MühaziRƏ 15 Standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlar



Yüklə 100 Kb.
səhifə1/4
tarix02.07.2022
ölçüsü100 Kb.
#62608
  1   2   3   4
Muhazir 15


MÜHAZİRƏ 15
Standartlaşdırma üzrə beynəlxalq
və regional təşkilatlar.


Plan

  1. Standartlaşdırma üzrə beynəlxalq təşkilat (İSO).

  2. Beynəlxalq elektrotexniki komissiya.

  3. Beynəlxalq standartlaşdırmada iştirak edən beynəlxalq təşkilatlar.

  4. Regional və Qərbi Avropa standartlaşdırılması.


Standartlaşdırma üzrə beynəlxalq təşkilat (İSO).


Müasir milli standartları işləyib hazırlayan zaman standartlaşdırma üzrə beynəlxalq təşkilatların təklifləri nəzərə alınmalıdır. Bu, müxtəlif ölkələrdə hazırlanan maşın qovşaqlarının və hissələrinin qarşılıqlı əvəzolunmasını təmin etmək üçün, həmçinin onların istismarını sadələşdirmək üçün mütləq lazımdır. Bunun sayəsində ölkələr arasında elmi-texniki və ticarət əlaqələrinin genişlənməsinə şərait yaranır.
Standartlaşdırma məsələləri ilə məşğul olan beynəlxalq təşkilatlar içərisində ən iri təşkilat İSO adlanır. Bu təşkilat standartlaşdırma sahəsində əsas terminləri işləyib hazırlamış və qəbul etmişdir. İSO təşkilatı 1926-cı ildə Praqa şəhərində yaradılmışdır. Bu beynəlxalq assosiasiyaya o vaxt standartlaşdırma üzrə 20 dövlət daxil idi. İkinci dünya müharibəsi dövrü İSO öz fəaliyyətini dayandırdı. O zaman bu təşkilat İSA adlanırdı. Müharibədən sonra 14 oktyabr 1946- cı ildə Londonda faktiki olaraq yeni İSO təşkilatı yarandı. Həmin gün «Beynəlxalq standartlaşdırma günü» adlanır. Burada həmin təşkilatın nizamnaməsi (konstitusiyası) və embleması qəbul olundu. Nizamnamədə bu təşkilatın məqsədi aşağıdakı kimi müəyyən edilmişdir: «Təşkilatın məqsədi beynəlxalq əmtəə mal mübadiləsini asanlaşdırmaq və həmçinin zehni, elmi, texniki və iqtisadi fəaliyyət sahəsində qarşılıqlı əlaqəni genişləndirmək üçün dünya miqyasında standartlaşdırmanın inkişafına kömək etməkdir».İSO 1947- ci ildən fəaliyyət göstərməyə başladı.
İSO təşkilatına 2001- ci ilin yanvarına 138 ölkə daxildir, onlardan 98 komitələr – üzvlər və qalanları isə müxbir üzvlərdir. Onun əsas vəzifəsi elmi-texniki tərəqqinin və beynəlxalq ticarətin inkişafı üçün beynəlxalq standartlar yaratmaqdan ibarətdir. Dünyada istehsal olunan sənaye məhsullarının 95 faizdən çoxu bu ölkələrin payına düşür.
Hazırda dünyada bu və ya digər formada standartlaşdırma məsələlərini həll edən bir neçə yüz beynəlxalq təşkilatlar mövcuddur. Onların bir hissəsi hökümət, digər hissəsi isə qeyri-hökumət statusuna malikdir. Standartlaşdırma məsələlərinin həllinə vahid yanaşma qaydasını təmin etmək üçün İSO bu təşkilatlarla əməkdaşlıq edir. Onların içərisində əsasları Beynəlxalq elektrotexnika komissiyası, BMT- nin Avropa İqtisadi komissiyası, Beynəlxalq qanunverici metrologiya təşkilatı və digərləridir.
İSO-nun üzvləri hökumətlər yox, komitələr- üzvlərdir, yəni standartlaşdırma üzrə milli təşkilatlardır. Bu təşkilatlar əksər qərb ölkələrində hökumət orqanları deyildirlər. Hər bir ölkənin standartlaşdırma üzrə milli təşkilatı İSO-nun tam hüquqlu üzvü o zaman ola bilər ki, bu təşkilat İSO-nun Nizamnəməsinin tələblərini və qayda-qanunlarını yerinə yetirməyə razılıq versin, o cümlədən maliyyə öhdəliyini yerinə yetirsin. Hər ölkədən İSO-nun üzvü ancaq standartlaşdırma üzrə bir təşkilat ola bilər. İSO-nun üzvləri inkişaf etmiş ölkələrdirsə, onun müxbir üzvləri standartlaşdırma üzrə milli təşkilatları olmayan ölkələrdir. İSO-nun müxbir üzvü olmaq üçün bu ölkələrin hökümət orqanları, yaxud digər təşkilatları İSO- ya müraciət etməlidirlər. İSO-nun müxbir üzvü olan ölkələrin nümayəndələri onun texniki komitələrinin iclaslarında məşvərətçi səslə iştirak edə bilərlər. Müxbir üzvlər İSO-nun büdcəsinə keçirdikləri kiçik bir üzvlük haqqı hesabına bütün nəşr olunmuş beynəlxalq standartları və digər informasiya xarakterli materialları almaq hüququna malikdirlər.
İSO rəhbəredici və işçi texniki orqanlardan ibarətdir. Rəhbəredici orqanlara ali orqan sayılan Baş Məclis, Şura, Şura komitələri və beynəlxalq katiblik aiddir. İSO-nun əsas rəsmi şəxsləri onun Prezidenti, vitse-prezidenti, xəzinədarı və baş katibidir. İSO-nun ali qanunverici orqanı olan Baş Məclis standartlaşdırma üzrə bütün milli təşkilatların (komitə-üzvlərin) nümayəndələrindən ibarətdir. Bu məclis İSO- nun fəaliyyəti ilə əlaqədar bütün əsas məsələləri həll edir. Məclis Prezidentin sərəncamı ilə Baş katib tərəfındən, həmçinin yeddi Şura üzvünün və yaxud on bir komitə - üzvlərin xahişi ilə çağırılır. O, üç ildən bir çağırılır.
İSO-nun işində ortaya çıxan ümumi məsələləri öyrənmək və onlar üzrə qərarlar hazırlamaq üçün şuranın nəzdində bir sıra komitələr yaradılmışdır. Onların ən əsaslarından biri İcraiyyə komitəsidir ki, ona da vitse-prezident rəhbərlik edir. Bu komitəyə 12 komitə - üzvlərin (ölkələrin) nümayəndələri daxildir. İcraiyyə komitosi İSO-nun texniki fəaliyyətinə rəhbərlik və onun işinin təşkili məsələləri üzrə məsləhətçi orqandır. Bu orqan Şuranın tapşırığı ilə maliyyə məsələlərinə baxır, İSO-nun texniki komitələrinin sədrlərini təyin edir və öz səlahiyyətləri daxilində digər işləri yerinə yetirir.
Şuranın digər orqanları Plan komitəsi (Texniki büro), Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə, İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitə, İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi, Elmi-texniki informasiya üzrə komitə, Standart nümunələr üzrə komitə və Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitədən ibarətdir.
Plan komitəsi (PLAKO) İSO-nun texniki fəaliyyətinin təşkili, koordinasiyası və planlaşdırılması məsələləri üzrə Şuraya təklif hazırlayır.
Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə (KASKO) 70- ci illərin əvvəllərində dünyanın bütün ölkələrində sertifikatlaşdırmanın intensiv inkişafı ilə əlaqədar olaraq yaradıldı.
İstehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas vəzifələri aşağıdakılardan ibarətdir:

  • Standartlaşdırma baxımından istehlakçıların məlumatlarla təmin edilməsinə yönəldilmiş tövsiyələrin işlənib hazırlanması, həmçinin onlara standartlaşdırma məsələlərinin öyrədilməsi;

  • İstehlakçılara məhsulun standartlaşdırılmasından maksimum səmərə almalarını və həmçinin onların milli və beynəlxalq standartlaşdırmada iştirakını təmin edən tədbirlərin hazırlanması;

  • Standartlaşdırma üzrə işlərdə istehlakçının iştirakı, istehlak mallarına standartların tətbiqi, istehlakçı üçün maraqlı olan milli və beynəlxalq standartlaşdırmanın digər məsələlərinin həllində onların iştiraketmə təcrübələrinin ümumiləşdirilməsi;

  • İSO- nun istehlakçıların marağına toxunan müxtəlif orqanları ilə əlaqələrin daim saxlanılması.

Beynəlxalq standartlaşdırma sahəsində koordinasiya fəaliyyətini həyata keçirmək üçün İSO sistemində İnformasiya üzrə komitə (İNFKO) yaradılmışdır.
İSO- da qəbul olunmuş sazişə əsasən İSO-ya daxil olan bütün ölkələr özlərinin milli standartlarının nüsxələrini İSO-nun üzvü olan bütün ölkələrə göndərirlər. Odur ki, ölkələrin hamısında bu ölkələrin milli standartları cəmləşir. Lazımi standartlar haqqında informasiya axtarışını səmərəli təşkil etmək üçün İNFKO- nun rəhbərliyi altında İSONET adlanan informasiya şəbəkəsi yaradılmışdır.
İnkişaf etməkdə olan ölkələrə yardım komitəsi (DEVKO) bu ölkələrə standartlaşdırma məsələləri üzrə köməklik göstərməklə, onlarla inkişaf etmiş ölkələr arasında təcrübə mübadiləsi həyata keçirməklə məşğuldur.
Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitəyə (STAKO) standartlaşdırmanın əsas prinsiplərini öyrənmək və bu sahədə tövsiyələrin və digər sənədlərin işlənib hazırlanması tapşırılmışdır.
İSO-nun əsas fəaliyyət sahəsi beynəlxalq standartlar işləyib hazırlamaqdır. Odur ki, bu təşkilatın əsas struktur bölmələri texniki komitələr, yarımkomitələr və işçi qruplarıdır. Bu bölmələrdə 5000-dən çox mütəxəssislər çalışır.
İSO beynəlxalq standartlarının tətbiqi bütün ölkələr üçün məcburi deyildir. Hər bir ölkə özündə bu standartları tam, ayrı-ayrı hissələrlə tətbiq edə bilər və ya, ümumiyyətlə, tətbiq etməyə də bilər. Lakin dünya bazarında kəskin rəqabət şəraitində istehsalçılar çalışırlar ki, onların buraxdıqları məhsullar yüksək rəqabət qabiliyyətinə malik olsunlar. Odur ki, bu cür ölkələr məcburiyyət qarşısında qalaraq İSO və digər beynəlxalq təşkilatların standartlarını tətbiq edirlər. Buna görə də beynəlxalq standartları işləyib hazırlayan zaman ayrı-ayrı ölkələr və həmçinin iri istehsalçılar arasında ciddi mübarizə gedir, belə ki, onlardan hər biri beynəlxalq standartlara onun üçün sərfəli olan şəkildə tələblərin və qaydaların daxil edilməsi uğrunda mübarəzi aparırlar.
İSO-nun texniki işlərində müxtəlif ölkələrdən 30 mindən çox ekspertlər iştirak edirlər. İSO standartlaşdırma sahəsində dünyanın ən nüfuzlu təşkilatı olmaqla ən iri beynəlxalq təşkilatlar içərisində yüksək statusa malikdir. İSO-nun standartları bütün dünyada geniş tətbiq olunur, hazırda onların sayı 13 mindən çoxdur və hər il 500-600 standart yenidən baxılır və yeni qəbul edilir. İSO- nun texniki komitələri və yarımkomitələri ilə 560 – dan çox beynəlxalq təşkilatlar əməkdaşlıq edirlər.



Yüklə 100 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin