Məktəbdaxili qiymətləndirmə əsas etibarilə aşağıdakı başlıca komponentləri özündə birləşdirir:
Şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) (sinifdaxili diaqnostik, formativ və summativ qiymətləndirmələr);
Kurikulum üzrə qiyətləndirmə (təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə);
Ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmə.
Azərbaycan RespublikasınınÜmumtəhsil sistemində Qiymətləndirmə Konsep-siyasında məktəbdaxili qiymətləndirmənin 3 növü fərqləndirilir: diaqnostik, formativ və summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə. Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə (sinif və formativ qiymətləndirmə jurnallarında) qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır. Diaqnostik qiymətləndirmənin məqsədişagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsidir. Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, bəhs və ya bölmələrin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır.
Diaqnostik qiymətləndirmənin başlıca vasitələri aşağıdakılardır: 1)Müsahibə; 2) Söhbət; 3) Müşahidə; 4) Tapşırıq; 5) Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.
Formativ qiymətləndirmə.Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Formativ qiymətləndirmə şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır. Formativ qiymətləndirmənin nəticələri formativ qiymətləndirmə jurnalında və şagirdin məktəbli kitabçasında sözlə qeyd olunur. Formativ qiymətləndirmə jurnalı sinif və fənn müəllimləri tərəfindən şagirdlərin gündəlik fəaliyyətini meyarlar üzrə izləyərək qeydiyyatını aparmaq üçün nəzərdə tutulur. Formativ qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Şagird irəliləyişlərinin monitorinqi (formativ qiymətləndirmə) vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir, alternativ üsul və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addım üçün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir. Formativ qiymətləndirmənin aşağıdakı üsullarıvar:1) Müşahidə; 2) Şagirdlərin şifahi cavabları; 3) Şagirdlərin yazı işləri; 4) Test tapşırıqları.