Mühazirə 9 Mövzu: Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində. Plan


Ağqoyunlu dövlətinin meydana gəlməsi. Daxili və xarici siyasəti



Yüklə 162,5 Kb.
səhifə3/4
tarix10.11.2022
ölçüsü162,5 Kb.
#68419
növüMühazirə
1   2   3   4
MÜHAZİRƏ 9

3. Ağqoyunlu dövlətinin meydana gəlməsi. Daxili və xarici siyasəti.
Azərbaycan xalqının tarixində mühüm rol oynayan tayfalardan biri də Ağqoyunlular olmuşdur. Ağqoyunlu tayfaları XIV əsrdə Kiçik Asiyanın şərqində Qaraqoyunlularla qonşuluqda yaşayan tayfalar olmuşlar. Ağqoyunlu etnik birliyinin başında Bayandur qəbiləsi dayanırdı. XIV əsrin sonu – XV əsrin əvvəllərində Qara Yuluq Osman bəy Diyarbəkir mərkəz olmaqla Ağqoyunlu bəyliyinin əsasını qoydu. 1435-ci ildə Ağqoyunlu bəyliyi daxilində hakimiyyət uğrunda uzunmüddətli mübarizə başlandı. Cahangir Mirzə ilə Uzun Həsən arasında gedən son mübarizə nəhayət 1453-cü ildə Uzun Həsənin qələbəsi ilə başa çatdı. Uzun Həsənin Ağqoyunlu bəyliyindəki hakimiyyətinin ilk illəri feodal ara çəkişmələri şəraitində keçdi. Lakin Ağqoyunlu feodallarının böyük bir qismi Uzun Həsənin nüfuzu ilə hesablaşmalı oldular. 1457-ci ildə Uzun Həsənin dəstələri Qaraqoyunlu hakimi Rüstəmin dəstələrini Diyarbəkir yaxınlığında ağır məğlubiyyətə uğratdılar. Bu hadisə Uzun Həsənin nüfuzunu daha da artırdı. Hakimiyyətini möhkəmləndirən Uzun Həsən Azərbaycanda hakimiyyəti ələ keçirmək uğrunda Qaraqoyunlularla mübarizəsini genişləndirdi. Bu mübarizənin gedişində Uzun Həsən 1458-ci ildə Ərməniyyəni və Gürcüstanın şərq hissəsini özünə tabe edə bildi. Onun nüfuzunun artmasından qorxuya düşən Cahanşah Ağqoyunlulara qarşı hərəkət etdi. Uzun Həsən oğlu Xəlil Mirzənin komandanlığı altında 2 min nəfərlik qoşun göndərdi. 1467-ci il noyabrın 10-da Muş düzündə döyüş baş verdi. Döyüş Ağqoyunluların qələbəsi ilə başa çatır. Qaraqoyunlu xanədanından olan Həsənəlinin Qaraqoyunlu dövlətini bərpa etmək cəhdi də bir nəticə vermir. 1468-ci ildə Mərənd yaxınlığında Həsənəlinin qoşunları məğlub edilir. Beləliklə, 1468-ci ildə Kür çayından cənubdakı Azərbaycan əraziləri, Ərdəbil mahalı istisna olmaqla Ağqoyunlu dövlətinin tərkibinə daxil edildi. Təbriz şəhəri yeni dövlətin paytaxtı oldu. Ağqoyunlu dövlətinin meydana gəlməsi elə ilk günlərdən Teymuri Əbu Səidi narahat etməyə başlamışdı. Əbu Səid öldürülmüş Cahanşahın oğlanlarını müdafiə etmək bəhanəsilə Azərbaycana qoşun yeritdi. Bu toqquşmadan yayınmağa çalışan Uzun Həsən münaqişəni diplomatik yolla həll etmək üçün anası Saray Xatunu Əbu Səidlə danışıqlara göndərdi. Lakin razılıq əldə olunmadı. Teymuri Əbu Səidin Ağqoyunlu dövlətinə qarşı Şirvanşah Fərrux Yasarın yardımından istifadə etmək cəhdi bir nəticə vermir. Həsən bəy Rumlu yazır ki, “əgər Şirvanşah Fərrux Yasarla Əbu Səid arasında ixtilaf yaranmasaydı, onda Uzun Həsən qalib gələ bilməzdi”. Qaynaqların məlumatından aydın olur ki, Şirvanşahlar Teymuri qoşunlarını ərzaqla, ilk növbədə taxılla təmin etməli idilər. Lakin Fərrux Yasar son anda bu yardımdan imtina etdi. Beləliklə, Ağqoyunlu Uzun Həsənlə Teymuri Əbu Səid arasındakı mübarizə 1469-cu ildə Mahmudabad yaxınlığında Əbu Səidin məğlub edilərək öldürülməsi ilə nəticələndi.
Ağqoyunlu dövləti fəal daxili və xarici siyasət yeridirdi. Ağqoyunlu dövlətinə Cəlairi və Qaraqoyunlu dövlətlərinin hakimiyyəti dövründən ağır miras qalmışdı. Ölkədə uzun müddət siyasi sabitliyin olmaması, Qaraqoyunlu şahzadələrinin və Teymuri əmirlərinin hakimiyyət uğrunda mübarizələri rəiyyəti var-yoxdan çıxarmış, ölkənin təsərrüfat həyatını iflic vəziyyətinə salmışdı. Uzun Həsən (1468-1478) ölkənin daxili vəziyyətini qaydaya salmaq məqsədilə bir sıra tədbirlər həyata keçirdi. Hər şeydən əvvəl yeni hökmdar daxili siyasətdə köçəri əyanlara deyil, oturaq əhaliyə arxalanmaq xətti götürdü. Cəmiyyətin əsas istehsalçı qüvvələri olan kəndlilərin və sənətkarların vəziyyətini yaxşılaşdırmaq, ölkədə məhsuldar qüvvələrin canlanmasını təmin etmək məqsədilə xüsusi “Qanunnamə” hazırlatdı. Sonradan “Həsən padşahın qanunları” kimi adlanan və bütün XVI əsr boyu qüvvədə qalan “Qanunnamə”yə əsasən kəndlilərdən alınacaq vergilər müəyyənləşdirildi, onların miqdarı dəqiqləşdirildi. Vergi yığımı müəyyən sistemə salındı. Vergi toplayan məmurların özbaşnalığı azaldıldı. Bunun sayəsində kəndli və sənətkar əhalidən toplanan vergilərin birbaşa xəzinəyə axması təmin olundu ki, bu da dövləti iqtisadi cəhətdən möhkəmləndirdi. Uzun Həsən mərkəzi hakimiyyəti hərbi-siyasi cəhətdən möhkəmləndirmək və köçəri hərbi əyanların nüfuzunu qırmq üçün digər tədbirlərə də əl atdı. O, vaxtaşırı toplanan nizamsız feodal qoşunu əvəzinə, nizami qaydada daimi ordu yaratmağa cəhd etdi. Əsasən oturaq əhali arasından süvari dəstələrinə döyüşçü cəlb edilirdi. Ağqoyunlu hökmdarının bu addımını bir sıra ilk qaynaqlar, o cümlədən həmin dövrdə Ağqoyunlu dövlətinin ərazisində olan Avropa müəllifləri də təsdiq edirlər. Məsələn, Venesiya Respublikasının Ağqoyunlu dövlətindəki səfiri Katerino Zeno 1473-cü ildə Venesiya hökümətinə göndərdiyi gizli məktubunda Ağqoyunlu ordusundakı süvari əsgərlərə ildə 40-60 dukat olmaqla hər altı aydan bir məvacib verildiyini yazırdı. Lakin bu tədbirlər yalnız qısa müddətdə Ağqoyunlu dövlətinin daxili vəziyyətini möhkəmlətdi. Həyata keçirilən bütün bu tədbirlərin bəzi uğurlarına baxmayaraq Uzun Həsənin Azərbaycanda mərkəzləşdirilmiş güclü dövlət yaratmaq cəhdi əslində baş tutmadı.
Ağqoyunlu dövləti eyni zamanda fəal xarici siyasət yeridirdi. Ağqoyunlu xarici siyasətinin əsas istiqamətlərindən birini Avropa ölkələri ilə əlaqələri genişləndirmək təşkil edirdi. Prof. Y.Mahmudovun qeyd etdiyi kimi, “Ağqoyunlu dövləti öz dövrünədək Azərbaycanın bütün tarixi ərzində Avropa ölkələri ilə ən geniş əlaqə yaratmış ilk dövlət idi”. Ağqoyunlu dövlətinin xarici siysətində duran başlıca məsələlərdən biri ipək məsələsi idi. Yəni, başlıca xam ipək ixracatcısı kimi, Ağqoyunlu hakim dairələri xam ipəyin xarici bazarlara əlverişli şəkildə ötürülməsinə və xam ipək ticarətindən gələn yüksək mənfəətin sabit saxlanmasına çalışırdılar. Bunun üçün Ağqoyunlu dövləti Yaxın və Orta Şərəq ölkələrindən keçən bir sıra ipək ticarəti yollarına, habelə Xəzər-Qara dəniz ticarət yoluna nəzarəti əldən buraxmamağa çalışırdı. 1453-cü ildə Konstantinapolun Osmanlı dövləti tərəfindən işğalı Qara dəniz vasitəsilə Avropa və Şərq ölkələri arasında aparılan ticarət əlaqələrinə güclü zərbə endirdi. Bu isə Ağqoyunluların iqtisadi mənafelərinə uyğun gəlmirdi. Ağqoyunlu hakim dairələri Avropa ölkələri ilə ticarət əlaqələrinin yenidən əlverişli şəkildə bərpa edilməsi üçün Osmanlı dövləti ilə rəqabətə girişdilər. Osmanlı dövləti isə Ağqoyunluların Avropa ilə ticarət əlaqələrinin yalnız Osmanlı əraziləri vasitəsilə aparılmasında maraqlı idi. Çünki vasitəçilik ticarəti Osmanlı xəzinəsinə böyük gəlir gətirirdi. Hələ Ağqoyunlu bəyliyinin dövründə Ağqoyunlu hakim dairələri Avropa ölkələri ilə ticarət əlaqələrini Qara dəniz sahillərində mühüm mövqe tutan Trabzon vasitəsilə aparırdılar. Trabzon krallığı ilə Ağqoyunlu bəyliyi arasında dostluq və qohumluq əlaqələri mövcud idi. Osmanlı dövləti Trabzonu ələ keçirməyə və bununla da Ağqoyunluların Qara dəniz vasitəsilə apardıqları bütün ticarət əlaqələrini öz nəzarəti altına almağa can atırdı. Ağqoyunluların Trabzonu əldə saxlamaq üçün bütün diplomatik səyləri heç bir nəticə vermədi. 1461-ci ildə Osmanlı sultanı II Mehmetin qoşunları Trabzonu ələ keçirdilər. Beləliklə, Ağqoyunluların Qara dənizə yeganə çıxış yolu da bağlandı. Bu, Ağqoyunlu hakim dairələrini Osmanlılara qarşı Avropa dövlətləri ilə əlaqə yaratmağa vadar edən əsas amillərdən biri oldu. Bundan başqa Osmanlı dövlətinin Azərbaycan, habelə bir sıra Yaxın və Orta Şərq ərazilərini, yəni təkcə Qara dəniz vasitəsilə deyil, həm də quru yolları vasitəsilə aparılan ticarət üzərində nəzarəti ələ keçirmək cəhdi Ağqoyunlu dövlətini narahat edirdi. Təsadüfi deyildir ki, Osmanlı dövlətinin ticarət gömrüyündən əldə etdiyi 3 mln. axça gəlirin 2 milyonu təkcə xam ipək ticarətinin payına düşürdü. Osmanlı hakim dairələri həm də ölkə ərazisində toxuculuğu inkişaf etdirmək və Avropaya hazır məhsulları ixrac etmək üçün hər vasitə ilə Ağqoyunlu tacirlərinin apardığı xam ipək ticarətinə mane olmaq istəyirdilər. Məsələn, II Mehmetin fərmanına əsasən Ağqoyunlu dövlətindən xam ipək gətirən tacirlərdən iki dəfə - Bursada və Toqatda əlavə gömrük haqqı alınırdı. Bu isə Ağqoyunlu tacirlərini daha çox narahat edirdi. Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında dərin ticarət ziddiyyətləri mövcud idi. Buna görə də Osmanlı imperiyasını məğlub edib ölkənin beynəlxalq ticarət əlaqələrini qaydaya salmaq Ağqoyunlu dövlətinin xarici siyasətinin baş məsələsinə çevrildi.
Osmanlılara qarşı mübarizədə üstünlük qazanmaq üçün Ağqoyunlulara odlu silah lazım idi. Uzun Həsən Osmanlı dövlətinə bir neçə istiqamətdən zərbə endirmək üçün bir sıra Avropa ölkələri ilə danışıqlara başladı. Əslində bu siyasət Avropa dövlətlərinin də mənafeyinə tamamilə uyğun idi. Avropa dövlətləri Osmanl-Ağqoyunlu münasibətlərinin kəskinləşməsində maraqlı idilər. Burada Avropa dövlətləri iki əsas məqamı nəzərə alırdılar. Birincisi, Osmanlı dövlətini Ağqoyunlularla müharibəyə cəlb etməklə Osmanlıların diqqətini Avropadan yayındırmaq və bununla da Osmanlı təhlükəsinin qarşısını almaq. İkinci məqam isə dini amillə bağlı idi. Xristian dünyası iki müsəlman-türk dövlətini bir-birinə vuruşdurmaqla türk-islam birliyini sarsıtmağa çalışırdı. Osmanlı-Ağqoyunlu münasibtlərinin qərginləşdirilməsində əsas maraqlı qüvvələr Roma papası və Venesiya Respublikası idi. Hələ Ağqoyunlu dövləti yaranmamışdan bir qədər əvvəl, 1464-cü ildə Venesiya Respublikası Ağqoyunlu bəyliyinin başçısı Uzun Həsənin sarayına bir neçə diplomatik nümayəndə göndərdi. XV əsrin 70-ci illərində Avropa ölkələri ilə diplomatik əlaqələr daha da genişləndirildi. Ağqoyunlu dövləti Moskva knyazlığı, Polşa, Papalıq, Avstriya, Macarıstan, Çexiya, Burqundiya krallıqları ilə, habelə Kipr, Rodos və Qaraman bəyliyi və digər dövlətlərlə geniş əlaqələr yaratmışdı. Tezliklə, Avropa dövlətlərinin təhriki ilə Ağqoyunlu sarayında Osmanlı dövlətini darmadağın etmək planı hazırlandı. 1471-ci ildə Uzun Həsən öz səfiri Murad bəyi danışıqlar aparmaq üçün Venesiyaya göndərdi. 1472-ci ildə Venesiya ilə imzalanmış müqaviləyə əsasən Venesiya dövləti Ağqoyunlulara odlu silah verməli idi. Aralıq dənizi sahilində odlu silahı əldə etmək üçün 20 minlik Ağqoyunlu qoşunu Mirzə Yusif xanın komandanlığı altında Qaraman bəyliyinə doğru hərəkət etdi. Lakin Aralıq dənizi sahillərinə çıxan Ağqoyunlu qoşununa odlu silah verilmədi. Xəyanət edən Venesiya Osmanlı dövləti ilə gizli danışıqlara başlamışdı. Venesiya Osmanlı dövlətinin düşdüyü ağır vəziyyətdən istifadə edərək ticarət güzəştləri qopartmaq niyyətində idi. Beləliklə, Ağqoyunlu dövləti Osmanlılarla döyüşdə təkləndi. Osmanlı sultanı II Mehmet 100 minlik ordu ilə Ağqoyunlular üzərinə hücuma keçdi. Bunu eşidən Uzun Həsən öz qoşunu ilə Fərat çayı istiqamətində hərəkət etdi. Uzun Həsənin fikri düşməni Azərbaycan sərhədlərindən kənarda qarşılayıb, zərbə endirmək idi. 1473-cü il avqustun 1-də hər iki qoşun Malatya yaxınlığında döyüşə girdi. 3 saatlıq Malatya döyüşündə Ağqoyunlular qalib gəldilər. II Mehmet öz qoşunlarını Fərat çayının sağ sahilinə geri çəkir. Ağqoyunlu qoşunu Osmanlıları izləməyə başlayır. 10 günlük geri çəkilmədn sonra nəhayət, 11 avqustda Tərcan və ya Otluqbeli deyilən yerdə Osmanlılar yenidən döyüş nizamını bərpa edə bildilər. Burada baş verən döyüş zamanı Ağqoyunlular ağır məğlubiyyətə uğradılar.
Osmanlılarla döyüşdə Ağqoyunlu dövlətinin məğlubiyyəti ölkədə daxili vəziyyəti ağırlaşdırdı. İri feodalların mərkəzi hakimiyyətə qarşı mübarizəsi gücləndi. Şirazda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı. Ağqoyunlu qoşunlarının Şiraz üzərinə hərəkətini eşidən Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı. Ölkədə digər feodal hakimlərin qiyamları baş verdi. Ağqoyunlu dövlətinin Osmanlılarla apardığı üzücü müharibələr ölkə iqtisadiyyatına baha başa gəlmişdi. Feodal ara müharibələri və xalq narazılığının artması Ağqoyunlu dövlətinin zəifləməsinə səbəb oldu. Uzun Həsənin ölümündən sonra hakimiyyətə keçən Yaqub Mirzənin (1478-1490) dövründə Ağqoyunluların Ərdəbil şeyxləri ilə də münasibətləri pisləşdi. XV əsrin sonlarında Ağqoyunlu dövlətini feodal ara müharibələri bürüdü. Sultan taxtı ayrı-ayrı iri feodalların əlində oyuncağa çevrildi. Nəhayət, Ağqoyunlu xanədanın üzvləri arasında hakimiyyət uğrunda gedən müharibələr 1500-cü ildə Ağqoyunlu dövlətinin tamamilə zəifləyərək iki hissəyə parçalanması ilə nəticələndi.



Yüklə 162,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin