3-cü sual. Zorakılıq qurbanlarına psixoterapevtik köməyin spektrini müəyyən etmək üçün zorakılığın zahiri əlamətləri kimi zorakılığa məruz qalan uşaq və yeniyetmələrin xüsusiyyətlərini də öyrənmək zəruridir. Adətən, zorakılığın zahiri əlamətləri kimi aşağıdakılar göstərilir: nəzarətsizlik, emosional, fiziki və seksual zorakılıq.
Birincisi, uşağa qayğının olmamasında, onun zahiri baxımsızlığında, daimi soyuqdəymə və infeksion xəstəliklərə yoluxmalarında, tez-tez baş verən travmalarda təzahür edir. Nəzarətsizliyin psixoloji nəticəsi uşağın sosial-pedaqoji baxımsızlığıdır. İkincisi, uşağın şikayətləri qonşuların, dostların sorğuları əsasında aşkarlanır. Bunun köməyilə uşağın valideyinlər tərəfindən rişxənd, təhqir, hədə obyekti kimi, emosional nəvazişdən, isti münasibətdən məhrum edilmiş özünəməxsus “qapazaltı” edilməsilə bağlı təsəvvürlər formalaşır. Üçüncüsü, bədəndə xəsarət, sıyrıntı, göyərti, kəsik, sınıq və bu hallarda tibbi köməyin vaxtında olmaması və ya tamamilə olmaması formasında təzahür edir. İnamsızlıq, insanlara etibarın olmaması, qapalılıq, uşağın sosial dezadaptasiyasına gətirib çıxaran soyuqluq, əsassız narahatlıq zorakılığın nəticəsi ola bilər. Seksual zorakılıq uşağın nağıllarında, başqa uşaqlarla və oyuncaqlarla oynadığı eyni tipli oyunlarda, tibbi müayinədən qaçmasında, tualetə getməyə qorxmasında, potensial zorakı adamlara qeyri-adekvat reaksiyalarında, seksual biliklərin qeyri-adi kəmiyyətdə olmasında əks olunur.
Psixoterapiyanın gedişində belə bir fakt nəzərə alınır ki, zorakılığın müxtəlif növləri və zorakılığa məruz qalanın davranışa hazırlığı əksər hallarda uyğunlaşma yerlərinə malikdir. Bununla bərabər, aşağıdakı vəziyyətlərə diqqət yetirilir:
Uşaq və ya yeniyetmənin zorakılıq faktına qədərki psixi vəziyyəti və şəxsiyyətinin xüsusiyyətləri;
Zorakılığın növü və uşağın onun mahiyyətini dərketmək qabiliyyəti;
Zorakılıq faktının yaşanılmasının ağırlığı və dərinliyi; laqeydlikdən tutmuş ağır depressiya və suisidal cəhdədək;
Zorakılığın psixoloji nəticələri aşağıdakı şəkildə ifadə oluna bilər:
Zorakılığa şəxsi reaksiya formalarının möhkəmlənməsi və yenidən zorakılıq qurbanı olmağa meyillilik.
Üzə çıxarılmayan psixotravmatik təcrübənin əsasında davamlı nevrotik vəziyyətlərin, depressiyalar, psixosomatik xəstəliklər, sosial adaptasiyanın pozulmaları, kəbinə daxil olmanın mürəkkəbliklərinin və s. formalaşması;
Qəbul edilməyən və delinkvent davranışa gətirə bilən viktimləşmə.
Burada göstərilən vəziyyətləri nəzərə almaqla, psixoterapevtik yardımı aşağıdakı istiqamətlərdə keçirmək olar:
Uşaq və yeniyetmə - zorakılıq qurbanları (fərdi və qrup psixoterapiyası);
Zorakılıq qurbanının ailəsi və yaxın ətrafı (ailə və qrup psixoterapiyası);
Məktəb kollektivi və yaşıdları (qrup psixoterapiyası);
Pedaqoji kollektivlər, ictimai təşkilatlar, hüquq-mühafizə orqanları (psixoprofilaktika).
Fərdi psixoterapiya krizis vəziyyətində olan uşaq və yeniyetmələrlə aparılır və əsasən, aşağıdakı məsələlərin həllinə kömək edir: inam, təhlükəsizlik ab-havası yaratmaqla, eləcə də hipnosuqqestiv metodlardan istifadə etməklə, ehtiyat vəziyyətlərinin cəlb edilməsi yolu ilə affektiv vəziyyətin neytrallaşdırılması. Birinci mərhələdə rasional psixoterapiya metodlarını tətbiq etmək olar: M.Erikson hipnozu, geştaltterapiya və NLP (neyrolinqvistik proqramlaşdırma).
İnam yaradıldıqdan, mühüm şəxsi resursların bərpasından sonra ikinci mərhələyə keçmək olar. Bu mərhələdə başlıca məsələ əsas psixoloji konfikt və travmatik yaşantıların üzə çıxarılmasıdır. Problemin dərk olunması vasitəsilə travmatik yaşantıların üzə çıxarılması yüksək səviyyədə inkişaf etmiş mənlik şüuruna və refleksiyaya malik olan yeniyetmələrdə baş verir. Uşaqlar üçün daha çox artterapiya, oyun terapiyası və s. vasitəsilə travmatik situasiyalara psixodramatik olaraq üstün gəlmək üsulundan istifadə olunur. Yüksək gərginlikli daxili konfliktə malik yeniyetmələr üçün bu, hipnoanaliz və ya terapevtik trans halətində travmatik təcrübə ilə təmas yolu ilə baş verə bilər. Bu, incə və məsuliyyətli terapiyadır. Kifayət qədər şəxsi resurslara malik olan yeniyetmələr problemi dərketmə səviyyəsinə çıxara və psixoloqun köməyilə böhran yaşantısını müsbət istiqamətə dəyişdirə bilər.
Travmatik təcrübənin üzə çıxarılması və ya kliyentin əsas probleminin müsbət istiqamətə dəyişməsi onda kifayət qədər qüvvələrin azad olmasına səbəb olur. Bu isə həmin qüvvələrin özünüqiymətləndirmənin yüksəlməsinə, özünəinamın formalaşmasına, yeni davranış üsullarının və konfliktin həlli yollarının tapılmasına istiqamətlənir.
Kəskin böhran vəziyyəti bir gündən iki aya qədər davam edə bilər. Bu dövrdə zorakılıq qurbanları xüsusilə psixoterapevtik köməyə ehtiyac duyurlar.
Üçüncü mərhələdə yaradıcılıqda özünüifadə terapiyası, rollu oyunlar, nağıl terapiyası, transaktiv analiz, qrup terapiyası tətbiq edilir.Uşaq və yeniyetmələrin qrup terapiyası zərərçəkənlə əlaqə yaradılanda və zərərçəkən onu narahat edən mövzularda danışa bildikdə həyata keçirilir. Bu, fərdi psixoterapiya və ya “Etimad telefonu”ndan sonra kəskin affektiv simptomatika götürüldüyü zaman baş verə bilər. Qrup, adətən, oxşar problemləri olan yeniyetmələrdən təşkil olunur. Məhz belə bir qrupda yeniyetmə başa düşülə və rəğbət əldə edə bilər, özünü öz mühitində hiss edər, öz təəssüratlarını danışa və başqalarının təcrübələrini dinləyə bilər, yeni davranış modellərini sınaqdan keçirə, yeni adaptasiya, özünütənzim və özününəzarət üsulları işləyə bilər və nəhayət, yeni dostlar tapa, özünə inam hiss edə bilər.
Qrup daim fəaliyyət göstərən, açıq və qapalı ola bilər. Psixokorreksiya məqsədilə yaradılan qrupların aşağıdakı əsas tiplərini ayırmaq olar:
Psixokorreksion qrupların bütün tiplərinin iştirakçıları arasında onların məqsədlərinə müvafiq olaraq müəyyən münasibət qurulur, rol bölgüsü aparılır, qarşılıqlı təsir isə müəyyən qaydalar üzrə qurulur.
Psixodinamik qrupun yaradılmasında məqsəd elə bir dəstək və inam mühiti yaratmaqdan ibarətdir ki, yeniyetməni zorakılığın qurbanı etmiş şəxsi problemlərin üzə çıxarılması və dərk edilməsi, zorakılıq situasiyasında yeni davranış üsullarının formalaşması, şərə müqavimət göstərilməsi, özünüqiymətləndirmənin yüksəldilməsi və yaradıcı potensialın açılması mümkün olsun. Bədən terapiyası qruplarında insan bədəni ilə “ünsiyyətə”, onun idarə olunmasına, adamların bədən səviyyəsində qarşılıqlı təsirinə daha xüsusi əhəmiyyət verilir. Burada belə bir mövqe əsas götürülür ki, birbaşa bədən təmasını insanın özünü normal aparmasına və inkişafına mane olan psixoloji müdafiə mexanizmlərinə qarşı qoymaq olar. Başqa sözlə, travmatik təcrübənin bədənlə üzə çıxarılması mövqeyinə istinad edilir.
Yaradıcılıqda özünüifadə terapiyasında (şəkilçəkmə, gil işi, rəqs) əsas diqqət ona yönəldilir ki, yaradıcılıq vasitəsilə zərərçəkənin daxili potensialı açılsın, özünüqiymətləndirmə səviyyəsi yüksəlsin və travmatik təcrübə üzə çıxarılsın.
Ailəvi terapiya ailəyə krizis vəziyyətindən çıxmağa kömək zamanı tətbiq olunur. Psixoterapiyaya ailənin tərbiyədə iştirak edən hər bir nəsil cəlb edilməlidir. Psixoterapiya prosesində ailə üzvlərinin şəxsi problemləri və ailə tərbiyəsi problemləri həll edilməlidir. Valideyinlərə öyrədilməlidir ki, uşaqları necə varsa, eləcə sevsinlər. İstənilən halda, ailə terapiyası uşaqların iştirakı ilə keçirilir.
Zorakılığın profilaktikası psixoloqun valideyin və müəllimlərlə, zorakılığın xüsusi mənbələrinin dərk olunması, onların təhlükəliliyinin izah edilməsi, istənilən növdən olan zorakı təsirlərə məsuliyyətin artırılması, zorakılıq qurbanlarının aşkara çıxarılması və onların hüquqlarının müdafiə olunması və viktim davranışın qarşısının alınması üsulları ilə məşğul olan mütəxəssislərlə işinin əsasını təşkil edə bilər. Zorakılıq qurbanı olmuş uşaq və yeniyetmələrin aqressiv davranışının korreksiyası üzrə aparılan xüsusi iş də psixoprofilaktik qəbilli məsələlərin həllinə xidmət edir. Belə ki, mikromühitin hansısa sferasında zorakılığın qurbanı olmaqla, onlar hüquqazidd zorakılıq əməlləri törədən kriminogen qruplarda iştirak etməklə məktəblərdə çox vaxt zorakılara çevrilirlər. Amansız rəftarın müxtəlif formalarından zərərçəkən uşaq və yeniyetmələrə psixoloji yardım sisteminin yaradılması onlarla yalnız bilavasitə iş aparılmasını deyil, həm də zorakılıq situasiyasının fəaliyyətini nəzərdə tutur. Uşağa təhlükəsiz davranışı, özünümüdafiə imkanlarını artırmağı öyrətmək zəruridir. Cəmiyyətdə zorakılığın və amansızlığın profilaktikası üçün kompleks sosial proqramlar işlənib hazırlanmalıdır:
Uşaq və yeniyetmələr üçün maarıfləndirmə proqramları;
Uşaq və gənclərlə işləyən pedaqoq, valideyin və digər yaşlılar üçün maarifləndirmə proqramları;
Sağlam insani münasibətləri nümayiş etdirən xüsusi proqramların yaradılması;