Təhsil, tərbiyə və təlim pedaqogikanın əsas anlayışlarıdır.
Cəmiyyətin intellektual potensialının formalaşması, maddi sərvətlərin insan kapitalına çevrilməsi, ilk növbədə, təhsildən keçir. Bu mənada təhsil cəmiyyətin gələcəyini şərtləndirən başlıca amilə çevrilir. Təhsil sayəsində gənc nəsil elmi biliklər sisteminə yiyələnir, onun dünyagörüşü, mənəvi keyfiyyətləri və yaradıcı qabiliyyətləri formalaşır.
Ənənəvi pedaqogikada təhsilə yalnız nəticə və proses kimi yanaşılırdı. Lakin müasir təhsil konsepsiyasının tələbləri baxımından təhsilin şəxsiyyətyönümlü xarakteri ona bir neçə mövqedən yanaşmağı tələb edir: yəni təhsil həm dəyər, həm sistem, həm proses, həm də nəticə kimi nəzərdən keçirilir.
İlk növbədə, təhsilə dili, mentaliteti, milli adət-ənənələri özündə ehtiva edən dəyər kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətyönümlülük, mədəniyyətyönümlülük, kollektivçilik, sistemlilik, tamlıq aparıcı prinsiplər kimi çıxış edir.
Təhsil insanın sosiallaşma prosesində milli və ümumbəşəri dəyərlərə yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən ona həm də proses kimi
yanaşılır. Onun didaktik əsasını isə təbiətəmüvafiqlik, praktiklik, variativlik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasiləsizlik təşkil edir.
Təhsil həm də sistemdir. Çünki o, ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin şəbəkəsini əhatə edir. Bu sistemin ilkin pilləsini məktəbəqədər təhsil təşkil edir. Daha sonra ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), ilk peşə ixtisas təhsili, orta ixtisas təhsili və ali təhsil (bakalavriat, magistratura və doktorantura ) pilləsi gəlir.
Təhsil həm də bütövlükdə müəllim və şagird fəaliyyətinin yekunu olduğundan ona nəticə kimi baxılır. Yəni təhsil bütöv bir mərhələli prosesin sonu kimi dəyərləndirilir.
Tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir. Bu prosesdə gənc nəsil müəyyən biliklərə, əmək bacarıqları və vərdişlərinə
yiyələnir, cəmiyyətin tələblərinə uyğun davranış, ünsiyyət nörmalarını mənimsəyirlər.
Müasir yanaşmalara görə tərbiyə öz məzmunu ilə ,ilk növbədə, gənc nəsildə mədəniyyətlərin formalaşdırılmasına xidmət etməlidir (zehni mədəniyyət, əxlaqi mədəniyyət, fiziki mədəniyyət, əmək mədəniyyəti, estetik mədəniyyət, ekoloji, iqtisadi və hüquqi mədəniyyət). Mədəniyyət isə ən böyük dəyərdir. Başqa sözlə, tərbiyə prosesi nəticə etibarilə , dəyəryönümlü xarakter daşımalıdır.
Əsas pedaqoji anlayışlardan biri olan təlim müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı fəaliyyətidir. Təlim prosesində şagirdlər müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərə yiyələnir, inkişaf edirlər.
Bu gün təlim anlayışına da yeni yanaşmalar meydana çıxmışdır. Yəni müasir təlim istər məqsədinə (şagirdlərdə kreativ bacarıqlar formalaşdırmaq), istər məzmununa (standart və kurikulumlar), istər təşkili formalarına (standart və qeyri-standart dərslər) və üsullarına (interaktiv təlim metodları), istərsə də qiymətləndirmə mexanizminə görə (diaqnostik, formativ və summativ qiymətləndirmə) ənənəvi təlimdən fərqlənir. Müasir təlimdə subyekt-subyekt münasibətləri hökm sürür, yəni müəllim də, şagird də pedaqoji prosesin bərabərhüquqlu tərəf-müqabilləri rolunda çıxış edir.
Pedaqogikadan son illərdə nəşr olunmuş dərslik və dərs vəsaitlərində formalaşma, inkişaf və pedaqoji texnologiya da pedaqoji anlayışlar kimi təqdim olunur.
Formalaşma – ekoloji,sosial, iqtisadi, ideoloji, psixoloji və s. amillərin təsiri ilə insanın sosial varlıq kimi formalaşması prosesidir. Mütəşəkkil təhsil-tərbiyə şəxsiyyətin formalaşmasının mühüm amillərindən biridir .
Inkişaf insan orqanizmində kəmiyyət və keyfiyyət dəyişmələrinin nəticəsidir. Inkişaf dedikdə, həm fiziki, həm də psixoloji, intellektual və sosial inkişaf nəzərdə tutulur.