MÜhazirə 8 SƏs- küy və TİTRƏYİŞLƏRDƏn mühafiZƏ MƏSƏLƏLƏRİ Plan



Yüklə 71 Kb.
tarix06.02.2017
ölçüsü71 Kb.
#7740
növüMühazirə
MÜHAZIRƏ 8

SƏS- KÜY VƏ TİTRƏYİŞLƏRDƏN MÜHAFİZƏ MƏSƏLƏLƏRİ


Plan


  1. Səs-küyün insan orqanizminə təsiri

  2. Səs-küydən mühafizə üsulları

  3. Səs-küydən fərdi mühafizə vasitələri

  4. Titrəyişlərin insan orqanizminə təsiri

  5. Titrəyişlərlə mübarizə üsulları


Səs-küyün insan orqanizmə təsiri

Səs-fiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə yaratdığı hərəkət dalğalarına deyilir.

Müxtəlif intensivlikdə və tezlikdə səslər məcmusunun insanda yaratdığı xoşa gəlməz təəssürat səs-küy adlanır. Səs dalğalarının yayılma sürəti mühitin elastikliyindən və sıxlığından asılıdır. Məsələn: səsin havada yayılma sürəti 344 m/san, suda 1500 m/san, poladda 5000 m/san, parçada 500…1200 m/san, rezində 40…150 m/san-dır.

Açıq fəzada səs dalğaları mənbədən hər tərəfə eyni sürətlə yayılır, məsafə artdıqca səs səviyyəsi zəifləyir. Səs dalğaları hər hansı bir maneəyə rast gəldikdə onun bir hissəsi əks olunur, bir hissəsi udularaq istiliyə çevrilir, qalığı isə maneənin o biri üzünə keçir. Buna görə də qapalı mühitdə səs dalğaları əşyalardan və divarlardan dəfələrlə əks olunaraq səsin ucalığını artırır.

Səs-küy bioloji qıcıqlandırıcıdır, yorğunluğa, diqqətsizliyə, baş ağrılarına, əsəbiliyə səbəb olur. Səs-küy eşitmə qabiliyyətini azaldır və tədricən karlığa gətirib çıxarır. Səs-küyün təsirindən əmək məhsuldarlığı 10…20% aşağı düşür, hesablama işlərində səhvlərin sayı 50 %-ə çatır.

Ehtizaz və titrəyişlərin təsirindən əllərin soyuması, keyləşməsi, yorğunluq, yuxusuzluq, baş ağrıları, qan təzyiqinin yüksəlməsi, ürək damarlarının spazması və s. baş verir. Ehtizaz və titrəyişlər eyni zamanda maşın və mexanizmlərə, nəzarət-ölçmə aparatlarına və binaların konstruksiyasına dağıdıcı təsir göstərir.

Səs-küyün səviyyəsindən (ucalığından), xarakterindən, davamiyyətindən və insanın xüsusiyyətindən asılı olaraq onun insan orqanizminə təsiri də müxtəlifdir.

İnsanın qulağı səs dalğalarının tezliyi 16 hs-dən 20000 hc-ə qədər olan rəqslərini eşitdiyi üçün həmin rəqslərin intervalı səs diapazonu, rəqslər özü isə səs rəqsləri adlanır. İnsanın eşitmədiyi, tezliyi 16 hs-dən aşağı olan rəqslər infrasəs, tezliyi 20000 hs-dən yuxarı olan rəqslər isə ultrasəs adlanır.

İstər infrasəslər, istərsə də ultrasəslər səs kimi deyil, duyğu orqanları tərəfindən bu ehtizaz və titrəyiş kimi hiss edilir.

Səs fiziki cəhətdən intensivlik və tezliklə, fizioloji cəhətdən isə gurluğu (şiddəti) və yüksəkliyi ilə xarakterizə olunur.

Səsin şiddəti (gurluğu) desibellə ölçülür. 10-20 db gurluq səviyyəsi pıçıltılı danışığın səviyyəsinə, 30…70 db isə sakit, orta ucalıqda və ucadan danışıq səviyyəsinə uyğundur.

Hətta kiçik səs-küy (50…60 db) belə insanın sinir sistemini gərginləşdirir, ona psixoloji təsir göstərir. Bu xüsusən, zehni fəaliyyətdə olan insanlarda daha çox müşahidə olunur. Zəif səs-küyün müxtəlif adamlara müxtəlif cür təsir göstərməsi insanın yaşı, səhhəti, işinin növü, həmin anda fiziki və rühi vəziyyəti və s. amillərlə izah edilir.

Səs-küyün səviyyəsi 70 db və daha çox olduqda insanda müəyyən fizioloji təsirlər yaranır. Səviyyəsi 85…90 db-dən yüksək olan səs-küy insanın eşitmə həssaslığını azaldır, daha güclü səslər isə insanın səhhətinə və işgüzarlığına zərərli təsir göstərir. İnsan qulağının dözə bildiyi maksimal səs intensivliyinin səviyyəsi 130 db-dir.

150 db səs-küyün qısa müddətli təsirinə insan qulağı dözmür və həmişəlik karlıq baş verir.

180 db şiddəti bütün canlıları öldürür, metallarda yorğurluq əmələ gətirir, 190 db səs pərçimləri qopardır, metal lövhələri dağıdır, qaynaq tikişlərində əyilmə, bükülmə yaradır.

Səs-küyün eşitmə üzvlərinə təsiri üç formada təzahür edir: yorğunluq, səs-küy zədəsi və peşə ağıreşitməsi .

Səs-küy eşitmə üzvlərinə yerli təsirdən əlavə, bütün orqanizmə ümumi zərərli təsir də göstərir. Böyük intensivlikdə, dəvamiyyətli səs-küy insanın mərkəzi sinir sisteminə xeyli zərərli təsir göstərir. Nəticədə insanlar baş ağrısı, baş gicəllənməsi və qulağa səs düşməsindən şikayətlənirlər. Tibbi müayinə zamanı isə onlarda hipertoniya, qastrit, xora və digər xəstəliklər, eləcə də istehsalat səs-küyünün təsirindən müxtəlif peşə xəstəlikləri - arterial təzyiqin və ürək ritminin pozulması, eşitmə qabiliyyətinin zəifləməsi, yaddaşın, diqqətin, görmə itiliyinin və siqnallara həssaslığının zəifləməsi və s. aşkara çıxır.

Son illərdə həkimlər səs-küyün təsirindən insanda yaranmış kompleks dəyişiklikləri “səs-küy xəstəliyi” adlandırırlar.

İstehsalat səs-küyü əmək məhsuldarlığının aşağı düşməsinə, işdə xətaların və ya səhvlərin, eləcə də travmatizmin yüksəlməsinə səsbəb ola bilər.

Səs-küyün insan orqanizminə qarşı zərərli təsirinə qarşı əsas vasitə onun parametrlərinin buraxıla bilən səviyyələrinin normallaşdırılmasıdır. İstehsalat otaqları və iş yerləri üçün buraxılabilən səs-küy səviyyələrinin qiymətləri uzun müddətli tibbi tədqiqatların nəticələrinə əsaslanır.


Səs-küydən mühafizə üsulları

Səs-küydən mühafizə üsulları çox olduğuna görə hər bir konkret şərait üçün həmin üsullar ayrıliqda seçilməlidir. Səs- küydəm mühafizənin texniki üsullarını prinsipcə dörd növə ayırmaq olar:



  1. Səs-küyün mənbədə azaldılması.

  2. İstehsalat otaqlarında və ərazidə səs-küy şüalanmaları istiqamətlərinin dəyişdirilməsi.

  3. Səs-küyün yayılma yolunda onun səviyyəsinin azaldılması

  4. Otaqların akustik işlənməsi və müəssisələrin əlverişli planlaşdırılması.

Maşın və mexanizmlərdə səs-küyün azaldılması üçün: zərbə hərəkətlərinin zərbəsiz hərəkətlərlə əvəz olunması, sürtünən hissələrin yağlanması, səs rəqslərinin azal­dılması (rezin, keçə, bitum və s. köməyi ilə ), plastik və kapron hissələrin tətbiqi və s.

Aerodinamik səslərin azaldılması üçün əsas tədbirlər səs mənbəyinin izolyasiyası və qaz axınlarının yolunda səsboğanların qoyulmasıdir.

Səsudan maneə (ekran) öz üzərinə düşən səs dalğalarını udur, onun səthi səsudan materialla örtüldükdə isə səs dalğalarının enerjisi istiliyə çevrilir. Səsudan maneələrə xüsusi divarları, arakəsmələri, örtükləri və s. misal göstərmək olar.

İnşaatda ən geniş tətbiq edilən səsudan materiallar keçə, asbest, mineral pambıq, şüşə pambığı, məsaməli polivinnilxlorid və s. dir. Bunlardan hazırlanmış rezonans konstruksiyalar lazımı qalınlıqda qat şəklində çəpərləyici konstruksiyaya bilavasitə və ya boşluq saxlamaqla bərkidilir.

Səsudan üzlüklər səs-küyün səviyyəsini 5...6 desibel (1,5 dəfə) azaltmağa imkan verir.

İstehsalat otaqlarında əks olunan səs dalğalarının enerjisini azaltmaq üçün otaqların akustik işlənməsi həyata keçirilir. Otaqların akustik işlənməsində onların daxili səthlərinə səsudan üzlüklər çəkir və otaqda ədədi ( həcmli) səsudanlar qoyulur.

Praktikada üzlüklərin qalınlığı 20...200 mm götürülür. Səsudan üzlüklərin maksimal səmərəsi orta və yüksək tezlikli səs-küydə alınır. Aşağı tezliklərdə onların səsudma qabiliyyətini artırmaq üçün üzlüklə otağın çəpərləyici konstruksiyası arasında hava boşluqları qoyulur.

Hazırda otaqların akustik işlənməsində ultranazik şüşə lifi, kapron lifi, mineral pambıq, ağac lifi və mineral pambıqlı sərt tavalar və s. materiallardan üzlüklər tətbiq edilir. Səsudan üzlüklərin tətbiqi əks olunan səs-küyü 6-8 db azaltmağa imkan verir.

İş yerlərində bəzən səs-küyü azaltmaq üçün müxtəlif konstruksiyalı səsudanlardan istifadə edilir. Səsudanlar içərisi səsudan materalla doldurulan konus, prizma, paralelepiped, kub formalı həcmli cisimlərdən ibarətdir, bunlar otağın tavanından müntəzəm qaydada asılır.
Səs-küydən fərdi mühafizə vasitələri

İş yerlərində səs-küyün əhəmiyyətli dərəcədə azaldılması mümkün olmadıqda fərdi mühafizə vasitələrindən istifadə edilir.

Səs-küyə qarşı tətbiq edilən fərdi mühafizə vasitələrinə tıxac, qulaqlıq və başlıq formalarında tətbiq edilən antifonlar aiddir.

Ən sadə və ucuz vasitə qulağın eşitmə kanalına qoyulan tıxaclardır.Yumşaq tıxaclar mum, qliserin, vazelin hopdurulmuş pambıqdan və ya digər nazik lifdən ibarətdir. Sərt tıxaclar konus formalı ebonitdən, rezindən hazırlanır. Tıxaclar səs-küyü 5....20 db azaltmağa imkan verir, amma bəzən insanda narahatlıq hissi yaradır.

Qulaqlıqlar qulaq seyvanını xaricdən kip əhatə edir və qövsvari yay vasitəsilə yerində dayanır. Bunlar yüksək tezlikli səs-küyə qarşı səmərəlidir və səs səviyyəsini 10...40 db azaltmağa imkan verir.

Tıxac və qulaqlıqlar yüksək səviyyəli ( 120 db) səs-küydən insanı lazımı qədər mühafizə edə bilmir, çünki bu zaman səs-küy bilavasitə beyinə təsir göstərir. Bu halda həm qulaq seyvanını, həm də başın çox hissəsini kip örtən başlıqlardan istifadə edilir.


Titrəyişlərin insan orqanizminə təsiri

Bərk cisimlərin mexaniki rəqsləri titrəyiş adlanır. İnsan bədəni tezliyi 12...2000 Hs olan mexaniki rəqsləri hiss edir . Bu rəqslərin təcili 40..50 sm/san2 olduqda insanda xoşagəlməz təəssürat yaranır.

Titrəyişlər insan orqanizminə titrəyən cisimlə təmas zamanı keçir. İnsanın bədəni mexaniki rəqsləri yaxşı keçirdiyi üçün titrəyişlər bədəndə asanlıqla yayılır.

Titrəyişlər insanın yalnız əllərinə təsir etdikdə yerli, bütün bədənə təsir etdikdə isə ümumu titrəyişlər adlanır.

Bəzən işçi eyni zamanda yerli və ümumi titrəyişlərin birgə təsirinə də məruz qala bilər.

Müxtəlif mexanikləşdirilmiş pnevmatik və elektrik alətləri ilə işləyən heyətə iş vaxtı yerli titrəyişlər təsir edir.

İnsanlar ümumi titrəyişlərin təsirinə nəqliyyatda, vibromeydançalarda, inşaat maşınlarında və s. məruz qalırlar.

Ümumi titrəyişlərin davamiyyətli təsiri mərkəzi sinir sisteminin, damarların və vestibulyar aparatın pozulmasına səbəb olur. Yerli (lokal) titrəyişlər əzələ-sinir və dayaq-hərəkət aparatlarını zədələyir və periferik damarların yığılmasına səbəb olur. Titrəyişlərin təsirindən insanda pataloji vibrasiya xəstəliyi yarana bilər. Bu xəstəliyin əlamətləri əl barmaqlarının titrəməsi, soyuğa həsaslığı, oynaqların ağrımasıdır. Bundan əlavə xəstəlik baş ağrısı, yuxusuzluq, əsəbilik və yorğunluqla müşaiyət olunur. Vibrasiya xəstəlikləri peşə xəstəliklərinə aiddir və yalnız ilk mərhələlərdə müalicə oluna bilər. Müxtəlif tezlikdə titrəyişlər insana müxtəlif dərəcədə təsir göstərir. Məsələn, titrəyən səth üzərində dayanmış şəxs üçün iki rezonans zirvəsi yaranır. 5…12 Hs və 17…25 Hs, oturmuş şəxs üçün isə 4…6 Hs, insanın başı üçün rezonans tezliklər 20…30 Hs-dir. Titrəyişlərin normallaşdırılmasında bu xüsusiyyətlər nəzərə alınır.


Titrəyişlərlə mübarizə üsulları

Titrəyişlərlə səmərəli mübarizə məqsədi ilə onların parametrlərinə iki növ normalar qoyulmuşdur: Gigiyenik və texniki

Gigiyenik normalarda fizioloji tələblər nəzərə alınaraq, iş yerlərində və işçinin əllərinin iş vaxtı təmasda olduğu səthlərdə titrəyişlərin vibroxəstəliklərin əmələ gəlməsini istisna edən parametrləri məhdudlaşdırılır. Texniki normalarda fizioloji tələblərdən əlavə, maşınların konkret növü üçün hazırki texniki səviyyədə titrəyiş parametrlərinin mümkün olan məhdudlaşdırılma qiymətləri də nəzərə alınır.

Layihə edilən və istismarda olan bütün maşın və alətlərin titrəyiş parametrləri yoxlanılmalıdır. Titrəyiş parametrləri normalarla buraxılabilən qiymətlərdən yüksək olan avadanlıq istismara buraxılmamalıdır.

İstehsalatda titrəyişləri aradan qaldırmaq və zəiflətmək üçün texniki və gigiyenik üsullardan istifadə edilir. Bu üsulların köməyi ilə titrəyiş mənbələrində onun ləğv edilməsi və ya azaldılması, iş yerlərinin titrəyişin təsirindən mühafizə edilməsi, işləyənlərin fərdi mühafizəsi və titrəyiş təhlükəli peşələrdə əməyin təşkili üzrə kompleks tədbirlərin görülməsi nəzərdə tutulur.

İstehsalatda ehtizaz və titrəyişlər aşağıdakı üsullarla aradan qaldırılır.

1. Texnoloji və konstruktiv dəyişikliklərlə- irəli - geri hərəkəti fırlatma ilə, dişli çarx ötürmələrini pazvari qayış ötürməsi ilə, düz dişləri çəp dişlərlə, yırğalanan yastıqları sürüşgən yastıqlarla əvəz etmək, zərbəli hissələrdə plastmas, neylon, kapron və s. materiallar tətbiq etmək, yaxud texnoloji məsafəni (aralığı) maksimum azaltmaq, mərkəzləşmənin dəqiqliyini təmin etməklə və s.

2. Təşkilati-texniki tədbirlərlə-əlverişli istismar rejimi yaratmaq, vaxtlı-vaxtında yağlama, planlı-xəbərdarlıq təmiri aparmaq, əlverişli iş prosesi yaratmaqla və s.

3. İzoləedici və titrəyiş azaldan materialların tətbiqi ilə (məsələn, plastmas, rezin, ruberoid, keçə, mastika və s.). Bu halda rəqsi enerjinin azalması istilik enerjisinə çevrilməklə başa gəlir.

4. Fərdi mühafizə vasitələrinin tətbiqi ilə. Məsələn, yaylı dəstək, xüsusi əlcək və ayaqqabılar və s. işlətməklə.








Yüklə 71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin