5. Tələb və təklif. Bazar tarazlığı.
Bazar münasibətləri sistemində iqtisadiyyatın tənzimlənməsini yalnız dövlət müdaxiləsi ilə idarə etmək olmaz. Eyni zamanda ayrılıqda bazar mexanizmi vasitəsilə də iqtisadiyyatı tam tənzimləmək mümkün deyil. Yalnız hər iki amilin köməyi ilə, birgə yolla iqtisadiyyat idarə oluna bilər. Bu şərtlə ki, bunların hər birinin əhatəsinə düşən vəzifələr düzgün müəyyən edilsin.
Bazar iqtisadiyyatı şəraitində əmtəə-pul münasibətlərinin hökmran olması ilə əlaqədar bir neçə iqtisadi qanun fəaliyyət göstərir. Onlar arasında tələb və təklif qanunu da özünəməxsus rola malikdir.
Tələb bazarda təcəssüm olunan və müvafiq pul vəsaiti ilə təmin olunan tələbatların ifadə formasıdır. Başqa sözlə desək, tələb-tədiyyə qabiliyyəti tələbatdır. Məslən, deyək ki, bir ailənin ayda 15 kiloqram ətə ehtiyacı var.
Lakin həmin ailənin büdcəsi ayda yalnız 5 kiloqram ət almağa imkan verir. Burada ailənin tələbatı 15 kiloqram, tədiyyə qabiliyyəti tələbi isə 5 kiloqram ətə bərabərdir. Deməli, burada tələbat tələbə çevrilmədi. Tələb eyni zamanda alıcılıq qabiliyyəti deməkdir, yəni məhsula ehtiyacı olması yox, nə qədər pulu var, bazardan nə qədər məhsul ala bilmək, xidmətə ehtiyac qabiliyyətidir.
Təklif bazarda yerləşən və oraya göndərilə bilən əmtəələrin və xidmətlərin məcmusudur. O, istehsalın və xidmətlərin həcmi ilə müəyyən olunur.
Tələblə təklif istehsalla istehlakın vəhdətidir və eyni zamanda təzahürüdür. İstehsal ilə istehlak arasındakı nisbət ümumi proporsiyalardan biridir. Başqa sözlə, istehsal ilə istehlak tələb və təklif şəklində meydana çıxır. İstehsal ilə istehlakı bir-birindən ayırmaq olmaz, onlar qarşılıqlı əlaqədə və asılı şəkildə mövcuddur.
İstehsal ilə istehlak arasında əlaqə və asılılıq, qarşılıqlı təsir olduğu kimi, tələb və təklif arasında da qarşılıqlı əlaqə, asılıq və təsir mövcuddur. Eyni zamanda onlar arasında ziddiyyət də vardır.
Yuxarıda qeyd olunduğu kimi ödəmə formasından asılı olmayaraq tələb həmişə tələbatdan kəmiyyətcə azdır. Tələblə təklif arasında ziddiyyət ondan ibarətdir ki, istehlak istehsaldan üstün sürətlə artdığı kimi, tələbat da tələbdən sürətlə artır. Tədiyyə qabiliyyətli tələb müəyyən məbləğ pulla məhdudlaşır və bazar vasitəsilə ödənilir.
Tələblə təklif arasında kəmiyyət fərqi olduğu kimi, keyfiyyət fərqi də vardır. Əgər tədiyyə qabiliyyətlə tələb mütləq bazarın olmasını tələb edirsə, tələbatın ödənilməsi bazardan kənarda da baş verə belər. Məsələn, əmək adamları öz təsərrüfatlarında meyvə-tərəvəz əkib becərmək, mal-qara bəsləyib yetişdirməklə kənd təsərrüfatı məhsullarına olan tələbatların müəyyən hissəsini ödəmək imkanına malikdirlər. Bundan başqa əhalinin müəyyən təbəqəsi pullu xidmətlərdən istifadə etmir. Məsələn, öz mənzilinin təmir-tikinti, ev-məişət işlərini özləri görürlər.
Bazar iqtisadiyyatı şəraitində tələb və təklif qanununun fəaliyyəti nəticəsində tələbin səviyyəsi formalaşır. Məlumdur ki, tələb və təklifin təsiri altında əmtəələrin qiyməti ictimai bazar dəyərindən kənarlaşır. Əmtəələr bazar qiymətinə satılır. Qiymət isə tələbin səviyyəsinə təsir göstərir. Qiymət yüksəldikdə tələbin səviyyəsi aşağı düşür. Başqa sözlə, tələbin səviyyəsi qiymətin səviyyəsi ilə tərs mütənasibdir. Bəzi hallarda məhsulun satılması çətinləşir, onlar yığılıb qalır, bu zaman istehsalçılar onun qiymətini aşağı salmağa məcbur olur, bəzi hallarda mövsümi istehsalla bağlı, xüsusilə kənd təsərrüfatı məhsullarının yığılması dövründə, tez xarab olan məhsulları öz vaxtında reallaşdırmaq zərurəti meydana çıxır. Belə şərait yarandıqda da məhsulların qiyməti aşağı salınır. Bu zaman istehlakçılar daha çox məhsul almağa çalışırlar, eyni zamanda məhsul ucuz olan vaxtda qış üçün ehtiyat da yığırlar. Məsələn, payızda meyvə, tərəvəz nisbətən ucuz olanda səriştəli evdar qadınlar meyvə və tərəvəzdən müxtəlif yeyinti məhsulları tədarükü görürlər. Bu isə tələbin səviyyəsinin yüksəlməsinə xeyli müsbət təsir göstərir.
Tələbin səviyyəsinə bir-birini əvəz edən məhsullardan istifadə etmək də təsir göstərir. Məsələn, kərə yağı marqarin yağı ilə, qoyun ətini mal əti ilə əvəz etmək mümkündür. Əhalinin yoxsul təbəqəsi daha ucuz, aşğı keyfiyyətli məhsul almağa məcbur olur. Əgər əhalinin yoxsul təbəqəsi çoxdursa bu, tələb və təklifin təsiri ilə qiymətin dəyişməsinə səbəb olur.
Qeyd olunduğu kimi, tələbin formalaşması qiymətin təsiri altında baş verir. lakin bununla bərabər tələbin səviyyəsinə qeyri-qiymət amilləri də təsir göstərir. Buraya gəlirlərin səviyyəsi, alıcıların zövqü, qiymətin gələcəkdə necə dəyişəcəyi ilə bağlı gözləmələr, alıcıların sayı və s. daxildir.
Tələbin səviyyəsinə təsir göstərən qeyri-qiymət amillərindən biri əhalinin gəlirlərinin səviyyəsidir. Əhalinin gəliri artdıqca tələbin səviyyəsi də yüksəlir. Başqa sözlə, tələbin səviyyəsi gəlirlərin səviyyəsi ilə düz mütənasibdir. Bunu da qeyd etmək lazımdır ki, bu, bütün məhsullar üçün eyni deyil. Belə ki, gəliri nisbətən çox olan ailələrin istehlak səbətində yüksək kalorili məhsulların xüsusi çəkisi çox, aşağı gəliri olan ailələrdə isə aşağı keufiyyətli məhsullar üstünlük təşkil edir. Birinci qrup ailələrin qida rasionunda ət, yağ, meyvə və üstünlük təşkil etdiyi halda, ikinci qrup ailələrdə kartof, çörək, bitki yağı və s. üstünlük təşkil edir.
Tələbin səviyyəsinə təsir göstərən amillərdən biri də əhalinin zövqünün dəyişməsidir. Əhalinin mədəni səviyyəsi, biliyi, peşəkarlığı dəyişdikcə onun zövqü də dəyişir. Əgər cavanlar uşaq və gənc yaşlarında buraxdığı səhvləri dərk edərək zərərli adətlərdən imtina edərlərsə, sağlamlığa müsbət təsir göstərən fəaliyyətlə məşğul olarlarsa tələbə təsir göstərər. Məsələn, siqaret çəkməkdən, içki içməkdən imtina edərək, idmanla məşğul olarsa bu zaman spirtli içkilərə, siqaretə tələb azalacaq, idman mallarına isə tələbat artacaq, bu isə qiymətin dəyişməsinə təsir göstərəcək. Bundan başqa, əgər alıcı bilsə ki, gələcəkdə bu və ya digər əmtəənin qiyməti artacaq, bu zaman alıcı indi həmin əmtəədən daha çox almağa, satıcı isə onun satmağını ləngitməyə, gələcəkdə baha satmağa çalışacaq. Bununla yanaşı əhalinin sayı da tələbin artması ilə düz müntənasibdir.
Tələb kimi təklifin də formalaşmasına iki qrup-qiymət və qeyri-qiymət amilləri təsir göstərir. Qiymət amili bundan ibarətdir ki, əgər bazara çıxarılan əmtəə və xidmətlər, yəni təklif tələbdən çoxdursa qiymət dəyərdən aşağı düşəcək, əgər təklif tələbdən azdırsa əksinə, qiymət dəyərdən yuxarı olacaq. Bazarda hər hansı məhsula tələb çox olduqda istehsalçını istehsalı artırmağa sövq edir, əksinə olsa isə istehsalçı öz kapitalını digər sahəyə və yaxud yeni növ, keyfiyyətli məhsul istehsalı sahəsinə keçirməyə məcbur olacaq.
Təklifə təsir göstərən qeyri-istehsal amili hər şeydən əvvəl istehsal xərcləridir. Məlumdur ki, qiymətin əsası istehsal xərcləridir. Məsrəflər nə qədər az olarsa əmtəə təklifi bir o, qədər çox olar. Buna nail olmağın ən yaxşı yolu köhnə texnologiyanı yeni müasir texnologiya ilə əvəz etməkdir. Dövlət vergilərinin səviyyəsi də təklifə təsir göstərir. Dövlətin vergi siyasəti elə olmalıdır ki, istehsalçılarda istehsalı inkişaf etdirməyə maraq yaratsın. Həddindən çox vergi qoymaq təklifə mənfi təsir göstərir.
Tələb və təklifin qarşılıqlı təsiri və əlaqəsi nəticəsində bazar mexanizminin ən vacib ünsürü olan bazar qiyməti əmələ gəlir. Təbiidir ki, bazar qiyməti həmişə dəyərə uyğun gəlmir. Məhz sahibkarı tələb və təklif qanunu məcbur edir ki, o, əmtəəsinin fərdi dəyərini bazar dəyərindən aşağı salsın. Bunun üçün isə sahibkar əmək məhsuldarlığını yüksəltməlidir.
Tələb kimi təklif də elastikdir. Yəni bazarda qiymətlərin artması və ya azalması ilə təklifin həcmi yüksələ də bilər, əksinə də.
Rəqabətin mahiyyəti və növləri.
Rəqabət sahibkarlar arasında daha çox mənfəət götürmək, daha əlverişli şərtlərlə daha çox gəlir gətirən sahələrə kapital qoymaq uğrunda mübarizə formasıdır.
Rəqabət aparan subyektlər heç bir-birinə düşmən deyil. Çünki onlar bir-birini məhz əvəz etməyi öz qarşılarına məqsəd qoymuşlar. Məqsəd rəqibini geri atmaq, özünün irəliyə getməsini, ondan daha çox gəlir əldə etməsini təmin etməkdir. Rəqabətdə bərabər imkanlar şəraitində o, subyektlər qalib gəlirlər ki, onlar daha ağıllı, təşəbbüskar, bacarıqlı, şəraiti düzgün qiymətləndirə bilirlər. Sihibkarın sərəncamında olan mövcud vasitələrdən səmərəli istifadə etmək və qənaət rejiminə əməl etmək də rəqabətdə qalib gəlməyin şərtlərindən biridir.
Rəqabət mübarizəsi bazar münasibətləri ilə üzvü surətdə bağlıdır. Sahibkarlar o sahədə fəaliyyət göstərməyə çalışırlar ki, həmin sahə alıcıları öz tərəfinə çəkməyə imkan versin və bazarda öz payını artıra bilsin. Sahibkarların bu niyyəti onları nəinki mövcud istehsal sahəsini genişləndirməyə, həm də yeni, daha mütərəqqi, əhalinin müasir tələbatını ödəməyə qabil olan müəssisələrin yaradılmasına sövq edir. Bu isə, təkcə məhsul istehsalının həcminin artırılmasına deyil, onun çeşidinin çoxalmasına, keyfiyyətinin yüksəlməsinə səbəb olur. Bundan başqa, sahibkarlar bazarda rəqiblərinə qalib gəlmək naminə daha ucuz başa gələn xammal mənbələri axtarırlar və istehsalı onun əsasında qurmağa çalışırlar. Buna nail olan sahibkarlar, bir tərəfdən hələlik istifadə olunmayan ehtiyat mənbələrinin aşkara çıxarılmasına nail olur, digər tərəfdən, onun məhsulu daha ucuz, yerli keyfiyyəti xammal əsasında istehsal edilir. Buna görə o, həm çox mənfəət götürür, həm də rəqiblərini bazarda sıxışdırır. Nəticədə daha güclü, yaranmış vəziyyətə yaxşı uyğunlaşan firmalar bazarda öz mövqelərini qoruyub saxlayır və daha da möhkəmləndirir.
Əmtəə istehsalı şəraitində iqtisadi mübarizə forması olan rəqabət o zaman mövcud olur ki, hər bir məhsul növünün çoxlu sayda istehsalçısı və alıcısı olsun. Eyni zamanda, hər bir əmtəə istehsalçısının bazara çıxardığı məhsul ümumi tələbin müəyyən hissəsini təşkil etsin. Bunun əksinə olsa, yəni tələbin çox hissəsini təmin etsə bu inhisara gətirib çıxarar. Bu isə iqtisadiyyatın inkişafına mənfi təsir göstərən amillərdən biridir. (Bu haqda sonrakı mövzuda danışılacaq). Eyni zamanda bütün istehsalçı və alıcıların bir-birindən heç bir asılılığı olmamalıdır. Bu halda, təbii ki, ayrıca götürülən bazar subyekti özlüyündə tələb və təklifin ümumi kəmiyyətində hiss olunacaq dəyişiklik yaratmaq və bununla da qiymətə təsir göstərmək imkanına malik olmur.
Bazar və onun ayrılmaz hadisəsi olan rəqabətin mövcud olmasının cəhətlərindən biri də təsərrüfat subyektlərinin azad surətdə bazara daxil olması və istədiyi vaxt oradan çıxma azadlığıdır. Sahibkar istədiyi yerdən və şəxsdən xammal almaq, öz məhsulunu istədiyi qədər məhsul istehsal etmək sahəsində azaddır. Göstərilənlərə görə, sərbəst rəqabət mühiti azad sahibkarlıq sisteminin təşəkkülü və inkişafının əsası kimi çıxış edir.
Rəqabət iqtisadiyyatın inkişafında mühüm rola malikdir. Məlumdur ki, əmtəələrin qiymətinin əsası fərdi dəyərlə deyil, ictimai dəyərlə müəyyən olunur. Bununla yanaşı tələb və təklifin təsiri altında qiymət dəyərdən kənarlaşır. Bu, bazarın obyektiv iqtisadi qanunudur. Belə bir şəraitdə o əmtəə istehsalçısı rəqabətdə qalib gəlir ki, onun əmtəəsinin fərdi dəyəri ictimai dəyərdən aşağı olsun. Əmtəəsinin fərdi dəyəri ictimai dəyərdən yüksək olan sahibkar rəqabətdə məğlub olur və var-yoxdan çıxır. Məğlubiyyətdən xilas olmağın yeganə yolu əmtəənin fərdi dəyərini ictimai dəyərdən aşağı salmaq, heç olmasa ictimai dəyərə bərabər etməkdir. Bunun üçün sahibkar ilk növbədə əmək məhsuldarlığını yüksəltməlidir. Əmək məhsuldarlığını yüksəltmək üçün isə elmi-texniki nailiyyətləri istehsala tətbiq etməli, işçilərin ixtisas səviyyəsini artırmalı, əməyin elmi təşkilini təmin etməlidir və s. Beləliklə, rəqabət sahibkarları elmi, texnikanın ən yeni nailiyyətlərini istehsala tətbiq etməyə sövq edir. Əks halda onların iflasa uğraması reallığa çevrilə bilər.
Rəqabətin meydana gəlməsi tarixən sadə əmtəə istehsalı dövrünə aiddir. Xırda əmtəə istehsalçılarının bazardan və qiymətlərin bazarda qalxıb enməsindən asılılığı artdıqca sərbəst rəqabət mübarizəsi də güclənir. İri maşınlı sənayenin formalaşması şəraitində sahədaxili və sahələrarası rəqabət mübarizəsi inkişaf edir.
Sahədaxili rəqabət – istehsalın və əmtəənin satışının daha əlverişli şərait uğrunda, üstəlik mənfəət əldə etmək uğrunda eyni bir istehsal sahəsinin sahibkarları arasında gedən mübarizədir. Yuxarıda qeyd olunduğu kimi, üstəlik mənfəəti o sahibkar mənimsəyir ki, onun əmtəəsinin fərdi dəyəri ictimai dəyərdən aşağı olsun, fərdi dəyəri ictimai dəyərdən yuxarı olan isə müflisləşir. Əmtəənin fərdi dəyəri ictimai dəyərə uyğun olan sahibkar isə mənfəət əldə edir.
Ayrıca hər bir sahibkar üçün üstəlik mənfəət daimi hal deyildir. Ola bilər ki, üstəlik mənfəəti bu gün bir sahibkar mənimsəyir. Bir qədər sonra başqa bir sahibkar bundan da bacarıqlı çıxar, yəni istehsala daha yaxşı texnika tətbiq edər. Onu elmi əsaslar üzərində təşkil edər və bununla da öz müəssisəsində əmək məhsuldarlığını orta səviyyədən yuxarı qaldırar. Bu zaman üstəlik mənfəət birinin əlindən çıxıb başqasının əlinə keçir. Beləliklə, sahədaxili rəqabət daha vacib bir vəzifəni də yerinə yetirir, elmi-texniki tərəqqiyə stimul yaradır və irəlidədir, ictimai istehsalı təkmilləşdirir.
Sahələrarası rəqabət müxtəlif sahələrin sahibkarları arasındakı rəqabətdir. Məlumdur ki, xalq təsərrüfatının çoxlu, müxtəlif sahələri mövcuddur. Bütün sahələrdə eyni miqdarda kapital qoymaqla eyni miqdar mənfəət götürmək olmur. Elə sahələr var ki, eyni miqdar kapital qoymaqla başqalarından daha çox mənfəət əldə edilir. Ona görə də bütün sahibkarlar çalışırlar ki, daha əlverişli şəraitdə, daha çox mənfəət gətirən sahələrdə fəaliyyət göstərsinlər. Sahələrarası rəqabət ona gətirib çıxarır ki, çox mənfəət yaradılan sahədə bu mənfəətin bir hissəsi başqa bir sahəyə keçir və nəticədə sahibkarlar mənfəəti öz aralarında yenidən bölürlər. Beləliklə, hər bir sahibkar bərabər kəmiyyətli avans etmiş olduğu kapitala bərabər kəmiyyətli mənfəət əldə etmiş olurlar. Buna orta mənfəət deyilir.
Beynəlxalq əmək bölgüsünün yaranması və onun dərinləşməsi dünya bazarının yaranmasına səbəb olmuşdur. Təbiidir ki, belə bir şəraitdə dövlətlərarası və regionlararası rəqaqbət mübarizəsi də yaranır. İndiki şəraitdə rəqabətin bu forması xarici ölkələrdə daha da güclənmişdir.
İri dövlətlər həmişə irəlidə olmaq üçün bütün vasitələrdən, o cümlədən, iqtisadi vasaitlərdən istifadə edirlər. Bu mübarizədə ən çox zərər çəkənlər az saylı millətlər və onların dövlətləri olur. Azərbaycanda iqtisadi vəziyyətin müəyyən qədər qeyri-normal olmasını bir səbəbi də iri dövlətlər arasında Azərbaycanın zəngin təbii sərvətlərinə və əlverişli coğrafi mövqeyinə nail olmaq uğrunda gedən rəqabət mübarizəsidir.
İqtisadiyyatın inkişafına mühüm təsir göstərən əlaməti – rəqabəti heç bir vasitə ilə əvəz etmək olmaz. Bu kimi cəhdlər həmişə uğursuzluqla nəticələnmişdir.
Sosializm sisteminə daxil olan dövlətlərdə rəqabət inkar edilirdi ki, istehsal vasitələri üzərində sosialist mülkiyyəti insanlar arasında, azad sahibkarlıqda olduğu kimi bir-birini var-yoxdan çıxarmaq yox, qarşılıqlı yardım, əməkdaşlıq münasibətləri yaradır. Əgər azad sahibkarlıqla texnikada, texnologiyada yeniliklər gizlin saxlanırsa, sosializmdə hamının mənafeyi bir olduğuna görə əldə edilən nailiyyətlər geniş yayılır. Bunların hamısının düz çıxmadığı sübut olundu. Keçmiş Sovet imperiyasının ərazisində yaşayan bəzi millətlərin bir-birinə qarşı çıxması buna sübutdur.
Rəqabətdə qalib gəlmək üçün bir çox metodlardan istifadə edilir. Bu metodların içərisində iqtisadi metodlar əsas təşkil edir. Bunun biri qiyməti aşağı salmaq metodudur. Sahibkar qiyməti aşağı salmaq üçün ilk növbədə istehsal xərclərini azaltmalıdır. İstehsal xərclərinin aşağı salınmasının çoxlu vasitələri var. Lakin ən vacibi əmək məhsuldarlığının yüksəldilməsidir. Bu zaman əmtəənin fərdi dəyəri aşağı düşür və sahibkar daha çox gəlir götürür. Bu isə rəqabətdə qalib gəlməyin əsas şərtlərindəndir.
Məhsulun keyfiyyətinin yüksəldilməsi, möhlətlə satışın təşkili, təminatlı xidmət müddətinin uzaldılması, reklamların təşkili və başqaları da rəqabətdə qalib gəlməyin metodlarıdır.
Lakin bununla yanaşı bir çox hallarda haqsız rəqabətə də yol verilir. Haqsız rəqabət – təsərrüfat qanunvericiliyinə və ticarət ənənələrinə zidd gələn rəqabət mübarizəsi formasıdır. Buraya rəqibləri haqqında yalan informasiya verilməsi, başqasının mal nişanından firma adından özbaşına istifadə edilməsi və başqaları daxildir.
Bütün sahibkarlar üçün bazarda hamıya bərabər şərait yaratmaq, ədalətli olmaq, azad rəqabətə mane olan bütün qanunsuz halları aradan qaldırmaq dövlətin iqtisadi vəzifələrindən biridir. Çünki iqtisadiyyatın inkişafı azad rəqabətin fəaliyyətindən çox asılıdır.
Marketinq və onun təşkili.
Marketinq, ingiliscə market sözündən olub, bazar mənasını verir. Marketinq termini ilk dəfə XX əsrin əvvəllərində (1901-ci ildə) ABŞ-da meydana gəlmişdir. O, bazar iqtisadiyyatı şəraitində idarəetmə konsepsiyası haqqında kateqoriyanı ifadə edir. Lakin onun klassik və müasir mənalandırılmasında müəyyən fərqlər vardır. Müasir məna tədricən formalaşmışdır. Əvvələn, o, ilk dəfə meydana gələndə ABŞ-da “Məhsul marketinqi” adı daşıyırdı. İkinci, ilk dövrdə o, əmtəələrin və xidmətlərin istifadə olunması qət edilənə qədər idarəetmə ilə məşğul olan sahibkar fəaliyyəti kimi başa düşülürdü.
Müasir mənada marketinq anlayışı geniş əhatəli sosial bir prosesi ifadə edir. O, bir sıra aspektlərə malikdir. Onlar onun məzmununu açıqlayır. Birincisi, o, məhsulların satışını təşkil etmək üçün müəssisələrin müvafiq kompleks funksiyalarını özündə cəmləşdirir. İkincisi, o, bazarda istehlakçıların (alıcıların) istehsalçılarla qarşılıqlı münasibətlərini, müəssisələrin davranışının müəyyən edilməsini, bazara fəal təsir göstərmək üzrə tədbirlər sistemi işləməyi qarşıya qoyur. Üçüncüsü, o, rəqabət mübarizəsini tətbiq edən bir forma kimi çıxış edir. Rəqabətin zəif və ya güclü olmasını aşkar etmək, nəticədə bazarda optimal davranış modeli işləyib hazırlamağa imkan verir. Xarici ədəbiyyatda ona müxtəlif təriflər verilir. Müxtəsər olanı isə budur ki, elə məhsullar, məmulatlar istehsal edilməlidir ki, onlar bazarda qeyd-şərtsiz realizə olunsunlar, elə xidmətlərdən yapışmalıdırlar ki, onlara real tələbat olsun.
Sabiq SSRİ-də və digər sosialist ölkələrində marketinq fəaliyyəti mövcud deyildi. Ona yalnız kapitalizmə xas kateqoriya kimi baxılırdı. Bir də ki, inzibati-amirlik sistemi şəraitində geniş və mədəni istehlakçı kütlələrinin mənafeləri ikinci planda olduğu üçün, müəssisələrin marketinqə ehtiyacı yox idi.
Marketinq istehsalı istehlakçıya səmt götürməyi, bunlar arasında normal əlaqənin yaradılmasını və mütərəqqiləşməsini qarşıya mühüm məqsəd kimi qoyur.
Marketiq bir tərəfdən bazar üçün istehlakçıların cins-yaş tərkibini səhih, hərtərəfli araşdırmaqla insanların tələbini, zövqünü, tələbatını öyrənir, digər tərəfdən o, bununla bazarın inkişafına fəal təsir göstərir, tələbatın formalaşmasına xidmət edir.
Beləliklə, marketinq fəaliyyəti əsasən aşağıdakılara yönəldilir:
1. Bazarın kompleks öyrənilməsinə; 2. Əmtəə çeşidlərinin təsnifatlı olmasına; 3. Mövcud tələbatların tam təmin edilməsi üçün tədbirlərin işlənilməsinə; 4. Təmin olunmayan təminatların üzə çıxarılmasına; 5. Potensial tələbatların dinamikasının aşkar edilməsinə və təhlilinə; 6. Bazar təchizatının planlaşdırılmasına; 7. İstehsalın və xidmətin təşkilinə və idarə edilməsinə.
Makretinqin taktikası və strategiyasının özünəməxsus prinsipləri vardır. O, bazara aid cari praktiki məsələləri yerinə yetirməklə bərabər, strateji planda intensiv fəaliyyət göstərir. O, istehsal və ticarət müəssisələrinin, qurumların uzunmüddətli məqsədlərinə uyğun olaraq onların satış fəaliyyətləri üzrə müsbət, son təsərrüfat nəticələrinə nail olunmasına səmt götürməlidir. Bu məqsədlə o, proqnozlaşdırma funksiyasını da yerinə yetirir. Proqnozlaşdırma müxtəlif istiqamətlərdə aparılır. Bunlardan iqtisadi, konyuktur, elmi-texniki istiqamətləri göstərmək olar. İqtisadi proqnozlaşdırmada uzun müddət götürülür və adətən dövlət səviyyəsinə həyata keçirilir.
Konyuktur proqnozlaşdırma qısamüddətli olur və bunu şirkətlər, firmalar, təşkilatlar aparırlar.
Elmi-texniki proqnozlaşdırmada elmi-texniki tərəqqinin nailiyyətləri nəzərə alınmaqla perspektiv istiqamətlər müəyyənləşdirilir, bazar tələbatının strukturuna fəal təsir göstərə bilən əmtəələrin istehsal olunması imkanları aşkar edilir.
Marketinq müxtəlif növlərə malikdir və ayrı-ayrı ölkələrdə onların yalnız bəziləri fəaliyyət göstərirlər. İqtisadi ədəbiyyatda marketinqin növlərinə aşağıdakılar aid edilir: konvensiya marketinqi, stimullaşdırıcı marketinq, inkişafetdirici marketinq, sinxrimarketinq, tələbin səviyyəsini saxlayan marketinq və s. Bunların bəzilərinin izahını verək.
Konversiya marketinqdə potensial alıcıların neqativ tələbi olduqda tətbiq olunur. Hər hansı bir əmtəəyə tələb yoxdursa, bu halda stimullaşdırıcı marketinq tətbiq olunur.
Tələbin səviyyəsini saxlayan marketinqdə əsas məqsəd tələbi sabitləşdirmək, onun səviyyəsini saxlamaq olur.
İstehsal müəssisələrindən, satış bazarlarından asılı olaraq marketinq daxili və beynəlxalq istehlak şeyləri, istehsal vasitələri və xidmət yarımbölmələrinə də ayrılır.
Marketinq kateqoriyası geniş məzmunlu kateqoruya kimi peşəkar kadrlar korpusu məsələsini də az-çox özündə ehtiva edir.
Bu sahənin peşəkar kadrı marketoloq adlanır. Marketoloqlar marketinqlə bağlı məsələlərdən yaxşı baş çıxaran mütəxəssislər hesab olunurlar.
Marketinqin tərkib hissələrindən biri reklamlardır. Reklam istehlakçıların tələbinin və zövqünün formalaşmasına müsbət təsir göstərir.
Reklam bir neçə məqsəd daşıyır: müəssisənin obrazını (surətini) yaratmaq, cari satışı artırmaq, alıcıların nəyi almağı və yaxud nəyi hökmən almağı izah etməkdir.
Reklamın başlıca vəzifəsi müştərilər tapmaq, cəlb etmək, yaratmaq və genişləndirməkdir.
Bəzi mənbələrdə marketinqin konkret variantları maraq doğurur.
Azərbaycan üçün marketinqə praktik baxımdan hələlik mənimsənilməyən iqtisadi qurum (model) kimi baxıla bilər. Şübhəsiz, bazar iqtisadiyyatı formalaşdıqca və inkişaf etdikcə onun fəaliyyətinə tələb artacaqdır. İş burasındadır ki, marketinq bütünlüklə bazar təfəkkür tərzinə əsaslanır. Marketinq – tam bazar iqtisadiyyatı, bütün təsərrüfat fəaliyyətinə olduqca müsbət təsir göstərən amildir.
Dostları ilə paylaş: |