MÜHAZİRƏ : ________________ 2020-ci il
MÖVZU: Azərbaycan Respublikasında müasir vergi sistemi və onu müddəaları
Plan:
1. Vergi və ona tətbiq olunan vergi qanunvericiliyi,
2.Vergilərin müəyyən olunmasının əsasları və şərtləri,
3.Vergitutmanın forma və metodları,
4.Vergi anlayışı və onun elementləri.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.
Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.
Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir. Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı AzərbaycanRespublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.
1.Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.
2.Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.
3.Hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.
4.Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.
5.Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
6.Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.
Azərbaycan Respublikasına gətirilən mallar üçün həmin malların hansı ölkədən gətirilməsindən asılı olaraq bu Məcəlləyə və gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür.
7.Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir.
8.Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
9.Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin.
10.Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
11.Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
12.Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla azad tanış olmaq imkanı təmin edilməlidir.
Vergilərin müəyyən edilməsinin əsas şərtləri
Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:
1. vergitutma obyekti;
2. vergitutma bazası;
3. vergi dövrü;
4. vergi dərəcəsi;
5. verginin hesablanması qaydası;
6. verginin ödənilməsi qaydası və müddəti.
Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.
Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.
Vergitutma bazası — vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.
Azərbaycan Respublikasında vergi sistemi
Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
1. dövlət vergiləri;
2. muxtar respublika vergiləri;
3. yerli vergilər (bələdiyyə vergiləri).
Dövlət vergiləri dedikdə, bu Məcəllə ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.
Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında bu Məcəlləyə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.
Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.
. Azərbaycan Respublikasında bu Məcəlləyə uyğun olaraq xüsusi vergi rejimi tətbiq edilə bilər.
Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.
Dövlət vergiləri
Dövlət vergilərinə aşağıdakılar aiddir:
1. fiziki şəxslərin gəlir vergisi;
2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa);
3. əlavə dəyər vergisi;
4. aksizlər;
5. hüquqi şəxslərin əmlak vergisi;
6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi;
7. yol vergisi;
8. mədən vergisi;
9. sadələşdirilmiş vergi;
Bu Məcəllə ilə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir.
Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri bu Məcəllədə müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.
Muxtar respublika vergiləri
Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan bu Məcəllənin 6.1-ci maddəsində sadalanan dövlət vergiləri aiddir.
Yerli vergilər (bələdiyyə vergiləri)
Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:
1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
2. fiziki şəxslərin əmlak vergisi;
3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.
Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycan Respublikasının pul vahidi — manatla hesablanır və ödənilir.
Vergitutmanın formaları
Vergi məbləğləri aşağıdakı formalarda tutulur:
1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);
2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);
3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:
Şəxs — istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi.
Hüquqi şəxs — Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar.
Fiziki şəxs — Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs.
Vergi ödəyicisi — bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs.
Mal — hər hans
ı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su.
ƏDV-nin depozit hesabı — ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.
Əsas vəsaitlər — istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.
Faizlər — borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.
Xalis mənfəət — mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.
Əmlak — hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri.
Əmlakın qalıq dəyəri —əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.
Nəzarət-kassa aparatı — malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri.
Malların ixracı — gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
Malların idxalı — gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi.
Qeyri-maddi aktivlər — intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.
Malların təqdim edilməsi — mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi.
Xidmət (iş) –– malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.
İri vergi ödəyicisi — bu Məcəllənin məqsədləri üçün aşağıdakı meyarlardan ən azı birinə uyğun olan vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla):
1. əvvəlki 3 ilin hər birində mulkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olduqda;
2. son 3 vergi ili ərzində bu Məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olduqda;
3. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri.
Ədəbiyyat siyahısı:
1.Azərbaycan Respublikasının Vergi Məcəlləsi-2020
2.Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet saytı:(WWW.taxes.gov.az)
3.Vergi Məcəlləsinin xüsusi hissəsinin PRAKTİK İZAHI (dərs vəsaiti)-2020
4.Vergilər qəzetinin nömrələri.
Dostları ilə paylaş: |