4) Söz birləşməsinin tərəfləri mütəhərrik, mürəkkəb sözlərin tərəfləri isə statik olur, yəni dəyişmir. 5) Söz birləşməsinin tərəfləri arasındakı əlaqə təsiredici vəziyətdə, fəal şəkildə hiss olunur, mürəkkəb sözlərdə isə sintaktik əlaqə passiv mövqedə dayanır. Məsələn, Göyəbaxan (kənd adı), göyə baxan (qız). 6) Söz birləşmələrində əsas və asılı tərəflər var və tərəflərə sual vermək mümkündür. Mürəkkəb sözlərdə isə belə xüsusiyyət yoxdur. Söz birləşmələrinin bütün tələbatına cavab verən mürəkkəb adlar da mürəkkəb sözlərdən fərqlənir. 1) Mürəkkəb adların tərkib hissələri dilin lüğət tərkibinin dəyisməsindən asılı olaraq dəyişir, birləşməni əmələ gətirən sözlər başqa sözlə əvəz olunur. Məs: Nazirlər şurası – Nazirlər soveti – Nazirler kabineti; Maarif komissarlığı – Maarif nazirliyi – Təhsil nazirliyi. 2) Mürəkkəb sözlərdə ayrılıqda fəal islənə bilməyən arxaikləşmiş sözlər qalır. Məs.: qarayazı, abqora və s.
Sözün söz birləşməsinin kompenenti olması isə müvəqqətidir. 3) Mürəkkəb idarə adları 2,3 və daha artıq sözlərdən təşkil olunduğu halda, mürəkkəb sözlər 2, bəzən də 3 sözdən ibarət olur. 4) Mürəkkəb adlar ixtisarla verilə bildiyi halda, mürəkkəb sözlərdə ixtisar aparılmır.
Söz birləşməsi və cümlə
Söz birləşməsi də, cümlə də sintaktik vahidlərdir. Hər ikisi sözlərdən təşkil olunur. Hər ikisində eyni sintaktik əlaqələrdən istifadə olunur. Hər ikisində sözlərin sıralanması eynidir. Məs: Mən evə gedirəm. Mən evə gedəndə yağıs yağırdı.
İstər cümlə, istər söz birləşməsi əşyalarla əşyalar, əşyalarla əlamətlər, əşyalarla hərəkətlər və proseslər arasındakı münasibətlərin ifadəçisidir. Məs.: “Məktubu göndərdi”(cümlə) və ya “məktubu göndərmək” (feli birləşmə) ifadələrində əşya ilə hərəkət arasındakı münasibət əks olunur. Lakin cümlə ilə söz birləşməsi mahiyyətçə bir-birindən ciddi şəkildə fərqlənir: 1) Cümlə bitmiş bir fikri ifadə edir, lakin söz birləşməsində fikir bitmir. 2) Cümlədə sözlər dinamikdir, söz birləşməsində isə yox. 3) Cümlədə predikativlik var, söz birləşməsində isə yoxdur. 4) Cümlədə intonasiya var, söz birləşməsində isə yox. 5) Cümlənin qrammatik əsası var, söz birləşməsinin isə yox. 6) Cümlə bir sözdən də təşkil olunur, lakin söz birləşməsi bir sözdən ibarət olmur. 7) Cümlədə köməkçi nitq hissələrindən, ümumiyyətlə bütün dil vahidlərindən geniş istifadə olunduğu halda, söz birləşməsində qoşmadan başqa digər köməkçi sözlərdən istifadə olunmur. 8) Cümlədə modallıq var. Modallığı qabarıq şəkildə göstərmək, obyektiv gerçəkliyə, danışanın ifadə elədiyi fikrə münasibət bildirmək üçün müxtəlif vasitələrdən istifadə edilir. Söz birləşməsində isə modallıq və onun qrammatik vasitələrlə ifadəsi yoxdur. 9) Söz birləşməsində eyni zamanda 2 sintaktik əlaqə ola bilir (Lalənin gözəlliyibirləşməsində həm uzlaşma, həm idarə əlaqəsi vardır), cümlə üzvləri arasında ancaq biri ola bilir. Mübtəda ilə xəbər arasında uzlaşma (mübtəda tabe edəndir), təyinlə təyinolunan arasında yanaşma, tamamlıqla xəbər arasında idarə (xəbər tabe edəndir), zərfliklərlə xəbər arasında yanaşma, bəzən idarə (əsasən yer zərflikləri ilə) əlaqələri vardır.