Dialektikanın kateqoriyaları və ümumelmi anlayışlar
Dialektika sistemində prinsiplər və qanunlar ilə yanaşı kateqoriyalar da çox mühüm yer tutur. Əslində dialektikanın pıinsip və qanunları onun kateqoriyaları vasitəsilə ifadə olunur. Belə ki, «kateqoriyalar obyektiv dünyanın universal qanunlarının fikirdə inikas formalarıdır».
Hər bir elmin əməliyyat apardığı əsas və fundamental anlayışlar onun kateqoriyalarını təşkil edir. Lakin bütün kateqoriyalar anlayışlar olsalar da, bütün anlayışlar hələ kateqoriyalar demək deyildir. Çünki kateqoriyalar anlayışlardan daha geniş həcmə malikdir. Digər tərəfdən ayrı-ayrı elmlərin kateqoriyalarından fərqli olaraq dialektikanın kateqoriyaları ən ümumi məzmuna malikdir. Belə ki, onlar varlığın bütün sahələrini (təbiəti, cəmiyyəti və təfəkkürü) əhatə edir.
Öz həcminin genişliyi baxımından ümumelmi anlayışlar dialektika kateqoriyalarına xeyli dərəcədə yaxındır. Buna görə dialektika kateqoriyalarını ayrı-ayrılıqda şərh etməzdən əvvəl onların ümumelmi anlayışlar ilə münasibətlərini göstərmək lazımdır.
Fəlsəfi kateqoriyalar ilə ümumelmi anlayışlar bir birilə sıx əlaqə və vəhdətdədir. Sonuncular, nisbətən məhdud əhatə dairəsinə malik olan xüsusi elmi anlayışlar ilə fəlsəfi kateqoriyalar arasında əlaqələndirici vasitə kimi çıxış edir.
Ümumelmi anlayışlar ilə dialektikanın kateqoriyaları arasında həm məzmun və həm də funksional əlaqə mövcuddur. Lakin onlar arasında müəyyən fərqlər də vardır. Əvvəla, ümumelmi kateqoriyalar riyazi, fiziki və bioloji biliyin sintezinin məhsuludur. Onlar bilavasitə dünyagörüşü funksiyası yerinə yetirmir. Fəlsəfi kateqoriyalar isə dünyagörüşündən kənarda fəaliyyət göstərmir. Sonra, dialektikanın kateqoriyaları varlığın universal əlaqələrini ifadə edir. Ümumelmi anlayışlar isə bir neçə elm sahəsində fəaliyyət göstərir. Belə ki, dialektika kateqoriyaları ən ümumi xarakter daşıdığı halda, ümumelmi anlayışlar yalnız bir neçə elmi əhatə edir.
Ümumelmi anlayışlar ilə fəlsəfi kateqoriyaların münasibətinin izahında iki ifrat mövqe özünü göstərir. Bunlardan birincisi ümumelmi anlayışların rolurıu şişirdir, onları fəlsəfi kateqoriyalar səviyyəsinə yüksəldir. Belə bir yanlış fikir irəli sürülür ki, hər bir elm ümumelmi səviyyədə öz fəlsəfi problemlərini həll etməyə qadirdir. Neopozitivizmin müxtəlif istiqamətləri bunu israr edirlər, ikinci baxışın tərəfdarları ümumelmi anlayışların qnoseoloji və metodoloji roluu əsassız olaraq azaldırlar.
Fəlsəfi kateqoriyalar ilə ümumelmi anlayışların əlaqəsi artdıqca, bu prosesdə onların hər ikisi zənginləşir. Belə ki, birincilərin məzmunu dərinləşir və konkretliyi çoxalır. Eyni zamanda ümumelmi anlayışların nəzəri-metodoloji statusu möhkəmlənir, dünyagörüşü əhəmiyyəti artır.
Dialektikanın kateqoriyaları reallığın ən ümumi, mühüm əlaqələri və tərəflərini əks etdirən ümumi anlayışlardır. Onların məzmununda varlıq haqqında ən ümumi bilik ifadə olunur. Kateqoriyalar təfəkkür prosesində çox böyük rol oynayır. Onlar mühüm qnoseoloji və metodoloji funksiya yerinə yetirirlər. Birinci funksiya onların müəyyən bilik forması olması deməkdır. İkinci funksiya bunu ifadə edir ki, kateqoriyalar dünyanın dərk edilməsinin və mənimsənilməsinin mühüm vasitəsidir. Dialektikanın kateqoriyaları insanların praktik fəaliyyətinin və elmlərin inkişafının məhsuludur. Tarixən formalaşmış bu kateqoriyalarda insanların dünyaya münasibəti ümumi şəkildə əks olunur.
Dialektikanın kateqoriyaları çox geniş məzmuna malikdir. Bu münasibətdə onları iki əsas qrupa ayırmaq olar: 1) varlığın quruluşunu, təşkilini əks etdirənlər; 2) varlığın determinasiya və səbəbiyyət əlaqələrini ifadə edən kateqoriyalar.
I qrupa aid kateqoriyaların şərhinə «təkcə» və «ümumidən» başlamaq məqsədəuyğundur.
İnsanlar ayrı-ayrı predmetlər və obyektlər ilə təmasda olarkən onların zahiri, nəzərə çarpan xassə və münasibətlərini öyrənirlər. Məlum olur ki, onların hər biri digərindən fərqlidir. Başqa sözlə desək onlar təkrar olunmazdırlar. Bu keyfiyyətin dərk olunması «təkcə» və ya «ayrıca» kateqoriyasının yaranmasına gətirib çıxarmışdır.
İnsanlar öz praktiki fəaliyyətində həm də yəqin edirlər ki, bir sıra predmetlər müəyyən ümumi cəhətlərə malikdirlər. Bu keyfiyyəti onlar «ümumi» kateqoriyası vasitəsilə ifadə etmişlər.
Beləliklə, təkcə dedikdə özünəməxsus keyfiyyəti və xassələri ilə başqalarından fərqlənən ayrıca bir predmet, hadisə və ya proses başa düşülür. O, obyektlərin fərdiliyini, keyfiyyət və kəmiyyət müəyyənliyini ifadə edir. Ümumi kateqoriyası bütün hadisələrə və proseslərə aid olan oxşar cəhətləri göstərir. Qeyd olunmalıdır ki, təkcə ilə ümumi bir-birindən ayrılmazdır. Belə ki, özü- özlüyündə ümumi yoxdur, o abstraksiyadır. Ümumi yalnız təkcə vasitəsilə və təkcədə mövcud ola bilir. Digər tərəfdən, hər bir təkcə ümumi ilə sıx bağlıdır. Öz həcminə görə o, umumiyə daxil olur. Başqa sözlə desək, oxşar əlamətlərə malik olan təkcələr birləşərək çoxluğu, ümumini əmələ gətirirlər. Təkcə ilə ümuminin qarşılıqlı əlaqəsini aşagıdakı misaldan da görmək olar: 80-ci illərin sonunda keçmiş SSRİ ərazisinin müxtəlif yerlərində totalitar rejimə qarşı milli azadlıq hərəkatları baş verdi. Bu hərəkatlar öz məzmununa, məqsəd və vəzifələrinə görə Pribaltikada, Zaqafqaziyada, Orta Asiyada və digər regionlarda oxşar cəhətlərə malik idi. Buna görə də onların hamısı «Sovet imperiyasına qarşı milli azadlıq hərəkatı» adı altında ümumi şəkildə ifadə olunur. Digər tərəfdən, həmin hərəkat yuxarıda adı çəkilən regionların hər birində özünəməxsus, təkrarolunmaz cəhətlərə malik idi. Bu keyfiyyəti isə «təkcə» anlayışı əks etdirir. Məsələn, Azərbaycanda bu hərəkat çox keçmədən erməni təcavüzkarlarına qarşı müharibə şəraiti ilə qovuşdu. Nəticədə, burada müstəqillik və azadlıq uğrunda mübarizə çətin və özünəməxsus xarakter aldı. Bu keyfiyyətinə görə xalqımızın milli-azadlıq hərəkatı təkcədir, başqa yerlərdəkindən fərqlənir.
Təkcə ilə ümuminin əlaqələri «xüsusi» kateqoriyası vasitəsilə təmin olunur. Xüsusi təkcəyə münasibətdə ümumidir, ümumiyə münasibətdə isə təkcədir. Yəni xüsusi, ümumi ilə təkcə arasında aralıq mövqeyinə malikdir. Bu üç kateqoriyanın vəhdəti dildə də əks olunur. Məsələn «Qızılgül çiçəyi bitkidir» cümləsinə nəzər salaq. Burada qızılgül-təkcəni, çiçək-xüsusini və bitki isə ümumini bildirir. Təkcə, xüsusi və ümumi arasındaxı münasibətləri düzgün başa kdüşmək və fəaliyyətdə nəzərə almaq çox vacibdir.
Dostları ilə paylaş: |