I Mühazirə
Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat
metodları
Plan:
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri
2. Ali məktəb pedaqogikasının kateqoriyaları
3. Ali məktəb pedaqogikasının metodoloji əsasları və digər elmlərlə əlaqəsi
4. Ali məktəb pedaqogikasının tədqiqat metodları
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri
Hazırda cəmiyyət həyatında təhsilin, elmin rolunun daha da artdığı, dünya təhsil
sisteminə inteqrasiyasının gücləndiyi bir dövrdə yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması sahəsində ali məktəb pedaqogikasının rolu və əhəmiyyəti xeyli artır. Ali
məktəb müəllimi (nə qədər təcrübəli olsa belə) müasir pedaqoji-psixoloji biliklərsiz
keçinə bilməz, öz işini təhsil standartları səviyyəsində qura bilməz. Buna görə də
gələcəkdə ali məktəbdə elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistr və doktorantlar ali
məktəb pedaqogikası elminə yaxşı yiyələnməlidirlər. Ali məktəb pedaqogikası
gələcək mütəxəssislərin peşə-ixtisas hazırlığı, ahəngdar şəxsiyyət
kimi
formalaşması və tərbiyəsi haqqında elmdir. Onun obyekti ali məktəbdə tələbə
gənclərin təlim-tərbiyəsi, ahəngdar şəxsiyyət kimi formalaşması və peşəixtisas
hazırlığı prosesidir. Predmeti isə ali məktəbdə pedaqoji prosesin qanunauyğunluqlarını
aşkara çıxarmaq, tələbə gənclərin ahəngdar şəxsiyyət kimi tərbiyəsi və peşə-ixtisas
hazırlığı məsələlərini öyrənməkdir. Ali məktəb pedaqogikası ali məktəbdə pedaqoji
prosesi mürəkkəb, çoxsahəli bir sistem kimi araşdırır, bu sistemin səmərəli qurulması
üçün müxtəlif problemləri tədqiq edir. Tədqiqatlar ali məktəbin bütün sahələrini –
tədris-tərbiyə, elmi fəaliyyət, pedaqoji ünsiyyət, ali məktəbə rəhbərlik, ali təhsil
islahatı və s. məsələləri əhatə edir. Onun həll etdiyi konkret vəzifələri qısaca nəzərdən
keçirək:
1. Ali məktəbdə təhsilin məzmununu, mütəxəssisin ümumelmi, ixtisas və peşə
hazırlığının optimal nisbətini müəyyənləşdirmək və bu əsasda mütəxəssis hazırlığını
modelləşdirmək.
2. Gələcək mütəxəssis üçün zəruri olan bilik, bacarıq və vərdişlərin tələbələr
tərəfindən şüurlu və dərindən öyrənilməsinin səmərəli yollarını, yeni mütərəqqi təlim
texnologiyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək.
3. Ali məktəbdə tədrisin səmərəli formalarını, onların imkanlarını, təşkili qaydalarını,
tələbə müstəqil işinin səmərəliliyinin artırılması yollarını tədqiq etmək.
4. Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi prosesinin mahiyyətini,
qanunauyğunluqlarını, məzmun, vasitə, metod və formalarını müəyyənləşdirmək
əsasında ali məktəbdə tərbiyə işinin metodikasını təkmilləşdirmək və zənginləşdirmək.
5. Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslandırılmış modelini işləyib
hazırlamaq.
6. Ali məktəbdə ictimai təşkilatların fəaliyyətini, gənc mütəxəssislərin hazırlanması və
tərbiyəsində, tələbə özünüidarəsinin inkişafında onların rolunu tədqiq etmək.
7. Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarəetmə strukturlarının optimal
forma və metodlarını, pedaqoji əsaslarını müəyyənləşdirmək.
8. Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll edilməsi. Göründüyü kimi, ali
məktəb pedaqogikası qarşısında duran problemlərin araşdırılması, ali məktəbdə tədris-
tərbiyə və elmi fəaliyyətin, idarəetmənin çox müxtəlif aspektlərinin tədqiqi ali təhsilin
və mütəxəssis hazırlığının yeni keyfiyyət mərhələsinə qaldırılmasına, təhsilimizin
dünya təhsil sisteminə inteqrasiyasına imkan verəcəkdir.
Dostları ilə paylaş: |