2-ci sual. Yaşanılan və ya keçmişdə yaşanılmış zorakılıq ciddi psixoloji çətinliklərin inkişafına gətirib çıxara bilər. Ona görə də hesab edilməməlidir ki, bu çətinliklər birdən və ya tədricən öz-özünə keçib gedəcək. Yəni zorakılığa məruz qalmış insanlara vaxtında kömək göstərilməlidir. Zorakılığa məruz qalmış insanlara köməyin göstərilməsi zorakılığın mümkün nəticələrinin zəiflədilməsi və ya maksimum aradan qaldırılmasına istiqamətləndirilməlidir. Bu iş profilaktik, diaqnostik və psixoterapevtik-korreksion xarakterli tədbirləri özündə ehtiva edir. Mütəxəssislər zorakılığa məruz qalan uşaqlara və yeniyetmələrə yardımın aşağıdakı xüsusiyyətlərini ayırırlar:
Uşaq və yeniyetmələrin əsas hüquqlarını tanımaq; yaşamaq hüququ, şəxsi toxunulmazlıq, müdafiə, ləyaqətli mövcudluq;
Anonimlik və ya məxfilik. Bu, zorakılığa məruz qalanın köməyə müraciət etməsi ehtimalını artırır;
Təhlükəsizlik hissinin yaradılması. Zorakılığa məruz qalmış şəxsdə bu hissin formalaşdırılması səmərəli köməyin əsasıdır.
Zorakılığa məruz qalanın həyatı və rahatlığı təhlükədə olduğu hallarda psixoloq situasiyaya müdaxilə etməyə borcludur.
Uşaqlara və yeniyetmələrə göstəriləcək köməyin mühüm aspektini onlara əsas hüquqlarının izah edilməsi təşkil edir:
Baş vermiş hadisə xoşagəlməzlik yaradıbsa, onun haqqında yaxın adama danışmaq hüququ;
Yardım almaq hüququ.
Səmərəli kömək göstərmək üçün zərərçəkənin özü, ailəsi və yaxın ətrafı haqqında tam və hərtərəfli məlumata malik olmaq lazımdır. Bu informasiyanı bir neçə mütəxəssisin birgə işi sayəsində söhbət və müsahibə vasitəsilə də almaq olar. Onun etibarlılıq dərəcəsi zərərçəkənin və ya onun yaxınlarının mütəxəssisə inamından asılıdır. İnformasiya zərərçəkənin özü, valideyinləri və yaxın qohumları, ailə vəziyyəti (tərkibi, statusu, ailədaxili münasibətlər, ailənin xarici əlaqələri), etibarlı şəxslər, zorakılıq edən haqqında bilgiləri özündə ehtiva etməlidir.
Konsultantın cinsi, konsultasiya keçirilən yer və şərait, psixoloqun peşəkarlıq dərəcəsi də mühüm əhəmiyyət kəsb edir. Peşəkarlıq və şəraitlilik o səviyyədə olmalıdır ki, zərərçəkənin şəxsiyyətinə, onun problemlərinə maksimum hörmətlə yanaşmaq təmin edilsin.
Bir cəhədi də qeyd etmək lazımdır ki, zorakılığın bütün qurbanları üçün postravmatik sindromun əlamətləri xarakterikdir. Zorakılığın doğurduğu nəticələrin dərinliyi zorakılığın ağırlığı və xarakteri, uşağın sosial ətrafının və ailə üzvlərinin zorakılıq faktına münasibəti, stressor təsirlərə uşağın fərdi tolerantlığı və s. ilə müəyyən olunur.
Zorakılığın hər hansı növünə məruz qalan uşaq və yeniyetmələrə onların postravmatik vəziyyətdən minumum zərərlə çıxmaları üçün peşəkar psixoloji kömək vacibdir. Psixoloji yardımın məqsədi də elə ondan ibarətdir ki, zorakılığa məruz qalmış uşağın aldığı zədənin onun gələcək inkişafına mənfi təsirini azaltsın, davranışda pozuntuların qarşısını alsın, cəmiyyətə adaptasiyasını asanlaşdırsın.
Bu məqsədlərdən çıxış edərək psixoloq aşağıdakı praktik məsələləri həll edir:
Zorakılıq qurbanının psixi sağlamlıq səviyyəsini qiymətləndirib, göstəriləcək yardımın digər növlərini (psixoterapevtik, psixiatrik, terapevtik və s.) müəyyən etmək;
Problemin həllində daha adekvat nəticələr əldə etmək məqsədilə uşağın fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək;
Şəxsiyyətin gələcək inkişafının əsas istiqamətlərini aşkar etmək;
Zərərçəkən uşağa psixoloji dəstək göstərilməsi üçün ailənin digər üzvlərini, qohumları, yaşıdlarını işə cəlb etmək;
Uşağın problemi müstəqil həll etməsinə kömək edə biləcək gizli psixi ehtiyatlarını səfərbər etmək;
Şəxsi disharmoniyanın və sosial dezadaptasiyanın korreksiyasını həyata keçirmək.
Zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası və psixoloji məsləhət işini həyata keçirərkən psixoloq konkret hadisədən, uşağın xüsusiyyətlərindən, zorakılığın növündən və s. asılı olaraq bu və ya digər tədqiqat metodları seçir. Bu məqsədlə aşağıdakı metodikalardan daha çox istifadə olunur:
Xarakterin aksentuasiyasının tipini və psixopatik təzahürlərin mövcud olmasını müəyyən edən psixodiaqnostik sorğular (A.E.Liçko);
M.Lyuşerin kliyentin aktual psixoemosional vəziyyətini müəyyən edən rənglər testi;
Davranış tipini və məsuliyyətin lokallaşmasının xarakterini öyrənmək üçün D.Rotterin subyektiv kontrolun dərəcəsi şkalası;
“Ev – Ağac – İnsan”, “Ailənin kinematik təsiri”, “Mövcud olmayan heyvan” şəkli testləri;
Zorakılığa məruz qalanın “eqo” vəziyyətlərini və daha yüksək həyəcanlılıq sferasını, psixoloji münaqişə zonalarını və s. müəyyən etmək üçün “Tamamlanmamış cümlələr” metodikası.
Bütün başqa hallarda olduğu kimi, psixoloji konsultasiyanın əsas metodu müsahibədir. Zorakılığa məruz qalanın şəxsiyyətinin aktual və potensial imkanlarını açıqlayan xüsusi sual və tapşırıqların köməyilə psixoloq kliyentlə qarşılıqlı təsirdə özünün şəxsiyyətini və müsahibə situasiyasını qəbul etdirmədən kliyentin şəxsiyyətinə təsirlə bağlı informasiya toplamağa doğru irəliləyir. Bundan sonra qarşılıqlı anlaşılmadan problemin mümkün alternativ yol və vasitələri haqqında birgə həllə nail olmağa səy göstərilməlidir.
Müsahibə zamanı psixoloq zorakılıqdan əzab çəkən uşağın fəallığına, hiss və yaşantılarının əvəz olunmasına, onun şəxsiyyətinin şərtsiz qəbul olunmasına təsir edə biləcək digər məlum metodlardan da istifadə edə bilər. Buna çox vaxt kliyenti dinləmənin müxtəlif variantları vasitəsilə nail olurlar:
Passiv dinləmə (sakitlik). Bu güclü qeyri-verbal vasitə uşağa imkan verir ki, onun şəxsiyyətinə və problemlərinə diqqət yetirildiyini hiss etsin.
Təsdiqləmə reaksiyası: danışılanın qəbul edilməsi. Verbal və qeyri-verbal priyomlarla (baş tərpətmək, gülüş, qaşqabaq və s.) yerinə yetirilir.
“Qapıların açılması”: Uşağa daha açıq olmağa imkan verən xüsusi sual və iradlardan ibarətdir.
Aktiv dinləmə. Bu zaman eşidilənlərin başqa şəkildə ifadə olunması yolu ilə psixoloq öz qənaətini dəqiqləşdirir və kliyentin verdiyi informasiyanı açıqlayır.
“Hisslərin əks etdirilməsi” həmdərdliyi və qarşı tərəfin başa düşüldüyünü çatdırmaq metodudur. Amerika psixoloqu K.Rocers tərəfindən təklif olunmuşdur. Ondan istifadə edərkən psixoloq uşağın hisslərinin özünəməxsus aynası olur. O, onları dərk etməyə və verballaşdırmağa, bu isə emosional reaksiyalara yardım edir.
Sublimasiyanın öyrədilməsi; hisslərin sosial cəhəddən qəbul edilmiş, təhlükəsiz və yaradıcı – potensial formada ifadə olunması.
İnterpretasiya (izah, şərh): Bu, psixoloji təsir metodlarının əsasıdır. Nəticədə, psixoloqun nəzəri və ya şəxsi təcrübəsi sayəsində situasiya uşaq və yeniyetmə üçün yeni görünüş alır. İnsanın baş verənlər haqqında özünün təsəvvürlərindən əldə etdiyi mənzərədən fərqli olaraq özü üçün reallığın alternativ görünüşünü açır. Bu mənzərənin dəyişməsi məsləhət alanın əhval və davranışının dəyişməsinə səbəb olur.
Direktiv (göstəriş, tapşırıq): onun istifadə olunması ilə psixoloq kliyentə aydın şəkildə göstərir ki, onun üçün hansı hərəkət arzuolunan hesab olunur və kliyentdən onun verdiyi tapşırıqları yerinə yetirməsini tələb edir.
Özünüifşaetmə. Psixoloq öz şəxsi təcrübəsini və həyəcanını kliyentlə bölüşərək göstərir ki, o, həmsöhbətinin indiki anda hisslərinə şərik olmağa qadirdir.
Əks-əlaqə: Psixoloq kliyentə imkan verir ki, o, ətrafdakıların onu necə qavramalarını başa düşsün, özünüdərk üçün ona konkret faktlar verir.
Məntiqi ardıcıllıq. Psixoloq onun düşüncə və davranışının nəticələri, yaşantılarının refleksiyası üçün imkan verir, refleksiv davranış və müstəqil qərar qəbul etmək imkanlarının inkişafına səbəb olur.
Yenidən danışma. Bu, kliyentin düşdüyü situasiyanın və onun fikirlərinin mahiyyətinin psixoloq tərəfindən təkrarlanması olub, problemin müzakirəsini fəallaşdırır və tərəflərin onu başa düşməsini asanlaşdırır.
Xülasə: psixoloqun mülahizələrinin və kliyentin nəticələrinin yekunlaşdırılması üçün konsultativ söhbətin sonunda istifadə olunur.
Bu metod söhbətin nəticələrinin aydınlaşdırılmasına və müsahibənin nəticələrinin həyata keçirilməsinə kömək edir.
Yeniyetməlik dövrü psixologiyanın psixoloji kömək formalarından biri kimi zorakılığa məruz qalmış uşaq və yeniyetmələrlə iş zamanı məqsədəuyğun şəkildə “Etimad telefonu”ndan istifadə etmək olar. Bu kömək forması anonimliyi, səmimiliyi təmin edir, alçalmaq qorxusunu və müxtəlif sanksiyaları aradan qaldırır.
“Etimad telefonu”nda konsultantın rolu ondan ibarətdir ki, yeniyetməyə problemlərinin identifikasiyasında, neqativ emosiyalarının verballaşmasında, onun özünüqiymətləndirmə səviyyəsini yüksəltmək məqsədilə şəxsiyyətinin sağlam tərəflərinin və mənbələrinin müəyyən edilməsinə, ona dəstək verə biləcək dostlarının və yaxınlarının aşkarlanmasına, kritik situasiyalarda əməllər planının hazırlanmasına kömək etsin.