Üçüncü prinsip, rasional insanların marjinal, yəni son faydanı düşünərək öz fəaliyyətlərində müəyyən dəyişikliklər, kiçik düzəlişlər aparmasını nəzərdə tutur. Həyatda insanlar və şirkətlər elə konkret vəziyyətlərlə rastlaşırlar ki, onlar qərar verərkən öz marjinal faydaları ilə marjinal xərclərini müqayisə edərək, daha rasional (səmərəli) varianta üstünlük verirlər. Məsələn uçuşa hazırlaşan 200 yerlik və hər biletin qiymətinin 500 dollara (avroya, manata) olan sərnişin təyyarəsində yerlərin bir neçəsi boşdursa, həmin reys üçün 300 dollar ödəyib səyahətə çıxan adama imkan yaratmaq, güzəştə getmək (orjinal dəyişikliklər etmək, kiçik düzəlişlər aparmaq) mümkündür. İmtahanlara hazırlaşan tələbənin bu işə istirahəti hesabına bir-iki saat əlavə vaxt ayırmasına, fermerin müəyyən səbəblər üzündən məhsulunun bir hissəsini nisbətən aşağı qiymətə satmasına haqq qazandırıla bilər. Şübhəsiz, ağıllı, rasional qərar verən şəxs və şirkət rəhbərliyi konkret halda öz iqtisadi hərəkətini (fəaliyyətini, davranışını, əməliyyatını) bu işin marjinal (son) faydalılığının, yalnız onun xərclərini (maya dəyərini) üstələdiyi halda həyata keçirəcəkdir.