Sınıqlar zamanı ilk tibbi yardım
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər qəzalar nəticəsində və ya zəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində dəri zədələnir. Açıq sınıqlar daha qorxuludur.
Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna qörə də şübhəli hallarda ilk tibbi yardımı sınıq halında oldugu kimi göstərirlər.
Sınıqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları – birinci növbədə, yaralının həyatını xilas edən ilk tibbi yardım tədbirlərini yerinə yetirməkdən, qapalı sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan, ətrafları və ya bədənin digər hissələrini immobilizasiya etməklə sınıq yerində sümükləri tərpənməz hala salmaqdan ibarətdir.
Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırır, sonra yaranı steril sarğı ilə örtür, yaralıya ağrıkəsən dərman vurur və yalnız bundan sonra tabel vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə sümükləri tərpənməz hala salırlar. Sınıq yerinin tərpənməzliyini təmin edərkən xüsusi şin və ya əlaltı vasitələr elə qoyulmalıdır ki, bunlar sınıq yerinin yaxınlığındakı (sınıq yerindən yuxarıda və aşağıda) iki oynağı əhatə etsin. Belə immobilizasiya – nəqliyyat immobilizasiyası adlanır.
Dostları ilə paylaş: |