Müəllim: M. Ağayev Fənn: Osmanlı tarixi Mövzu: Osmanlı-Səfəvi tarixinə ümumi baxış



Yüklə 89,79 Kb.
tarix28.04.2023
ölçüsü89,79 Kb.
#103959
Osmanlı-Səfəvi tarixinə ümumi baxış


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ





Ad: Nicat
Soyad: İsmayılov
Qrup: tar 2204
Müəllim: M.Ağayev
Fənn: Osmanlı tarixi
Mövzu: Osmanlı-Səfəvi tarixinə ümumi baxış


BAKI-2023
Osmanlı-Səfəvi tarixinə ümumi baxış
Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin əsaslarını möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu ən görkəmli dövlət xadimi kimi səciyyələndirir. Azərbaycan (qızılbaş) əyanları mühitində tərbiyə almış, bu mühitlə ayrılmaz tellərlə bağlı olan I Şah İsmayıl mülki və dini rəhbər kimi şəksiz nüfuzundan istifadə edirdi. Qızılbaş əmirlərinin itaətsizliyinin ən xırda əlamətlərinin qarşısını amansızlıqla alan I Şah İsmayılın ağıllı siyasəti sayəsində əsrin ilk rübündə mərkəzi hökumətin nüfuzu kifayət qədər yüksək idi. İsmayılın ölümündən sonra taxta onun oğlu Təhmasib keçir. Təhmasibin hakimiyyət illərində Osmanlı ilə münasibətlər daha da kəskinləşir. Sultan Süleyman dəfələrlə Azərbaycana hücum edir. Bu hücumlar sonradan iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə nəticələnir.
1555-ci il də Azərbaycanı işğal etmək cəhdlərinin nəticə vermədiyinə əmin olduqdan sonra Sultan Süleyman Səfəvilərlə sülh danışıqlarına başlamağa razı oldu. O, hələ Naxçıvandan geri qayıdarkən bu barədə baş vəzir Məhəmməd paşaya müvafiq göstərişlər verdi. Məhəmməd paşa isə sərhədyanı qızılbaş əmirlərinə məktub göndərərək şahdan Sinan bəyi azad etməyi və danışıqlar aparmaq üçün onunla öz nümayəndəsini göndərməyi xahiş etdi. Sinan bəy həbsxanadan azad edildi və onunla birlikdə Qacar tayfasının ağsaqqallarından biri – Şahqulu bəy də yola düşdü. Şahqulu bəy qayıtdıqdan sonra, sultan Amasyada olarkən özünü ona çatdırmış “Qaradağ sufilərinin” ağsaqqallarından biri – eşikağası Fərruxzad bəy, Səfəvi elçisi kimi sultanın yanına göndərildi. Burada aparılmış danışıqlar nəticəsində “Amasya sülhü” adı altında məşhur olan sülh müqaviləsi bağlandı. Farsdilli mənbələrdə bu sülhün dəqiq tarixi verilmir. Məsələn, Həsən bəy Rumluda Fərruxzad bəyin elçiliyi barədə məlumat hicri 961-ci (1554) ilə aid edilir. Qəffarinin və Əli Zeynalabdinin salnamələri haqqında da eyni sözləri demək olar. Bu hadisənin dəqiq tarixini göstərən türk mənbələrinə görə, Amasyada sülh hicri 962-ci il rəcəbin 8-də (1555-ci il mayın 29-da) bağlanmışdır.
Hammer bunu Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasında bağlanmış ilk rəsmi sülh müqaviləsi adlandırır. 1555-ci ilin sülh müqaviləsinə görə, Qərbi Gürcüstan vilayətləri (İmeretiya, Menqreliya, Quriya) Osmanlı Türkiyəsinin təsir dairəsinə keçirdi.
Şərqi Gürcüstan vilayətləri (Mesxiya, Kartliya, Kaxetiya) isə Səfəvilər dövlətinin hakimiyyəti altına düşürdü. Türkiyə tarixçisi İsmayıl Haqqı Uzunçarşılının belə bir iddiası heç nə ilə əsaslandırılmır ki, guya bu sülhə görə Azərbaycan (Təbriz də daxil olmaqla) Osmanlı Türkiyəsinin hökmranlığı altına düşmüşdür.
XVI əsrin birinci yarısında Osmanlı-Qızılbaş müharibələri Cənubi Qafqaz ölkələrinin xarici siyasət tarixinin ən əhəmiyyətli amillərindəndir. Osmanlı sultanları Səlim və Süleymanın Azərbaycanı zəbt etmək cəhdləri hər şeydən əvvəl iqtisadi mülahizələrdən, xüsusən də ölkənin ipək xammalının iri tədarükçüsü olmasından, təbii ehtiyatlarının zənginliyindən və nəhayət, Avropa və Asiyanın gəlirli tranzit ticarət yollarının Aəzrbaycandan keçməsindən irəli gəlirdi. Osmanlı Türkiyəsi Xəzər dənizinə çıxmaq və Orta Asiya ölkələri ilə bilavasitə əlaqələrə girmək üçün mümkün olan bütün tədbirləri görürdü. Yadda saxlamaq lazımdır ki, XVI əsrdə Osmanlı dövləti öz qüdrətinin ən yüksək dövrünü yaşayırdı. Onun sərhədləri Avropa, Asiya və Afrika qitələrini əhatə edirdi. İmperiyanın sərəncamında saysız-hesabsız canlı qüvvə və maddi ehtiyatlar, böyük hərbi potensial cəmləşmişdi. Osmanlı imperiyası yalnız Səfəvilər üçün deyil, hətta iri Avropa dövlətləri üçün də qorxulu düşmən idi. Buna görə də Avropa dövlətləri Səfəvilər dövlətinin simasında Osmanlı Türkiyəsinin hərbi qüvvələrinin xeyli hissəsini Avropadan yayındıran təbii və güclü müttəfiqlərini görürdülər. Osmanlı təhlükəsinin Avropa dövlətləri üçün nə dərəcədə qorxulu olduğunu alman imperatorunun Sultan Süleymanın sarayında olmuş səfiri Busbekin söylədiklərindən görmək olar. O yazırdı: “Yalnız Səfəvilər dövləti bizimlə fəlakətin arasında durur. Əgər Səfəvilər onu saxlamasaydı, Türkiyə bizi məhv etməyinə şad olardı. Onların arasındakı bu müharibə bizə qurtuluş deyil, yalnız tənəffüs verir”.
Osmanlı ordusu yalnız sayca və texniki təchizat (Səfəvilərdə olmayan böyük artilleriya cəbbəxanasının mövcudluğu) cəhətdən deyil, həm də qoşunun təşkilində, intizamda Səfəvi ordusundan xeyli üstün idi. Qızılbaşların ləyaqətini qeyd etmək lazımdır. Onlar türk qoşunlarına mətanətlə müqavimət göstərərək hər dəfə basqından sonra onları Azərbaycandan geri çəkilməyə məcbur edirdilər. Bu da nəzərə alınmalıdır ki, Səfəvilər dövləti tez-tez iki cəbhədə, həm türklərə qarşı, həm də ardı-arası kəsilməyən Xorasana soxulan özbəklərə qarşı müharibə aparırdı. Bu dövrdə Osmanlı diplomatiyasının səyləri ona yönəldilmişdi ki, “qızılbaş bidətçilərə” qarşı mübarizədə sünni dövlətlərini, o cümlədən Şeybanilər dövlətini Osmanlı Türkiyəsi ilə birləşməyə təhrik etsin. I Şah Təhmasibin öz silahdaşlarından birinin narahatlıqla verdiyi suala cavab bu dövrdə Səfəvilərin strategiyası üçün səciyyəvidir: “Mən atamın qaydası ilə hərəkət etməyəcəyəm. Bu düşmən (Osmanlı sultanı nəzərdə tutulur-red.) çox güclüdür. Mən onunla qarşı-qarşıya durmayacağam, lakin Həsən padşah (Ağqoyunlu Uzun Həsən nəzərdə tutulur) Sultan Əbu Səidə qarşı necə hərəkət etmişdisə, o cür onun ətrafında dövrə vurub, onun adamlarının qoşundan kənara çıxmasına, sonra isə ora qayıtmasına yol vermədən hərəkət edəcəyəm”.
Səfəvi ordusu əsasən cəld və manevr edə bilən süvari hissələrindən ibarət idi. Düşməni geri çəkilməyə məcbur etmək, onun qüvvələrini yayındırmaq üçün qızılbaş süvari dəstələri tez-tez düşmən ərazisinin içərilərinə basqınlar edir, Osmanlı ordusunun arxa cəbhəsini ağır vəziyyətə salırdılar. Bu müharibələrdə Osmanlı Türkiyəsi təcavüzkar, hücum edən tərəf olduğuna görə, qızılbaşlar öz strategiyalarını başlıca olaraq müdafiə üzərində qururdular. Türk ordusunun Səfəvilər dövlətinin ərazisində irəliləməsini daha çox çətinləşdirmək üçün onlar bir sıra tədbirlər görürdülər. Məsələn, Osmanlı ordusunun güman edilən yolu boyunca ərzaq ehtiyatları məhv edilir, içməli su mənbələri torpaqla doldurulur, buğda və digər dənli bitki əkinlərinə od vurulurdu. Osmanlılar Azərbaycan ərazisində olduqları zamanda da mübarizə dayandırılmırdı. Qızılbaş hissələri qəfil basqınlar edir, Osmanlı qoşunlarının ayrı-ayrı dəstələrini tələfata uğradır, onların burada sonralar da qalmasını dözülməz edən şərait yaradırdılar. Buna görə də türklər hər dəfə ölkədə qısa müddət qalır və geri qayıtmağa məcbur olurdular. Düşmənlə mübarizənin sonuncu mərhələsində qızılbaş qoşunları ağır yürüşdən, aclıq və xəstəliklərdən yorulmuş, geri çəkilən Osmanlı ordusunun ardınca gedir, ona canlı qüvvə cəhətdən təsirli itkilər yaradırdı. Sonra isə düşməni izləməkdə davam edərək sultanın tabeliyində olan əraziyə daxil olur, Kürdüstanda və Şərqi Anadoluda böyük dağıntılar törədirdilər. Qızılbaşlar Osmanlı Türkiyəsi ilə Səfəvilər dövləti arasındakı sərhəd ərazilərini boşaltmağa və əhalidən məhrum etməyə çalışırdılar. Bu, mümkün olan müharibələr zamanı düşmənin yürüşlərini çətinləşdirmək məqsədi güdürdü.
Qızılbaşların yuxarıda göstərilən müharibə strategiyası və taktikası I Şah Təhmasibin özünün yazdığı “Təzkirə”də yaxşı şərh olunmuşdur.
Təhmasib yazır: “Müharibədə düşmənə əlverişli imkan vermək olmaz. Əgər düşmən döyüşə can atırsa, imkan daxilində onunla üz-üzə döyüşdən çəkinmək lazımdır”. Sərhəd zolağında bütöv vilayətlərin viran edilməsinə şah aşağıdakı maraqlı mülahizələrlə haqq qazandırırdı:
“Biz hesablamışıq ki, xondkarın (Türk sultanı nəzərdə tutulur) qulluqçulardan başqa təxminən 300 min nəfərlik atlı qoşunu var. Və əgər hər birinin (süvarinin) bir qulluqçusu varsa, bu 600 min nəfər edir. Yeniçərilərdən başqa sultanın piyada qoşunu yoxdur. Əgər hər birinin bir atı və dəvəsi varsa, onda 600 min at və dəvə alınır. Bir eşşəyə isə hər gün 2 mən (batman) arpa, cəmisi 12 min xalvar yüz mən arpa tələb olunur. 600 min adamın hər biri gün ərzində yarım mən ərzaq işlədirsə, cəmisi 3 min xalvar 100 mən alınır. Deməli, bir gün ərzində 15 min xalvar 100 mən taxıl lazımdır. Tutaq ki, xodkarın 150 min xalvar 100 mən taxılı vardır. Qoşunlarda da həmçinin 150 min xalvar taxıl var. Halbuki, həmin 300 min xalvar taxılı daşımaq üçün 500 min dəvə tələb olunur. Bunun hələ döyüş sursatı, topları və başqa ləvazimat daşıyan dəvələrə dəxli yoxdur. 300 min xalvar taxıl onlara 20 günlüyə bəs edir. Biz torpaqlara od vurduqdan və hər şeyi yeyəndən sonra, onlarla üz-üzə vuruşmayıb dövrələrində fırlanmaqda davam etsək onlar nə nə edə bilərlər? Bəs onlar yeməyi haradan əldə edəcəklər? Bəs qızılın onlara nə faydası olacaq? Buna görə də qayıtmaqdan savayı onların bir çarəsi qalmır”.
Ehtimal etmək olar ki, etibarlı müdafiə olunmaq üçün düşmən qoşunlarının maksimum sayı nəzərdə tutulmuşdur. Osmanlı basqını əleyhinə Təhmasibin yuxarıda təsvir olunan mübarizə üsulu, düşmən hücumunun başlıca obyektləri olan Azərbaycan və Kürdüstanın bir sıra ərazilərini xarabazara çevirirdi. Şübhə yoxdur ki, bu vəziyyət həmin ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərirdi. I Şah Təhmasibin fikrincə, guya mərkəzi hökumət həmin vilayətlərin məcburən boşaldılmasını və kəndlilərin ağır vəziyyətini nəzərə alaraq vurulan zərərin əvəzini dövlət vergilərini azltmaqla, yaxud tamamilə ləğv etməklə ödəyirdi. Məsələn, o yazırdı ki, “Sultan Sivasda olanda mən hər mahalın kəndxudalarını və rəiyyətini yanıma çağırıb dedim ki, əgər biz sizin taxıldan istifadə etməsək xondkar onu mənimsəyəcəkdir. Buna görə də bizim onu yeməyimiz lazımdır. Nədən istifadə edə bilməsək, yandırarıq. Bunun əvəzində biz sizin əmlakınızı üç il müddətində vergilərdən azad edərik”.
I Təhmasib “viran edilmiş ərazi” taktikasını həyata keçirməkdə ilk və yeganə hakim deyildi. Bu taktika onun atası Şah İsmayıl tərəfindən, 1514-cü ildə edilməsi, I Səlimin Azərbaycana soxulmuş qoşunlarına qarşı da uğurla tətbiq edilmişdi. “Viran edilmiş ərazi” taktikasının tətbiqi Osmanlı qüvvələrinin böyük üstünlüyə malik olmasından irəli gəlirdi. Azərbaycana yürüşləri zamanı, yalnız Osmanlı sultanları onların tabeliyində olan Suriya, Misir, Ərəb İraqı və Kürdüstandan deyil, habelə istila etdikləri Avropa ölkələrindən (Macarıstan, Bosniya, Serbiya, Moldaviya və s.) toplamış olduqları böyük ordudan istifadə edirdilər. Bu taktika Osmanlı Türkiyəsi ilə müharibələrdəki kimi, düşmən tərəfin daimi üstünlüyünün mövcud olmadığı özbəklərlə müharibələrdə öz əhəmiyyətini itirirdi. Səfəvi-Osmanlı müharibələri dövründə qızılbaşlar yalnız özlərinin sərhədyanı ərazilərinin boşaldılması ilə kifayətlənmir, Osmanlı Türkiyəsinin qonşu ərazilərinə də böyük ziyan vururdular. Məsələn, İskəndər Münşinin söylədiyinə görə, I Süleymanın üçüncü yürüşü zamanı osmanlı qoşunları Azərbaycandan çəkilməyə başlayanda, qızılbaş qoşunları geri çəkilən düşməni təqiib edərək Şərqi Anadoluda böyük dağıntılar törətmişdilər. Tarixçi yürüşün şərhini aşağıdakı şəkildə başa çatdırır: “Sultan-Süleymanın Əcəm ölkəsinə (Səfəvilər dövlət nəzərdə tutulur) gəlişi ilə vurulmuş zərər və itkinin əvəzi on qat artıq ödənildi. Bu yürüşdə qalibiyyətli qazilərin qisasçı qılınclarının sayəsində təqribən 20 min türk viran edilmiş yollardan keçərkən öldürüldü. I Şah Təhamasib Ərzincandan geriyə dönüb İrəvana gəldi. Oradan isə Qarabağ istiqamətində hərəkət etdi”.
Həmzə Mirzənin ölümündən sonra Səfəvilər dövlətində ara müharibələri və feodal özbaşınalığı dövrü başlandı. Şah Məhəmməd Xudabəndə dövlət işlərini öz əlinə almaq və ölkəni yaxınlaşmaqda olan daxili parçalanmadan və genişlənən düşmən işğalından xilas etmək üçün cəhdlər göstərdi. Lakin bu vəzifə zəif iradəli şahın bacaracağı iş deyildi. Əyanların özlərinin və bir-biri ilə düşmənçilik edən dəstələrinin arasında çəkişmə başlandı. 
Kaşan bəylərbəyi Vəlican xan Türkman, Kirman bəylərbəyi Vəli xan Afşar, İsfahanda yaşayan Afşarlar, Farsdakı Zülqədərlər Abbas Mirzəni şah kimi tanıdılar. Ölkədəki bu vəziyyətdən istifadə edən osmanlıların Təbrizdəki valisi Cəfərpaşab bir sıra məntəqələri də ələ keçirdi. Eyni vaxtda özbək hakimi Abdullah xan Herata qoşun yeritdi. Səfəvilər İmperiyasının bu çətin günlərində Mürşüdqulu xan Ustaclı kiçik hərbi dəstə ilə 1587-ci ildə Qəzvinə daxil oldu. Qızılbaş əmirlərinin çoxu onun iradəsinə boyun əyərək, Abbas Mirzənin hakimiyyətə keçməsinə razılıq bildirdilər. Xarici yürüşlərin, daxili çəkişmələrin Səfəvi dövlətini sarsıtdığı bir vaxtda Abbas Mirzə şahlıq taxtına oturdu.
Osmanlı komandanlığı Həmzə Mirzənin ölümündən, kəskin ziddiyyətlərin qızılbaş əmirlərinin çəkişmələrinin sarsıtdığı Səfəvilər dövlətinin ağır daxili vəziyyətindən tezliklə istifadə etdi. Təbrizdəki Osmanlı qalasının qalabəyi Cəfər paşa Təbrizdən çıxaraq, nəinki onun ətrafındakı yerləri, habelə Azərbaycanın cənub hissəsindəki bir çox əraziləri də ələ keçirməyi mümkün saydı.
Kürd əmirlərinin köməyi ilə Cəfər paşa Ərdəbildən Təbrizə hərəkət edən qızılbaş dəstəsini darmadağın edib geri çəkilməyə məcbur etdi. Düşmənin bu müvəffəqiyyəti Qaradağ hakimi Xəlifə Ənsarın oğlu Şahverdi xanın xəyanət etməyinə gətirib çıxardı. O, sultana öz itaətkarlığını bildirdi. Bunun nəticəsində Ordubad, Mərənd, Dizmar, Gərgər və qonşuluqdakı ərazilər Cəfər paşanın əlinə keçdi. 1588-ci ildə Cığaloğlu Sinan paşa otüz minlik qoşunla Bağdaddan Həmədana yeridi və qızılbaşların tərk etdiyi Nəhavəndi döyüşsüz ələ keçirdi. Sinan paşa qalada iki min nəfərlik hərbi hissə yerləşdirərək geri qayıtdı. Qızılbaşların qalanı geri qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Onlar məğlubiyyətə uğradılar. Başçıları olan Həmədan bəylərbəyi Qorxmaz xan Şanlı isə əsir düşdü.
Bu zaman sultan qoşunları o vaxta kimi Məhəmməd xan Ziyadoğlu-Qacarın əldə saxladığı Qarabağı tutdular. Gürcüstandan keçib gələn Fərhad paşa Gəncə və Bərdəyə daxil oldu, burada da Osmanlı hərbi hissəsini yerləşdirdi. Qarabağ Osmanlı qoşunları tərəfindən talan edildi.
Osmanlıların darmadağın etdiyi qacar və iyirmidörd tayfaları Arazın cənub sahilinə geri çəkildilər. Bunun ardınca Naxçıvan tutuldu. Beləliklə, 1586–1589-cu illərdə demək olar ki, bütün Azərbaycan tədricən Sultan III Muradın orduları tərəfindən tutuldu. Özbək hakimlərinin Xorasana basqınları Osmanlıların müvəffəqiyyətlərini əhəmiyyətli dərəcədə yüngülləşdirmişdi.
Şah Abbas Səfəvi taxt-tacının sahibi olandan sonra dərhal Osmanlı sərdarı Fərhad paşaya məktub yazaraq, sülh bağlanması üçün köməklik göstərilməsini ondan xahiş etdi: "Aramızdakı fitnənin aradan götürülməsi üçün vəkilim olan Mürşüdqulu xan islam padişahının hüzuruna yollandı. Bu xan bizim şahzadənin göndərilməsi haqqında sizə bəzi məsələləri deyəcəkdir. Mən, həmçinin, o əzəmətli vəzirdən gözləyirəm ki, aramızda sülhün bərqərar olmasından ötrü elə səy etsin ki, bu iş tarixin səhifələrinə zəbt olunsun."
Nəhayət 1590-cı ildə 12 il davam edən Səfəvi-Osmanlı döyüşlərinə son qoyuldu. III Sultan Murad tərəfindən Şah Abbasa ünvanlanan məktubda qalib tərəfin hökmdarı yazırdı: "Dörd yüz ilə yaxındır ki, mənim əcdaımın hər biri cahid yolu ilə getmiş və kafirlərin fitnə fəsad atəşinin söndürülməsinə çalışmışdır. Mən də bu işlə məşğulam. Taxt-tac sizə çatanda siz də sülh barədə düşündünüz, məktub yazdınız. Mirzə Heydəri yolladınız, elçi sifətilə Ərdəbil hakimi Mehdiqulu xanı göndərdiniz. İndi siz babanız Şah Təhmasibin qəbul etdiyi yolu tutun, açıq-aşkar bizimlə söyüşməkdən çəkinin, öz lənətlər yağdıran ağzınızı bağlayın, sünnilərə nifrət etməyi kiməsə məsləhət bilməyin. Xülasə, bizim zorla ələ keçirdiyimiz, ya sakinlərin özləri itaətə gələn bütün yerlər daha qızılbaş hücumu və təcavüzündən azaddır. Sülh müqaviləsi imzalanandan sonra, düşmənçilik və üsyan yoluna düşən adamlara, əgər onlar sizdən sığınacaq istəsələr belə, sığınacaq verilməsin."
Şah Abbas daxili çəkişmələri aradan qaldırmaq üçün Osmanlı dövləti ilə sülh müqaviləsi imzalamaq istəyirdi. Osmanlı dövləti də sülh müqaviləsinə meyl göstərirdi. Uzun sürən savaşlar Osmanlı dövlətində maliyyə çətinlikləri yaratmışdı, tutulan torpaqları əldə saxlamaq üçün çoxlu güc tələb olunurdu. ilk addımı Şah I Abbas atdı. O, 1590-cı ildə Həmzə Mirzənin oğlu Heydər Mirzəni İstanbula göndərdi. Həmin ildə tərəflər arasında sülh imzalandı. İstanbul və ya Fərhad paşa müqaviləsi adlanan bu müqaviləyə görə Səfəvi dövləti Azərbaycan, Gürcüstan, Çuxursəəd və Dağıstan üzərində Osmanlı dövlətinin hakimiyyətini tanımalı oldu. Şah Abbas aşağıdakı öhdəlikləri üzərinə götürdü: məzhəb ayrılığına görə insanlar incidilməməli, peyğəmbərin əshab və xəlifələrinə qarşı pisləmələrə və təhqirlərə yol verilməməli, 22 mart 1590-cı ilə qədər hər iki tərəfin əllərində olan torpaqlar özlərində qalmalı idi. 1590-cı il İstanbul sülhünə görə Azərbaycandan əlavə, Cənubi Qafqazın digər əraziləri, habelə İranın qərb vilayətləri – Nahəvənd, Luristan, Şəhrizur Osmanlı İmperiyasına verildi.


ƏDƏBİYYAT SİYAHISI

  1. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: ”Şərq-Qərb”. 2007. 444 səh + 8 səh. (illüstrasiya). ISBN 978-9952-34-101-0.

  2. Şahin Fərzəlibəyli. Azərbaycan və Osmanlı İmperiyası (XV–XVI əsrlər). Bakı: ”Azərbaycan Dövlət Nəşriyyatı”. 1995.

  3. Süleyman Əliyarlı. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı: “Azərbaycan” nəşriyyatı. 1996. 872 səh.

  4. Bəymirzə Şabıyev, Zabil Bayramlı. Azərbaycan Səfəvilər dövləti (XV-XVI əsrlər) təkmilləşdirilmiş ikinci nəşri. Bakı: ”Elm və təhsil”. 2017. 360 səh.

Yüklə 89,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin