2. Qaraqoyunlu dövlətinin meydana gəlməsi və siyasi yüksəlişi. Azərbaycan xalqının tarixində mühüm rol oynamış Qaraqoyunlular hələ XIII əsrin əvvəllərində Anadoluda yarımköçəri həyat tərzi sürən iri tayfa birliklərindən olmuşdur. Qaraqoyunlular əsasən Van gölünün sahilindəki Ərçiş adlanan vilayətdə çəmləşmişdilər. Hesab edilir ki. Qaraqoyunlu tayfa qrupları XI əsrdə Səlcuq türklərinin tərkibində Orta Asiyadan Yaxın Şərqə köç etmişdilər. Lakin bununla belə, Qaraqoyunluların hələ erkən orta əsrlərdə, VIII-IX əsrlərdə Azərbaycana və Qərbi İran ərazilərinə, buradan isə sonrakı yüzilliklərdə monqolların təsiri altında Kiçik Asiyaya hərəkət etməsi haqqında ehtimal vardır. Bəzi tədqiqatçılar isə hətta Qaraqoyunlu tayfa birliyinə daxil olan bir sıra oğuz-türkman mənşəli qəbilələrin V əsrdən Azərbaycan ərazilərində məskunlaşması fikrini irəli sürmüşlər. Hər halda tarixi qaynaqlara görə artıq XIII əsrin əvvəllərində Qaraqoyunlular Kiçik Asiyanın şərqində, Anadolu ərazisində kompakt şəkildə yaşayırdılar.
XIV əsrin sonlarında Qaraqoyunlular Şərqi Anadoluda böyük bəylik yaratmışdılar. Qarqoyunlu bəyliyinin əsası Baharlı oymağından olan Bayram Xoca tərəfindən qoyulmuşdur. Bayram Xoca Cəlairi sultanı Şeyx Üveysin sarayında nüfuzlu əmirlərdən biri olmuşdur. Hələ XIV əsrin 70-ci illərində Qaraqoyunlular Bayram Xocanın başçılığı altında Azərbaycanın cənub-qərb torpaqlarını – Xoy, Naxçıvan, Ağkilsə və Sürməli ərazilərini ələ keçirərək Cəlairilərə tabe olmaqdan imtina etmişdilər. 1380-cı ildən Qarqoyunlulara başçılıq edən Qara Məhəmməd öz qızını Sultan Üveysin oğluna ərə verərək Cəlairilərin nüfuzundan istafadə etməyə çalışmışdır. 1382-ci ildə Sultan Hüseynin ölümündən sonra Cəlairlərin zəifləməsindən istifadə edən Qara Məhəmməd öz siyasi fəaliyyətini daha da genişləndirdi. XIV əsrin sonu – XV əsrin əvvəllərində Qaraqoyunlu tayfa ittifaqına Qara Yusif başçılıq etməyə başlayır. Əmir Teymurun ölümündən sonra Azərbaycanda Teymurulərin hakimiyyətinin zəifləməsindən istifadə edən Qara Yusif fəal şəkildə hakimiyyət uğrunda mübarizəyə qoşulur. Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbubəkirin ilk döyüşü 1406-cı ilin oktyabrında Naxçıvan yaxınlığında baş verdi. Döyüş Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Qara Yusif Təbrizi Teymurilərin əlindən almağa nail oldu. Bundan sonra Qara Yusif teymuri Əbubəkri Sulataniyyəyə kimi təqib etdi. Lakin tezliklə qardaşı Şahrux Mirzədən 20 minlik qoşunla kömək alan Əbubəkir atası Miranşahla birlikdə Təbriz üzərinə yenidən yürüş edir. 1408-ci ildə aprelin 21-də Təbrizin cənubunda Sərdrud adlanan ərazidə Teymurilərlə Qaraqoyunlular arasında növbəti döyüş baş verdi. Döyüş Qaraqoyunluların tam qələbəsi ilə başa çatdı. Döyüşdə Miranşah öldürüldü, Əbubəkr isə qaçmağa üz qoydu. Beləliklə, Sərdrud döyüşündən sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu. Bu hadisədən sonra qaynaqların məlumatına görə 1409-cu Qara Yusifin göndərdiyi qoşunlar Şəki və Şirvan istiqamətində hərəkət etdilər. Qara Yusifin sərkərdələri Pir Ömər və İlyas Dügər Şəki hakimi Seyid Əhmədin müdafiəyə ciddi hazırlığını görərək Şirvana döndülər. Qaraqoyunlu qoşunları Şirvanı qarət edərək geri qayıtdılar. Beləliklə, görünür ki, Qara Yusif Azərbaycanın cənubu ilə kifayətlənmir, onun şimalını da tabe etmək niyyətində idi. Qara Yusifin Azərbaycanda nüfuzunun getdikcə artması Cəlairi hökmdarı Sultan Əhmədi xeyli narahat edirdi. Buna görə də Sultan Əhməd Qaraqoyunlulara müxalif olan qüvvələrlə gizlicə ittifaqa girib, Qara Yusifi aradan götürməyə çalışırdı. Bu işdə Sultan Əhmədə Şirvanşah I İbrahim yaxından köməklik edirdi. Bunun üçün I İbrahim oğlu Kəyumərsin başçılığı ilə Sultan Əhmədin köməyinə qoşun da göndərmişdi. Şirvanşah I İbrahimin Qara Yusifin tərəfində deyil, Sultan Əhmədin tərəfində çıxış etməsini iki əsas amillə izah etmək olar. Əvvəla, Şirvanşah I İbrahim Qara Yusiflə müqayisədə Cəlairi sültanı Əhmədin daha zəif qüvvə olduğunu və buna görə də gələcəkdə Şirvanın müstəqilliyi üçün hər hansı təhlükə törədə bilməyəcəyini nəzərə alırdı. İkincisi, uzaqgörən dövlət xadimi olan I İbrahim Qara Yusifin tərəfində çıxış etməklə bir tərəfdən Qaraqoyunluların şəxsində bir dost, digər tərəfdən isə Cəlairilərin və Teymurilərin şəxsində özünə iki düşmən qazanmaq istəmirdi.
1410-cu ildə Qara Yusif Ağqoyunlu tayfa birliyi ilə mübarizə aparmaq üçün Ərzincana hərəkət etmişdi. Lakin müttəfiqlərin – Sultan Əhmədin və I İbrahimin niyyətindən xəbər tutan Qara Yusif onların birləşməsinə yol verməmək üçün cəld tərpənərək Təbriz ətrafına hərəkət etdi. Qara Yusifin qoşunları Təbriz ətrafına Kəyumərsin qoşunlarından daha tez yetişdi Sultan Əhmədin qoşunlarını yaxaladı. 1410-cu ildə Təbriz yaxınlığındakı Şənbi-Qazan (Əsəd kəndi) adlı yerdə Sultan Əhmədlə Qara Yusifin qoşunları arasında həlledici döyüş baş verdi. Sultan Əhmədin qüvvələri darmadağın edildi. Gecikmiş Kəyumərs özü və qoşunları əsir alındı. 1410-cu ildə baş verən Şənbi-Qazan döyüşündən sonra Azərbaycan ərazisində yeni dövlət – Qaraqoyunlu dövləti meydana gəldi. 1411-ci ildə Qara Yusif öz öğlu Pirbudağı sultan elan etdi, özü isə dövləti onun adından idarə etməyə başladı. Kürdən cənubdakı Azərbaycan torpaqları, Ərməniyyə, Gürcüstanın bir hissəsi, Kürdüstan, İranın qərbi və İraq əraziləri Qaraqoyunlu dövlətinin ərazisinə daxil idi. Cəlairi Sultan Əhmədin şəxsində müttəfiqini itirmiş Şirvanşah I İbrahim Qaraqoyunlu dövlətinin meydana gəlməsindən çox narahat idi. O, hansı vasitə ilə olursa-olsun Qara Yusifi aradan qaldırmağa çalışırdı. Tezliklə I İbrahim Gürcü hökmdarı II Konstantin və Şəki hakimi Seyid Əhməd ilə ittifaq yaradaraq 12 minlik qoşunla qaraqoyunlulara qarşı hərəkət etdi. Azərbaycanın cənubindakı bəzi feodallar da bu ittifaq qoşulmuşdu. 1412-ci ildə Kür çayı sahilində baş verən döyüşdə Qara Yusif Şirvanşah I İbrahim və onun müttəfiqləri üzərində daha bir qələbə qazandı. I İbrahim və onun müttəfiqləri Qara Yusif tərəfindən əsir alındılar. Qara Yusif 1200 tümən canbahası aldıqdan sonra I İbrahimi azad etdi. II Konstantin və 300 gürcü aznauru isə edam edildi.
Bu dövrdə Qaraqoyunlu dövlətinin ən ciddi rəqibi Xorasanda qərar tutmuş teymuri Şahhrux Mirzə idi. 1414-cü ildə Qara Yusif Herat şəhərinə elçi göndərərək Sultaniyyə şəhərinin Qaraqoyunlu dövlətinə verilməsini tələb etdi. Lakin tələb rədd edildi. Belə olduqda Qara Yusif hücüm edərək böyük ticarət əhəmiyyəti daşıyan Qəzvini, Həmədanı və Sultaniyyəni ələ keçirdi. Bundan narahat olan Şahrux Mirzə 1420-ci ildə 200 minlik qoşunla hərəkət başladı. Qara Yusif də bu döyüşə ciddi hazırlaşmışdı. Qaraqoyunlular süvari qoşunla yanaşı ilk dəfə olaraq piyada qoşunlardan da istifadə edirdilər. Lakin döyüş baş tutmadı. Qara Yusifin hələ yolda ikən ağır xəstələnib vəfat etməsi Qaraqoyunlu qoşunları arasında çaşqınlıq yaratdı. Şahruxun qoşunları yaxınlaşan kimi, başsız qalmış Qaraqoyunlu qoşunu dağılıdı. Heç bir müqavimətə rast gəlməyən Şahruxun qoşunları Azərbaycanı ələ keçirdi. Lakin məğlubiyyətlə barışmayan Qara Yusifin oğlu İsgəndər teymurilərə müqavimət göstərdi. 1421-ci ildə Alaşkert vadisində İsgəndərin qoşunları ilə teymuri qoşunları arasında döyüş baş verdi. Qaraqoyunlular bu dəfə də məğlub oldular. Lakin Şahruxun qoşunları Azərbaycanda çox qala bilmədi. Teymuri qoşunları Azərbaycanı tərk edən kimi, Qara Yusifin varisi İsgəndər (1422-1429) Təbrizi ələ keçirərək Qaraqoyunlu dövlətini bərpa etdi. Vəziyyətin təhlükəli xarakter aldığını görən Şahrux Mirzə ikinci dəfə 1429-cu ildə 100 minlik qoşunla Azərbaycana hərəkət etdi. Səlmas yaxınlığındakı vuruşmada Qaraqoyunlular yenə də ağır məğlubiyyətə uğradılar. Bu dəfə də Qaraqoyunlu dövləti asılı hala salındı. “Parçala və hökmranlıq et” siyasətinə əl atan Şahrux Qaraqoyunlu şahzadələri arasında gedən ara müharibələrindən məharətlə istifadə etdi. Şahrux Mirzənin siyasəti Əmir Teymurun siyasətindən xeyli fərqlənirdi. Belə ki, Azərbaycanda böyük qüvvə saxlamağa gücü çatmayan və Qaraqoyunlu dövlətini aradan qaldıra bilməyəcəyini dərk edən Şahrux Qaraqoyunlu sahzadələri arasında nifaq salmaqla bu dövləti zəiflətməyə çalışırdı. Şahrux Qaraqoyunlu taxtına QaraYusifin kiçik oğlu Əbu Səidi (1430) hökmdar təyin etdi. Lakin cəmi 5-6 ay taxtda oturan Əbu Səid qardaşı İsgəndər tərəfindən devrilərək öldürüldü. İsgəndər həmçinin teymuri Şahrux Mirzənin Azərbaycandakı əsas müttəfiqi Şirvanşah I Xəlilüllahı (1417-1465) cəzalandırmaq məqsədilə Şirvana yürüşlər etdi. 1433/34-cü ildə İsgəndərin qoşunları Şirvana soxuldu. Şamaxı şəhəri ələ keçirilərək yandırıldı. Qaraqoyunluların Şirvana bu yürüşü əvvəlkindən daha dəhşətli oldu. Belə olduqda Şirvanşah I Xəlilüllah müttəfiqi Şahruxa müraciət etdi. 1435-ci ildə 3-cü dəfə Azərbaycana yürüş edən Şahrux bu dəfə də qalib gələrək İsgəndərin qardaşı Cahanşahı (1438-1467) hakimiyyətə gətirdi. Əlincə qalasına sığınan İsgəndər xəyanət nəticəsində öldürüldü. Beləliklə Qaraqoyunlu dövləti qısa müddətə Teymurilər dövlətindən asılılıq qəbul etdi.
Cahanşahın hakimiyyəti illərində Qaraqoyunlu dövlətinin əsas rəqibi Ağqoyunlu tayfa ittifaqının başçısı Uzun Həsən idi. Qaraqoyunluların zəifləməsindən istifadə edən Ağqoyunlular Şərqi Anadolunun böyük bir hissəsini Qaraqoyunlulardan aldılar. Qaraqoyunlu hökmdarı Cahanşah Anadoluda itirdiklərinin əvəzini Gürcüstan və İraq istiqamətində yürüşlər hesabına çıxmaq istəyirdi. 1441-ci ildə Gürcüstan üzərinə yürüş istənilən nəticəni vermədi. 1445-ci ildə İraq əraziləri Cahanşahdan asılı vəziyyətə düşdü. 1447-ci ildə Şahruxun ölümündən sonra isə Qaraqoyunlu dövləti Teymurilərin asılılığından yaxa qurtardı. Cahanşahın adına xütbə oxundu və sikkə kəsildi. Cahanşah Qaraqoyunlu dövlətinin itirilmiş mövqeyini geri qaytarmağa çalışırdı. O, ilk növbədə Ağqoyunlularla aparılan lüzumsuz mübarizəni dayandırmaq qərarına gəldi və əsas diqqəti İranın işğalına yönəltdi. 1453-cü ildə Qum, İsfahan və Şiraz əraziləri ələ keçirildi. Tezliklə Mazandaran və Astarabad zəbt edildi. 1458-ci ildə Chanşahın qoşunları Xorasını ələ keçirdilər. Ölkə daxilində qiyamların güclənəcəyindən ehtiyat edən Cahanşah 1459-cu ildə Teymuri Əbu Səidlə Herat barışığı imzaladı. Müqaviləyə əsasən Şərqi İran Teymurilərə, Qərbi İran əraziləri isə Qaraqoyunlulara verildi. Teymurilərdən təzminat aldıqdan sonra Cahanşah Xorasandan geri çəkildi. Cahanşah daha bir neçə il feodal çəkişmələrinin yatırılması ilə məşğul oldu.
Beləliklə, Cahanşahın hakimiyyəti dövründə mərkəzi hakimiyyət qısa müddətə olsa da möhkəmləndirildi. Cahanşahın hakimiyyəti dövründə Qarqaoyunlu dövləti itirilmiş nüfuzunu qismən də olsa bərpa edə bildi. Cahanşah mədəniyəti və ticarəti himayə edirdi. Lakin bütün bunlar müvəqqəti xarakter daşıyırdı. Heç bir tədbir dövlətin tənəzzülünün qarşısını ala bilmədi. Xüsusiilə, Ağqoyunlu feodallarının mərkəzi hakimiyyət uğrunda mübarizəsinin güclənməsi Qaraqoyunlu dövlətinin süqutunu günbəgün yaxınlaşdırırdı. Nəhayət, bu ziddiyyət hər iki siyasi qüvvə arasında açıq münaqişəyə çevrildi. 1467-ci ildə Muş yaxınlığındakı döyüşdə Qarqaoyunluların qüvvələri darmadağın edildi. Beləliklə, həmin ildə Qarqaoyunlu dövləti dağıldı.