Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Tarixisizm ideyası klassik alman fəlsəfəsinin



Yüklə 331,42 Kb.
səhifə23/49
tarix02.01.2022
ölçüsü331,42 Kb.
#39770
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   49
felsefe az

Tarixisizm ideyası klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi Hegelin tarix fəlsəfəsində fundamental şəkildə əsaslandırılmışdır. Hegelə görə ümumdünya tarixi «dünya ruhunun ağıllı, zəruri təzahürü» kimi çıxış edir. Dünya ruhu öz inkişafında bır neçə mərhələdənkKeçir. Hegelin fikrincə, ümumdünya tarixinin son məqsədi ruhun öz azadlığını başa düşməsi və həyata keçirməsidir. Tarixi hadisələrin hər cür dəyişkənliyində bu məqsəd daimi qalır. Çünki o, bütün bu dəyişikliklərin fəal əsası kimi çıxış edir. Heg­elə götə «ayrı- ayrı xalqların ruhu» zamanda və mövcud varlıqda inkişaf edən dünya ruhunun momentləri və mərhələləridir. Hegelin tarix fəlsəfəsində diqqəti cəlb edən digər bir cəhət budur ki, o, in­sanların fəaliyyətinə geniş yer verirdi. O, açıqca göstərirdi ki, tələbatlardan, ehtiraslardan və mənafelərdən irəli gələn fəaliyyət dünya ruhunun aləti və vasitəsidir. Həm də Hegel insanların fəa­liyyətinin əsasını onların həyati tələbatlarını ödəməyə yönələn əmək fəaliyyətində görürdü. O, insan ilə təbiətin qarşılıqlı təsirini məhz bu fəaliyyət ilə izah edirdi. Özü də həmin fəaliyyətdə birinci dərəcəli yeri əmək alətlərinə verirdi. «İnsan öz tələbatları ilə birlikdə xarici təbiətə praktiki münasibət bəsləyir, təbiətin köməyilə öz tələbatlarını ödəyərkən müəyyən aralıq vasitəsindən istifadə edərək, o təbiəti dəf edir. Məsələ bundadır ki, təbiətin predmetləri güclüdür və hər cür müqavimət göstərirlər. Onları ram etmək üçün insan onların arasına digər təbiət predmetləri daxil edir, beləliklə də təbiətin özünü özünə qarşı yönəldir və bu məqsədlə alətlər ixtira edir. İnsanların bu ixtiraları ruha məxsusdur və belə alətlər təbiətin predmetlərindərı yüksəyə qoyulmalıdır».

Beləliklə, Hegelin tarix fəlsəfəsində insan zəkasının rəhbər rolu haqqında fikirlər insandan yüksəkdə duran zəka («dünya ruhu») ilə əvəz olundu. Ruhun və zəkanın bu cür mistikləşdirilməsi pərdəsi arxasında Hegel fəlsəfi fikrin inkişafı üçün yeni və son dərəcə mühüm bir məsələ irəli sürdü. Söhbət tarixi prosesin obyektiv qanu­nauyğun xarakterinin aşkar edilməsindən gedir. Hegelin anlamında tarixin gedişini istiqamətləndirən «Zəka» bu prosesin iştirakçılarının şüurlu məqsədlərindən asılı olmayan zərurət kimi təsəvvür olunur­du. Həm də Hegel bu zərurətin mənbəyini Allahda və təbiətdə gö­rmürdü. Onu müstəsna dərəcədə insanların fəaliyyəti ilə əlaqə­ləndirirdi.

Hegel ondan əvvəlki mütəfəkkirlərin (C.Vİko, A.Smit, Herder, Kant, Şellinq) irəli sürdüyü belə bir fikri inkişaf etdirdi ki, insanlar çox vaxt öz fəaliyyətinin obyektiv nəticələrim irəlicədən görə bilmirlər. O, yazırdı: «Dünya tarixində insanların fəaliyyəti sayəsində həm də onların can atdığı və əldə etməyə çalışdıqları nəticələrdən bir qədər başqa nəticələr alınır, yəni onların bilavasitə bildikləri və arzu etdikləri nəticələrdən fərqli nəticələr alınır».

Hegelin tarixisizmi aşağıdakı iki əsas müddəanı əhatə edir; a) tarixin substansıonallığının qəbul edilməsi. Bu substansiorıallığının əsasında zəka durur. Zəka «sonsuz formaya», «sonsuz məzmuna» və «sonsuz qüdrətə» malikdir; b) tarixi prosesin bütövlü­yünün və onun məqsədəuyğunluğunun irəli sürülməsi, ümumdünya tarixinin son məqsədinin- ruhun öz azadlığını başa düşməsi kimi müəyyən edilməsi.

Əlbəttə, Hegelin tarixə dair fikirləri nöqsanlardan azad deyildir. Məsələn, o göstərirdi ki, ümumdünya tarixi əlaqələrinin əsasında duran mütləq ruh mədəniyyətlərin ardıcıl surətdə dəyişilməsində, xalqların ruhunda reallaşır. Guya bu ruh ardıcıllıqla «yaşayış yerini» dəyişir. Əvvəl Çində, Hindistanda olmuş, Şərq ölkələrini gəzmiş, oradan isə Yunanıstana və Romaya keçmişdir. Sonra o, öz fəa­liyyətini Avropada davam etdirir. Nəhayət, ruh öz tarixi inkişafını ba­şa çatdırır və alman xalqının ruhunda, Prus dövlətində əsas yeri tutur. Hegel öz sxeminin bitkinliyini pozmamaq xatirinə Rusiyanı, Amerikanı, Afrikanı və müasir Şərq ölkələrini tarixin çərçivəsinə daxil etmirdi. Cəmiyyətdəki dərin sosial mexanizmlər və iqtisadiyat ümumdünya tarixi prosesindən kənarda elan olunurdu. Lakin Hegel tarixin mənası məsələsini irəli sürərək, bu məsələdə özündən əvvəlki filosofların fikirlərini xeyli arxada buraxdı. O göstərdi ki, bəşəriyyətin tarixi təsadüfi hadisələr yığımı deyildir, o qanuna­uyğun xarakter daşıyır.

Tarixi proses haqqında O.Kontun ideyaları da diqqəti cəlb edir. Konta qədər cəmiyyəti fərdlərin mexaniki məcmusu, insanları isə «sosial atomlar» hesab edən baxış mövcud idi. Bu baxış gö­stərirdi ki, əvvəlcə ayrı- ayrı adamlar, sonra isə cəmiyyət inkişaf edir. Fərdlərin müxtəlif sahələrdə fəaliyyət qabiliyyəti, əxlaqi, siyasi və digər keyfiyyətləri nə qədər yüksəkdirsə, cəmiyyət də bir o qədər yüksək dərəcədə təkmilləşmişdir. Bu mövqeyi Herder, Lessinq, Volter, Russo və başqaları irəli sürmüşdülər. XVIII əsr fransız mütəfəkkirləri (Holbax və Helvetsiy) başqa xətti müdafiə edirdilər. Onların fikrincə, şəxsiyyətin formalaşması sosial mühitin təsiri altında baş verir. Nəinki insanların bu və ya digər fəaliyyəti, vərdişləri, həm də xarakteri onların sosial həyat şəraitinin təsiri altında formalaşır. Odur ki, cəmiyyət özünə uyğun olaraq, öz üzvlərinin həyat tərzini əmələ gətirir. Buna görə də insanları dəyişdirmək, daha mükəmməl etmək üçün cəmiyyəti, onun sosial və siyasi institutlarını, təhsil və tərbiyə sistemini dəyişdirmək lazımdır. O.Kont bu qəbildən olan baxışları müdafiə və inkişaf etdirdi. O, cəmiyyətə sistem kimi yanaşırdı. Onun fikrincə cəmiyyət onu təşkil edən şəxslərin, sosial təbəqələrin və qrupların, bir sözlə özünün bütün subyektlərinin inkişafını müəyyən edir.

Ümumilikdə pozitivizm fəlsəfəsi cəmiyyətin mütərəqqi istiqa­mətdə inkişafı ideyasını irəli sürmüşdür. Kontun sosial dinamika təlimi cəmiyyətin inkişafını qanunauyğun və mütərəqqi proses kimi səciyyələndirir Onun fikrincə ictimai əmək bölgüsü bu pro­sesdə mühüm rol oynayır. Özünün «Pozitiv siyasət sistemi» əsərin­də o yazırdı: «Bəşəriyyət sivilizasiyanın fiziki, mənəvi, əqli və siyasi nöqteyi- nəzərdən gedişi dövründə fasiləsiz surətdə inkişaf edir».

Bu proses bəşəriyyətin intellektual təkamülünü, cəmiyyətin mütərəqqi inkişafının bütün tərəflərinin məzmununu və istiqamətini müəyyən edir. O, həmin tərəqqinin sanki daxili substansiyasıdır.

Cəmiyyətin inkişafı haqqında O.Kontun fikirlərini XIX əsr ingilis mütəfəkkiri H.Spenser davam və inkişaf etdirmişdir. O özünün cəmiyyətin üzvi quruluşu nəzəriyyəsində sosial təkamül məsələsinə geniş yer verirdi. Spenserə görə sosial təkamül cəmiyyətin mü­tərəqqi inkişafı deməkdir. Bu inkişaf cəmiyyətin quruluşunun mürəkkəbləşməsi və sosial insititutların fəaliyyətinin təkmilləşməsi yolu ilə baş verir. Onun fikrincə, sosial təkamül insanların tələbatları ilə obyektiv surətdə şərtlənir. Spenser göstərirdi ki, bu prosesdə insanların kollektiv fəaliyyətinin və müxtəlif sosial institutların rolu artır. O, yazırdı ki, cəmiyyətdə tərəqqi daim fərdi fəaliyyətin korporativ or­qanların fəaliyyəti tərəfindən udulması istiqamətində baş verir. Mü­xtəlif nəsillərin birgə səyləri ilə həyata keçirilən sosial təkamül gedi­şində cəmiyyətin bir çox funksiyaları dəyişilir, «onların ölçüləri rə­ngarəngliyi, müəyyənlik dərəcəsi və mürəkkəbliyi artır».

Fransız mütəfəkkiri E.Dürkheym (1858-1917) də öz fəlsəfi təlimində cəmiyyətin inkişafı məsələsinə xüsusi diqqət yetirir­di. O, göstərirdi ki, kollektivçilik cəmiyyətin inkişafını müəyyən edən «əsas sosiallıq amilidir». Dürkheym kollektivçiliyinin inkişafında və sosial inteqrasiya prosesində idealların və etiqadların həlledici rol oynadığını qeyd edirdi.

Əsrin fəlsəfi fikrində psixoloji istiqamət adlanan cərəyanın tərəfdarları (L.Uord, Q.Tard və başqaları) cəmiyyətin inkişafını fərdin və qrupların psixikası ilə izah edirdilər.

XIX əsrin sonunda fəlsəfi fikirdə geniş yayılmış istiqamət- yenikantçılıq təlimi də tarixi prosesin izahına cəhd göstərmişdir. Onun əsas nümayəndələri V.Vindelband və H.Rikkert ictimai həyat hadisələrinin təkrarolunmazlığını xüsusi qeyd edirdilər. Buradan isə belə bir səhv nəticə çıxarırdılar ki, cəmiyyətdəki dəyişikliklər qeyri-müəyyən istiqamətdə gedir. Burada sabit qanunauyğun əlaqələr yoxdur. Yenikantçılar tarixin inkişafında qanunauyğunluğu qəbul et­mirdilər. Onların fikrincə təbiət elmləri (fızika, kimya, biologiya) nometetik (ümumi) xarakter daşıyır. Onlar öyrəndikləri obyektlərin ümumi, təkrarlanaıı xassələrinə diqqət yetirir. Tarix elmləri isə idioqrafik (fərdi) metoda əsaslanırlar. Onlar fərdi, təkrarolunmaz hadi­sələri, situasiyaları və prosesləri təsvir edirlər. Buradan belə bir nəticə çıxarılırdı ki, tarixi elmlər öz subyektivliyi ilə seçilir, tarixin özü isə ümurnəhəmiyyətli dəyərlər sistemi kimi götürülən mədəniyyətin inkişafı deməkdir.

Yenikantçıların əksinə olaraq M.Veber göstərirdi ki, dəyərlər fövqəltəbii deyildir. Onlar konkret tarixi xarakter daşıyır. Onun işləyib hazırladığı ideal tiplər təlimində belə bir fikir irəli sürülür ki, tarixi pro­ses gedişində insanların fəaliyyətinin mənalandırılması dərəcəsi və rasionallığı artır.

XIX əsrin sonu - XX əsrin əvvələrində yaranmış kulturoloji məktəbin nümayəndələri (O.Şpenqler, A.Toynbi və P.Sorokin) tarixı prosesin izahına dair maraqlı fikrirlər söyləmişlər.




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin