Tarixi vahid və bütöv proses kimi mənimsəmən gedişində insanın özünü anlaması da dərinləşir. Bu prosesdə onun mənəvi dünyası zənginləşir. Tarixi başa düşmək və yadda saxlamaqla insanlar elə bir zirvəyə yüksəlirlər ki, buradan nəinki təkcə öz keçmişini və indiki vəziyyətini, habelə müəyyən mənada gələcəyini də görə bilirlər. Tarixi biliyə arxalanan insan özünü yeni tərzdə qiymətləndirə bilir. Əlbəttə, tarixi prosesi ideallaşdırmaq da doğru olmazdı. Burada çoxlu müsbət cəhətlər, əxz edilməli olan nümunələr və təcrübə ilə yanaşı, müəyyən nöqsan və təsadüflər, bədbəxt hadisələr, çoxlu cinayətlər də baş vermişdir.
Fəlsəfi fikirdə tarixi prosesin izahına dair müxtəlif baxışlar olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu təlimlər də uzun təkamül yolu keçmişdir. Antik dövrün mütəfəkkirlərinin (Platonun, Aristotelin və başqalarının) əsərlərində bəşəriyyətin tarixi haqqında qiymətli məlumatlar və mülahizələr vardır. Lakin onlar bitkin deyildi və buna görə də «tarix fəlsəfəsi» adlandırıla bilməz. Tarix fəlsəfəsi sonrakı dövrün məhsuludur.
Dostları ilə paylaş: |