Nüfuzedici radiasiya - nüvə partlayışında partlayış yerindən ətrafa yayılan, gözlə
görünməyən qamma şüaları və neytronların selindən ibarətdir. Nüvə partlayışı zamanı cəmi 10-25
saniyə təsir edir. Lakin bu qısa müddət ərzində mühafizə edilməmiş adamlar və heyvanlar şüa
xəstəliyinə tutula bilər. Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar
canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə orqanizmdə maddələr mübadiləsinin pozulmasına,
hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı
orqanizmin mübarizə qabiliyyətinin zəiflənməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir,
zədələnmə əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır. Xəstəliyin gedişi orqanizmin aldığı
şüanın dozasından asılıdır. Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulur.
Radioaktiv çirklənmə - Yerüstü nüvə partlayışı baş verəndən sonrakı ilk anlarda radioaktiv
zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir
neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə
qaldırıb onları radioaktiv buludla birlikdə aparır. İri radioaktiv toz hissələri bilavasitə partlayış
rayonunda yerə çökür. Qalan hissələr isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış
mərkəzindən yüzlərlə kilometr uzağa aparılır.
Adamların radioaktiv zəhərlənmədən mühafizəsi üçün onları ümumi xarici şüalanmadan
qorunmaq, həm də radioaktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin
qarşısını almaq lazımdır. Bu məqsədlə radiasiya əleyhinə daldalanacaqlardan, sığınacaqlardan, fərdi
mühafizə vasitələrindən istifadə olunur.
Elektromaqnit impulsu - nüvə partlayışı anında yayılan qamma-kvantları və neytronların
ətraf mühitin atomları ilə qarşılıqlı təsirə girərək, hava və ya rabitə, kabel xətlərində, siqnal, elektrik
xətlərində, radiostansiyaların antenalarında qısamüddətli, lakin çox güclü cərəyan və gərginliyə deyilir.
Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu
yüksək elektrik gərginliyi ilə adamları zədələyə bilər. Bunun üçün qoruyucu avtomat tərtibatlardan
istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi ).