsində  əvəzolunmaz  əhəmiyyətə 

malikdir.  Sınıq,  çıxıq  xəstəliklərinin  müalicəsi  zamanı  çox  vaxt  həkimlər  xaş 

yeməyi məsləhət görürlər ki, sınmış orqanlarda, əzalarda bitişmə, müalicə tez başa 

çatsın.  Topladığımız  məlumatlar  və  apardığımız  təcrübələr  göstərmişdir  ki,  çıxıq 

və  sınıqlı  xəstələrin  müalicəsi  zamanı  çiriş  bitkisinin  yarpaqlarından  hazırlanmış 

buğlama,  kətə,  qutab  və  s.  yeməklərdən  istifadə  etmək  xəstəliyin  hədsiz  dərəcədə 

tez müalicə olmasına səbəb olur. 

 

Çiriş tozu təzə balla (beçə balı) birlikdə qaynadılır və azacıq qatılaşana yaxın 



götürülür. Hazırlanmış məlhəmdən (davacatdan) çıxıq və sınıqlarda, çiban, dolama 

tipli yaraların müalicəsində istifadə edilir. Çiriş bitkisindən «eremuran» adlı maddə 

alınmışdır.  Həmin  maddə  ilə  hopdurulmuş  polietilen  örtük  tərəvəzi  6  ay  tər 

saxlamaq qabiliyyətinə malikdir. 

 

Azərbaycan  MEA  Mərkəzi  Nəbatat  bağında  1967-ci  ildən  geofit  bitkilərin 



təcrübə  sahəsində  çiriş  bitkisinin  kolleksiyası  yaradılmış  və  bitkinin  bir  sıra 

xüsusiyyətləri,  becərilməsi,  çoxaldılma  qaydası,  istifadə  olunması  və  qorunması 

tədbirləri öyrənilmişdir. 

 

 



Çirişin botaniki təsviri 

 

 



Azərbaycan çirişi – Eremurus azerbajdzhanicus Charkev. Çoxillik bitki olub 

yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir. Bitkinin yaşından 

asılı  olaraq  yoğunlaşmış  iyşəkilli  köklərin  sayı  6-12  ədəd  olur.  Onlar  ətli-şirəli 

olub,  içərisi  ehtiyat  qida  maddəsi  ilə  zəngin  olur.  Kökləri  kök  boğazına  yaxın 

yerdən  rozet  (ulduz)  formalı  olub,  əsasda  yoğun,  kənarlara  doğru  getdikcə 


nazikləşir və bir növ yerkökünü xatırladır. Kökyumrusunun boğazında kətanaoxşar 

köhnə yarpaqların izləri vardır. Yarpaqlarının uzunluğu 20-40 sm-ə çatır. Gövdəsi 

rozet  (ulduzaoxşar)  yarpaqların  içərisindən  çıxır.  Çiçək  salxımı  ilə  birlikdə  125-

140 sm-ə qədər olur (Şəkil 2). 

 

Abşeron  şəraitində  bu  növün  vegetasiyası  iqlim  şəraitindən  asılı  olaraq 



fevralın  birinci  ongünlüyündə,  qönçələrin  əmələ  gəlməsi  aprelin  əvvəlində, 

çiçəkləməsi aprelin üçüncü ongünlüyündə başlayır və 25 gün davam edir. Çiçəkləri 

dekorativ  olmaqla  suda  8-14  gün  qalır.  Çiçəklərindən  yaraşıqlı  gül  dəstəsi 

düzəltmək  mümkündür.  Çiçək  salxımında  çiçəklərin  sayı  təbii  şəraitə  nisbətən 

mədəni əkin şəraitində daha çox olur. 

 

Salxımın  uzunluğu  25-35  sm  olmaqla,  üzərində  180-250-yə  qədər  açıq 



narıncı rəngli çiçəkləri olur. Gövdəsi hamar olub, uzunluğu 125 sm-dən çox olur. 

Yarpaqları  6-12  ədəd  olub,  tünd-yaşıl,  bəzən  gümüşüyə  çalan  rəngdə  olur. 

Uzunluğu 28-35 sm, eni 3,8-4 sm-dir. 

 

Azərbaycan  çirişi  növündə  yeraltı  iyəbənzər  ətli  kökləri  yaxşı  inkişaf  edir. 



Köklərin  sayı  bitkinin  yaşından  asılı  olaraq  8-12  ədəd  olub,  uzunluğu  10-16  sm, 

diametri (ən yoğun yerdən) 5,2 sm, çəkisi 1200 qram olur.  

 

Toxumları  iyun  ayının  ortalarında  yetişir.  Toxumlar  yetişən  zaman  salxım 



üzərində  152  toxum  qutucuğu  əmələ  gəlir.  Qutucuq  şar  şəklində  olub,  üzəri 

qırışlıdır.  Tək-tək  hallarda  hamar  olur.  Qutucuğun  hündürlüyü  0,1-1  sm,  diametri 

0,6-0,8 sm-dir. Bitkinin yerüstü hissəsi tam quruyana kimi qutucuq gövdə üzərində 

qalır. Bir qutucuqda 8 ədəd toxum olur. Toxumların forması nahamar, kənarları iti, 

rəngi  alabəzəkdir.  Bitkidə  1146  toxum  yetişir.  Toxumların  1000  ədədinin  quru 

çəkisi 16,5 qramdır. Bitkinin illik vegetasiya müddəti 229 gündür. 

 

 

Görkəmli çiriş – Eremurus spectabilis Bieb. 



 

Bu  növ  Azərbaycan  növündən  qabaq  1818-ci  ildə  müəyyən  edilib. 

Azərbaycanın əksər rayonlarında bitir. 

 

Çoxillik  ot  bitkisi  olub,  yeraltı  orqanı  ətli  kökyumrusundan  ibarətdir. 



Köklərinin  sayı  6-10  ədəd  olub,  uzunluğu  8-14  sm,  diametri  4,3  sm,  çəkisi  1000 

qramdır.  Yarpaqları  6-10  ədəd  olub,  tünd-yaşıl  rəngdə,  uzunluğu  26-34  sm,  eni 

3,7-3,9 sm olur. 

 

Abşeronda  kultura  şəraitində  görkəmli  çiriş  növündə  vegetasiya  fevralın 



ikinci  ongünlüyündə,  qönçələrin  əmələ  gəlməsi  aprelin  başlanğıcında,  çiçəkləmə 

aprelin üçüncü ongünlüyündə başlayır və 25 gün davam edir. 

 

Çiçəkləri  bəzək  əhəmiyyətli  olub  özünəməxsus  iyi  vardır.  Suda  8-10  gün 



qalır. Çiçəklərindən gül dəstəsi düzəltmək üçün istifadə etmək olar. 

 

Çiçəkləri  salxımşəkilli  olub  üzərində  180-ə  qədər  ağ  rəngli  çiçəkləri  olur. 



Uzunluğu 25 sm-dir, bitkinin gövdəsi (çiçək oxu ilə birlikdə) 125 sm-dir (Şəkil 3). 

 

Toxumları  iyun  ayının  birinci  ongünlüyündə  yetişir.  Toxumlar  yetişən  vaxt 



çiçək oxu üzərində 142 toxum qutucuğu olur. Qutucuq şarşəkilli olub, baş tərəfdən 

yarılaraq  açılır.  Bitkinin  yerüstü  hissəsi  tam  quruyana  qədər  qutucuqlar  gövdə 

üzərində  qalır.  Bir  qutucuqda  8  toxum  olur.  Bir  bitkidə  1136  toxum  yetişir. 


Toxumların  1000  ədədinin  quru  çəkisi  16  qramdır.  Bitkinin  illik  vegetasiya 

müddəti 227 gün davam edir. 

 

Çirişin  becərilməsi  –  Qulluğa  bir  o  qədər  tələbkar  olmayan  çirişin 



becərilməsi  zəhmət  tələb  etmir.  Ancaq  yaxşı  məhsul  əldə  etmək  üçün  torpağa  bir 

az  qulluq  tələb  olunur.  Yaxşı  olar  ki,  torpaq  yüngül  qumsal  olsun.  Əkməzdən 

qabaq hər hektar torpağa əkinqabağı 120-150 kq fosfor, 80-120 kq kalium vermək 

lazımdır.  Kalium  və  fosforun  50%-nin  payızda  şum  altında,  qalan  50%-nin  isə 

vegetasiya  müddətində  yemləmə  şəklində  verilməsi  məsləhətdir.  Azot  gübrəsinin 

45%-ni  torpağın  əkinqabağı  hazırlanması  vaxtı,  25-35%-ni  əkindən  20-25  gün 

sonra birinci yemləmə vaxtı, 35-45%-ni isə kütləvi çiçəkləmə başa çatdıqdan sonra 

vermək məsləhətdir. 

 

Çiriş  əkiləcək  sahənin  hazırlanmasına  avqust  ayında  başlamaq  lazımdır. 



Sahə  bitki  qalıqlarından,  alaqdan,  daş-kəsəkdən,  zibil  və  tullantılardan 

təmizlənməli  və  sahədən  kənara  çıxarılmalıdır.  Torpaq  25-30  sm  dərinlikdə 

bellənib hazırlanmalıdır. 

 

Çiriş  generativ  (toxumları)  və  vegetativ  orqanları  vasitəsilə  çoxaldılır. 



Toxumlarla çoxaldılma zamanı bitki 5-7 ildən sonra çiçəkləyib toxum verir. Bu da 

təsərrüfat  və  istehsal  üçün  bir  o  qədər  faydalı  deyil.  Yalnız  seleksiyada  yeni  sort 

almaq məqsədilə toxumla çoxaldılmadan geniş istifadə edilir. 

 

Çiriş bitkisi toxumlarla çoxaldıqda gec çiçək verməsinə baxmayaraq, ondan 



çoxsaylı  əkin  materialı  əldə  etmək  mümkündür.  Bu  əkin  materialından  müxtəlif 

məqsədlər üçün istifadə etmək olar. 

 

Toxumları  payızda,  oktyabr  ayının  20-dən  başlayaraq  səpmək  məsləhətdir. 



Toxumlar  əvvəlcədən  düzəldilmiş  və  şırımlar  açılmış  ləklərə  səpilir.  Bunun  üçün 

şırımlara  alt  hissədə  1-2  sm  dərinliyində  bir  az  qidalı  torpaq  (1:1:1  nisbətində 

peyin,  yarpaq  çürüntüsü,  yuyulmuş  dəniz  qumu)  tokür,  sonra  toxumlar  həmin 

şırımların  içərisinə  səpilir.  Yaxşı  aqrotexniki  qulluq  edildikdə  cücərmə  faizi  90-

100% olur. 

 

Vegetativ yolla çoxaldıldıqda ana bitkini üzərində 2 kök tumurcuğu olmaqla 



bölüb  çoxaldırlar.  Bu  qayda  ilə  bir  ana  bitkidən  2-4  əkin  materialı  almaq 

mümkündür.  Həmin  əkin  materiallarını  əkdikdə  2-3  ildən  sonra  çiçəkləyib  toxum 

əmələ gətirir. 

 

Abşeron  şəraitində  aparılmış  təcrübələr  nəticəsində  müəyyən  edilmişdir  ki, 



çiriş bitkisi öz-özünə toxumla çoxala bilir və 3-5 ildə 1-2 km məsafəyə yayılır. 

 

 



Çirişlə müalicə qaydaları 

 

 



Çirişin  kökyumrusundan,  kökündən,  yarpağından  və  çiçəyindən  lap 

qədimdən  xalq  təbabətində  müxtəlif  xəstəliklərin  müalicəsində  geniş  istifadə 

olunmuşdur.  Onun  kökyumrusundan  alınmış  çiriş  tozundan  və  yaxud  unundan 

hazırlanmış  məlhəmdən  (təpitmədən)  sınıq,  çıxıq  və  çiban,  dolama  tipli  yaraların 

müalicəsində istifadə olunur. 


 

A.X.Rollovun  1908-ci  ildə  «Qafqazın  yabanı bitkiləri,  onların  yayılması  və 

istifadəsi  qaydaları»  adlı  kitabında  hələ  o  vaxt  Zaqafqaziyada  5000  pud  çiriş 

tədarük edildiyi göstərilir. 

Qafqazın  İpəkçilik  Stansiyasında  tədqiq  edilmiş  çiriş  unu  belə  təsvir  edilir: 

çiriş tozunun su ilə qarışığından qatı, bulanıq, qeyri şəffaf olan yapışqan alınır. Bu 

yapışqanın  tərkibində  16,37  %  su,  29,14  %  kül,  15  %  kitrə  (qummi,  yapışqan), 

20% petin maddəsi vardır. Ondan alınmış külün tərkibində isə 5,77% xlor, 4,49% 

maqnezium, 21,83 % əhəng, 2,54% kükürd anhidridi vardır. 

 

 



Sınıq, çıxıq və çiban, dolama tipli  

yaraların müalicəsi 

 

Çiriş bitkisi illik vegetasiyanı başa vurduqda, yəni yerüstü hissəsi quruduqda 

(bu  iyun  ayında  baş  verir)  onu  qazıyıb  çıxarır,  köklərini  yarpaqdan,  torpaqdan 

təmizləyib  qurudurlar.  Sonra  həvəngdəstədə,  xırda  dəyirmanda  və  ya  kofe 

üyüdəndə  üyüdürlər.  Çirişin  üyüdülmüş  unundan  2  xörək  qaşığı  götürür,  üzərinə 

bir  xörək  qaşığı  arpa  unu  əlavə  edib,  həmin  qarışığı  yumurta  ağı  ilə  qarışdırıb 

məlhəm  hazırlayırlar.  Məlhəm  nə  çox  duru,  nə  də  çox  qatı  olmalıdır.  Məlhəmin 

üzərinə  bir  az  kərə  yağı  sürtüb  tənzifin  üzərinə  qoyur,  qol,  dirsək,  ayaq 

oynaqlarında  əmələ  gəlmiş  çıxıq  və  çatların  üzərinə  qoyurlar.  Yaxşı  olar  ki, 

məlhəmi qoymamışdan qabaq xəstə nahiyənin üzəri pambığa hopdurulmuş spirtlə 

yaxşı-yaxşı  silinsin.  Sarğını  3  gündən  bir  dəyişmək  lazımdır.  Bu  qaydalara  əməl 

edilsə, 10-15 gündən sonra ağrılar tam keçib gedər. 

Çiriş  unundan  (tozundan)  3  xörək  qaşığı  götürüb  (sınığın  ölçüsündən  asılı 

olaraq  az  və  ya  çox  da  götürmək  olar),  qarağac  qabığının  suda  tünd  dəmindən 

(qabığı  xırda-xırda  doğrayıb  adi  çay  kimi  dəmləyir,  2  stəkan  suya  4  xörək  qaşığı 

qabıq  əlavə  edilir)  təpitmə  hazırlayırlar.  Təpitmə  yuxadan  bir  az  qalın,  yəni  fətir 

qalınlığında  olmalıdır.  Sınıq  yer  təmiz  spirtlə  silinib  təmizlənir.  Hazırlanmış 

təpitməni (məlhəmi)  ağ çit parçanın üzərinə yaxır, üzərinə bir balaca yumurta ağı 

yaxırlar.  Şəriştəli,  təcrübəli  sınıqçı  sınmış  yerləri  qaydaya  salır.  Hazırlanmış 

məlhəmi sınığın üzərinə qoyurlar. Sonra sınıqdan asılı olaraq, həmin hissəni taxta 

parçası,  iri  qarğını  iki  yerə  bölüb  ondan  hazırlanmış  xüsusi  alətlərlə  sarıyırlar. 

Bütün əməliyyat təcrübəli türkəçarəçi loğmanın əli ilə aparılsa, həmin hazırlanmış 

davacatın  əvəzi  olmaz.  Dəvədən,  atdan,  ulaqdan  yıxılanlar,  müxtəlif  qəzalardan 

sınıq alanlar bu üsuldan faydalana bilərlər. 

Davacat  düzgün  hazırlanmalı,  sarğı  çox  səliqəli  aparılmalıdır.  Sarğı  3 

gündən bir dəyişdirilməlidir. Yaxşı olar ki, müalicə ərəfəsində çiriş yarpaqlarından 

kətə  bişirilsin  və  gündə  iki  kətə  yeyilsin.  Bu  sınıqların  birləşməsini  daha  da 

sürətləndirir. 

Naxırçı  Məhəmmədin  sirri  –  Füzuli  rayonunun  Dövlətkarlı  kəndinin  mal-

qarasını otaran, «keçəl» ləqəbli bir Məhəmməd kişi vardı. Allah ona rəhmət eləsin. 

Bizim ailəyə yaxın idi. Bilirdi ki, mən dərman bitkiləri ilə maraqlanıram. Mən hələ 

uşaq ikən kefinin yaxşı vaxtı mənə bir sirr açmış və tapşırmışdı ki, bunu bir yerdə 

desən  hər  ikimiz  əlli-ayaqlı  gedərik.  Onu  da  deyim  ki,  Məhəmməd  kişi  cavan 


vaxtlarında babamgilin mehtəri və naxırçısı olmuşdu. «Ay Oruc, bunlar sənə lazım 

olar  deyə  deyirəm.  Cavan  vaxtlarımda  mal-qaranı  örüşdə  otarırdım.  Axşamüstü 

sürünü kəndə gətirməyə hazırlaşırdım, bir də gördüm üstümə 3 atlı şığıdı, başıma 

kisə keçirib, əl-qolumu bağlayıb ata mindirdilər. Xeyli sonra meşənin dərinliyində 

bir  kahada  düşürtdülər.  Əl-qolumu  açıb  kisəni  başımdan  çıxardılar.  Diqqətlə 

baxdım,  üçü  də  saqqallı  idi.  Birini  tanıdım,  bizim  kənddən  idi.  Eşitmişdilər  ki, 

seyidlərin  yanında  işləyəndə  bir  az  türkəçarə  öyrənmişəm,  sınıq-çıxıqdan  başım 

çıxır.  Məni  bərk-bərk  hədələdilər,  dedilər  ki,  bu  işi  bir  yerdə  danışsan,  səni  və 

ailəni  məhv  edəcəyik.  Şərt  kəsəndən  sonra  qaçaqlar  (o  vaxtlar  Sovet  hökumətinə 

qarşı  çıxanlar)  mənə  kahada  zarıyan  xəstəni  göstərdilər.  Yoxladım,  gördüm 

ombadan aşağı bud sümüyü sınıb. Müalicəni əvvəl boynuma almadım. Məni bərk 

əzişdirdilər. Qorxumdan boynuma aldım və dedim ki, müalicədən sonra məni sağ-

salamat  buraxsınlar.  Səhəri  onlara  çiriş unu, tənzif,  arpa unu, yastı  ağac,  yumurta 

və  camış  yağı,  yoğun  qarğı,  yastılaşmış  formalı  bir  neçə  çəkil  (tut)  ağacı  və  s. 

gətirməyi tapşırdım. Elə axşam hər şey hazır idi. Müalicəyə başladım. Düz 15 gün 

məni  orada  həbsdə  saxladılar.  İki  həftə  keçmiş  yoxladım,  gördüm  bitişmə  düz  və 

sürətlə  keçir. 21 gündən  sonra  sarğını  açıb  yoxladım  və  gördüm  ki,  xəstə  ayağını 

yerə  tam  basa  bilir.  Axırıncı  sarğını  edib  qurtardım.  Yalvardım  ki,  daha  yaxşıdır, 

məni buraxın gedim,  arvad-uşaq indi dəli  olub, 21 gündür ki, evimdən-eşiyimdən 

xəbərsizəm.  Üstəlik  kəndin  100-dən  çox  heyvanının  hara  getdiyindən  xəbərim 

yoxdur. Dedilər, arxayın ol, mal-qara hamısı gedib öz sahiblərini tapıb. Xəstə tam 

sağalandan sonra məni sağ-salamat buraxdılar». 

Biz  çiriş  haqqında  bir  neçə  yazı  yazmışıq,  amma  Məhəmməd  kişinin  bu 

sirrini açmamışıq. Amma indi vaxtı və məqamı yetişib deyə, düz 55 il sonra mən 

bu sirri açası oldum. 

 

 



İrin, dolama, çiban tipli yaraların müalicəsi 

 

Bir  ədəd  çirişin  kökünü  götürüb  yaxşı-yaxşı  təmizləyir,  qurudur,  sonra  onu 



üyüdürlər. Çiriş tozundan 100 qram götürüb 100 qram təmiz balla qarışdırıb vam 

odun  üzərində  qaynadırlar.  Azacıq  soyuduqdan  sonra  davacatın  üzərinə  30  qram 

əzvay  şirəsi  qatırlar.  Bu  qayda  ilə  hazırlanmış  davacatı  məlhəm  və  ya  təpitmə 

şəklində  dolamanın,  irinləmək  istəyən  hovlanmış  kor  çiban  tipli  yaraların 

müalicəsində istifadə etmək olar. 

Çirişin  qurudulmuş  toxumları  əzilərək  toz  halına  salınır.  Ondan  bir  xörək 

qaşığı götürüb balla qarışdırıb qaynadır, azacıq qatılaşana yaxın götürürlər. Təmiz 

tənzifin üzərinə yaxıb irinli yaraların, kəsiklərin, cızılmaların və s. ağrılı yaraların 

üzərinə qoyduqda tezliklə sağalır. 

 

 



Mədə-bağırsaq xəstəlikləri 

 

Mədə-bağırsaq,  qarayara,  bağırsaq  keçməzliyi  zamanı  çirişin  xüsusi 



müalicəvi əhəmiyyəti vardır. Çirişin tər yarpaqlarından hazırlanmış buğlama, sıyıq, 

kətə,  qutab  və  s.  xörəklər  orqanizmin  müxtəlif  vitaminlərlə  təmin  edilməsi  və 

möhkəmləndirilməsi üçün daha çox faydalıdır. 

Təzə-tər  yarpaqları  çoxlu  miqdarda  seliklə  zəngindir.  Bu  selik  isə  bağırsaq 

divarı xovlarının yumşaldılmasında çox əhəmiyyətlidir. 

Çiriş  vegetasiyaya  başlayanda,  yəni  yarpaqları  torpağın  üzərində  6-15  sm 

uzunluğunda  olanda  toplanır  (1-ci  şəklə  bax).  Toplanarkən  torpağın  3-4  sm 

dərinliyindən,  kökboğazına  yaxın  yerdən  çəpinə  kəsilir.  Təzə  çıxan  yarpaqlar 

seliklə  zəngindir.  Ona  görə  onu  çəpinə  və  torpağın  altında  kəsmək  lazımdır  ki, 

kəsilmiş  yerə  torpaq  avtomatik  olaraq  tökülsün.  Əks  təqdirdə  çirişin  köklərindən 

olan  selikli  şirə,  ehtiyat  qida  maddəsi  kəsik  yerdən  axıb  bitkini  zəiflədər  və 

nəticədə  bitki  gücdən  düşər,  qidalanması  zəifləyər  və  çürüyüb  tələf  olar.  Bu 

qaydalara  əməl  etsəniz  sahələrinizdə  heç  vaxt  çirişin  kökü  kəsilməz  və  siz  ondan 

daim istifadə edərsiniz.  

Toplanmış  yarpaqlar  xırda-xırda  doğranır,  duzlu  suda  pörtülüb  acı  suyu 

alınır və çıxarılır, sonra yağda soğanla qızardılır. Ehtiyac duysanız üzərinə bir ədəd 

yumurta  da  vura  bilərsiniz.  Hazırlanmış  bu  yemək  dadlı  olmaqla,  mədə-bağırsaq 

xəstəlikləri olanlara çox kömək edir. Eyni zamanda orqanizmi gümrah edir. 

Toplanmış  çiriş  yarpaqları  duzlu  suda  pörtülür,  acı  suyu  çıxarılır.  Qazana 

aşağı hissədən bir qat çiriş düzülür, sonra üzərinə düyü, alça və ya gavalı turşusu 

əlavə edilir. Daha sonra xırda doğranmış soğan düzülür. Onların üzərinə bir stəkan 

ilıq  su  tökülür.  Vam  odun  üzərinə  qoyulur.  Yemək  qaynara  düşəndən  15  dəqiqə 

sonra  üzərinə  2  xörək  qaşığı  yağ  əlavə  etmək  lazımdır.  Sonra  bir  qaşıq  götürüb 

dadına  baxırsınız.  Tam  bişibsə  götürmək  məsləhətdir.  Bu  qayda  ilə  hazırlanmış 

buğlama  və  sıyıq  yazqabağı  vitamin  qıtlığından  əziyyət  çəkən  orqanizmi 

vitaminlərlə  qidalandırır,  həmçinin  qida  borusu,  mədə  və  bağırsağın  divarlarını 

yumşaldır. 

Heç  vaxt  yadımdan  çıxmaz.  Müharibədən  sonrakı  1946-1952-ci  illərdə  çox 

kasıbçılıq  və  qıtlıq  idi.  İnsanlar  əllərinə  nə  gəldi  yeyirdilər.  Vələmir,  arpa,  jmıx 

(mal  yemi)  və  s.  onların  əlacsızlıqdan  yedikləri  qidalardan  idi.  O  vaxtlar  bizim 

kəndin əhalisini aclıqdan xilas edən bitkilərdən ən vacibi çiriş oldu. İnsanlar ondan 

çox faydalandılar. Hətta kəndimizdə Məhəmməd adlı bir tacir var idi. Bakı-Füzuli-

İrəvan marşrutu üzrə alver edirdi. Oğlu Eldar bizim kəndin ətraflarından 500-1000 

kq-la  çiriş  tədarük  etdirər  və  atası  Məhəmməd  onu  kisələrə  yığıb  İrəvanda  çox 

baha satar, əvəzində kənddə tapılmayan ərzaq, şirniyyat, xüsusən Naxçıvandan daş 

duz  alıb  gətirərdi.  Kəndin  əhalisinin  bu  duza  çox  ehtiyacı  var  idi.  Onu  insanlar 

istifadə etməklə yanaşı, mal-qaraya yalatmaq üçün tövlənin qabağına qoyardılar. 

 

 

Çiriş unundan soyuducu 



 

Hələ  soyuducunun  adı  bəlli  olmayanda  insanlar  ərzağın  xarab  olmaması, 

suyun  sərin  qalması  üçün  müxtəlif  vasitələrdən  istifadə  edirdilər.  Suyu  kil  və 

kərpic  materialından  hazırlanmış  cürdək,  bardaqlara  töküb  torpağa  basdırar,  3-5 

metr quyu qazıb xarab olma təhlükəsi olan ərzaqları quyuya sallayardılar. Qafqaz 


xalqları  çirişdən  də  qab  düzəldər  və  o  qabın  içərisində  tez  xarab  olan  müxtəlif 

ərzaqlar saxlayırdılar.  

Son vaxtların məlumatlarına görə Orta Asiyada (çiriş növlərinin ən bol olan 

yeri)  çirişdən  «eremuran»  adlı  maddə  alınmışdır.  Həmin  maddə  ilə  hopdurulmuş 

polietilen örtük tərəvəzi 6 ay müddətində tər saxlamaq qabiliyyətinə malikdir. 

Çirişin bu xüsusiyyətindən istifadə edən Azərbaycan xalqı kərə yağını, südü, 

əti, tərəvəzi saxlamaq üçün müxtəlif qablar hazırlayırdılar. 

Səriştəsi  olan  qadın  və  kişilər  kətandan  (xırda  deşikli  kisə  materialı)  kuzə, 

bardaq  (cürdək),  sərnic,  parç  və  s.  formalı  əşyalar  tikib  hazırlayır,  sonra  onun 

içərisini  narın  qumla  doldururdular.  Çirişin  yarpaqları və  köklərinin  unundan qatı 

horra  hazırlayır,  qumla  doldurulmuş  qabların  xarici  tərəfindən  bu  horra  ilə 

suvayırdılar (yaxırdılar). Suvanmış qabı günün qabağında yaxşı-yaxşı qurudandan 

sonra onun içərisindəki qumu boşaldır, hazırlanmış qabda tez xarab olan istənilən 

ərzağı uzun müddət saxlayırdılar.  

 

 

 



 

 

   



Yüklə 305,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin