Antantanın yaradılması. 1902-ci ildə İngiltərə özünün xarici siyasətində olan çətinlikləri aradan qaldırdı.Almaniya ilə danışıqların uğursuzluqla nəticələnməsi ingilis diplomatiyasının qəti istiqamət götürməsinə təsir göstərdi.İngilis-yapon müqaviləsinin bağlanması ilə İngiltərə yaponların əli ilə Çində öz mənafelərini qorudu.Eyni zamanda 1902-ci ildə ingilis-bur müharibəsi başa çatdı.Bundan sonra İngiltərə ilə Fransa arasında müstəmləkə mübahisələrini tənzimləmək üçün danışıqlar başlandı.Gənc alman imperializminin iddiaları,müstəmləkələrdən İngiltərə və Fransanı vurub çıxartmaq,Avropada hegemon rol oynamaq istəkləri ingilis və fransız diplomatiyasını daha da yaxınlaşdırdı.Hər iki qocaman müstəmləkə dövləti qarşılıqlı razılığa gəlməyi vacib hesab etdilər.Almaniyanın müstəmləkə iddiaları İngiltərənin ardınca müstəmləkələrinin həcminə görə dünyada ikinci olan Fransa üçün də təhlükəli idi.
XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdəki mövcud şərait də Fransanı İngiltərə ilə yaxınlaşdırmağa məcbur edirdi.XIX əsrin 90-cı illərinin sonunda Fransanın müttəfiqi olan Rusiyanın hərbi qüvvələrinin və maliyyə vəsaitlərinin xeyli hissəsi Uzaq Şərqdə cəmlənmişdi.Burada alman-rus ekspansiyasına şərait yaradırdı.Alman diplomatiyası rus ekspansiyasını genişləndirməyə rəvac verərək,ondan Yaponiyaya,İngiltərəyə və ABŞ-a qarşı istifadə etmək istəyirdi.Belə şəraitdə fransız diplomatiyası Rusiyanın diqqətini Uzaq Şərqdən ayırıb Avropaya cəlb etməyə çalışırdı.O,Avropada alman hegemonluğuna qarşı dura biləcək rus-fransız müttəfiqliyi yaratmaq istəyirdi.Fransanın İtaliya ilə yaxınlaşması fransız diplomatiyasının mövqelərinin möhkəmlənməsinə kömək etdi.Lakin 1898-ci ildə fransız-italiyan ticarət müqaviləsinin imzalanması ilə Fransa-İtaliya gömrük münaqişələrinə son qoyuldu.1900-cü ildə iqtisadi böhran zamanı İtaliyaya lazım olan krediti Paris birjasından aldı.İqtisadi cəhətdən yaxınlaşmanın ardınca Fransa və İtaliya arasında iki mühüm siyasi saziş imzalandı.1900-cü ildə imzalanmış birinci sazişə görə,Fransa Tripolitaniyada,İtaliya isə Mərakeşdə maraqları olmadıqlarını bildirdilər.Fransa Mərakeşi tutardısa,İtaliya da Tripolitaniyanı tuta bilərdi.1902-ci il sazişinə görə tərəflərdən biri başqa dövlət və ya dövlətlər qrupu tərəfindən təcavüzə məruz qalardısa,digər tərəf qəti şəkildə bitərəf olmalı idi.Eyni zamanda,tərəflərdən biri öz şərəfini və təhlükəsizliyini qorumaq məcburiyyətində qalıb müharibə elan edərdisə,digər tərəf yenə də bitərəf qalmalı idi.Lakin İtaliyanın birtərəfliyinin təmin edilməsi Fransanı tam qane etmirdi.Fransa İngiltərə ilə yaxınlaşmağa can atırdı.Belə şərait ingilis-fransız danışıqlarının başlanması üçün imkanları artırırdı.
Aparılan danışıqlar 1904-cü ilin aprelində İngiltərə ilə Fransa arasında əsas müstəmləkə məsələlərinə dair sazişin imzalanmasına gətirib çıxartdı.Sazişə görə Fransa İngiltərənin Misirdəki fəaliyyətlərinə mane olmamağı öhdəsinə götürürdü.Əslində fransız diplomatiyası on illər boyu iki ölkə arasında Misirdə davam edən ixtilaflardan İngiltərənin xeyrinə imtina edirdi.Beləliklə,Fransa Misiri İngiltərənin nüfuz dairəsi kimi tanıyırdı.Buna cavab olaraq İngiltərə Mərakeşdə Fransanın hərəkətlərinə mane olmamağı öz üzərinə götürürdü.İmzalanmış xüsusi məxfi sazişdə göstərilirdi ki,Mərakeş sultanı öz hakimiyyətini həyata keçirə bilmədiyi təqdirdə Mərakeş ərazisinin Cəbəllütariq boğazına qədərki zolağı İspaniyanın əlinə keçməli idi.Belə olduqda Mərakeşin bütün digər ərazilərini Fransa tutmalı idi.İngilis hökuməti Cəbəllütariq boğazı sahilində güclü Fransanı deyil,zəif və İngiltərə üçün təhlükəsiz olan İspaniyanı görmək istəyirdi.
Dostları ilə paylaş: |