Söz və söz birləşməsi Söz birləşmələri də sözlər kimi, nominativ xarakter daşıyır. Onlar da əşya və hadisələri adlandırır. Onların hər ikisi dilin, cümlənin əsas tikinti materiallarıdır. Lakin bu yaxınlığa baxmayaraq, onlar arasında çox mühüm fərqlər vardır:
söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər əşya və hadisələri təklikdə, söz birləşmələri isə sintaktik əlaqə yolu ilə ifadə edir;
söz birləşməsinin əsas və asılı tərəfləri olur, sözlərdə isə bu cəhət yoxdur;
söz səslərdən, söz birləşməsi isə sözlərin məna və qrammatik cəhətdən birləşməsindən yaranır;
sözlərdə çoxmənalılıq, omonimlik, məcazilik kimi xüsusiyyətlər olduğu halda, söz birləşmələrində bu xüsusiyyət itir. Məsələn, sarı, bal, qaz və s. sözlər omonim xüsusiyyətinə malikdir. Lakin sarı köynək, balın faydası, qazın qiyməti birləşmələrində konkret leksik mənadan söhbət gedir, artıq həmin birləşmələrdə omonimlikdən danışmaq olmaz, sözlər öz həqiqi leksik mənalarında işlənmişdir. Və yaxud üz, qol, kök və s. sözlərini həm omonim, həm də çoxmənalı sözlər kimi başa düşürük. Lakin südün üzü, insanın qolu, sözün kökü birləşmələrində nə omonimlikdən, nə də çoxmənalılıqdan söhbət gedə bilməz. Birləşmələrdə hər biri əlaqəyə girdiyi sözdən asılı olaraq lüğəvi məna ifadə edir.
söz birləşməsi sözə nisbətən daha konkretdir (saat – qol saatı, ağac- şam ağacı, dəniz- Xəzər dənizi və s.)
Mürəkkəb sözlərdə əsasən, söz birləşməsinə uyğun şəkildə formalaşır. Quruluş etibarılə kəklikotu, quşüzümü, atalar sözü arasında elə bir fərq nəzərə çarpmır. Lakin söz birləşməsi ilə bir-birindən əsaslı sürətdə fərqlənir. 1) Mürəkkəb sözü əmələ gətirən tərəflərin biri və ya hər ikisi yeni anlayış ifadə etmək üçün öz əvvəlki lüğəvi mənasından qismən uzaqlaşır. Və lüğəvi vahid kimi dilin lüğət tərkibinə daxil olur. Söz birləşməsi isə lüğət tərkibinə daxil deyil, sintaktik vahiddir. 2) Mürəkkəb sözdə vurğu bir söz üzərində toplanır. 3) Söz birləşmələri cümlənin mürəkkəb (I növdən başqa), mürəkkəb sözlər isə sadə cümlə uzvü olur.