XVII mühazirə: İngiltərə XIX əsrin son rübü XX əsrin əvvəllərində
Dünya sənayesi inhisarçılığının itirilməsi. XIX əsrin 70-ci illərində İngiltərə böyük sarsıntılar keçirirdi. 1873-cü ildən sənaye, kənd təsərrüfatı, ticarət və maliyyə işi uzun müddətli ağır böhranla üzləşdi. Və İngiltərə sənaye üstünlüyünü həmişəlik olaraq itirdi. 1870-1914-cü illərdə dünyada sənaye istehsalı dörd dəfə artdığı halda, İngiltərədə bu göstərici 2 dəfə olmuşdur. Beləliklə dünya sənaye istehsalında İngiltərənin payı üçdə-birdən yeddidə-birə düşdü. 80-ci illərin əvvəllərində ABŞ, XX əsrin əvvəllərində isə Almaniya İngiltərəni ötüb keçdi. Dünya satış bazarlarında İngiltərə üstünlüyü hələ də əldən verməməsinə baxmayaraq sonuc acınacaqlı oldu.
Ümumiyyətlə dünya ticarətində İngiltərənin payı 1870-ci ildə 22%, 1900-cü ildə 19%, 1913-cü ildə isə 13% olmuşdursa, müvafiq qaydada Almaniyanın payı 13%, 13%, 13% ABŞ-ın payı isə 8%, 12%, 11% olmuşdur.
Qeyd etmək lazımdır ki, okeanın o birisi tayından gətirilən mallar asanlıqla İngiltərənin daxili bazarlarına daxil olurdu. Almaniya sənayesinin məhsulları belə İngiltərədə hər addımda qarşıya çıxırdı. Hətta E.Vilyamsın “Almaniyada istehsal olunmuş” adlı kitabında bu həyəcanlı tonda xəbər verilirdi.
Proteksionizmə keçməyi təkid edən çağırışlar genişlənirdi. Lakin bu siyasətin xeyrinə yönəlmiş və Cozef Çemberlen tərəfindən inkişaf etdirilmiş təbliğat xalq tərəfindən inamsızlıqla qarşılandı. Proteksionizm ölkə daxilində həm xammala, həm ərzağa, həm də ucuz işçi qüvvəsinə malik gənc kapitalizm üçün yararlı idi. Bunların heç biri isə İngiltərədə mövcud deyildir. Himayə edici rüsumlara keçid isə qiymətlərin artmasına imkan yaradırdı ki, bu da nəinki istehsalçını, hətta müəssisə üçün xammal gətirən sahibkarda da narahatlıq yaradırdı. İstehsalın təmərküzləşməsi, maliyyə kapitalının gücü, milyardların xaricə axını böyük əhəmiyyət kəsb edirdi. İstehsalın təmərküzləşməsinə görə İngiltərə rəqiblərindən çox geridə qalsa da maliyyə sahəsində hələ də güclü idi. Belə ki, dünyanın ən çox ticarət edən ölkəsi İngiltərədə xarici investisiyalardan gələn mədaxillər 1862-1900-cü illərdə 150 milyondan 2 milyard fund-sterlinqə kimi artmışdır. Bu isə xarici ticarətdən gələn gəlirdən 5 dəfə çox idi. İngiltərə sənayesinin bəzi sahələrinə rəqiblərin hücumu öz təsirini çox zəif göstərirdi. Klayd və Tayn tərəfindən isyehsal edilən gəmilərin dənizdə üzmə keyfiyyətinə görə analoqu yox idi. İngiltərədə istehsal olunan dəzgahlar dünyada məmnuniyyətlə alınırdı Hətta ABŞ belə maşın ixracına görə İngiltərədən geridə qalırdı. İmkanlı avropalı və amerikalı Lidsedə istehsal olunan yun paltarları geyinirdilər. İngiltərədən ixrac olunan kömür kütləsi də 15 dəfə artaraq 58 milyon tona çatmışdır. İngilis ticarət gəmilərinin su tutumu ən yaxın rəqibinindonanmasına məxsus gəmilərin su tutumundan 5 dəfə artıq idi.
V.Qladson və B.Dizraelinin aparmış olduqları sosial islahatlar aşağı təbəqənin insanlarına da nəisə vermiş oldu. Məlumatlara görə XIX əsrin son rübündə nominal əmək haqqının artımı toxucularda, tikinti işçilərində, metalruqlarda 10%-i ötmüşdürsə mədənçilərdə bu göstərici 20% olmuşdur. Qiymətlərin hissediləcək dərəcədə aşağı düşməsi real gəlirlərin hərəkətli görüntüsünü daha təsirli etmişdir. Buxar mühərrikinin təkmilləşdirilməsi ilə taxılın ABŞ, Kanada və Argentinadan gətirilməsi gəlirli işə çevrlmişdir. Çünki bu ölkələrdə yüksək rentabelli fermer təsərrüfatları ucuz buğda yetişdirirdilər. Okeanın o tayından taxıl gətirilməsi təkcə çörəyin deyil, həm də digər kənd təsərrüfatı məhsullarının qiymətinin enməsinə səbəb olmuşdur. Məhz elə bu vaxt soyuducularla təchiz olunmuş gəmilər meydana gəldi ki, Ynei Zellandiya və Avstraliyadan dondurulmuş qoyun əti daşınmağa başlandı. Qablaşdırma sənayesi də dirçəldi. Artıq yemək süfrələrində marqarin yağı görünməyə başlandı.
Dostları ilə paylaş: |