Müəllim: Tili Rəhimova Fənn: İxtisasa giriş



Yüklə 207,69 Kb.
səhifə2/4
tarix13.04.2023
ölçüsü207,69 Kb.
#97168
1   2   3   4
Həyat və yaradıcılığı
XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.
Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır.
Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."
Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mömünə Xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Mömünə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. O,1175-ci ildə dünyasını dəyişir. Bundan az sonra Eldəniz özü də rəhmətə gedir və yalnız 1186-cı ildə başa çatmış məqbərənin tikintisini onların oğlu Cahan Pəhləvan davam etdirir. Bu məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəsik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və məqbərənin bəzəyi sayılır. Hündürlüyünə və monumentallığına baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldıldığından xəbər verir. 
Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleks də qadın — Mümtaz Mahalın (1648-ci il) şərəfinə, həm də Cahan adlı türk hakimi tərəfindən ucaldılmışdır. Möminə xatun məqbərəsi haqqında akademik V. M. Alpatovun "Ümumi incəsənət tarixi" külliyyatında deyilənlərə nəsə əlavə eləmək çox çətindir. O yazır:
"Bu cür inkişaf tapmış forma hissiyyatı, bu cür klassik kompozisiya bitkinliyi və kompozisiyanın gerçəkləşdirilməsindəki bu cür kamillik o dövrlərdə Orta Avropa arxitekturasında rast gəlinmir. Klassik şərq ədəbiyyatının ən gözəl nümunələrindən olan Firdovsinin (X-X1 əsrlər) "Şahnamə", Nizaminin (XII əsr) "Leyli və Məcnun" kimi ölməz poemalarında olduğu kimi, Naxçıvandakı bu məqbərə də bəşəri mahiyyəti ilə fərqlənir."
İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin altında olur, yerüstü hissəsi isə bəzən hətta 30 metrə qədər yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi. Böyük memar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla gerçəkləşdirə bilmişdi.
Bu meydanda yerləşən tikililərdən biri də hansısa möhtəşəm bir memarlıq abidəsinin qoşa minarəli piştağıdır. Həmin abidə XIX əsrdə dağıdılmış, onun şəkilləri və təsviri isə qalmışdır. Abidə dağıdılmamışdan onun üzərindəki "Memar Əcəmi ibn Əbubəkr Naxçıvaninin əsəridir" sözləri aydın oxunurdu.
Piştağ 1187-ci ildə, Mömünə Xatun türbəsindən bir il sonra tikilmişdir. Mütəxəssislər təsdiq edirlər ki, qoşa minarəli portal kompozisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu kompozisiyaya tez-tez rast gəlinir.
Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir Cümə məscidi (Cümə məscidi (Naxçıvan))də daxil idi. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilmişdir. XIX əsrin ortalarında V. Engelqart "Qafqaz" qəzetində bu məscid haqda yazırdı:
"Bu — yonulmuş daşlardan tikilmiş və tağları olan nəhəng bir binadır. İçəridə hələ də gözəl relyefli oymaların izləri qalmaqdadır. Məscidin bir hissəsi artıq dağılıb, o biri his-səsi isə dağılmaq üzrədir. Məsciddən 50 sajen aralıda hündürlüyü 20 sajenə çatan qoşa minarəli darvaza yerləşir. Darvaza da həmin kompleksə daxildir. Əvvəllər məscidlə darvazanın arasındakı yerdə müxtəlif tikililər olub, ancaq indi bunlar yoxdur və adama elə gəlir ki, darvaza bir qədər yaxındakı tənha qalaya aiddir."
Tamamilə mümkündür ki, həmin- boş qalmış yerdə adətən belə komplekslərə daxil olan mədrəsələr və ya karvansaralar da tikilibmiş. Üstəlik Bretanitskinin yazdıqına görə, atabəyin Naxçıvanda Möminə xatun vəqfinə daxil olan bir mədrəsə tikdirdiyi qeyd edilmiş yarlıq da mövcuddur. 
Maraqlıdır ki, zaman keçdikcə Əcəminin ustalıqı ilə bərabər, cəmiyyətdə tutduqu mövqe də artır. Bunu məlum abidələrdə onun adının yazılış forması da aydın köstərir. Yusif ibn Küseyrin məqbərəsində bu yazı o qədər namünasib şəkildədir ki, ilk tədqiqatçılar hətta bunu körə də bilməmişlər. Üstündən 20 il keçdikdən sonra Möminə xatun məqbərəsində isə həmin yazı girişin üzərində və diqqəti cəlb edən bir tərzdə həkk olunmuşdur. Növbəti yazı isə monumental piştağın üzərindədir.
Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Əcəminin adı Azərbaycan ictimai fıkrində intibah, humanizm ideyalarının yayıldığı 12-ci əsrin görkəmli simaları arasında şərəfli yer tutur. Eyni zamanda, dövrünün memarları içərisində Əcəmi daha çox yaratdıqlarının elmə bəlli olması ilə seçilir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü "Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar" adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adı vermişdilər.
Əcəminin yaradıcılığı 12-ci əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli". Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Mömünə xatun türbəsi monumental abidədir.
Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir - Marağadakı Göy günbəz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsi (13 əsr), Qarabağlar türbəsi (12-14 əsrlər), Bərdə və Səlma türbələri (14 əsr), türk memarı Sinanın (16 əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-ci ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir.
H. İbrahimovun "Əsrin onda biri" romanı, Kəmalənin "O bizim dağların oğlu idi" pyesi Əcəmiyə həsr edilmişdir. 1976-cı ildə anadan olmasının 850 illiyi geniş qeyd olunmuşdur. Naxçıvan şəhərində Əcəmi Naxçıvanskinin büstü ucaldılmışdır.



Yüklə 207,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin