İstehsalat zədələnmələrinin uçotu və təhqiqi
Qüvvədə olan əmək mühafizəsi norma və qaydaları işçilər və işə götürənlər tərəfindən pozulduqda istehsalatla əlaqədər bədbəxt hadisə baş verir.Bədbəxt hadisə nəticəsində işçi əmək qabiliyyətini müvəqqəti itirir, yüngül yaralanır, müəyyən dərəcədə əlil qalır, ölüm hadisəsi baş verir, qrup halında ağır nəticəli xəsarət alma yaranır.
Müəssisədə bədbəxt hadisələr baş vermə şəraitinə, xüsusiyyətinə və vəziyyətinə görə 3 qrupa bölünür:
1. İstehsalatla əlaqədar olmayan bədbəxt hadisələr.
2. İstehsalatla əlaqədar bədbəxt hadisələr.
3. Məişətlə əlaqədar hadisələr.
İstehsalatla əlaqədar olmayan hadisələr - işçinin müəssisənin maşınından, materialından, nəqliyyat vasitələrindən, işçi yerlərindən və s. .şəxsi məqsəd üçün istifadə edərkən baş verən bədbəxt hadisələrdir.
İstehsalatla əlaqədar bədbəxt hadisələr - işçilərin hər hansı istehsalat tapşırığını yerinə yetirdikdə, müəssisənin daxili intizam qaydasına zidd olmayan müəssisədə yanğın söndürürməsində kömək göstərdikdə baş vermiş bədbəxt hadisələr, habelə istehsalat tapşırıqlarını yerinə yetirərkən baş vermiş zəhərlənmələr, gün vurma, donma, suda boğulma və s. hallarda olan hadisələr hesab edilir.
Məişətlə əlaqədar hadisələr - evdə, ailədə, istirahət günlərində, məzuniyyətdə olduqda və şəxsi maşınla işə gedib- gəldikdə, yolda və s. baş verən hadisələr hesab edilir.
Müəssisələrdə yalnız istehsalatla əlaqədar bədbəxt hadisələrdə işçilərə güzəştlər verilir və dəyən zərərlər ödənilir. İstehsalat müəssisələri qalan hər iki qrup (istehsalatla əlaqədar olmayan və məişətlə əlaqadar hadisələr) hadisələri təhqiq edib səbəblərini müəyyənləşdirir və bunları aradan qaldırmaq üçün tədbirlər görür. İstehsalatla əlaqədar olmayan və məişətlə əlaqədar bədbəxt hadisələr İZ formalı aktla sənədləşdirilmir, müəssisədə qeydə alınmır və buna heç bir təzminat verilmir.
Qanunvericiliyə uyğun olaraq müəssisə istehsalatla əlaqədar olaraq zərərçəkmələrə görə İZ formalı akt əsasında işçinin iş stajından asılı olmayaraq orta əmək haqqını 100% məbləğində verir.
İstehsalatda bədbəxt hadisələr təsadüfı deyil, müəyyən səbəblərdən əmələ gəlir. Buna görə də hər bir bədbəxt hadisə fövqəladə hadisə kimi dərindən təhqiq edilməlidir.Bədbəxt hadisələrin təhqiqində məqsəd onun başvermə şəraitini və səbəblərini müəyyən etməkdən, onun təkrar olunmaması üçün tədbirlər görmək və eləcə də hadisədə müqəssir olan vəzifəli şəxsləri məsuliyyətə cəlb etməkdir.
Azərbaycan Respublikası Əmək məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları müəyyən olunmuşdur. Yəni işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal, həmin hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyta keçirən orqana məlumat verməyə borcludur.
Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafıq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında əsasnamə” mövcuddur. Əsasnamənin qüvvəsi mülkiyyət və təşkilati- hüquq formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərə, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.
Müəyyən istehsalat sahələrində baş vermiş bədbəxt hadisələr müvafıq nazirliklər tərəfindən müəyyən edilmiş, Əmək və Əhalinin Sosial Müdafıəsi nazirliyi və sahə həmkarlar ittifaqları ilə razılaşdırılmış qaydada təhqiq edilir və uçota alınır.
Qüvvədə olan əsasnaməyə uyğun olaraq işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməli və uçota alınmalıdır:
-
əmək vəzifələrini yerinə yetirərkən, eləcə də müdiriyyətin tapşırığı olmadıqda belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;
-
müəssisənin, kənar təşkilatın, müqavilə əsasında verilmiş nəqliyyatında işə gedərkən, yaxud işdən qayıdarkən;
-
müəssisənin ərazisində, yaxud başqa iş yerinde iş vaxtı ərzində müəyyən edilmiş fasilələr də daxil olmaqla, işin bağlanmasından əvvəl və ya qurtarmasından sonra geyimini, istehsal alətlərinin və s. qaydaya salmaq üçün lazım olan vaxt ərzində;
-
keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik keçirilən müddətdə, eləcə də müəssisə tərəfindən hamiçilik tədbirləri keçirildiyi müddətdə;
-
istehsal avadanlıqları və obyektlərində qəza zamanı;
-
fəaliyyəti xidmət obyektlərinin arasında hərəkət etməklə əlaqədar olan işçilərlə (iş vaxtı, ictimai nəqliyyatda, yaxud piyada gedərkən, eləcə də müdiriyyətın tapşırığı ilə iş yerinə gedərkən);
-
iş vaxtı şəxsi minik nəqliyyatında (ondan xidməti gedişlər üçün istifadə etmək ixtiyarına müdiriyyətin sərəncamı olduğu halda), yaxud müdiriyyətin tapşırığı ilə ondan istifadə edilərkən;
-
iş vaxtı başqa şəxs tərəfındən bədən xəsarətləri yetirildiyinə, yaxud işçinin əmək vəzifələrini yerinə yetirərkən qəsdən öldürüldüyünə görə baş vermiş bədbəxt hadisələr; itkin düşənlər, zədələnmələr, kəskin peşə xəstəlikləri və zəhərlənmələr, istivurmalar, yanıqlar, donmalar, suda boğulmalar, ildırım vurmalar, eləcə də təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar) zamanı;
-
növbə istirahətində olan işçilər növbə qəsəbəsinin ərazisində, nəqliyyat vasitələrində olduqları vaxt.
İstehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində xəsarətlərin dərəcələri aşağıdakı anlayışlar əsasında müəyyənləşdirilir.
Dostları ilə paylaş: |