Yer tarixini səma (ilahi) tarixindən ayırmağa ilk dəfə italyan mütəfəkkiri C.Viko (1668- 1774) cəhd etmişdir. O, tarixin mənasını təbii zərurət anlayışı ilə əlaqələndirirdi. Bu anlayış adı altında o daimi olan və heç vaxt pozulmayan səbəb- nəticə qaydasını başa düşürdü. Bu təbii qayda bütün xalqların və millətlərin irəliyə doğru hərəkətini müəyyən edir. Bu hərəkət üç mərhələdən keçir: Allahlar əsri (uşaqlıq), qəhrəmanlar əsri (gənclik) və insanın əsri (yetkinlik), inkişafın yetkinlik səviyyəsinə çatdıqdan sonra, yəni insanlar arasında münasibətlər vicdan, zəka və borc ilə tənzim olunduqda, bəşəriyyət öz yolunun əvvəlinə qayıdır və köhnə yolu yenidən təkrarlayır. Vikonun fikrincə sosial formalar bu mərhələlər üzrə yaranır, özünün çiçəklənmə dövrünü keçirir və sonra məhv olma mərhələsinə daxil olur. Beləliklə, Viko o vaxta qədər bir- birinə qarşı qoyulan tərəqqi və dövran haqqında konsepsiyaları əlaqələndirməyə cəhd göstərmişdir.
Viko tərəfindən əsası qoyulan bəşər tarixinin mənalandırılması problemini Fransız maarifçiləri davam və inkişaf etdirmişlər. Volter 1765-ci ildə ilk dəfə «tarix fəlsəfəsi» anlayışını işlətməklə fəlsəfi fikri xüsusi tipli reallıq olan tarixi mənalandırmağa yönəltdi. Bu reallığı o, insanın zəkalı təbiətinin təkamülü və inkişafı ilə əlaqələndirirdi. Tarixə bu cür yanaşma cəhdini Volterdən sonra Russo davam etdirmişdir. Ümumiyyətlə, maarifçilər tarixin mənası və istiqamətini insan zəkasının tərəqqisi ilə əlaqələndirirdilər. Onlar bəşəriyyətin tarixinə zəkanın tərəqqisi mərhələləri kimi yanaşırdılar. Bir qədər sonra bu baxış Kondorse tərəfindən əsaslandırıldı. O, tərəqqini bəşər tarixinin əsas meyli hesab edirdi. Göstərirdi ki, bu meyil bəşəriyyəti dönmədən həqiqət və xoşbəxtliyə doğru hərəkət etdirir. Kondorse bəşəriyyətin tarixini on mərhələyə ayırırdı. Bu bölgünün meyarını o, insan zəkasının inkişaf səviyyəsində və onun azadlıq dərəcəsində görürdü. Səciyyəvi cəhət burasıdır ki, o, tərəqqi ideyasını Volter və Monteskyö kimi monarxların və hakimiyyət başında duranların maarifləndirilməsi ilə deyil, fərdlərin, xalqların və millətlərin kütləvi hərəkatları ilə əlaqələndirirdi. Onun fikrincə texnikanın tətbiqi, elmi kəşflər, əxlaqın, siyasi və hüquqi institutların təkmilləşməsi sayəsində bu hərəkatlar yüksək inkişaf səviyyəsinə çatırlar.
Kondorse göstərirdi ki, bəşəriyyətin gələcək xoşbəxt vəziyyəti aşağıdakı üç problemin həlli ilə bağlıdır: millətlər arasında bərabərsizliyin məhv edilməsi; müxtəlif siniflər arasında bərabərliyin artması və insanın həqiqi təkmilləşməsi. Onun yüksək optimizmini, bəşəriyyətin qızıl əsrinin yaranmasında zəkanın rolu haqqında fikirlərini sonrakı mütəfəkkirlərin bir qismi qəbul etmədi. Məsələn, Kant göstərirdi ki, insan nəslinin tarixi bizi narazılıqla ondan üz döndərməyə məcbur edir. Biz burada nə vaxtsa tam zəkalı məqsəd tapacağımıza ümid etmirik. Onun fikrincə tarix bütöv bir tam kimi və vahid şəkildə heç vaxt təcrübədə bəlli olmur. Buna görə də tarixin mənasını axtarırkən əvvəldən yox, tarixin sonundan başlamaq lazımdır. Başqa sözlə, onu izah edərkən təbiətin ali məqsəd kimi nəzərdə tutduğu nəticələrdən çıxış etmək lazımdır. Buna görə də insan nəslinin tarixinə təbiətin sirli planının yerinə yetirilməsi kimi baxmaq olar. Bu sirli plan dedikdə Kant mükəmməl dövlət quruluşunun bərqərar olmasını nəzərdə tuturdu. Belə quruluşda insan nəsli bəşəriyətin ona vermiş olduğu bütün imkanları tam inkişaf etdirə bilir.
Dostları ilə paylaş: |