Hərbi təhlükənin artması. 1911-ci ildən başlayaraq beynəlxalq münasibələrdə müharibə təhlükəsi daha da artdı.Bu təhlükə bir neçə istiqamətdə gücləndi:böyük dövlətlər arasında dünyanı bölmək uğrunda mübarizə son həddə çatdı;dövlətlərin daxili vəziyyəti kəskinləşdi;müstəmləkələrdə milli-azadlıq hərəkatı gücləndi.Bəzi dairələr daxili problemləri həll etməyin yolu kimi xaricdə uğurlu hərbi əməliyyatlar aparmağa üstünlük verdilər.Belə gərgin vəziyyətdə Üçlər ittifaqı və Antanta dövlətləri sürətlə müharibəyə hazırlaşdılar.Hər iki hərbi blok güclü silahlanmışdı.1905-1914-cü illərdə beş böyük dövlətin-İngiltərə,Fransa,Rusiya,İtaliya və Avstriya-Macarıstanın hərbi büdcəsi 73% artmşdı.1913-cü ildən alman ordusu maddi və insan ehtiyatlarından maksimum dərəcədə istifadə edərək nəhəng qüdrətə çatdı.Fransa baş qərargahından fərqli olaraq,almanlar müharibə olacağı təqdirdə ehtiyat birləşmələr üçün kadr və silahlar hazırlamışdı.Alman ordusu Avropada ən çox saylı zabit heyətinə malik idi.Onun maddi-texniki üstünlüyü şəksiz idi.Alman hərbi sənayesi öz istehsal gücünə görə birlikdə fransız və rus hərbi sənayesindən üstün idi.Nəhayət,Almaniyanın dəmiryolları Fransa və Rusiyadan daha yaxşı idi və hərbi məqsədlərə kifayət qədər yaxşı tabe etdirilmişdir.Antanta ölkələrinə nisbətən Almaniya səfərbərliyi daha sürətlə həyata keçirə bildi.Almaniya istənilən cəbhə nöqtəsinə zaman etibarilə rəqiblərindən daha tez qoşun çıxara bilərdi.Almaniya hökümətinin tələbi ilə Reyxstaq yeni hərbi gəmilərinin qurulması üçün ayrılan vəsaitə 1912-ci ildə növbəti beş ildə daha üç drednout qurulması üçün yeni vəsait əlavə etdi.Almaniyanın düşmənləri ləng də olsa silahlanırdılar.1913-cü ildə Fransa iki illik hərbi xidmətdən üç illik hərbi xidmətə keçməklə dinc şəraitdə ordusunun tərkibini 30% artırdı.Rusiya öz ordusunu fransız istiqrazlarının köməyi ilə silahlandırdı.Rus höküməti böyük hərbi proqramını 1917-ci ildə qurtarmağı nəzərdə tuturdu.Almaniyanın müttəfiqi olan Avstriya-Macarıstan isə milli-azadlıq hərəkatının təsiri ilə daxildən parçalanmağa doğru gedirdi.Hər iki blok dövlətləri müharibəyə başlamaqdan ötrü kiçik bəhanə axtarırdılar.