Kompüter səhiyyədə. Müasir cəmiyyətdə kompüterlərin səhiyyədə rolu günbəgün artır. Həkimlər kompüterlərdən bir çox məqsədlər üçün istifadə edirlər. Onlardan bir neçəsini sadalayaq:
1. Kompüter texnikasından diaqnozların qoyulmasında, müayinələrin aparılması və profilaktik yoxlamalarda geniş istifadə olunur.
2. Kompüter şəbəkələrinin köməyilə transplantasiya əməliyyatını gözləyən xəstələr üçün donor orqanları haqqında məlumatlar göndərilir.
3. Tibbi verilənlər bankı tibb işçilərinə son elmi və praktik nailiyyətlər haqqında məlumatlı olmağa kömək edir.
4. Kompüterlər havanın çirkliliyinin əhali arasında xəstəliklərin yayılmasına necə təsir etməsini müəyyənləşdirməyə kömək edir.
5. Kompüter texnikasından tibb işçilərinə praktik vərdişlərin aşılanmasında istifadə edilir. Bu zaman kompüter təcili tibbi yardıma ehtiyacı olan xəstə rolunda çıxış edir. Öyrənən, kompüterin verdiyi simptomlar əsasında müalicə kursunu müəyyənləşdirməlidir. Səhv olan kimi kompüter bu barədə xəbərdarlıq edir.
6. Kompüterlərdən epidemiyaların yayılma sürətini göstərən xəritələrin hazırlanması üçün istifadə edilir.
7. Kompüterin yaddaşında xəstəlik tarixçələri saxlanılır. Bu da həkimlərə yazı işlərinə deyil, xəstələrin özlərinə daha çox vaxt ayırmaq imkanı verir.
Kompüter ticarətdə. Supermarketlərin çoxunda hər malın üzərində barkod – müxtəlif qalınlıqda qara cizgilərdən ibarət etiket olur. Ödəmə zamanı barkod skanerdən (barkod oxucusundan) keçirilir. Bu skanerə bağlı kompüter barkodu qiymət siyahısında tapır və nəticəni kassa aparatına göndərir.
Barkod oxucusundan istifadə edən mağ zalarda, yaxud anbarlarda hər bir mal haqqında informasiya verilənlər bazasındasaxlanılır. Barkod mal və onun istehsalçısı haqqında informasiyanı özündə saxlayır.
Ən geniş yayılmış barkodlar 13 mərtəbəli Avropa kodu EAN-13 (European Article Numbering) və ABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. Bu sistemdə Azərbaycanın kodu 476-dır. İnformasiyalaşdırmanın ən mühüm istiqamətlərindən biri pul–kredit və maliyyə sahələrində elektron pula keçiddir.
Nağdsız ticarət. Getdikcə daha çox ticarət müəssisələrində Ödənişlər kredit kartları vasitəsilə aparılır. Kredit kartı olan alıcının bankdakı hesabından lazım olan məbləğ avtomatik silinərək, mağazanın bank hesabına köçürülür. Nağdsız ticarət sistemi POS (Points of Sale System) aşağıdakı funksiyaları yerinə yetirir:
• kredit kartlarının verifikasiyası, yəni onların həqiqiliyinin təsdiqi;
• alıcının hesabından pulun silinməsi;
• pulun satıcının hesabına köçürülməsi.
Kredit kartlarına məlumatlar maqnit yazısı üsulu ilə vurulur. Kredit kartında informasiyanı saxlamaq üçün maqnit kartından istifadə olunur. Maqnit kartına aşağıdakı informasiyalar yerləşdirilir:
• şəxsi hesabın nömrəsi;
• bankın adı;
• ölkə;
• müştərinin ödəniş qabiliyyətinin kateqoriyası;
• verilmiş kreditin miqdarı və s.
Bankomatlar. Bank avtomatları– bankomatlar (ATM – Automated Teller Machine), yaxud nağd ödəmə maşınlarının şəbəkəsi, ən geniş şəbəkələrdən biridir. Dünyadakı minlərlə bankın kompüterləri bir-birinə bağlanır. Bankomatlar banklar tərəfindən qabaqcadan kredit kartları verilmiş müştəriləri üçün quraşdırılır. Bunun da nəticəsində siz xarici ölkədə olarkən Azərbaycanda yerləşən bank tərəfindən verilmiş kredit kartından istifadə edərək, bankomatdan pul götürə bilərsiniz. Bankomatda iş prinsipi belədir:
1. Müştəri kartını avtomata yerləşdirir və avtomatın klavişlərindən istifadə edərək, öz şifrəsini yığır.
2. Kartın üzərindəki maqnit zolağında hesab sahibinin adı, hesab nöm rəsi və onun bağlı olduğu şəbəkə haqqında məlumatlar avtomat tərəfindən oxunur.
3. Avtomat (daha doğrusu, avtomatdakı kompüter) telefon xətləri vasitəsilə minlərlə bankın məlumatının saxlanıldığı mərkəzi kompüterə məlumat göndərir.
4. Mərkəzi kompüter hesabı yoxlayır və pulu vermək, yaxud istəyi rədd etmək haqqında bankomata məlumat göndərir.
Dostları ilə paylaş: |