MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə9/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   5   6   7   8   9   10   11   12   ...   68
iqtisadiyyat az

Ənənəvi sistem. Bir qayda olaraq, ənənəvi sistem dedikdə, milli adət və ənənələrə, eləcə də etik qaydalara və dini etiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsi başa düşülür. Bu sistemdə xalqın, millətin lap keçmişdən miras qalmış adətləri ilə bəşəri sivilizasiyadan irəli gələn bəzi müasir texnoloji üsullarının tətbiqi və fərdi göstərişlərin vəhdəti üstünlük təşkil edir. Bu sistem yarı inkişaf etmiş şəkildə olur., iqtisadiyyat vərəsəlik prinsipinə tabe edilir, resursların və gəlirlərin bölgüsü adət və ənənələrin tələb etdiyi prinsiplərə tabe edildiyindən iqtisadiyyat stabil inkişaf etmir. Düzdür, bu sistemə əsaslanan iqtisadiyyat sərvət və nemətlər yaratmaq baxımından heç də süstlüyə və ətalətə qapanmır. Lakin bütün iqtisadi fəaliyyət dini və milli mədəni ənənələrə tabe edilir (Afrikanın bəzi ölkələrini misal göstərmək olar). İqtisadiyyatın başlıca problemi, ölkənin tayfa və qəbilə başçılarının göstərişi və məsləhətləri əsasında həyata keçirilir. Müxtəlif dini, mədəni və tarixi keçmişə malik olan ölkələr ənənəvi sistem şəraitində eyni iqtisadi məkana malik olmurlar. Eyni zamanda müxtəlif iqtisadi resurslara, xüsusən təbii resurslara malik olmasından asılı olaraq bu ölkələr müxtəlif nisbi inkişaf səviyyəsinə malik olurlar. Təbii zənginliyin bəzi ölkələrin dini əqidələrinə uyğun olaraq geniş imkanlar yaratmasına baxmayaraq (xüsusən islam əqidəli ölkələr) orada texnoloji istehsal üsulu üstün inkişafa malik deyil. Əhalinin bəşəri elmlərin, mədəniyyətin mənimsənilməsinə olan münasibəti olduqca aşağıdır. Bu da hər şəraitdə cəmiyyətdə müəyyən kubar və varlı tayfa qrupunun əmələ gəlməsinə səbəb olur.

İqtisadi sistemin müxtəlif formalarında iqtisadiyyatın başlıca probleminin həlli, müxtəlif şəkildə həll edirsə də ümumi olan bir cəhət var ki, o da hüdudsuz tələbatların ödənilməsi üçün məhdud resurslardan daima səmərəli istifadə edilməsidir. Lakin tətbiq olunan ayrı-ayrı siyasi, dini, mədəni, hüquqi, əxlaqi və s. institusional amillər bu problemin həllində müxtəliflik törədir.


2. İqtisadi resurslar və onların tərkibi

Resurs dedikdə, istər-istəməz tələbatın ödənilməsi üçün zəruri olan vasitələr nəzərdə tutulur. Yəni əmtəə və xidmətlərin istehsalı üçün tətbiq olunan təbii, əmək, kapital və sahibkarlıq qabiliyyəti iqtisadi resurs formalarını təşkil edirlər. Bəzi hallarda bu resurslar iki qismə, birincisi, maddi resurslara, xammal-materiallara və kapitala, ikincisi, insan resurslarına, əmək və sahibkarlıq qabiliyyətinə bölünərək istehsal amilləri kimi təsnifatlaşdırılır. İqtisadi resurslar, bir qayda olaraq, insanların hüdudsuz tələbatlarının ödənilməsinə yönəldiyindən onalar daima məhdud xarakter daşıyır.

Məhdudluq əməklə materialların səmərəli birləşməsinə, əmtəə və gəlirlərin müxtəlif fərd və ailələr arasında bölgüsünə səbəb olur. Resursların məhdudluğu onlardan istifadə olunması qaydası, seçilməsi üsulları onları iqtisadi kateqoriya edir. Əgər belə olmasaydı, onların heç bir nemətin istənilən səviyyədə istehsalında əhəmiyyəti olmazdı.

Qurani-Kərimdə göstərilir ki, Allah-Təala yer üzünə nemətləri ona görə məhdud göndərdi ki, adamlar onların bölgüsündə ədalətli olsunlar. Ümumiyyətlə nemətlərlə bağlı nə varsa, hamısı nisbi məhdudluğa malikdir. Hətta hüdudsuz görünən hava da, dağ da, dəniz sahili də, cəngəllik də, səhra da havaya olan tələbatın ödənilməsində məhdudluğa malikdir. Ayrı-ayrı ölkələrin müxtəlif iqtisadi sistemlərə malik olması, məhz məhdud resurslardan istifadə olunması və onların seçilməsi və mənimsənilməsində müxtəlif iqtisadi məkanların yaradılması ilə əlaqədardır. Ona görə də bütün cəmiyyətlərdə iqtisadiyyatın əsas düyün nöqtəsi insanların hüdudsuz tələbatları ilə məhdud resurslar arasındakı ziddiyyətlərin həll olunması ilə bağlıdır.

İqtisadi resursların növlərindən danışarkən birinci növbədə təbii resursları xüsusi qeyd etmək lazımdır. Çünki, o ilkin resurslardır. Təbii resurslara torpaqlar, meşələr, yerüstü və yerin təkində mövcud olan xammal, materiallar, mineral yataqlar, su hövzələri və s. daxildir. Lakin bir cəhəti də nəzərə almaq lazımdır ki, bu resurs növündə əsas həlledici rola torpaq malikdir. Torpaq dedikdə isə birinci növbədə becərilən torpaqları, hasilat sənayesinə, tikintiyə və s. sahələrə cəlb olunan torpaqları nəzərə almaq lazımdır. Torpaq, onun münbitliyi və tərkibinin zənginliyi, bir növ Allahın insanlara bəxş etdiyi töhfə olduğundan bütün digər resurs növlərindən müqəddəsdir.

İqtisadi resursların mühüm növlərindən biri də əməkdir. İqtisadiyyatda işlədilən əmək məfhumundan təsərrüfat prosesi zamanı insanın tətbiq etdiyi hər cür məqsədyönlü fiziki, mənəvi və əqli fəaliyyətinin məcmusu başa düşülür. Yalnız onun bir fərdi xüsusi növ qabiliyyəti – sahibkarlıq qabiliyyəti əmək resursuna daxil deyil.

Klassik siyasi iqtisadın banilərindən olan Adam Smit əmək resursuna xüsusi əhəmiyyət vermiş və onun sərvətin mənbəyi olduğunu qeyd etmişdir. A.Marşal isə göstərirdi ki, hər cür əməyin məqsədi bu və ya digər nəticəni istehsal etməsidir. Deməli, əmək faydalı nəticənin əldə olunması üçün insanın məqsədyönlü fəaliyyətidir. Beləliklə də qeyd etmək lazımdır ki, əmək resurs kimi sadəcə kəmiyyət, say etibarilə deyil, onun məhsuldarlığı və intensivliyi baxımından iqtisadiyyatda fəal rol oynayır. Deməli, mühəndisin, müəllimin, bənnanın, aşbazın yerinə yetirdiyi iş bir məfhumda, əmək anlayışında əks olunur.

İqtisadi resurslar anlayışında kapitalın öz xüsusi yeri vardır. Kapital dedikdə, maddi nemətlər istehsalı və xidmətlərin gerçəkləşməsi üçün yığılan istehsal vasitələri ehtiyatları başa düşülür. Bura hər cür maşın və avadanlıqlar, qurğular, dəzgahlar, nəqliyyat vasitələri, pul-valyuta vasitələri və s. daxildir.

Kapital istehsal vasitələri ilə eyni məzmuna malik deyil. Ancaq istehsal prosesi zamanı yığılmış istehsal vasitələri kapitaldır. Ona investisiya resursları da deyilir.

Bir cəhəti də qeyd etmək lazımdır ki, investisiya edilmiş istehsal vasitələri, istehlak edilmiş istehsal vasitələrindən fərqlənir. Belə ki, investisiya üçün nəzərdə tutulmuş istehsal vasitələri istehsal prosesində dolayı yolla iştirak edir və təsərrüfatçılıq prosesində fəaliyyətdə olan kapitalın həcmini artırır. İstehlak üçün nəzərdə tutulmuş istehsal vasitələri isə istehsal prosesində birbaşa iştirak edir. Deməli, investisiyalı istehsal vasitələri istehlak olunan istehsal vasitələrinə təminat yaradır.

Kapital başqa əmtəələrin istehsalı üçün iqtisadi prosesdə yaradılmış uzunmüddətli istifadə olunan nemətlərdən ibarətdir. Buna görə də kapitalla real kapitalı fərqləndirmək lazımdır. Əgər faktik kapitala saysız.hesabsız qurğular, yollar, elektrik xətləri, pul resursları və s. daxildirsə, real kapitala alətlər, maşınlar və s. məhsullar, qurğular daxildir. İqtisadi resurs kimi yalnız real kapital daha fəaldır. Düzdür, kapitala pul formasında da baxılır və maliyyə kapitalı kimi iqtisadiyyatda təhlil edilir. Məs., C.Robinson göstərirdi ki, maliyyə resurslarında təcəssüm olunan, lakin investisiya edilməmiş kapital pul məbləğindən ibarətdir.

Kapitala olan baxışın müxtəlifliyindən asılı olmayaraq, onun bir ümumi xüsusiyyəti vardır ki, o gəlir gətirmək qabiliyyətinə malikdir. Avstriya iqtisadi fikir məktəbinin görkəmli nümayəndələri (F.Vizer, K.Menger, E.Bem-Baverk) qeyd etdikləri kimi, kapital yüksək səviyyəli nemətdir. Məsələn, kartof aşağı səviyyəli nemətdir, çünki o tələbatı bilavasitə ödəyir. Kartof bişirilən qazan isə yüksək səviyyəli nemətdir, ona görə ki, o tələbatı bilavasitə deyil, dolayı yolla ödəyir.

Deməli, kapitalın yüksək səviyyəli nemət kimi, insan sivilizasiyanın inkişafı, o cümlədən onların istehsalı üçün tətbiq olunan vasitələrin əhəmiyyəti durmadan artacaqdır.

İnsanların xüsusi növ qabiliyyəti kimi fərqlənən sahibkarlıq qabiliyyəti -iqtisadi resursların tərkibində fəal rola malikdir. İnsan biliklərinin, düşüncəsinin məhsulu olan sahibkarlıq, yeni imkanların tapilması, yeni istehsal üsullarının tətbiq olunması, köhnə, hər cür məhdudiyyətlərin aradan qaldırılması, yeniliklər naminə risk edilməsi qabiliyyətini əks etdirir. Sahibkarlıq daima axtarışlarla bağlı olduğundan o dinamik prosesdir. Yeni perspektiv istiqamətlərin müəyyən edilməsi ilə əlaqədar olaraq sahibkarlıq hər cür məhdudiyyətlərə üstün gəlir, mütərəqqi təşkilatçılıq və idarəetmə formasını törədir.

Lakin sahibkarlıq yeniliklərlə bağlı olduğundan bu heç də o demək deyildir ki, o nəyisə ixtirası və ya kəşf olunmalıdır. Lakin o gəlir əldə etmək yolunda yeni biznesin axtarılmasıdır. Sahibkarlıq mövcud biznes sferasında mövcud resursların bölgüsündə və seçilməsində yeni təşkilatçılıq metodlarının həyata keçirilməsi, təşəbbüskarlığa malik olması və risk etmək qabiliyyəti ilə səciyyələnir.

Bəzən də sahibkarlıq qabiliyyətinə istehsalın üç təbii, əmək və kapital amillərinin daha yaxşı üsullarla birləşməsini axtaran proses kimi də baxılır (Edvin, C.Dolan, Deyvid E.Lindiy, Mikroekonomika, San-P. 1994, s. 14). Lakin sahibkarlıq insanın xüsusi növ qabiliyyəti kimi, öz iş vaxtından, əməyindən, işgüzarlığından, mülkiyyətindən səmərəli istifadə etməklə əlavə gəlir əldə etmək qabiliyyətidir. Daha doğrusu, sahibkarlıq mənfəətli işlərin görülməsinin əsasıdır.



Azərbaycanın yeni iqtisadi sistemi

Azərbaycanın uzun illər birlikdə yaşadığı Sovet iqtisadi sistemi inzibati amirlik, mərkəzdən idarə olunan bir sistem idi. Bu sisteminin xarakterik xüsusiyyəti birincisi, ondan ibarətdir ki, ictimai mülkiyyət adı altında, bütünlükdə istehsalın, iqtisadi resursların hamısı və nəticələri dövlət mülkiyyətində olur. İkincisi, təsərrüfat mexanizmi mərkəzləşdirilmiş planlaşdırmaya tabe olmuşdur. Üçüncüsü, yaradılmış bütün maddi nemətlər, regional və milli xüsusiyyətlər nəzərə alınmadan bölüşdürülür. Dördüncüsü, iqtisadi fəallığın, işgüzarlığın yüksəldilməsi şəxsi mənafelərdə zəif əlaqələndirilmişdir. Beşincisi, ölkənin malik olduğu, iqtisadi resursları ilk növbədə hərbi-sənaye kompleksinin sonsuz ehtiyaclarının ödənilməsinə yönəldilmişdir.

Dövlət bütövlükdə inzibati yolla iqtisadiyyatı idarə etməyi öz üzərinə götürməklə, həm də müəssisələrin sərbəstliyini də əlindən almış və onların məsuliyyəti və səlahiyyətləri də xeyli məhdudlaşdırılmışdır. Bununla onların son nəticələrə maraqları da xeyli azalmışdır.

Azərbaycan artıq dağılmış olan bu köhnə iqtisadi sistemdən imtina etmiş və bazar iqtisadi sisteminə keçməyi üstün tutmuşdur. Belə bir addım ilk növbədə bu sistemin özünün səmərəli olması ilə bağlıdır.

Bazar iqtisadi sistemi təsərrüfat forması kimi iqtisadi münasibətlərin bütün sisteminin və subyektlərini əhatə edir. Bazar subyektlərinin tərkibinə: sahibkarlar və öz əməyini (işçi qüvvəsini) satan işçilər, həmçinin son istehlakçılar, borc kapitalının və qiymətli kağızların sahibləri və s. daxildir.

İqtisadi sistemin ən mütərəqqi forması hesab olunan bazar sisteminin tarixi 200 ilə yaxın hesab olunur. Bazar sistemi iqtisadi fəaliyyət şəraitində insanların qarşılıqlı əlaqəyə girməsinin ən yaxşı forma və üsullarının təşkilini əks etdirir. Bazar insanların fəaliyyətinin əlaqələndirilməsi, onların fəallığının artırılması və tələbatlarının ödənilməsi üçün iqtisadi resursların daha səmərəli seçilməsinə imkan verir. Bazar sisteminin ən vacib elementləri tələb, təklif, qiymət və rəqabətdən ibarətdir.

Bazar sisteminin ən mühüm və həlledici rolu onun iqtisadi seçilmiş sürətləndirilməsi üçün adamların qərar qəbul edilməsində stimullaşdırıcı motivlərin yaradılmasındadır. Özü də bu motivlər orada iştirak edənlərin hər birinin şəxsi də eqoist mənafeyinə uyğun olaraq yaranır.

Bazarın özü tarixən çox keçmiş zamanlarda yaranmasına baxmayaraq, bir sistem kimi XVIII əsrdə formalaşmışdır. Bazar sisteminin öz daxili qanunauyğunluqlarının inkişafına görə iki mərhələyə ayırmaq olar. Biri kapitalizmin meydana gəlməsi ilə onun sərbəst və ya azad tipi, ikincisi, sahibkarlar təbəqəsinin meydana gəlməsi ilə bağlı dövlət tərəfindən tənzimlənən tipi. Bazar sisteminin hər iki tipi rəqabətin və inhisarçılığın iqtisadiyyatda hakim tutması ilə bağlı olmuşdur.

Bazar sisteminin birinci tipinin maxtəlif ölkələrdə fəaliyyət göstərməsinə baxmayaraq, onun ən klassik nümunəsi 18-19-cu əsrlərdə İngiltərədə olmuşdur. Klassik bazar iqtisadiyyatı şəraitində iqtisadi fəaliyyət sferasında daxil olanların hamısı, istər sahibkarlar, istərsə də muzdlu işçilər şəxsi azadlığa malik olurlar. Lakin bazarda əsas “oyun qaydalarını” müəyyən edənlər kapital iqtisadiyyatda böhran, tənəzzül prosesləri ola bilir. Nəticədə, makroiqtisadi tarazlıq pozulur, azad bazarın malik olduğu çeviklik xüsusiyyəti itir və iqtisadiyyatda hərc mərclik artır və cəmiyyətin ictimai tələbatları ödənilməmiş qalır. Bu isə öz növbəsində cəmiyyətdə sosial inqilablara əsaslanan ciddi təlatümlərə, çevrilişlərə səbəb ola bilir. Buna görə Azərbaycan üçün bazarın ikinci növünü seçmək daha məqbul sayıla bilər. Artıq dünya təcrübəsində bazar sisteminin ikinci, tənzimlənən tipi sınaqdan çıxmışdır. Bu tipin üstünlüyü ondadır ki, o dəyişilən şəraitə uyğun gələn əsas aparıcı amilləri sahibkarlar təbəqəsinin meydana gəlməsi və resurslardan istifadə etmək hüququnu dövlətin nəzarətinə keçirir. Ən başlıcası isə dövlət qiymət, kredit, vergi vasitəsi ilə iqtisadiyyata fəal müdaxilə edir, təsərrüfat subyektlərinin iqtisadi əlaqələrinin möhkəmlənməsi üçün öz hüquqlarından geniş istifadə edir. Bazar sisteminin bu tipində resursların özü deyil, onlardan istifadə hüququ mülkiyyəti təşkil etdiyindən (Avropa iqtisadçılarının fikrincə) burada təşkilatçılıq, yenilikçilik və risk etmək qabiliyyətinə malik olan hər kəsin resurslardan istifadə etməklə mülkiyyətçiyə çevrilmək imkanı olur. Mülkiyyət hüququnu müəyyən edən əsaslar həm də cəmiyyətdə tələb və təklif prinsipinin həyata keçirilməsini müəyyən edir.

Tənzim olunan bazar sistemi məhdud resursların bölgüsü və istifadəsinin məcburiyyət və mərhələlərlə yerinə yetirilməsi mexanizminə deyil, könüllü mübadilə prinsipinə əsaslanır və buna görə də bəzi aşkar üstünlüklərə malikdir.

Bazar mexanizmi əmtəə və xidmət istehlakçıları üçün zəruri olan istehsal problemini həll edir. Bazar vasitəsilə istehsal həcminin və strukturunun ictimai tələbatların həcminə və strukturuna kortəbii uyğunlaşdırılması, istehsal amillərinin müxtəlif sahələr arasında bölgüsü baş verir, başqa sözlə, bu yolla kimin nə qədər istehsal etməli olduğu həll edilir.

Bazar sistemi istehsalçını elm və texnikanın ən son nailiyyətlərindən çevikliklə istifadəyə sövq etməklə istehsalın səmərəliliyini yüksəltmək üçün daimi stimul mexanizmini yaradır.

Bazar mexanizmi işçinin əməyi və aldığı gəlirin həcmi arasında çox dəqiq asılılıq müəyyən etməklə xeyli üstünlüyə malikdir. Bazar sistemi ancaq intensiv və səmərəli işləyənləri mükafatlandırır, gəlirləri ciddi surətdə fərqləndirməklə əməyin daimi təsirli stimullarını qoruyub saxlayır. Bazarın nüvəsində istehlakçı, onun tələbatları durur, bütün istehsal isə onu təmin etməyə istiqamətləndirilmişdir.

Bazar mexanizmi öz funksiyalarını iqtisadi azadlıq şəraitində daha uğurlu həyata keçirir. İqtisadi azadlıq dedikdə - sahibkarlıq azadlığı, müxtəlif tətbiq sferaları üzrə resursların hərəkət azadlığı, satıcı və alıcıların seçmə azadlığı və nəhayət qiymətqoyma azadlığı başa düşülür. Bu bazar iqtisadiyyatının özü tənzimlənən sistem kimi üstünlüyünə dəlalət edir. Bu sistem dövlətin birbaşa müdaxiləsi olmadan da səmərəli fəaliyyət göstərə bilər. Bazar sistemi müəyyən daxili qayda-qanunlara malikdir və müəyyən qanunauyğunluqlara tabedir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi bazar qanunlarının fəaliyyətinin effektivliyini daha da artırır. Bazar bir neçə min il bundan əvvəl yaransa da, mürəkkəb inkişaf yolu keçmiş, dəyişilmiş, və şəraitə uyğunlaşmaqla özünün yaşama qabiliyyətini əyani surətdə sübut etmişdir. Bu mənada bazar iqtisadiyyatını ictimai istehsalın məlum təşkili formalarından ən səmərəlisi olduğunu və ona bəşər cəmiyyətinin ən böyük nailiyyəti kimi baxmaq olar. Bundan başqa, hazırda dünyanın əksər ölkələrində tənzim olunan bazar iqtisadiyyatının hakim olduğununu özü də bazar münasibətlərinin insanın təbiətinə, xasiyyətinə daha uyğun olduğuna dəlalət edir. Azərbaycanın da belə bir iqtisadi sistemi seçməsi elə bununla izah olunmalıdır.


3. Mülkiyyət münasibətlərinin məzmunu və onun haqqında baxışlar.

Yeni iqtisadi sistemə keçid, mülkiyyətə münasibətdən, mülkiyyətin müxtəlif formalarının bərabər hüququ reallaşdırılması üçün əlverişli şərait yaradılmasından başlanır. Şəxsiyyətin iqtisadi azadlığının yeganə təminatı onun mülkiyyət sahibliyidir. “Xüsusiləşdirmə”, “sahibkarlıq” kimi iqtisadi anlayışlar artıq həyatımıza daxil olmuşdur. Artıq cəmiyyət istehsal vasitələri üzərində xüsusi mülkiyyəti qəbul edir, iqtisadi münasibətlərin formasını da tərəqqi yolu hesab edirik.

Mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formaları, çox incə və mürəkkəb bazar münasibətləri, iqtisadi biliklə yanaşı, iqtisadi psixoloji xüsusiyyətlərə də malik olmağı tələb edir. Sahibkarlığın iqtisadi psixologiyasına, böyük əməksevərlik, yeniliyə can atma, ciddi biznesmen olmaq, ağıllı risk, öz işinə sədaqət, qabağı görmə, pulu dövr etdirməyi bacarma və sair xüsusiyyətlər daxildir. Bir sözlə, bazar iqtisadiyyatı hər kəsə öz bacarıq və qabiliyyətini işə salma imkanı yaradır.

Mülkiyyət çox zəngin ictimai-iqtisadi və sosial-siyasi məzmuna malikdir. Mülkiyyət dövlətin, şəxsin, qrupun, kollektivin, sahibkarın və bütövlükdə cəmiyyətin həyat məsələsidir. Mülkiyyət dünya ölkələri arasında iqtisadi münasibətlərin mühüm problemidir.

İqtisadi nəzəriyyəsinə uyğun olaraq mülkiyyət probleminin üç cəhətini göstərməliyik: birincisi, mülkiyyət həmişə hər hansı şey məzmununa malikdir, ikincisi, mülkiyyət həmişə müyyən ictimai formanın köməyi ilə daxilən reallaşdırılır, yəni əşya barəsində insanlar arasında ictimai münasibət forması əmələ gəlir, nəhayət üçüncüsü, bu münasibətlərin məzmunu insanların təbiət predmeti, şeyləri mənimsəməsi olur. Deməli, mülkiyyətə təbiət predmetlərinin, maddi nemətlərin, istehsal vasitələrinin mənimsənilməsi ilə əlaqədar olaraq və bunların əsasında meydana gələn insanların ictimai münasibəti kimi baxılmalıdır. Bu mənimsəmə ictimai təkrar istehsalın hər bir mərhələsində - istehsal, bölgü, mübadilə və istehlak mərhələlərinin hər birində həyata keçirilir. Qısa desək, mülkiyyət cəmiyyətin müəyyən tarixi inkişaf mərhələsində fərdlər tərəfindən maddi nemətlərin, ən əvvəl istehsal vasitələrinin mənimsənilməsi və bu əsasda insanlar arasında baş verən mülki və ya istehsal münasibətlərindən ibarətdir. O, əmlaka sahib olmağı, istifadə etməni və sərəncam verməni birlikdə ifadə edən iqtisadi kateqoriyadır, münasibətdir.

Mülkiyyət iqtisadi kateqoriya kimi insanların şüurundan asılı olmayaraq mövcuddur, bu iqtisadi kateqoriya faktiki cəmiyyətdə mövcud olan mülkiyyət münasibətlərinin təzahürüdür. Mülkiyyət kateqoriyası iqtisadi münasibətlərin mahiyyətini ifadə edən aparıcı kateqoriyadır. Mülkiyyət iqtisadi münasibətlər sisteminin mərkəzində durmaqla onun hərəkətverici qüvvəsidir. Mülkiyyət istehsalın bütün formalarını əlaqələndirən kateqoriyadır. Ümumiyyətlə, mülkiyyətə istehsal münasibətlərinin, hətta cəmiyyətin bütün ictimai-iqtisadi münasibətlərinin həm əsası, həm də bu münasibətlərin məzmununu özündə birləşdirən çox mürəkkəb və çoxməzmunlu kateqoriya kimi baxmaq lazımdır. Cəmiyyətin müəyyən tarixi inkişafından asılı olaraq mülkiyyət özlüyündə ən dərin sirləri birləşdirir.

Şeylər, əmlak, maşın və digər istehsal vasitələri özlüyündə mülkiyyət deyil, bunlar cəmiyyətin istehsal münasibətləri və ictimai sistemin iqtisadi əsası olduğuna görə spesifik ictimai xarakter alır və mülkiyyət olurlar.

Bazar iqtisadi sisteminin məntiqinə istinad edərək belə bir ümumi metodoloji nəticəyə gəlmək olar:

1. İstehsal vasitələri üzərində mülkiyyət və onun hər bir forması elə fövqəladə xassəyə malikdir ki, o, başqa iqtisadi kateqoriyalarla yanaşı dura bilməz; əksinə o, bütün münasibətlərin əsasında durur. Biz mülkiyyətə başqa iqtisadi kateqoriyalarla yanaşı duran adi iqtisadi kateqoriya kimi baxmaq, hətta onu əsas iqtisadi kateqoriya adlandırsaq, onda biz nəzəri cəhətdən mülkiyyətin reallaşdırılması proseslərini dərin araşdırmaqla məşğul olmadan xeyli uzaqlaşmış olarıq, mülkiyyət və onun müxtəlif formaları cəmiyyətin bütün iqtisadi proses və münasibətlərində reallaşır.

2. Mülkiyət münasibətləri onların sahibləri arasındakı münasibətlərdə təzahür edir. Mülkiyyət öz tərkibinə istehsal vasitələri və istehsal nəticələrindən istifadə sahəsində insanlar arasındakı çoxcəhətli münasibətlər sistemini, ölkənin regionları və kollektivləri arasındakı münasibətləri daxil edir. Mülkiyyət münasibətlərinin iqtisadi məzmunu var və bu münasibətlərin hər bir elementi mülkiyyət iqtisadi varlığı formasıdır.

3. Mülkiyyət elə mürəkkəb, çoxtərəfli münasibətlər sistemidir ki, o, istehsalın hərəkətinin ümumi forması tərəfindən, iş qüvvəsi və əməyin ictimai forması tərəfindən bilavasitə istehsal prosesində istehsal vasitələrinin iqtisadi reallaşması prinsiplərinin dərin araşdırılması ilə bərabər, həmçinin bölgü, mübadilə və istehlak proseslərinin gedişi mahiyyətini və buradakı əlaqələrin və qarşılıqlı təsirin xüsusiyyətlərinin araşdırılması mövqeyindən də öyrənilməlidir. Burada göstərməliyik ki, mülkiyyətə iqtisadi məzmun verən, onun mahiyyətini ifadə edən əsas cəhət bilavasitə istehsalın özündə, istehsalın özü vasitəsilə onun iqtisadi reallaşmasıdır. Deməli, bilavasitə istehsalatda istehsalçıların istehsal vasitələri ilə birləşdirilməsinin üsulu və xarakteri mülkiyyətin iqtisadi məzmununun ilk pilləsini formalaşdırır.

İstehsalın maddi elementləri üzərindəki sahibkar mülkiyyəti ilə iş qüvvəsi üzərində fəhlənin sahiblik mülkiyyətinin birləşdirilməsinin iqtisadi və hüquqi əsaslarının düzgün tənzimlənməsi, istehsalın bu əsas amillərinin bərabər əhəmiyyətə malik olduğunu göstərir. Bazar iqtisadi sistemi istehsal prosesində bunların səmərəli birləşdirilməsinin metod və vasitələrinin tapılmasını və bu prosesin daima təkmilləşdirilməsini tələb edir.

İqtisadi kateqoriya kimi mülkiyyət münasibətlərinin məzmunu problemləri iqtisadi nəzəriyyənin çox aktual metodoloji problemi hesab edilir. Eramızdan əvvəlki tarixdən başlamış müasir tarixin bütün dövrlərində məşhur şəxslər – filosoflar, iqtisadçılar, hüquqşünaslar, görkəmli yazıçı və şairlər mülkiyyət barədə müxtəlif nəzəri fikirlər söyləmişlər.

Mülkiyyət barədə müxtəlif səpgili nəzəri fikirlər eramızdan əvvəl yaşamış Ksenofontun, Platonun, Aristotelin əsərlərində rast gəlinir. Platon hələ o vaxt elan etmişdir ki, xüsusi mülkiyyət toxunulmazdır. Aristotel “İqtisadiyyat” anlayışının nəzəri təhlilini vermişdi. Eramızdan əvvəl qədim Misirdə hökmdar sənətkarlar ilə əkinçilər arasındakı münasibətlər mülkiyyət obyektinə sahib olma tənzimlənirdi. O zaman şəxsi mülkiyyət ilə vəzifə mülkiyyəti birləşərək xüsusi mülkiyyəti yaradırdı.

Eramızın Şərq mütəfəkkirlərindən Nizami Gəncəvi, Nəsirəddin Tusi, İbn Xəldun və Qərb mütəfəkkirlərindən Lokk, Qolbax, Hegel, Feyerbax, Petti, Smit, Rikardo, Buagilber, Kene, Prudon, Marks, Engels və başqaları mülkiyyətin fəlsəfi, iqtisadi, hüquqi, ictimai-sosial mahiyyətini özlərinə məxsus elmi əsaslarla açıqlamışlar. Quranda mülkiyyətə aid çox dəyərli fikirlər vardır.

Şərq müəllifi mülkiyyət məsələsini hər bir iqtisadi sistemin başlıca problemi hesab etmişdir.

İslamda əmlak və mülkiyyət münasibətləri olduqca dərin, səlis və məntiqi, elmi ardıcıllıqla, mənimsənilmə, istifadə olunma və sərəncam vermə ilə bağlı prinsiplərlə müəyyənləşdirilmişdir.

“Quran”da mülk, mal, becərilən torpaq üzərində xüsusi mülkiyyət və ondan istifadə Allahın insana bəxş etdiyi haqdır – deyilir.

Şərqin və Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi (1141-1209) beş böyük poemasında – “Xəmsə”sində əmək və sərvətin daxili bağlığını şərh etmişdir. O, burada feodal mülkiyyət formaları və onlardan doğan ziddiyyətlər haqqında fikirlər söyləyir. O, xüsusi mülkiyyətə qarşı çıxaraq, mülkiyyətin ümumiliyi və bölgüdə bərabərlik haqda ideyalar irəli sürmüşdü. O, “dövləti çox olanın qəmi də çox olar” – demişdir.

Azərbaycnaın görkəmli mütəfəkkiri Nəsirəddin Tusi özünün məşhur “Əxlaqi-Nasir” (1232-1233) əsərində insanların iqtisadi münasibətlərinin öyrənilməsinə xüsusi əhəmiyyət vermiş “ictimaiyyət” adlandırdığı elmin mövzusunu iqtisadiyyatı öyrənməkdə görmüşdü.

“İctimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemi”, bu elmin mövzusu hesab etmişdir. N.Tusi “Xalqın bütün təbəqələrinin mülkiyyət və əmlakının qorunmasına yönəldilən siyasəti ən faydalı siyasət hesab edirdi” (Azərbaycan iqtisadi fikir tarixi: səh. 128, Bakı, 1996). N.Tusi yazır: “...Varidatın bir hissəsini mülk, torpaq, mal-qaraya vermək lazımdır”. (Əxlaqi-nasir, səh. 150, Bakı-1989). N.Tusi ilə bir əsrdə (XIII əsr) yaşamış Qərbin tanınmış din xadimi italiyalı rahib Foma Akvinski (1225-1274) orta əsrlərdə qərbin iqtisadi ideyalar daşıyıcılarından olmuşdur. O, xüsusi mülkiyyəti qəbul edir və onun ümumi xeyir və şəxsi mənafe xatirinə zəruriliyini göstərir. F.Akvinskiyə görə xüsusi mülkiyyət insanları dinc münasibətlər qurmağa məcbur edir.

Şərqin və Ərəb dünyasının böyük mütəfəkkiri İbn Xəldun (1334-1406) “Müqəddimə” əsərində iqtisadi həyat məsələlərinə böyük əhəmiyyət verərək göstərmişdir ki, elmin vəzifəsi tarixi, ictimai, iqtisadi hadisələrin “İçində” saxladığı məna və mahiyyətləri incələmək, araşdırmaq, düşünmək... varlığın səbəb və nəticələrini diqqətlə anlamaq; hadisələrin cərəyan etdiyi təbii səbəb və vəziyyətlərini tədqiq edib bilməkdən ibarətdir. (İbn Xəldun, “Müqəddimə”, I cild, İstanbul 1988, səh. 5).

Sonrakı qərb iqtisadçıları cəmiyyət və mülkiyyət barədə müxtəlif fikirlər söyləməkdə davam etmişlər.

XVI-XVII əsrlərdə iqtisad elminin bünövrəsini qoyan merkantilizm nəzəri məktəbi sərvətin pul formasına üstünlük verir, qızıla, gümüşə mülkiyyətin əsas amili kimi baxırlar.

Məsələn, Fransa merkantilisti Antuan Monkretyenin (1575-1621) “Siyasi iqtisadın traktatı” əsərində “İnsanların xoşbəxtliyi sərvətdədir” deyir. Merkantilistlər ölkədə, dövlət xəzinəsində daha çox pul ehtiyatı, qızıl-gümüş toplanmasını məqsədəuyğun hesab edirlər və bunun artırılması mənbəyinin ticarətdə, tədavül dairəsində olduğunu qeyd edirdilər.

Klassik siyasi iqtisadın banisi U.Petti (1623-1687) burjua mülkiyyətini müqəddəs və toxunulmaz hesab edirdi.

Fiziokratlar (XVIII əsr) kənd təsərrüfatını sərvətin yaradılmasının yeganə mənbəyi hesab etmişlər.

Fiziokratizmin banisi Fransuz Keneyə (1694-1774) görə mülkiyyət hüququ təbii hüququn əsasıdır. O, bəyan edirdi ki, insanların təbii hüquqları təxminən onların şeylər üzərində olan hüquqları ilə müəyyən olunur. Bu şeylər onlara iştifadə etmək üçün zəruridir (“İqtisadi təlimlər tarixi”, səh. 120, Bakı, 2002).

XVII-XX əsrlərdə mülkiyyət münasibətlərinin daha dərin araşdırılması prosesi davam etmişdir. Bu dövrdə xüsusi mülkiyyət münasibətlərinin təbiiliyinə böyük əhəmiyyət verilmişdir. Mülkiyyətin ilkin mənbəyini əməklə görən ingilis Con Lokkun fikrincə, pulun meydana gəlməsi ilə fərdi mülkiyyətə əsaslanan ilkin bərabərliyi pozmaq üçün şərait yaranır və beləliklə pul şəxsi əməyə əsaslanan mülkiyyətin çərçivəsini genişləndirməyə imkan verən bir amil olur.

Klassik siyasi iqtisad məktəbinin görkəmli alimləri A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) azad xüsusi mülkiyyətin təbiiliyi barədə Con Lokkun ideyasını müdafiə etmişlər.

Cəmiyyəti xüsusi mülkiyyətsiz təsəvvür edə bilməyən A.Smitin fikrinə görə insanın iqtisadi fəaliyyətinin başlıca məqsədi varlanmaqdır, motivi isə şəxsi mənafedir. Daha sonra o, qeyd edir ki, ictimai quruluşda iqtisadi münasibətlərin təkmilləşdirilməsi yolu ilə maddi nemətlər istehsalının artırılmasına nail olmaq olar.

A.Smitə qədər mülkiyyət münasibətləri ayrı-ayrı sahələr üzrə araşdırıldığı halda, Smit bütün cəmiyyətdə mülkiyyət münasibətlərinin elmi araşdırmasına nail olmuşdur. O, özünün “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” adlı əsərində (1776) xalqların sərvəti, onun artırılmasının mənbə və yolları, stimul və qanunlarının elmi araşdırılması ilə cəmiyyətin geniş dairəli mülkiyyət münasibətlərinə aydınlıq gətirilmişdir.

A.Smit ayrıca adamı öz kapitalı olan “iqtisadi adam” kimi təsvir edir və cəmiyyətə bu adamlara əmək və mübadilə ittifaqı kimi baxır və burada mülkiyyət sahibləri arasındakı, habelə insanla cəmiyyət arasındakı münasibətlər araşdırılır. A.Smit torpaq alveri sahəsində tam azadlıq uğrunda çıxış etmiş və iri torpaq sahibkarlığının əleyhdarı olmuş, irs qalmış torpaqların parçalanmasına mane olan qanunların ləğv edilməsini tələb edirdi.

A.Smit adamları istehsal vasitələrilə münasibətə görə siniflərə bölmüşdü. O, İngiltərə cəmiyyətinə üç əsas sinfin: torpağa sahib olan torpaq mülkiyyətçilərinin, digər növ istehsal vasitələrinə yəni əmək alətlərinə, sənaye qurğularına və əmək cisimlərinə sahib olan kapitalistlərin və iş qüvvəsinə sahib olan fəhlələr sinfinin olduğunu qeyd etmişdir.

D.Rikardo da kapitalist xüsusi mülkiyyət münasibətlərinin feodal mülkiyyəti münasibətlərinə nisbətən üstün mahiyyətini tədqiq etmişdir.

D.Rikardo “siyasi iqtisadın və vergi qoyuluşunun əsasları” əsərində yazır: “Torpağın məhsulu - əmək tətbiqi, maşın və kapitalın birləşməsilə onun səthindən alınan nə varsa – cəmiyyətin üş sinfi arasında bölüşdürülür: bilavasitə torpaq sahibləri, pul və yaxud kapital mülkiyyətçiləri və onu əməyi ilə becərən işçilər”.

Klassik siyasi-iqtisad məktəbinin davamçıları və tənqidçiləri də mülkiyyət kateqoriyası barədə bəzi fikirlər söyləmişlər.

F.Engels və K.Marksın əsərlərində mülkiyyət münasibətlərinin geniş izahı verilmişdir.

K.Marks “Kapital” əsərinin bütün üç cildində istehsal vasitələri üzərində kapitalist xüsusi mülkiyyətinə əsaslanan mənimsəmə münasibətlərini və onun çevriliş formalarını ətraflı və dərin elmi təhlilini aparmışdır.

K.Marks cəmiyyətin yoxsullara və sərvətlilərə bölünməsini xüsusi mülkiyyətin inkişafının və müdafiəsinini nəticəsi kimi təhlil edərək göstərirdi ki, xüsusi mülkiyyət ləğv edilməlidi və proletariata xüsusi mülkiyyəti ləğv edə bilən bir qüvvə kimi baxırdı.

Marks öz tədqiqatlarında mülkiyyətin iqtisadi məzmunun (iqtisadi təbiətinin) onun hüquqi forması üzərində üstünlüyünü qeyd edir və iqtisadi məzmun primat götürülür, habelə marksist təlimdə mülkiyyətlə əlaqədar insanlar arasındakı münasibətlərin öyrənilməsi birinci, insanın şeyə olan münasibəti isə ikinci yer tutmuş olur. F.Engels “Ailə xüsusi mülkiyyət və dövlətin mənşəyi” əsərində köhnə cəmiyyətin (icma cəmiyyətinin) iqtisadi bazasını təhlil etmiş və qeyd etmişdir ki, bu cəmiyyətdə istehsal və istehlak predmetləri ümumi mülkiyyətdə olmuşdur. Patriarxal qəbilədə ictimai icma quruluşununu pozulması meyli nəticə etibarı ilə xüsusi mülkiyyətin və dövlətin meydana çıxmasına gətirib çıxarır. Sonralar Marks və Engels mülkiyyət barədə öz nəzəri müddəalarını yekunlaşdıraraq yazmışlar” “Bütün mülkiyyət münasibətləri tarix boyu həmişə bir-birini əvəz etmiş, tarix boyu həmişə dəyişilmişdir. ...Kommunistlər özlərinin nəzəriyyəsini bir müddəa ilə ifadə edə bilərlər: xüsusi mülkiyyət məhv edilməlidir”. (K.Marks və F.Engels. Kommunist partiyasının manifesti, səh. 47. Azərnəşr 1954).

SSRİ-nin dağılması səbəblərindən biri xüsusi mülkiyyətin tamamilə ləğv edilməsi ideologiyası oldu, hətta iş o yerə çatmışdı ki, şəxsi həyətyanı təsərrüfatlar da ləğv edilirdi.

Mülkiyyət haqda fikirlər, müxləlif baxışlar müasir dövrlərdə də səslənməkdə davam edir. Amerika iqtisadçısı L.Mizes (1881-1973) – iqtisadi inkişafın mütləq əsasları xüsusi mülkiyyət və azad mübadilədir – demişdir. “Qarışıq” iqtisadiyyatdan danışan M.Keyns, F.Xarris, P.Samuelson və başqaları xüsusi və ictimai mülkiyyətə əsaslanan sistemdə müxtəlif uzlaşdırmaların mümkünlüyünü göstərmişlər.

Çində belə uzlaşdırma əsasında böyük iqtisadi tərəqqiyə nail olunmuşdur. Çin islahatların özünəməxsus yolunu seçmiş dövlət, kooperativ, xüsusi və qarışıq mülkiyyət formalarına əsaslanan təsərrüfatların səmərəli və faydalı inkişafını təşkil edə bilmişdir. Deməli, Çin kommunistləri tərəqqi yolunu düzgün seçmişlər.

Bütün bu deyilənlərdən aydın olur ki, mülkiyyətin məzmunu çox zəngindir. O, vəsaitdən və istehsalın nəticələrindən istifadə olunmasında adamlar;kooperativlər, sahələr, ölkənin regionları arasında, habelə xarici iqtisadi münasibətlərin çoxcəhətli sistemini, iqtisadi mənafe çalarları məcmusunu əhatə edir;münasibətlərin bu mürəkkəb kompleksi müəyyən şəkildə daima əlaqələndirilməli və tənzimlənməlidir.

Bütün bunlar mülkiyyətin iqtisadi kateqoriya olmasını təsdiq etməyə əsas verir.

Deməli mülkiyyət iqtisadi kateqoriya olmaqla yanaşı, o, həm də hüquqi kateqoriyadır.

Mülkiyyətə sərəncamvermə amilləri, habelə mülkiyyətin qorunması, toxunulmazlığı problemləri hüquqi qanunlarla nizamlanır. Azərbaycan Konstitusiyasında mülkiyyət hüququ (maddə 29) aydın şərh edilmişdir:


  1. “Hər kəsin mülkiyyət hüququ vardır.

  2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

  3. Hər kəsin mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

  4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir...

  5. Dövlət vərəsəlik hüququna təminat verir”.

Azərbaycan dövləti mülkiyyət toxunulmazlığını müdafiə edir.

Göründüyü kimi aydın olur ki, mülkiyyət hüququ obyektiv mövcud olan mənimsəmə münasibətlərinini subyektiv şərhidir. Bütün bunlara görə mülkiyyət hüququ – hüquqi kateqoriya xarakteri alır. Deməli, mülkiyyət həm iqtisadi, həm də hüquqi kateqoriya kimi səciyyələnir.

Deməli, mülkiyyət – insanlar arasında cisim və əşyaların, məhsulların, hər şeydən əvvəl istehsal vasitələrinin mənimsənilməsinin tarixi-iqtisadi münasibətlərini əks etdirən iqtisadi-hüquqi kateqoriyadır. Mülkiyyət hüquqları ilə iqtisadi səmərəlilik arasında sıx əlaqə vardır. İstehsal vasitələri üzərində mülkiyyət hər şeydən əvvəl iqtisadi hadisədir, hüquqi münasibətin məzmunu iqtisadi münasibətdən doğur. Mülkiyyət istehsal münasibətlərinini əsası, mülkiyyət hüququ isə bu münasibətlərin yazılı və qeyri-yazılı qanunlarda əksidir. Mülkiyyətə fəlsəfi və tarixi kateqoriya kimi də baxılır.

Mülkiyyət daima, hər zaman, bütün əsrlərdə insanlar arasında azad iqtisadi münasibətlərə doğru tərəqqi etmişdir, deməli o, təkrar olunan, daima inkişafda, təkmilləşməkdə, püxtələşməkdə və tərəqqidə olan münasibətlər sistemidir.




Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin