MühaziRƏ 14. Zorakiliğa məruz qalmiş UŞaqlara psixoloji yardim



Yüklə 70,62 Kb.
səhifə1/3
tarix07.04.2023
ölçüsü70,62 Kb.
#94387
  1   2   3
muhazire 14


MÜHAZİRƏ 14. ZORAKILIĞA MƏRUZ QALMIŞ UŞAQLARA PSIXOLOJI YARDIM.


14.1.Zorakılığın ümumi səciyyəsi və formaları
14.2.Zorakılığa məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası və psixoloji məsləhət işi
14.3.Zorakılığın psixoterapiyası və psixoprofilaktikası


1-ci sual. Əhalinin daha zəif və köməyə daha çox ehtiyacı olan təbəqəsi uşaqlardır. Onlara mü­na­si­bət­də edilən zorakılıqlar ən ağır psixoloji travmalar doğurur. Ona görə də uşaqlara edilə biləcək zo­ra­kı­lıqlar, onların nəticələri və belə uşaqlara psixoloji yardım məsələləri üzərində xüsusi olaraq da­ya­nı­rıq.
Təsadüfi deyil ki, BMT-nin bütün dövlətlər və millətlər tərəfindən yerinə yetirilməsi vacib olan uşaq hüquqları haqqında Bəyannaməsində ayrıca vurğulanır ki, iştirakçı dövlətlər uşağı, sek­sual sui-istifadə də daxil olmaqla, fiziki və psixoloji zorakılığın, təhqir və sui-istifadənin, qayğıdan məh­rumetmənin və ya laqeyd münasibətin bütün formalarından müdafiə etmək məqsədi ilə qa­nun­ve­ricilik, inzibati, sosial və maarifçilik tədbirləri qəbul edir.
Zorakılıq – başqalarına münasibətdə müxtəlif məcburetmə formalarının tətbiq edilməsidir. Bu problem bütün zamanlarda mövcud olsa da, son dövrlərdə diqqəti daha çox cəlb etməyə baş­la­mış­dır. Bir tərəfdən, əhali artımı, cəmiyyətin hipertrofiyası insanların dözümlülük səviyyəsini azal­dır, depressiv reaksiyaların, nevrozların və aqressiv davranışların sayını artırır, digər tərəfdən, dün­ya­da mövcud olan hərbi münaqişə zonaları zorakılığın təzahürü üçün geniş imkanlar açır. Zorakılıq cə­miyyətdə və ailədə baş verməklə qlobal miqyasda (müharibələr, dövlətlərarası münaqişələr) və lo­kal (fərdi, sosial) formalarda təzahür edir. Adətən, psixoloqlar zorakılıq problemləri ilə rast­laş­dıq­da, “abyuz” (ingilis dilində “abuse” – hərfi mənada “qeyri-normal istifadə” və ya “səndən sui-is­ti­fadə etmək” deməkdir) sözündən istifadə edirlər. Yəni sənin istəyinin əleyhinə olaraq, sənin razı ol­ma­dığın halda səndən istifadə edilməni bildirir.
Şərti olaraq zorakılığın üç əsas növünü fərqləndirirlər: seksual, fiziki və psixoloji (bəzi ədə­biy­yatlarda isə zorakılığın 4 növü fərqləndirilir. Bura emosional zorakılıq da əlavə edilir).
Seksual zorakılıq (və ya sui-istifadə) dedikdə, yaşlı adamın seksual həzz almaq məqsədi ilə müx­təlif formalarda (cinsi əlaqəyə məcburetmə, zorlama, seksual şirnikləndirmə və s.) uşaqdan is­ti­fadə edilməsi başa düşülür. Seksual zorakılığın ən qorxulu forması insest və ya uşağın yaxın qo­hum­larının onunla cinsi əlaqədə olmasıdır. Zorakılığın bu formasına Azərbaycan mühitində nadir hal­larda rast gəlinə bilər.
Seksual zorakılığın baş verməməsi üçün uşaqlar erkən yaşlardan başlayaraq həyat təh­lü­kə­siz­liyinin əsasları haqqında məlumatlandırılmalıdırlar. Çox vaxt yaşlılar uşaqların öz duyğularını yax­şı başa düşməməsi, onlarla yol verilə biləcək hərəkətlərin sərhədlərini , səmimi və qeyri-səmimi to­xun­maların mənasını bilmələri səbəbindən onlardan istifadə edirlər. Bu zaman yaşlı adam uşaqlar üçün maraq doğuran müxtəlif şirnikləndirmə vasitələrindən və seksual nəvazişlərdən istifadə edə­rək, uşaqları öz “ov”larına çevirirlər. Uşaqlara münasibətdə seksual zorakılığın baş verməsi cə­miy­yət üçün ciddi problemlər doğurur.
Ötən əsrin 80-ci illərində ABŞ-da aparılan tədqiqatlar göstərdi ki, minimum iki narko­man­dan biri seksual zorakılığın qurbanı olmuşdur. Oğlan və qızların böyük əksəriyyəti zorlamadan son­ra homoseksualist olurlar. Digər tərəfdən, qadınların 20-30%-i, kişilərin isə 10-15%-i ailədə sek­sual zorakılığa 18 yaşınadək məruz qalmışlar. Olduqca kədərli göstəricilərdir və bunun qarşısının alın­ması üçün ciddi tədbirlər görülməsi vacibdir. Hər bir insan başqaları ilə münasibətdə psixoloji sər­hədə, yəni başqa adamları özünə nə qədər yaxın buraxacağı psixoloji məsafəyə malikdir. Həmin mə­sa­fəni kimsə keçəndə, insan özünü narahat hiss edir. İnsanların əksəriyyəti belə situasiyada ver­bal və ya qeyri-verbal yolla qəti şəkildə “yox” demək iqtidarında olur və tərəf-müqabilə də aydın olur ki, o, deyəsən, sərhədi çox keçmişdir. Zorakılığa məruz qalmış adamlarda belə bir sərhəd qey­ri-müəyyəndir və ya dağılmışdır. Onlar “yox” deyə bilmirlər və zorakı adam da bunu həmişə hiss edir.
Çox vaxt uşaqlar müəyyən səbəblərə görə seksual zorakılıqla bağlı baş verənləri söylə­mək­də çətinlik çəkirlər. Belə ki, uşaqlar:

  • Özlərini baş verən hadisənin qurbanı deyil, bu hadisəyə görə günahkar kimi hiss edirlər;

  • Böyüklərin onlara inanmayacaqlarından qorxurlar;

  • Bir tərəfdən, onları incidənlərin hədə-qorxusuna inanırlar, digər tərəfdən də böyüklərə hör­mət ruhunda tərbiyə olunduqlarından, onları incidən və hər şeyi gizli saxlamağı xahiş edən şəxsl­­ərə pislik etməkdən qorxurlar;

  • Böyüklərin əhvalını pozmaq istəmirlər;

  • “çirkin şeylər” haqqında danışmaq istəmirlər;

  • “boşboğazlıq” etməməyə öyrədiliblər;

  • Onlarda baş verən hadisəni təsvir etməkdə çətinlik çəkirlər;

Seksual zorakılığa məruz qalmış uşaqların davranışında müəyyən qüsurlar müşahidə olunur. Sek­sual zorakılığın uşağın davranışında təzahür edən tipik əlamətləri aşağıdakılardır:
Narahat yuxu; depressiya; pis iştaha; yüksək əsəbilik; valideyinlərin birinə gözlənilməz nif­rət; passivlik; adamayovuşmazlıq; valideyinə bağlılığın yersiz təzahürləri; əvvəlki qorxu hisslərinin güc­­lənməsi, yaxud yenilərinin üzə çıxması; gecə qarabasmaları; vaxtından əvvəl seksual dərketmə; za­h­iri görkəmdə dəyişiklik; yetkin olmayan, hədsiz “uşaq” davranışı və s.
Bu əlamətlərin bir qismi seksual zorakılıqdan dərhal sonra, digər qismi isə bir neçə ay və ya­xud hətta ildən sonra üzə çıxa bilər. Uşaqların davranışında gözlənilməz, uzunmüddətli də­yi­şik­lik­lərə xüsusi diqqət yetirmək və hər vasitə ilə onların səbəbini müəyyən etməyə çalışmaq lazımdır. Nə­zərə almaq lazımdır ki, uşaqlar başlarına gələn xoşagəlməz hadisə haqqında heç də həmişə da­nı­şa bilmirlər. Lakin baş verənlər, heç şübhəsiz, onların davranışında əks olunmaya bilməz. Uşağın dav­ranışında yuxarıda saydığımız əlamətlərin təzahürü onların təcili olaraq başa düşülməyə və kö­mə­yə ehtiyacları olmasının siqnalıdır. Belə hallarda ilk növbədə valideyinlər uşağa diqqətlə ya­naş­ma­lı və ona təzyiq etmədən, mülayimliklə baş vermiş hadisənin təfərrüratını soruşmağa çalış­ma­lı­dır. Bu məqsədlə o, uşağa deyə bilər ki, “Sən hər şeyi müfəssəl danışmağa başladığın andan mən sə­ni diqqətlə dinləməyə hazıram”. Məsələyə yanaşmada təqsirləndirmə deyil, yalnız qayğı və həm­dərd­lik ifadə etmək çox vacibdir.
Təcrübə göstərir ki, əksər hallarda zorakılıq edən şəxs uşağa qəflətən həmlə etmir. Adətən hü­cumdan əvvəl müəyyən mənada zarafatlar, dostcasına söhbətlər olur. Yalnız sonra cinsi əlaqəyə məc­buretmə ilə qurtaran təsadüfi toxunmalar və ya oyunlar başlayır. Əgər hadisədən sonra uşağa ge­cə qarabasmaları əziyyət verirsə, valideyin onu sakitləşdirib uşağa izah etməyə, onu inandırmağa ça­lışmalıdır ki, gecə qarabasmaları izsiz yoxa çıxır.
Əksər hallarda uşaq bədəninin zorlanmaya məruz qalmış hissəsinə qarşı xüsusilə həssas olur. Va­li­deyin uşağın həssas yerlərinə toxunarkən, uşaq özünü narahat hiss etdikdə valideyin nəzakətli ol­malıdır. Uşağın duyğularının başa düşüldüyünü aşağıdakı sözlərlə ifadə etmək lazımdır: “Görürəm ki, sənə xoş deyil. Bir qədər döz”. Həmin duyğuların tezliklə keçəcəyinə uşağı inan­dır­maq lazımdır.
Uşaq öz yaşantıları haqqında danışmaq imkanı əldə edərsə, faciənin nəticələri qısamüddətli ola bilər. Əgər valideyinlər uşağa hər cür köməklik göstərərsə, o, əvvəlki vəziyyətinə daha tez qa­yı­dar və xoşagəlməz hadisəni xatırlasa da, onu faciəyə çevirməz.
Seksual zorakılığa nisbətən psixoloji (şəxsi ləyaqətin alçaldılması, təhqirlər, söyüşlər, qada­ğa­lar və s.) və fiziki (insanın döyülməsi, xəsarət yetirmə və s.) zorakılıq az öyrənilmişdir. Çox gü­man ki, bu, onunla əlaqədardır ki, bəzən dostcasına ələsalmanı təhqirdən, heç bir tərəfin etirazına sə­bəb olmayan kifayət qədər güclü döyülməni ağır təhqir və zorakılıq kimi qavranılan sadəcə əl­qal­dır­madan fərqləndirmək çətin olur. Psixoloji – amansız rəftar formasında təzahür edən – zorakılıq isə uşağın alçaldılması, təhqir edilməsi, ələ salınması və rişxənd edilməsi şəklində xroniki neqativ dav­ranışlarda ifadə olunur. Psixoloji zorakılıq iki formada təzahür edə bilər. Psixoloji sayğısızlıq for­masında olan zorakılıq valideyinin, yaxud uşağa baxmağı, ona zəruri dəstək verməyi, diqqət gös­tərməyi, etibarlı bağlılıq hissini həyata keçirməyi təmin etməli şəxsin bütün bunları müntəzəm ola­raq yerinə yetirməməsində ifadə olunur.
Əslində isə zorakılığın bu formalarının doğurduğu psixi travmanın əsas mexanizmləri və onun nəticələri təxminən seksual zorakılıqda olduğu kimidir.
Zorakılıq əməlləri ayamadan, təhqiredici baxışdan tutmuş öldürməyə qədər olduqca müx­tə­lif formalarda təzahür edə bilər. Onlar fiziki, verbal, psixoloji və sosial zorakılıq şəklində mövcud ola bilər. Zorakılığın heç də bütün növləri, xüsusən də evdəki zorakılıq, cinayət kimi cəza­lan­dırıl­mır. Zorakılığın belə növünə çoxlu zorakı əməllər, o cümlədən yemək, paltar, təhsil, sosial xidmət yol­­larının məhdudlaşdırılması; ləyaqətin alçaldılması; şəxsi yaşantıların daxili sərhədlərinin pozul­ma­sı; uşağın maraq və tələbatlarının təcrid edilməsi və s. daxildir.
Uşaqlarla qəddar davranışın sosial-tibbi nəticələrini qiymətləndirməklə əlaqədar zorakılıq prob­leminin tədqiqi zamanı istifadə edilən anlayışların dəqiqləşdirilməsi zəruridir. Belə hallarda da­ha çox aşağıdakı anlayışlardan istifadə olunur:

  1. Sayğısızlıq, pis davranma;

  2. Ağır fiziki cəza, fiziki zorakılıq, təhqir;

  3. Seksual xəyanət.

Sayğısızlıq daha çox 18 yaşına çatmamış uşağın ehtiyac içində, tək, fiziki təhlükəli əhatədə ya­şa­dığı zaman ona valideyin qayğısının və ya himayəsinin olmaması kimi başa düşülür. Va­li­de­yin­lərin davranışında uşağın yeməyə, geyimə, sığınacağa, tibbi xidmətə və təhlükəli şəraitlərdən mü­dafiə olan vital tələbatlarının təmini sahəsində nöqsanlar vardır. Mahiyyətcə, söhbət depressiya və­ziyyətindən gedir. Sosial-psixoloji ədəbiyyatda bu, daha çox “sosial yetimlik” termininə və ya va­lideyinlərin sağ olduğu halda uşağın valideyin qayğısından məhrum olması anlayışına daha ya­xın­dır.
Fiziki amansız rəftar niyyəti və ya şüurlu şəkildə ağır cisimani cəzaların və ya uşağa haqsız ola­raq fiziki əzabın verilməsilə səciyyələnir.
Gündəlik həyatda çox vaxt zorakılığın bütün formalarına eyni vaxtda rast gəlinir.
Uşaqlara qarşı zorakılığın təhlilində mühüm məsələlərdən biri yaxın və uzaq sosial-tibbi nə­ti­cələrin xarakterinin və amansız rəftarın ciddiliyinin qiymətləndirilməsi ilə əlaqədardır. Amansız rəf­tar aşağıdakılarla xarakterizə olunur:

  • Edilən hərəkətlərin xarakteri (fiziki, seksual, emosional);

  • Onların təsirinin davamlılığı və nəticələrinin xüsusiyyətləri (fiziki, emosional, psixoloji).

Uşaqlıqda və gənclikdə zorakılıq təcrübəsi oğlanların və qızların ümumi inkişafını və psi­xo­lo­ji durumunu üzə çıxarır. Zorakılıq nəticəsində uşaq və yeniyetmələrin sağlamlığına zərər gəlirsə də, bunun əsas səbəbi kimi müəyyən edilə biləcək əlamətlər olmur.Nəticələrin ağırlıq dərəcəsi zo­ra­kılığın ağırlığından asılı olur. Zorakılıq qurbanları hadisənin təkrarlanması, ya da hamının baş ve­rən­lərdən xəbər tuta biləcəkləri səbəbindən daima təhlükə, qorxu şəraitində yaşayırlar.
Çox vaxt zorakılığa məruz qalan uşaqlar və yeniyetmələr gücsüzlük, ağrı, sıxıntı hiss edir, xə­calət çəkir, özlərini günahkar və ya əlbir (cinayətdə) hiss edirlər. Emosional sferada pozuntular mü­şahidə olunur. Əhvalın səbəbsiz dəyişməsi, suisidal cəhdlərdə özünü göstərən depressiya, yuxu­nun pozulması, duyğu və qavrayışın pozulması müşahidə olunur. Nevrotik sindromlar ətrafda­kı­lar­la qarşılıqlı münasibətlərin pozulması ilə bir vaxtda təsadüf edir. Ətraf mühitə inamsızlıq qapalılıq, tən­ha­lıq hissinin əmələ gəlməsinə şərait yaradır.
Daha bir problem sosial-psixoloji əlamətlərinə görə “risk qrupuna” daxil olan həddi-buluğa çat­mamış uşaqların müəyyən edilməsi ilə bağlıdır. Amansız rəftara görə aşağıdakı risk qruplarını fərq­­ləndirirlər:

  • Asosial, narkoloji, psixopatoloji pozuntuları olan valideyinlərin əhatəsində, ailənin yaşlı üzv­lərinin əxlaqsız və ya kriminal davranışı şəraitində yaşayan uşaqlar;

  • Valideyinlərindən birinin və ya hər ikisinin valideyinlik hüququndan məhrum olması ilə əla­qə­dar dövlət internat müəssisələrində olan uşaqlar;

  • Asosial davranışlı, cinayət məsuliyyətinə cəlbolunma yaşına çatmayan (14 yaş) və sosial-pe­daqoji cəhəddən baxımsız olan, məcburi tərbiyəvi təsirlərə ehtiyacı olan uşaqlar;

  • Xüsusilə çətin şəraitdə yaşayan (qaçqın, məcburi, köçkün ailələrdə, valideyinləri işsiz, tənha az­yaşlı analarla qalan) uşaqlar.

Uşaqlıq və yetkinlik yaşında zorakılığın müxtəlif növlərinə psixogen reaksiyaların nisbətən ge­niş yayılmış növü kimi psixi inkişafın ləngiməsilə yanaşı, nevrotik reaksiyalar, psixogen dep­res­si­ya­lar, şəxsiyyətin pozulması reqressiv simptomlar hesab olunur. Uşaqlarda psixi pozuntuların for­ma­laşmasında “əzilmiş uşaq sindromu” daha mühüm məna kəsb edir. “Ailədə qəddarlıq” zamanı (uşaq­ların döyülməsi, seksual zorlama), daima yüksək həyəcanlılıq vəziyyətləri və sosial fəaliy­yə­tin aşağı səviyyələri, antisosial şəxsiyyət deformasiyaları, aqressiv və destruktiv davranışın müx­tə­lif formaları ilə əlaqələnən müxtəlif depressiyalar şəklində psixi pozuntuların qeydə alınması haq­qın­da xeyli faktlar vardır.
Ailədaxili situasiyaların psixodinamik təhlili göstərir ki, “uşaqlarını incidən, döyən” va­li­de­yin­lərin 60%-i uşaqlıqda ağır depresiya vəziyyətində olub, alkoqoldan, depressiv və əsəb pozun­tu­la­rından əziyyət çəkib. Onların ailələrində ailədaxili münasibətlərin avtoritar tipi müşahidə edil­mək­lə, ər-arvad arasındakı konflikt, uşaqlara qarşı düşmənçilik, aqressiv münasibətlə müşayiət olun­muşdur. Deməli, tərbiyə ata-baba ailəsinin təcrübəsini təkrar edir.
Bu baxımdan, şübhəsiz ki, ailədə uşaqlara edilən zorakılığın nəsildən-nəslə ötürülməsi ilə bağ­lı “zorakılıq siklləri” nəzəriyyəsi ciddi maraq doğurur. Həmin nəzəriyyə görkəmli psixoterapevt E.Ey­demillerin uşaq nevrozlarının nəsillərin həyat yolu probleminin ifadəsi olması haqqındakı tə­səv­­­vürləri ilə səsləşir. Qeyd edilən nəzəriyyə uşağa və onun çətinliklərinə daha geniş perspektivdə bax­­mağa, həm də ona və onun ailəsinə daha effektli kömək göstərməyə imkan verir. Lakin zora­kı­lı­ğın bir neçə nəsillər boyunca saxlanılması nəzəriyyəsinə münasibətdə müxtəlif mövqelər möv­cud­dur. Mütəxəssislərin bir qismi təsdiq edir ki, uşaqlıqda zorakılığın qurbanı olmuş valideyin tezliklə özü də uşağına münasibətdə qəddar olacaq. Digərləri isə hesab edirlər ki, uşaqlıqda zorakılığın dəh­şət­lərini yaşamış adam heç vaxt öz uşağına zərər vurmaz, əksinə, öz təcrübəsindən yararlanaraq yax­şı valideyin olmaq şansı əldə etmiş olar. Bu müxtəlif mövqelərə aydınlıq gətirilməsi baxı­mın­dan, E.Byükenenin “Uşaqlarla qaba rəftarın siklləri” kitabında əks etdirdiyi nöqteyi-nəzər çox fay­da­lıdır. Müəllif həmin kitabda apardığı tədqiqatlardan özünün maraqlı bir fakt vermişdir. Məlum olur ki, uşaqlıqda zorakılığa məruz qalmış valideyinin öz uşağı ilə qaba rəftar etməsi ehtimalı sta­tis­tik olaraq 30%-dən yuxarıdır. Ona görə də zorakılığa məruz qalmış uşaqlara müvəffəqiyyətlə kö­mək göstərilməsi və zorakılığın profilaktikası üçün zorakılıq sikllərinin necə fəaliyyət göstərdiyini bil­mək lazımdır.
E.Byükenen ailədə zorakılığın saxlanılmasına və onun nəsildən-nəsilə ötürülməsinə imkan ve­rən aşağıdakı siklləri ayırır: sosiosiyasi, mədəni, psixoloji və bioloji.
Sosiosiyasi sikl dedikdə, ağır iqtisadi şəraitin və konkret siyasi qərarların birbaşa və ya do­la­yısı ilə uşaqlar üzərində zorakılıq hallarının artmasına səbəb olması əsas götürülür. Mədəni ad­lan­dır­dığı sikl ilə bağlı Ü.Byükenen qeyd edir ki, bəşəriyyətin bütün tarixi ərzində uşaqlara mü­na­si­bət­də konkret cəmiyyətlər tərəfindən qəddarlığın təqdir edilən geniş spektrli formaları mövcud olmuş­dur və indi də mövcuddur. Bu isə ona gətirib çıxarır ki, sonrakı nəsil əvvəlki nəslin tətbiq etdiyi qəd­darlıq formalarından istifadə edir. Uşaqlara münasibətdə zorakılıq əməllərinin saxlanılmasını izah etmək üçün psixoloqlar öyrənmə konsepsiyasından istifadə edirlər; zorakılıq şəraitində böyü­yən uşaqlar mənimsəyirlər ki, zorakılıq – problemin qəbul edilə bilən həlli üsuludur. Həmçinin də kö­məksizliyi öyrənmə nəzəriyyəsi tətbiq olunur: onunla baş verənləri dayandırmağa çalışan, lakin bu­na müvəffəq olmayan zorakılıq qurbanı – uşaq dərin köməksizlik hissi yaşayır və heç nəyi dəyiş­mə­yin mümkün olmadığına inanmağa başlayır. Bu qəbildən olan uşaq valideyin olanda da özünü va­li­deyinlərindən başqa cür apara biləcəyinə inanmır, məsələn, o, kömək, dəstək və ya məsləhət al­maq­la bağlı xahiş edə və onu ala bilər. Bütün bunlar psixoloji siklin əsasını təşkil edir. Bioloji siklə isə uşaqların tərbiyə prosesinə təsir edə bilən irsi psixi və somatik xəstəliklərin tədqiqi daxildir. İn­ki­­şafın siklləri konsepsiyası uşağa kömək göstərməsinə situativ yanaşmanı önləyici yanaşma ilə əvəz etməyə imkan verir. Situativ yanaşmada zorakılığın artıq qurbanı olmuş uşağa köməkdən söh­bət gedirsə, önləyici yanaşmada uşaq zərər çəkənədək ailəyə köməkdən söhbət gedir. Bu baxımdan, uşaq­larla münasibətdə qəddarlığa meyillilik üçün əsas ola biləcək risk amillərinin də nəzərə alın­ma­sı çox vacibdir.
Tədqiqatçıların fikrincə, valideyinlərin uşaqlarla qəddar münasibətlərinin risk amillərinə aşa­ğıdakılar aiddir:

  • Alkoqolizm, şəxsiyyətin asosial deformasiyası və kriminallıq əlamətləri, affektiv oyanıqlı psi­xi rigidlik şəklində psixopatik əlamətlər;

  • Valideyinlərin yetkin olmaması və onların təcrid olunması, baba-nənə tərəfindən sosial-psi­xo­loji köməyin olmaması;

  • Valideyinlərin özünü aşağı qiymətləndirməsi, şəxsi problemlər və stressə qarşı dözümün aşa­ğı düşməsi;

  • Valideyinlərin uşaq üzərində hakimiyyətini qurmaq tələbatı, hakimlik balansının pozulması;

  • Obsessiv davranış, şərt əxlaqi normalar;

  • Tənhalıq və ananın səhhətinin pis olması.

Deməli, xroniki konflikt münasibətləri mövcud olan, həmçinin də asosial, pozulmuş ailə­lə­rin əksəriyyəti hazırkı dövrdə uşaqların emosional nəsibsizliyinin, onların qulluq göstərməyə və mü­dafiəyə zəruri həyat tələbatlarının ödənilməsi üçün lazımi şəraitin yaradılmasının yüksək risk sfe­rasıdır.
Uşaqların sosializasiyasının həyata keçirilməsində digər münasibətlər sferası – internat tipli təh­sil və dövlət müəssisəsi sferasıdır.
Psixi və fiziki çatışmazlıqları olan uşaqlarla təlim və tərbiyə işinin əsas şərti bu uşaqların cid­di sosial-psixoloji problemlərə malik olmalarıdır.
Ümumtəhsil məktəblərində proqramlarda diferensasiyanın güclənməsi təəssüratını yaşayan mək­təb mühiti, təlimin “elitar” formalarının tətbiqi nəticəsində müxtəlif sosial qruplardakı yaşıdlar ara­sında yüksək konflikt zonaları yaradır. Təlim və tərbiyənin xüsusi şəraiti onlardan bir çoxu üçün so­sial və psixoloji təcridin bir formasını təşkil edir. Bu, şəxsiyyətlərarası münasibətlər sistemində yük­sək aqressivlik əmələ gətirir.
“Sosial yetimliyin” artması uğursuz ailələrdən çıxmış uşaqların küçəyə sıxışdırılması, mək­təb­yaşlı uşaqların asudə vaxt bazasının ixtisarı, “zorakılıq yolu ilə müvəffəqiyyət qazanmaq” kul­tu­nun dominantlığı eyni vaxtda baş verir.
Zorakılıq istənilən münasibətin bir hissəsi ola bilər. O tamamilə yad və ya yenicə tanış ol­muş, yaxud da uzun illər birlikdə yaşayan adamlar arasında baş verə bilər. Uşaqlara qarşı zorakılıq hal­larında günahkar adam çox vaxt uşaqların yaxşı tanıdığı və inandığı adamlar olur. Mü­tə­xəs­sis­lə­rin hesablamalarına görə, zorakılıq hallarının 25-75%-ində səbəbkar qohum olur.
Hər bir adam zorakılığın qurbanı ola bilər. Statistika göstərir ki, zorakılıq əksər hallarda uşaq­lara və gənclərə yönəlib. Bu, yeniyetmələrin sosial-psixoloji xüsusiyyətlərilə izah olunur: fiziki cəhəd­dən gücsüz və psixoloji cəhəddən zəif, böyüklərdən sosial, maddi asılılıq. Viktimologiya (ci­na­yət qurbanlarını öyrənən elm) qurbanlar kompleksini xarakterizə edən biopsixososial əlamətləri ayı­rır. Bu əlamətlərdən biri də sosial təcrid, cəsarətsizlik, özünəinamsızlıqdır.
Zorakılığı törədən adamların əksəriyyəti başqalarından üstün olmaq tələbatı ilə, onları özünə ta­be etmə üsulu – qəddarlıqla seçilir. O, təhtəlşüuri olaraq elə fəaliyyət növləri ilə məşğul olur ki, bu, onun tələbatını ödəməyə imkan versin. Zorakılıq edən şəxslərin az bir qismi psixi cəhəddən xəs­tə olur ki, burada da daha çox, xarakterin aksentuasiyası özünü büruzə verir. M.R.Tabanovun əsas­landırmalarına görə, zorakılıq edənlərin 4,9%-i psixopat, 50,8%-i alkoqolik, 36%-i oliqofren, 63%-i mərkəzi sinir sisteminin üzvi xəstəliklərindən əziyyət çəkənlərdir.
Hər bir cəmiyyətdə uşaqlar xüsusi qayğı obyekti kimi qəbul edilsə də, hələ də uşaqlara qarşı müx­təlif zorakılıqların kökü kəsilməmiş, uşaq hüquqlarının qorunmasında etibarlı hüquq sistemi for­malaşmamışdır. Həm ailədə, həm müxtəlif ictimai təlim-tərbiyə müəssisələrində, həm də bütöv­lük­də cəmiyyətdə uşaqlara qarşı fiziki, emosional, psixoloji və aktual xarakterli zorakılıqlara heç də az təsadüf olunmur. Yaşlıların fikrincə, uşağa verilən fiziki cəza onun intizama tabe edilməsinin, xo­şa­gəlməz davranışdan uzaqlaşdırılmasının təsirli vasitələrdir. Çox vaxt məktəbdə zorakılıq va­si­tə­si olan fiziki cəzaya məruz qalan uşaqlar bunu etdikləri qəbahətli, intizamsız hərəkətlərə cavab ki­mi qavrayır və bu barədə heç kimə şikayət etmirlər. İctimai şüurda fiziki cəzanın tərbiyə vasitəsi ol­maması haqqında dəqiq fikrin mövcud olmaması belə “tərbiyə üsulu”nun əsrlər boyu yaşamasına və bu günədək gəlib çıxmasına səbəb olmuşdur. Bu baxımdan kütləvi informasiya vasitələrinin də gü­nahı çoxdur. Müxtəlif televiziya kanalları ilə nümayiş etdirilən filmlərdə və digər verilişlərdə prak­tik olaraq zorakılığın təbliğatı geniş yer tutur. Belə verilişlər uşaq və yeniyetmələrin əxlaqi şüu­runda zorakılığın yol verilən bir hal olması rəyini doğurur. Uşaqlar filmlərdə gördükləri zorakı səh­nələri öz məqsədləri üçün gündəlik həyatda təkrarlaya bilərlər. Konstitusiyada vətəndaşların təs­bit edilmiş “şəxsi toxunulmazlıq hüququ”nun tapdanması ilə müşayiət olunan zorakılıq halları çox vaxt ağır cinayətlərin baş verməsinə səbəb olur. Zorakılığın artmasına səbəb olan bir çox amillər var­dır. Bunların sırasında cəmiyyətdə zorakılığın ciddi sosial problem kimi qəbul edilməməsi, əha­li­nin hüquqi savadının aşağı səviyyədə olması, uşaqların öz hüquqları haqqında lazımi məlumatlara ma­lik olmaması və s. adlarını qeyd etmək olar.
Uşaq zorakılıqla ilk dəfə ailədə üzləşir. Bu halın yaranmasında ailə-məişət zorakılıqları si­tuativ (ailə münasibətlərinin pozulması, aşağı özünüqiymətləndirmə, uşağın doğulmasının arzu edil­mə­məsi) və struktur (işsizlik, sosial təcrid, maliyyə çətinlikləri) kimi stressorların təsiri olduqca bö­yükdür. Ailənin gəlirlərinin az olması və daimi pul çatışmazlığı ailə üzvlərinin əsas tələbatlarının ödə­nil­məsinə əngəllər yaradır və ailədaxili münasibətlərdə gərginliyi artırır. İşsizlik və ya daimi işin olmaması, atanın az əməkhaqqı alması, ailə üzvlərinin çoxluğu, valideyinlərin gənc olması, va­li­deyinlərdən birinin yoxluğu , pis mənzil şəraiti, dövlət tərəfindən sosial yardımın olmaması, ailə baş­çılarının müəyyən qrup azlığında təmsil olunması, ailədə xroniki stresslərin, davamlı ailədaxili mü­naqişələrin yaranmasına səbəb olur.
Psixoloqlar (Brovne və Ştraus) ailədə uşaqlarla qəddar rəftar edilməsinin əsas səbəblərini aşa­ğıdakı amillərlə izah edirlər:

  • Ailənin natamamlığı və çoxuşaqlı olması;

  • Ailədə ögey ata və ya ögey uşaqların olması;

  • Ailə üzvləri arasında konfliktli və ya zorakı münasibətlər;

  • Ər-arvad arasındakı problemlər;

  • Valideyinlər tərbiyə üsullarında varislik;

  • Valideyinlərlə uşaqların qarşılıqlı münasibətlərində problemlər;

  • Ailənin emosional və fiziki baxımdan təcrid olunması;

  • Valideyinlərin fərdi psixoloji xüsusiyyətləri(depressivlik, aqressivlik, impulsivlik və s.)

  • Valideyinlərin ətrafındakılara və uşağa neqativ münasibəti;

  • Sosial vərdişlərin aşağı səviyyədə olması;

  • Valideyinlərin psixi sağlamlığı;

  • Valideyinlərin alkoqolizmə və narkomaniyaya aludə olması;

  • Sağlamlıqla bağlı problemlər;

  • Emosional kütlük və əqli gerilik;

  • Valideyinlik vərdişləri və hisslərinin inkişafdan qalması;

Valideyinlərin uşaqlara qarşı zorakı münasibətlərinin yaranmasında “risk faktoru”nu artıran amil­lər sırasında uşağın özünün bir sıra şəxsiyyət xüsusiyyətlərinin, fiziki və psixi inkişaf prob­lem­lə­rinin də adı çəkilir.

  • Arzuolunmaz, eləcə də əvvəlki uşağın itkisindən sonra doğulan uşaqlar;

  • Pataloji çəki azlığı ilə doğulan uşaqlar;

  • Çoxuşaqlı ailədə yaşayan və aralarında yaş fərqi az olan uşaqlar;

  • Psixi və fiziki qüsurlarla, xroniki və irsi xəstəliklərlə doğulan uşaqlar;

  • Dalğın və davranışında qüsurlar olan (yuxu pozunuqluğu, hiperaktivlik, coşğunluq, impul­siv­lik və epurez) uşaqlar;

  • Valideyinlərin əsəblərinə təsir edən pis vərdişləri olan uşaqlar;

  • Sosial vərdişləri aşağı səviyyəli uşaqlar;

  • Öz xarici görkəmi, səliqə-səhmanı ilə valideyinlərə utanc gətirən, rol-cins davranışında qüsur­lar olan uşaqlar;

  • Anada kəskin doğuş ağrılarının və ya cərrahi müdaxilənin yaranmasına səbəb olmuş uşaqlar və s.

Uşağın aqressiv davranışı, tez-tez ağlaması və s. kimi hallar da ailədə disstresin və uşağa qar­şı zorakılıq ehtimalının təzahürlərini artıran amillərdir. Qeyd etmək lazımdır ki, “çətin”, “mü­rək­kəb davranışlı” uşaqlar, adətən, evdə və məktəbdə daha çox zorakılığın qurbanı olurlar. Belə­lik­lə, uşağa qarşı zorakılığa həm sosial-mədəni, həm də psixoloji konteksdən yanaşmaq lazım gəlir. Ət­raf mühitin, ailənin və uşağın fərdi xüsusiyyətləri həmişə zorakılığın risk amillərinə kompleks tə­sir göstərir.
Psixoloji ədəbiyyatlarda uşaqlara qarşı zorakılığın bir sıra formalarının adı çəkilir:

  • İncidənin strategiyasına görə: açıq və gizli (dolayı);

  • Təsir müddətinə görə: uzun müddətli (sistematik) və qısa müddətli (epizodik)

  • Zorakılığın baş verdiyi məkana görə: ailədə - valideyinlər və ya qohumlar tərəfindən; məktəbdə - müəllimlər tərəfindən; küçədə - uşaqlar və ya tanış olmayan yaşlılar tərəfindən.

Polyak psixoloqu Rut Soonets “Uşaqlarla ləyaqətsiz davranış” adlı əsərində zorakılığın dörd əsas tipini fərqləndirmişdir:

  • Fiziki zorakılıq, seksual zorakılıq, emosional və psixoloji zorakılıq.

Uşağa qarşı yönəlmiş fiziki zorakılıq ona qarşı münasibətin növlərindən biri olub, ona qarşı bə­dən xəsarətinin yetirilmə həddinə qədər düşüncəli şəkildə fiziki və psixi baxımdan incidilmiş və­ziy­yətə salınmasıdır. Psixoloji ədəbiyyatlarda uşağın fiziki zorakılığın qurbanına çevrilməsi aşa­ğı­da­kı əlamətlərlə müəyyənləşdirilir:

  • Səbəbi bilinməyən qəribə qanaxma;

  • Barmaq və dırnaqla sıxılmanın nəticəsi olan sıyrıqlar;

  • Müxtəlif əşyalarla zərbə nəticəsində yaranan izlər;

  • Dəridə dişləmə əlaməti olan izlər;

  • Başda tüksüz dəri yerlərinin izləri;

  • Dəridə anlaşılmaz yanıq yerləri;

  • Qaynar əşya ilə törədilmiş yanıq izləri;

  • Anlaşılmaz sınıqlar, çıxıq və yaralar;

  • Daxili orqanların qarın boşluğuna endirilmiş zərbələr nəticəsində zədələnməsi;

  • Zorakılıq əlamətləri ilə uşağın ölməsi.

Uşağın müxtəlif vaxtlarda zorakılığa məruz qalmasını onun bədənindəki izlərin köhnə və ya tə­zə olmasına görə müəyyən etmək mümkündür. Təəssüf ki, insan hüquqlarını qorunması sahəsində səy­lərin artmasına, humanist dəyərlərin genişlənməsinə baxmayaraq, bütövlükdə, cəmiyyətdə ol­duğu kimi, uşaqlara qarşı da zorakılığın kökü kəsilməmişdir. Bir çox hallarda isə onun nəticələri in­ti­har və ölüm hallarına səbəb olur. Uşaq mühitində evdən qaçan, valideyinləri və başqa yaşlılar tə­rə­findən zorakılıqla öldürülən uşaqlar kriminal mühitin qurbanlarıdır.
Öz üzərində aqressiv valideyinin fiziki zorakılığını duymuş uşaq sonralar özü də aqressiv dav­ranış modelinə sahib olmuş olur. Psixoloqların fikrincə, ailədə arvadlarını döyən kişilərin 60%-i uşaq­larını da döyür. Fiziki zorakılığın qurbanları özlərini bədbəxt, gözdən salınmış, ipə-sapa yat­maz hiss edir və başqalarının onlardan nə üçünsə yaxşı olduğu qənaətində olurlar. Normal şəraitdə bö­yüyən və tərbiyə olunan uşaqlar haqsız cəzaya qarşı etiraz edir, əlverişsiz mühitdə böyüyən və fi­zi­ki zorakılığa məruz qalan uşaqlar isə, adətən, verilən cəzanın haqlı olduğuna inanır, kölə dü­şün­cə­li olurlar.
Uşaqlara qarşı fiziki zorakılığın ağır nəticələri özünü daha çox psixoloji planda göstərir. Be­lə uşaqlar özlərinin impulsiv davranışı üzərində nəzarəti itirir, onlarda özünüidarə və özünü­qiy­mət­lən­dirmə aşağı enir, insanlara qarşı inam və etibar yox olur. Zorakı xəsarətdən sonra uşaqda kəskin qor­xu hissi baş qaldırır, sadist (başqalarına əzab vermək) meyillər meydana gəlir.
Emosional zorakılıq çətin dərk edilən, adətən zorakılığın digər formaları ilə çulğalaşmış təz­yiq formalarından biridir. Zorakılığın bu növü uşaqda emosional gərginliyə səbəb olan, onun inki­şa­fına və emosional həyatına zərbə vuran hərəkətlərdən ibarət olan əməllərdir.
Uşaq lap kiçik yaşlarından başlayaraq öz inkişafı prosesində yaşlıların və həmyaşıdlarının qey­ri-adekvat emosional reaksiyaları fonunda gərginliyə məruz qalır. Qorxu, alçaldılma, həyə­ca­n­lan­ma, təhqir və s. buna misal ola bilər. Davamlı emosional gərginlik mühitində böyüyən uşaqlarda şəx­siyyətin emosional dəyərləri inkişafdan qalır, emosiyalar birtərəfli inkişaf edir, emosiyaların öz xa­ri­ci ifadəsini itirməsi fonunda emosional kütlük müşahidə olunur. Davamlı emosional zorakılığa mə­ruz qalmış uşaqlar başqalarının hisslərini anlamaqda və onlara adekvat reaksiya göstərməkdə çə­tin­lik çəkirlər.
Valideyinlərin uşağın uğurlarına normal reaksiyaları - tərifləmə, fərqlənmə, sevinc və iftixar hiss­ləri onda öz qüvvəsinə inamı artırır.
Emosional deprivasiya şəraitində böyüyən uşaqlar isə, əksinə, çox vaxt bu mühitin qurbanı olur­lar. Asosial əməllərdə daim konfliktlər fonunda mənfi emosional həyat yaşanır. Aqressiya, da­va, zorakılıq belə ailələrin gündəlik həyat tərzinə çevrilir. Nəticədə belə ailələrə üz verən bədbəxt­lik­lərə qarşı uşaqlarda etinasızlıq yaranır, sanki onların hissləri “donmuş” olur. Erkən uşaqlıq illə­rin­dən valideyinlərin qadağaları, haray-qışqırıqları ilə üz-üzə qalan uşaq başqalarının kədərinə şərik ol­maq, uğurlarına sevinmək kimi hisslərə sahib ola bilmir, onlarda empatiya qabiliyyəti zəif inkişaf et­miş olur. Yaşa dolduqdan sonra belə uşaqlar nəinki başqa adamların hisslərini anlamır, ümumiy­yət­lə bundan uzaq olmağa, qorxmağa başlayırlar. Psixoloqların fikrincə, uşağa qarşı münasibətdə aşa­ğıdakı hərəkətlər emosional zorakılıq hərəkətləri sayılır:

  • Uşağın normal sosial ünsiyyətdən təcrid edilməsi;

  • Uşağın qarşılaşdığı problemin həllindən imtina etmə;

  • “qadağanlarla alver” (məs., uşaq müəyyən edilmiş vaxta dərslərini oxumamış və ya çarpa­yı­nı yığışdırmamışsa, onun müəyyən müddət gəzməyə getməkdən və ya televizora baxmaq­dan məhrum edilməsi);

  • Uşağın təhqir edilməsi;

  • Uşağın dəfələrlə təhqir edilməsi vasitəsilə onda stabil qorxu hisslərinin yaradılması;

  • Daim qorxu və hədə altında saxlanma;

  • Cəza ilə qorxutma;

  • Söyüş və ələsalma;

  • Mənəvi zorlama, ona mənəvi zərbə vura biləcək hərəkətlərə təhriketmə.

Uşağın emosional zorakılığa məruz qalması özünü onun bir sıra fiziki və davranış reaksi­ya­la­rında göstərir:

  • Emosional kütlük və laqeydlik;

  • Qəmginlik və ifadəli derpessiya;

  • Barmaqları sovurma, monoton yırğalanma (autoepotik hərəkətlər)

  • Hissəqapılma və ya əksinə, aqressivlik;

  • İstilik və diqqət axtarışı ilə istənilən yaşlıya “yapışma”;

  • Gecə yuxu qorxuları, pis yatma;

  • Oyuna marağın olmaması.

Emosional zorakılığa məruz qalmış uşaqlarda artan fizioloji reaktivlik fonunda gündüz və ya gecə enurezi (sidikburaxma), psixosomatik mənşəli şikayətlər - baş, mədə və ürək sahəsində ağ­rı­lar, fiziki və ümumi inkişafın zəifləməsi halları müşahidə olunur.
Uşağın fiziki və emosional şəraitdə tərbiyəsi şəxsiyyətin deformasiyasına gətirib çıxarır. Daim zorakılığa məruz qalan uşaqda valideyinlərinin onu sevmədikləri haqqında rəy formalaşır, ar­zu­olunmaz adam olduğu qənaəti yaranır, o, daim utancaqlıq və günah hissi ilə yaşayır, sanki dün­ya­ya gəldiyinə peşiman olur.
Beləliklə, emosional zorakılığın qurbanına çevrilmiş uşağa elə gəlir ki, o, hamı üçün pis və əhə­miyyətsiz bir adamdır.
Uşağa qarşı psixoloji zorakılıq onun potensial qabiliyyətlərinin inkişafının ləngidilməsinə və ya zərər vurulmasına yönəlmiş hərəkətlərdir.
Psixoloji zorakılığa ailədə tez-tez baş verən münaqişələri, uşağa qarşı valideyinlərin ağla­sığ­maz hərəkətlərini misal göstərmək olar. Psixoloji zorakılıq həm də öz mahiyyəti etibarı ilə mənəvi zo­ra­kılıqdır və o, uşağın intellektual inkişafını ləngidir, idrak proseslərini və adaptasiya qabiliy­yət­lə­rinin adekvat inkişafını təhlükə altında qoyur. Belə uşaqlarda sosial tənhalıq hissi baş qaldırır, özünə­hörmət hissi zəifləyir və onlar qeyri-ixtiyari olaraq münaqişələrə qoşulmağa meyilli olurlar.
İngilis psixoloqu A.Miller travmalı şəxsiyyət tərbiyə edən belə zorakı təsirlər kompleksini irə­li sürmüşdür. O, uşağın ruhunu “öldürməyə” kömək edən “qaydaları” 1980-cı ildə çap olunmuş “Sə­nin şəxsi rifahın üçün” adlı kitabında belə qruplaşdırmışdır:

  1. Uşağın sahibi olan valideyinlər və uşağın onlardan tam asılılığı;

  2. Nəyin yaxşı, nəyin pis olduğunu onlar müəyyən edərlər;

  3. Uşaq valideyinlərin günahına görə məsuliyyət daşıyır. Hər şeyin günahkarı uşaqdır.

  4. Valideyinlər həmişə haqlıdır və onlar səhv edə bilməzlər.

  5. Uşağın həyatda özünü təsdiq etməsi onun avtokratik valideyin olacağı təhlükəsi doğurur;

  6. Uşaq nə qədər tez sındırılsa, bir o qədər yaxşıdır.

  7. Hər şeyi vaxtında, uşağın mümkün qədər kiçik olduğu yaşlarda etmək lazımdır ki, o, bunu dərk edərək valideyinlərini ifşa edə bilməsin.

  8. Uşağın istəklərini yerinə yetirmək düzgün deyil. Ciddilik, soyuqqanlılıq və kobudluq həyata yax­şı hazırlığın əsasıdır.

A.Millerin irəli sürdüyü “pedaqoji” prinsiplər tam şəkildə qadağanlar üzərində qurulmuşdur. Bu­ra­da uşağın ləyaqətinin alçaldılmasına uşaq hissələrinə hörmətsiz münasibət əsas yer tutur. Uşaq­lara qarşı yönəlmiş seksual zorakılıq öz nəticələrinə görə ən ağır psixoloji xəsarət hesab olu­nur.
Uzun illər boyu baş vermiş belə halların statistikası əhalidən gizli saxlanmışdır. M.A.Doqa­di­nanın fikrincə, Rusiyada uşaqlara qarşı hər il 7-8 min seksual zorlama halının olduğu və bununla bağ­lı cinayət işlərinin açıldığı məlumdur. Əslində isə, real faktların bundan da çox olduğu şübhə do­ğurmur. Rusiya statistikasına görə, seksual zorakılıq qurbanları olan uşaqların 70%-i öz qo­hum­ları və tanışları, 28%-i isə valideyinləri və qəyyumları tərəfindən bu təcavüzə məruz qalır. N.K.Asa­novanın yazdığına görə, belə zorakılığın üçdə ikisi ailə şəraitində, yalnız üçdə biri ailədən­kə­nar şəraitdə baş verir.
Q.İ.Qindin və O.B.Duxova qeyd edir ki, son 5 ildə Rusiyada uşaq və valideyinlərə qarşı sek­sual zorakılıq halları 12,5 dəfə artmışdır.
Xarici ölkələrdə də bu sahədə vəziyyət ağırdır. ABŞ-da hər il 150-200 min belə hadisə baş ve­rir. Zorlamaya məruz qalan uşaq və yeniyetmələr arasında zərər çəkmişlərin 12%-i 12 yaşadək, 25%-i 13-17 yaşlarındadır.
Ailədaxili zorakılığa məruz qalanların yalnız 2%-i, ailədaxili zorakılıq halında isə 6% uşaq bu barədə məlumat verir, əksəriyyət isə bu faktı gizli saxlayır. İ.S.Kon qeyd edir ki, uşaqların sek­sual hücumlara məruz qalması çəmiyyətin mənəvi düşgünlüyü və deqradasiyanın əlamətidir. Bu hal­ların çoxu yaşlı və seksual baxımdan xəstə adamlar tərəfindən törədilir. Seksual xarakterli zo­ra­kı­lıq, adətən, kasıb və natamam ailələrdə, uşağın aldanılması yolu ilə baş verir, uşaq seksual tə­ca­vü­zün passiv obyektinə çevrilir. Uşaqlara qarşı seksual zorakılığın intim cinsi əlaqədən başqa, qey­ri-kontakt formaları da mövcuddur ki, bunlar da seksual zorakılıq əlamətləri hesab olunur.
Psixoloqların fikrincə, uşaqlar həm məktəbdə, həm də ailədə müxtəlif zorakılıqlara məruz qa­lırlar. Məktəb zorakılığı zorakılığın xüsusi növü olub, müəllimlərlə uşaqlar arasında baş verən və uşa­ğa qarşı yönəlmiş emosional və fiziki xarakterli təsirlərdən ibarət hərəkətlərdir. Bu təsirlər nəti­cə­sində zorakılıq qurbanı olan uşağın psixoloji vəziyyəti pisləşir. Məktəbdə uşaqların qarşılaşdığı fizi­ki zorakılığa əsasən aşağıdakılar aiddir: döymə, zərbə, endirmə, əşyaların əlindən alınması və xa­rab edilməsi.
Uşaqlara qarşı məktəbdə göstərilən emosional zorakılıq onların emosional durumunun pis­ləş­mə­sinə, gərginliyinin artırılmasına və alçaldılmasına yönəlmiş antipedaqoji hərəkətlərdir. Bunl­a­ra istehza və lağaqoyma, ləqəb yapışdırma, səbəbsiz olaraq sonsuz xəbərdarlıqlar, qeyri-obyektiv qiymətləndirmə, məsğərəyə qoyma, başqa uşaqların yanında təhqir etmə, əlindəkini zorla alma, təc­ri­detmə, yoldaşları ilə bir partada oturmaqdan, mədəni-kütləvi tədbirlərdə iştirakdan məhrum etmə və s. daxildir. Sağlam mənəvi-psixoloji iqlim olmayan istənilən məktəbdə hər bir uşaq bu və ya di­gər zorakılıqdan sığortalı deyil. Adətən, hər hansı bir cəhədə görə başqa uşaqlardan zəif olanları həm­y­­aşıdların və böyüklərin daha çox zorakı təsirlərinin qurbanı olurlar. Bu xoşagəlməz halın ya­ran­ması aşağıdakı amillərlə bağlıdır.

  • Uşağın fiziki qüsurları. Eynək taxan, eşitmə və hərəkət qüsurları olan uşaqlara daha çox zo­ra­kılıq göstərilir. Onlar adətən zorakılıq qarşısında aciz və müdafiəsiz qalırlar;

  • Uşağın davranış xüsusiyyətləri. Adətən qapalı (introvert və fleqmatik) və impulsiv dav­ra­nış­lı uşaqlar məktəbdə aqressiya və istehzaya daha çox məruz qalırlar. Hiperaktiv davranışlı uşaqlar başqalarının “işinə” qarışır, söhbətinə müdaxilə edir, oyunda növbəni pozmağa me­yil­li olur və buna görə də başqaları tərəfindən “cavab zərbəsi” almış olurlar;

  • Uşağın xarici görkəmi: hədsiz kök və arıq, kürən saçlı, çil sifətli, qabarıq qulaqlı, uzun bu­run­lu, dovşan dodaqlı, əyri ayaqlı, baş quruluşu qeyri-adi olan uşaqlar;

  • Sosial vərdişləri inkişafdan qalmış uşaqlar (nitqi qüsurlu, pəltək, kəkələyən, səliqəsiz və s.)

  • Məktəbdən qorxan uşaqlar. Adətən, özləri oxuyarkən məktəbdə incidilmiş valideyinlər öz uşaq­larında məktəb haqqında qorxulu təəssüratlar oyadırlar. Pis müəllimlər, pis qiymətlər uşaq­da qorxu yaradır. Məktəbdən qorxan hər bir uşaq özünə qarşı inamsız olur və həm­ya­şıd­larının zorakılıq obyektinə çevrilir;

  • Kollektivdə yaşamaq təcrübəsi olmayan uşaqlar (ev uşaqları). Məktəbə daxil olanadək uşaq tə­rbiyə müəssisələrinə getməyən uşaqlar uşaq kollektivlərində yaşamaq və fəaliyyət gös­tər­mək üçün zəruri vərdişlərdən məhrum olur , ünsiyyət çətinlikləri ilə qarşılaşırlar;

  • Xəstəliklər. Uşaqlarda olan epilepsiya, enurez (sidikburaxma) və nitq qüsurlarının həm­ya­şıd­ları tərəfindən lağa qoyulması onlarda dalğınlığa və psixoloji sarsıntıya səbəb olur;

  • İntellektin aşağı səviyyədə olması və təlimdə çətinliklər. Uşağın qabiliyyətlərinin aşağı sə­viy­yədə olması onun təlim uğursuzluqlarını şərtləndirən əsas səbəblərdir. Təlimdə uğur­suz­luq­lar uşaqlarda aşağı özünüqiymətləndirməyə səbəb olur. “Mən hamıdan zəifəm”; “Mən çə­tin ki, düzələm” və s. deyən və ya düşünən belə uşaqlar arasında məktəb zorakılığına mə­ruz qalanlara daha çox təsadüf olunur.

Psixoloqların tədqiqatları sübut edir ki, südəmər yaş dövründə ana tərəfindən lazımi qayğı və nəvazişlə əhatə olunmayan və valideyinlərinə bağlılıqdan məhrum olmuş “sosial yetim” uşaqlar normal ailələrdə böyüyən uşaqlara nəzərən zorakılığa daha çox meyilli olurlar.
Uşaqda zorakı əlamətlərin formalaşmasına təsir göstərən amillər içərisində ailədaxili mü­na­si­bətlərin rolu da böyükdür. Bu baxımdan aşğıdakı ailə tiplərində zorakılığa meyilli uşaqların yetiş­mə­si daha yüksəkdir;

  1. Natamam ailələr;

  2. Ananın həyata neqativ münasibət bəslədiyi ailələr;

  3. Avtoritar ailələr;

  4. Konfliktli ailələr;

  5. Genetik cəhəddən zorakılığa meyilli olan ailələr.


Yüklə 70,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin