işçi stansiyalar (istifadəçi kompüterləri) - istifadəçilərin (abonentlərin, operatorların) avtomatlaşdırılmış iş yerlərinin reallaşdırıldığı ayrı-ayrı kompüterlər və ya uzaq məsafədə yerləşən terminallardan ibarət olub, bir otaq və ya bina daxilində cəmləşə, eləcə də böyük ərazidə və ya bir-birindən uzaq məsafədə qeyri– məhdud şəkildə paylana bilər;
funksional serverlər - KSŞ–də böyük həcmdə məlumatların toplanması, saxlanılması, emal edilməsi, istifadəçilərə müxtəlif xidmətlərin göstərilməsi funksiyalarını reallaşdıran, böyük yaddaşa və sürətə malik olan kompüterlərdir;
telekommunikasiya qurğuları və rabitə vasitələri KSŞ–də işçi stansiyalar, işçi stansiyalarla serverlər, şəbəkə seqmentləri arasında qarşılıqlı əlaqəni təmin edən komponentlər (şəbəkələrarası körpülər, şlüzlər, kommutatorlar, konsentratorlar, kommutasiya mərkəzləri və s.), eləcə də lokal, telefon (ayrılmış və ya kommutasiya edilən) və optik rabitə xətləri, radio və peyk kanallarını özündə ehtiva edir.
qarşılıqlı əlaqə xidmətləri – şəbəkə, o cümlədən İnternet, faks, telefon və digər xidmətlərini özündə ehtiva edir.
Əlavə funksional elementlərə aşağıdakı sistem və modulları aid etmək olar:
informasiya təhlükəsizliyinin təmin edilməsi sistemi.
KSŞ-də informasiya təhlükəsizliyinin təmin edilməsi dedikdə, icazəsiz olaraq onların fəaliyyət prosesinə müdaxilə, informasiya resurslarına giriş, onların oğurlanması, dəyişdirilməsi, məhv edilməsi, sistem komponentlərinin və informasiya daşıyıcılarının sıradan çıxarılması və ya məhv edilməsi hallarının qarşısının alınması, proqram-texniki təminatın, informasiya resurslarının, avadanlıqların, rabitə kanallarının və xidməti personalın kompleks qorunması və onların fəaliyyətinə nəzarət olunması məsələləri nəzərdə tutulur.
KSŞ–də informasiya təhlükəsizliyinin təmin edilməsi zamanı onun aşağıdakı əsas xüsusiyyətləri nəzərə alınmalıdır:
informasiyanın saxlanılması, emalı və ötürülməsi üçün istifadə edilən üsulların, kompüter texnikasının, telekomunikasiya vasitələrinin və rabitə kanallarının, eləcə də proqram təminatının spektri genişdir;
kompüter sistemlərinin və şəbəkələrinin komponentləri coğrafı baxımdan bir-birindən uzaq məsafədə yerləşir və onlar arasında intensiv informasiya mübadiləsi həyata keçirilir;
müxtəlif subyektlərə aid olan müxtəlif təyinatlı məlumatlar vahid məlumat bazası çərçivəsində inteqrasiya olunur və əksinə, hər hansı subyektə lazım olan informasiya kompüter şəbəkəsinin uzaq məsafələrdə olan müxtəlif qovşaqlarında yerləşir;
informasiya sahibləri fiziki qurğulardan, avadanlıqlardan və informasiyanın saxlanması yerlərindən təcrid edilmiş olur;
informasiya resursları şəbəkənin qovşaqları üzrə paylanmış olur, onlar kollektiv şəkildə istifadə və emal edilir, bu resurslara eyni zamanda çoxlu sayda müraciətlər olunur;
avtomatlaşdınlmış informasiya emalı prosesində çoxlu sayda istifadəçi və müxtəlif kateqoriyalı personal iştirak edir;
informasiya emalı sistemlərində geniş istifadə edilən texniki vəsaitlərin əksəriyyətində aparat səviyyəsində xüsusi qoruma vasitələri reallaşdırılmır.
Qeyd olunanlara əsasən, demək olar ki, KSŞ-nin qurulması və istismarı zamanı istifadə olunan proqram təminatı və texniki vasitələr, o cümlədən kompüter texnikası, telekommunikasiya qurğuları, əməliyyat sistemləri. ofis və tətbiqi proqramlar, məlumat bazaları və digər informasiya resursları hücum obyekti ola və təhlükəyə məruz qala bilərlər.