Beynəlxalq standartlaşdırmada iştirak edən beynəlxalq təşkilatlar. BMT-nin Avropa İqtisadi komissiyası (BMT AİK) BMT-nin Avropa iqtisadi komissiyası BMT-nin İqtisadi və sosial şurasının orqanıdır. Bu Komissiya 1947-ci ildə əvvəlcə müharibədə zərərçəkmiş ölkələrə yardım məqsədilə yaradılmışdır. Lakin 1951-ci ildə BMT-nin İqtisadi və sosial şurası AİK-in səlahiyyətlərinin qeyri-müəyyən müddətə uzadılması haqqında qərar qəbul etdi və BMT çərçivəsində dövlətlərin iqtisadi əməkdaşlığının inkişafı kimi onun fəaliyyətinin əsas istiqamətlərini təyin etdi. BMT AİK-in standartlaşdırma sahəsində başlıca vəzifəsi hökumət səviyyəsində standartlaşdırma üzrə siyasətin əsas istiqamətlərini işləyib hazırlamaqdan ibarətdir.
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO). Bu təşkilat 1945- ci ildə BMT-nin dövlətlərarası ixtisaslaşdırılmış təşkilatı kimi yaradılmışdır. Onun üzvləri 160-a yaxın dövlətlərdir. Təşkilatın Nizamnaməsinə görə onun məqsədi xalqların həyat səviyyəsinin yüksəldilməsi, istehsalatın səmərəliliyinin artırılması, kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılması üçün ölkələrin birgə hərəkətini təmin etməkdən ibarətdir. Bu da bütövlükdə dünya iqtisadiyyatının inkişafına kömək etməlidir.
Standartlaşdırma FAO-nun birbaşa vəzifəsi olmadığına baxmayaraq onun bir çox struktur bölmələri standartlaşdırma ilə sıx əlaqəlidir. Məsələn, irriqasiya, drenaj, kənd yerlərinin su ilə təchizatı problemləri ilə məşğul olan torpaq və suyun inkişafı şöbəsi; kənd təsərrüfatı texnikası şöbəsi (kənd təsərrüfatının mexanikləşdirilməsi, kənd tikintisi ilə məşğul olur); bitkilərin becərilməsi və mühafızəsi şöbəsi; heyvandarlıq məhsulları şöbəsi; meşə ehtiyatları şöbəsi; meşə sənayesi və ticarət şöbəsi; atom enerjisinin yeyinti sənayesində və kənd təsərrüfatında istifadəsi üzrə şöbə; balıq ehtiyatları şöbəsi.
Ümumdünya səhiyyə təşkilatı (ÜST). Bu təşkilat 1948-ci ildə BMT-nin İqtisadi və sosial şurasının təşəbbüsü ilə yaradılmışdır. O, BMT-nin ixtisaslaşdırılmış müəssisəsidir. ÜST- in Nizamnaməsinə görə onun məqsədi bütün xalqların ən yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır (sağlamlıq dedikdə tam fıziki, mənəvi və sosial rifahın məcmusu başa düşülür). ÜST-in üzvləri 180-dən çox dövlətlərdir.
ÜST-in məşğul olduğu bir sıra problemlər içərisində səhiyyə xidmətinin inkişafı, xəstəliyin profılaktikası və onunla mübarizə, səhiyyə üzrə geniş kadr ehtiyatının yaradılması, ətraf mühitin sağlamlaşdırılması mühüm yer tutur. Aydındır ki, ÜST-in bir çox problemləri standartlaşdırma ilə bağlıdır. Bu məsələlərlə təşkilatın sağlamlıq və ətraf mühitin mühafızəsi bölməsi, farmakologiya və toksikologiya bölməsi və digər bölmələri məşğul oiur.
ÜST İSO-da məsləhətçi statusuna malikdir və İSO- nun 40-dan çox texniki komitələrinin işində iştirak edir. Məsələn, ÜST içməli su kəməri üçün boruların standartlaşdırılmasında, bu borular üçün istifadə edilən plastık kütlələrin tədqiqində və onlara tələblərin müəyyənləşdirilməsində iştirak etmişdir.