İnformatika informasiyanın EHM-lər vasitəsilə emalının (yəni informasiyanın toplanması,ötürülməsi,saxlanması)ümumi qanunauyğunluqlarını öyrənən bir elmdir.İnformasiya bizi əhatə edən mühit haqqındakı bütün məlumatlar,biliklər,elmlərdir.EHM informasiyanı avtomatik emal edə bilən elektron qurğudur. “İnformasiya” və “avtomatika” sözlərinin birləşməsindən yaranmış “İnformatika” termini 1960-cı ildə fransız mütəxəssisləri tərəfindən elmə daxil edilmişdir.
İnformatikanın əsası-hesablama prosesləri və hesablama maşınları,sistemləri,şəbəkələrinin təşkili haqqında olan hesablama elmidir.İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini,məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaqdır.İnformatika kursunun tədrisinin əsas məqsədi və vəzifəsi isə insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterin və internetin müasir vəziyyəti ilə tanış etmək,onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.
Elmin predmeti dedikdə elmin öyrəndiyi sahə nəzərdə tutulur.İnformatika elminin predmeti isə informasiyadır.İnformasiya latın mənşəli söz olub (informatio) məlumat, xəbər, fakt sözləri ilə eyniləşdirilir.İnformatika elminin predmetini informasiyanın qəbulu, ötürülməsi,saxlanılması,emalı vasitələri təşkil edir.İnformatika elmini aşağıdakı 3 hissəyə bölmək olar.
Hesablama texnikası(və ya hardware) - onun quruluşu,qurğuları,hesablama texnikasında iş qaydaları.
Proqramlaşdırma(və ya software) - EHMlərdə istifadə olunan bütün proqramlar,onların yaradılması qaydaları,tətbiq sahələri
Alqoritmlər(və ya brainware) – EHM-lərdə məsələlərin həllinin nəzəri əsasları.
İnformatika nöqteyi nəzərinə görə informasiyanın aşağıdakı xassələri vardır.
Obyektivlik-informasiya o vaxt obyektiv heab edilir ki,o heç kəsin fikir və mühakiməsindən asılı deyildir.
Tamlıq- informasiyanın tamlığı dedikdə, onun bizi maraqlandıran verilənləri özündə cəmləşdirməsi başa düşülür.
Faydalılığı – informasiyanın faydalılığı onun hər hansı məsələnin həllində faydalı rolu ilə qiymətləndirilir.
Aydınlığı – informasiyanı qəbul edən şəxs tərəfindən başa düşülən olmasıdır.
İnformasiyanın dəqiqliyi – lazımı siqnalın vaxtı-vaxtında alınmasının kafiliyini təyin edir.
Adekvatlıq – informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması dərəcəsidir.
Qiymətlilik – Alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində lazım olması deməkdir.
Aktuallıq – alınan informasiyanın cari vəziyyətə uyğun olması onun aktuallığını göstərir.
Etibarlılığı – etibarlı informsiya düzgün qərar qəbul etməyə imkan verir.Etibarlı olmayan informasiya bu hallarda ola bilər.
Real faktın qiymətinin kiçildilməsi və ya şişirdilməsi zamanı.
İnformasiyanın aşağıdakı növləri ayırd edilir.
Məntiqi,ədədi,mətn,audio,qrafik,video,multimedia. (multimedia termini iki sözdən “multi”-çox, “media”-daşıyıcı sözlərindən əmələ gəlib.Multimedia rəqəmləri, qrafik təsvirləri,səsi,musiqini birləşdirmə texnologiyasıdır)
Duyğu üzvlərimizə görə informasiyanın 5 növü mövcuddur: vizual,dad, qoxu, audio,taktil(hissiyat)
Informasiyanın təqdimolunma üsulları isə aşağıdakılardır:
-Mətn,ədədi,qrafiki,səs,kombinasiyalı
Informasiya termini siqnal,məlumat,verilənlər termini ilə bağlıdır.Məlumat-müəyyən formada təsvir edilən və ötürülə bilən informasiyadır.Siqnal-özündə informasiya daşıyan ixtiyari prosesi bildirir.İnformasiya mübadiləsi siqnalların hesabına həyata keçirilir. Verilənlər-formal şəkildə təsvir edilən və texniki qurğularda, EHM-lərdə emal üçün nəzərdə tutulan informasiyadır. Verilənlər bəzən həqiqətdə mövcud olmayan anlayışları da ifadə edə bilər.İnformasiya isə qəbul edilmiş siqnallardır.
Verilənlərin ümumi halda ad,qiymət,tip və struktur xarakteristikaları vardır. Tipinə görə verilənləri əsasən 4 qrupa ayırırlar:
Hesabi (və ya rəqəm tipli)
Mətn (və ya simvol tipli)
Məntiqi tipli
Göstərici tipli
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur.(məs, “kütləsi 4 kq” )
Mətn tipli verilənlərdə qiymət sözlə ifadə olunur. (Məs, “rəng-qara”)
Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlərlə ifadə olunur.(Məs. “18 ədədinin tək ədəd olması doğru deyil” )
Göstərici tipli verilənlərdən isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Azərbaycanda informatika elmi 1960-cı illərdən inkişaf etməyə başlamışdır.1970-ci illərdən başlayaraq keçmis SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin,iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır.Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət təşkilatlarını,qeyri-hökümət və özəl qurumları,iqtisadi-sosial,elmi-mədəniyyət,təhsil və s. sahələri əhatə edir.